Qazeta.ru-nun baş redaktoru ilə EKSKLÜZİV MÜSAHİBƏ - "Robotlar bizdən daha ağıllı olacaq"
Bizi izləyin

Xüsusi

Qazeta.ru-nun baş redaktoru ilə EKSKLÜZİV MÜSAHİBƏ - "Robotlar bizdən daha ağıllı olacaq"

Rusiyanın ən nüfuzlu media orqanlarından olan “Qazeta.ru” qurumunun baş redaktoru, uzun müddət Böyük Britaniya və ABŞ-da çalışan jurnalist Svetlana Babayeva ölkəmizdə jurnalistlər üçün təşkil olunan təlimlərə dəvət almışdı. Peşəkar media kapitanı ilə görüşüb, jurnalistikanı əlifbasından tutmuş, ən ciddi problemlərinədək bütün məqamlardan bəhs etdik.

Beləliklə Publika.az-ın özəl qonağı Svetlana Babayevadır.

- Svetlana Valeryevna, çağdaş jurnalist hansı keyfiyyətlərə sahib olmalıdır?

- Gəlin, ondan başlayaq ki, istənilən jurnalist hər şeylə maraqlanmalıdır. Darıxdığını hiss edən kimi işlədiyi mövzudan mütləq uzaqlaşmalıdır. Amma ondan öncə məsələnin kökünü araşdırmalıdır. Bəlkə həqiqətən də, müraciət etdiyi mövzuda heç bir yenilik qalmayıb. Bəlkə də problem özündədir, mənən tükənib. Bu durumda jurnalistikanı tərk etməkdən başqa yol qalmır. İstənilən halda özündə məsuliyyət dərk etməlidir. Bu sözə nə qədər adi yanaşsaq da, jurnalistin cəmi bir sözü insanların taleyini yaxşı, yaxud pis yöndə dəyişə bilər. Sensasiya, sosial şəbəkələrdə bəyənilmə sayının çoxluğu gözəldir, amma unutmayaq ki, bizim işimiz canlı aləmlədir. İnsanlar, təbiət, heyvanlar, problem və mövzular - bunlar hamısı canlı orqanizmdir. Ən yaxın əməkdaşınızdan tutmuş, nifrət etdiyiniz siyasətçiyə qədər hər kəs haqda yazacağınız xəbərdə eyni obyektivlik və həssaslıq nümayiş etdirmək lazımdır. Konkret insanları deyil, onların əməllərini tənqid etməliyik. Həmçinin bu tənqidlər dəqiq faktlara söykənməlidir. Son illər dünyamız daha böyük sürətlə dönməyə başlayıb. Jurnalist üzərinə düşən hadisələri tez şəkildə dəyərləndirməyi bacarmalıdır. Ən vacib xəbərlə ikinci dərəcəli xəbəri ayırd etmək qabiliyyətinə malik olmalıdır. Bu gün jurnalist hərfləri yazan adama deyilmir. O, həm də foto, video çəkməyi bacarmalıdır. Bu, o deməkdir ki, gözləri olmalı olduğu yerdə olmalıdır. Baxmaq azdır, görməyi, eşitməyi, fərqinə varmağı bacarmalıdır. Bütün bunları tez bir zamada etməlidir. Həmçinin düşünürəm ki, jurnalist haqlı olduğunu bilirsə, bunu sübut etməyi də bilməlidir.

Картинки по запросу svetlana babaeva

- Bəs peşəmizdəki böyük sensasiya xatirinə mənəvi prinsiplərimizi qurban verə bilərik? Axı, bəzən bu dilemma qarşısında qalırıq...

- Sensasiya bir neçə gün cəmiyyət üçün maraqlı olacaq. Amma vaxtı bitəndə unudulacaq. Vicdanımız isə ölənə qədər bizimlədir. Bəli, bizim borcumuz cəmiyyəti ən çox narahat edən mövzuları qabartmaqdır. Amma sensasiya ilə vicdanı tərəziyə qoysaq, ikincisi ağır gələcək. Hətta hər şeyin dəyərdən düşdüyü çağdaş dünyamızda daxilimizdəki dəyərləri qorumağa çalışmalıyıq.

- Bu gün “feyk” (saxta) informasiya anlayışı bütün dünya mediasında yayılıb. Onunla necə mübarizə aparaq?

- Bu, çox çətindir. Çünki artıq feyk xəbər sənayesi ayaq alıb yeriyir. Onun qarşısı almaq mümkün deyil. Təklif varsa, demək tələbat da olacaq. Bu isə o deməkdir ki, saxta xəbərdən pul qazananların, dünyanı hiylə ilə barmaqlarında oynadanların və bundan məşhurluq əldə edənlərin də sayı günbəgün artacaq. Bu, iqtisadi bazardır. Artıq yüksək texnologiya dövründə yaşayırıq. Bir müddət sonra feyk ilə gerçək xəbər arasındakı fərqi ayırd etmək mümkün olmayacaq. Tutaq ki, bu gün istənilən aktyorun striptiz klubda oxuyub-oynadığı haqda xəbər yayılır. Və yalnız bu halda digər jurnalist araşdırma aparmadan xəbərin saxtalığını sübut edə bilməyəcək. Bütün bu hadisələrə reaksiya isə tez şəkildə baş verməlidir. Yaxud, bir siyasətçi haqda xəbər paylaşılır. Bu xəbərin saxta olub-olmadığını araşdırmaq, hansı əsaslara, mənbələrə söykəndiyini müəyyən etmək mərhələli şəkildə baş verməlidir. Haqqında xəbər yayılan şəxsin həmkarlarından tutmuş, köməkçilərinə qədər hər kəslə əlaqə saxlamaq lazımdır. Çünki yanlış xəbəri siz də yazsaz, həmin siyasətçinin karyerasını ləkələmiş ola bilərsiniz. Audio, video xəbərdirsə, səs tezliyindən, görüntüdəki işıqdan, üzün, çiyinlərin simmetriyasına qədər hər şeyi tədqiq etmək lazımdır. Hətta nəfəs almağına, qulaqlarının yerində olub-olmadığına nəzər salınmalıdır. Dediklərim sizə təəccüblü gələ bilər, axı bir müddət əvvəl belə məqamlara Hollivud filmlərində rast gəlib heyrətlənirdik. İndi isə filmlər gerçək həyatımıza çevrilir. Bu gün texnologiya hər şeydə inqilab etməyimizə, hətta mövcud olmayan insan yaratmağımıza imkan verir. Çünki Yer kürəsində doğulub yaşayan bütün insanlar haqda məlumatımız yoxdur, ola da bilməz. Odur ki, bu sahə ilə mübarizə gün-gündən çətinləşəcək.

Похожее изображение

- Futuroloqlar əmin edirlər ki, 30-40 ilə transhumanistlər bizi əvəz edəcək. Necə düşünürsünüz, yarı-robot adamlar jurnalistləri əvəzləyə biləcəklər?

- Təbii ki, yox! Əsla, yox! Bəli, bir müddət sonra dünya iqtisadiyyatında kifayət qədər dəyişiklik, yenilik olacaq. Bu xüsusən də qabaqcıl ölkələr üçün keçərlidir. Bir az keçmişə qayıdaq, belə inqilablar tarix boyu olub. Məsələn, orta əsrlərdə əsas nəqliyyat vasitəsi olan at arabalarını yüzilliklər sonra maşınlar əvəz etdi. Artıq atlara ehtiyac qalmadı. Yollar abadlaşdırılıdı, asfalta büründü. Yol hərəkət qaydalarını təsvir edilən işarələr yarandı. Yaxud, qərinələr boyu dünya şam ilə işıqlanırdı. Sonralar elektrik kəşf olundu. Təsəvvür edin, dünən kibritlə şam yandırırdın, bugün düyməni basırsan, evin lampa ilə aydınlanır. Dünya dəyişdikcə, elmi inqilablar da bir-birini əvəz edəcək. Bəlkə də robotlar nə vaxtsa bizdən daha ağıllı olacaqlar. Amma axı biz insanların hissiyyat deyilən özəliyi var. Sevirik, nifrət edirik, incinirik. Mütəmadi olaraq səhvlər edirik. Robotlar bunu bacarmayacaq. Bəlkə də elə dünyanı ayaq üstə saxlayan bizim bu narazlığımızdır.

- Jurnalist şəxsiyyət kimi öz peşəkar PR-nı hansı şəkildə aparmalıdır?

- Əgər jurnalist media oqranları ilə sadəcə əməkdaşlıq edirsə, qanunvericiliyə zidd olmayan istənilən addımlarla öz reklamını gerçəkləşdirə bilər. Yox, hansısa orqanın daimi çalışanıdırsa, mütləq və mütləq öz şirkətinin maraqlarını qorumalıdır. Birinci məqsədi həmin şirkətin rifahını qaldırmaqdır. Çoxları, müəssisə etikasının mənə aidiyyəti yoxdur deyib özlərini çərçivəyə salmaqdan qaçırlar. Amma buradan sual meydana çıxır. Əziz jurnalist, sənə maaşı hansı qurum verir? O zaman şərtlərə də əməl etmək məcburiyyətindəsən. Yox, əgər narazı olduğun mövzular varsa, fikrini sübut etməyə çalış. Maraqlarını qoruduğun brendin şərtlərinə uymalısan. Bəli, bu gün kifayət qədər böyük potensialı olan tanınmış jurnalistlərin sosial hesablarında paylaşdıqları fikirlər geniş müzakirəyə səbəb ola bilər ki, çalışdığı media orqanı da həmin məsələni qabardıb öz reklamı üçün faydalana bilər. Hətta həmin çalışanını məsələ ilə bağlı televiziya verilişlərinə, müsahibələrə yollayar. Yox, əgər jurnalist şirkətinin maraqlarına zidd olan fikir səsləndirməkdə qərarlıdırsa, mütləq "bu mənim öz fikirlərimdir, çalışdığım quruma heç bir aidiyyəti yoxdur" deməlidir. Bir incə məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün Qərbdə media orqanları üçün çalışan jurnalistlərin şəxsi sosial hesabı olmur. Onlar öz səhifələrində yalnız müəssisələrinin marağını güdən materiallar paylaşırlar.

- Çox maraqlı məlumatdır.

- Əlbəttə. Sənin qurumun toxunduğu məsələ və problemlər haqda şəxsi fikrini bildirmək hüququn yoxdur.

- Axı bu yolla sən özünü qəlibə salırsan...

- Kənardan hətta 24 saat qul kimi çalışdığınız şirkətə xidmət edirsiniz kimi təsviri formalaşa bilər. Amma qaydalar bunu tələb edir. Məsələn, Amerikada çalışdığım müddətdə bir məqama şahidlik etdim. Bütün media mütəxəssisləri nitqlərinə başlamazdan öncə salamlaşıb özlərini təqdim edir və bildirirlər ki, haqqında danışacaqları mövzu onların şəxsi fikridir, işlədikləri qurumun maraqlarını əks etdirmir. Bizdə hələ ki, bu etika formalaşmayıb, ancaq düşünürəm ki, zamanı yetişib. Yəni, mən bu məsələyə vətəndaş, valideyn, övlad, təqaüdçü statusuma söykənərək fikir bildirirəm. Siz də dediyiniz kimi, mənliyimi bir hissəsi olduğum müəssisəyə qurban vermirəm. Sadəcə, bu özəlliyimə dayanaraq mövqeyimi açıqlayıram. Bununla həmçinin rəhbərliyiniz anlayır ki, siz duyğularını gizlədən kölə deyilsiniz.

- Çox humanist yanaşmadır. Minnətdaram. Məni jurnalistikada narahat edən bir məsələ də var. Məsələn, həmkarım həm siyasət, həm kulinariya, həm iqtisadiyyat, həm də idman haqda yazırsa, bu nə dərəcədə doğrudur? Hər şey haqda yazan jurnalist peşəkar ola bilər?

- Mən bunu doğru hesab etmirəm. Jurnalist gündəlik xəbərlər haqda məlumat yazarkən dərinliyə baş vurmamalıdır. Onu fərqləndirən əsas cəhət də budur. Jurnalist bir neçə sahə haqda məlumatlı olmalıdır. Amma çoxları bizi buna görə qınayır ki, heç nə haqda dərin məlumatı olmayan jurnalist bizə savadlı material təqdim edə bilməz. Etiraf edək ki, peşəmizin əsas marağı da burdan qaynaqlanır. Yəni, səni bürüyən marağı, istədiyin informasiyanı yazaraq, üstəlik, maaş da alırsan. Jurnalist bir neçə sahə haqda yaza bilər. Bu, normaldır. Bunlardan biri ən yaxşı bildiyi mövzu, digər ikisi qarışıq sahələr və nəhayət hobbisi ola bilər. Amma hər şey haqda yazmaq peşəkarlıq deyil. Biz öz aramızda müzakirə apara bilərik. Mən düşünürəm ki, daxili siyasəti bilmədən xarici siyasət haqda yazmaq mümkün deyil, iqtisadiyyat haqda məlumatın yoxdursa, siyasəti müzakirə edə bilməzsən. Təbiəti sevmədən, ekologiyadan məqalə yaza bilməzsən. Xarici xəbərləri izləmədən, ölkə yeniliklərinə lazımi dəyər qoymağa gücün çatmaz. Yəni, dərindən mənimsəmədiyin mövzularda peşəkar yazılar yazmaq mümkünsüzdür.

Картинки по запросу svetlana babaeva

- Jurnalist üçün ali təhsil vacibdir?

- Təhsil bilik bazasıdır. Bəlkə də təhsil aldığımız müddətdə əldə etdiyimiz biliklərin çoxu unudulur, həyatımızın heç bir anında bizə lazım olmur, amma istənilən məsələyə aid fikir ortaya qoymaq üçün mənbə xarakteri daşıya bilər. Ona görə düşünürəm ki, savad, bilik toplusu bu günədək heç kimə mane olmayıb. Çünki ziyalı insanlar savadsız jurnalistlə ünsiyyətdən qaçacaqlar. Bununla yanaşı, kifayət qədər peşəkar fotoqraflar, geoloqlar tanıyıram ki, bu gün jurnalistlik fəaliyyəti ilə məşğuldurlar.

- Cəmiyyətdə belə bir hal var. Kifayət qədər intellektli jurnalistin hazırladığı məna yükü ağır olan məqalə, reytinqlərdə oxunma sayına görə kiçik miqyaslı şou yeniliyinə, yaxud qalmaqala uduzur. Həmin xəbəri hazırlamağa bəlkə də aylarını sərf edən jurnalisti necə ruhlandıraq?

- Çox məşhur Hollivud aktyoru ilə kifayət qədər ziyalı universitet professorunu müqayisə edək. Təbii ki, həmin aktyoru milyardlar tanıyır, amma buna görə professor gedib intihar etməli də deyil. Hər kəsin dünyada öz missiyası var.

- Amma yaradıcı insanlar da həssas olur.

- Aydındır, lakin bu, bütün dünyada belədir. Cəmiyyətin böyük faizi ya 18+ xəbərlər izləyir, ya intim, yaxud da heç də xoş olmayan kriminala üstünlük verir. Əmin olun, yüksək zövqə cavab verən, kifayət qədər ağıllı söhbət əsasında hazırladığınız müsahibə, adi bir müğənninin sensanliyalı xəbərini üstələməyəcək. Amma bu sizi ruhdan salmasın. Çünki kənardan gələn qısa ətəkli qıza hər kəs dönüb baxacaq, lakin uzunmüddətli münasibət qurmaq istəyəcəkmi? Baxın, bu, sual altındadır. Bir şey də müşahidə etmişəm ki, ciddi media qurumları qlamur xəbərlərdən qaçırlar. Dostlar, qorxmayın, gözəl qızlar, yaxtalar, lüks həyatı əks etdirən fotoları, xəbərləri hər kəs sevir və baxır. Bunu sadəcə vulqar şəkildə təqdim etməyin. Keyfiyyətli qurum hər iki səpkidə olan xəbərləri oxucuya çatdırmalıdır. Sizin dediyiniz yüksək səviyyəli materialları isə nisbətən az insan oxuyacaq. Amma həmin oxucular zövq və dünyagörüşü etibarilə daha üstündürlər.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm