Xüsusi
Toğrul Allahverdili: "Bu, mənim bir şansımdır"
Bu gün ölkənin sayılıb-seçilən və özünəməxsus oxucu kütləsi olan “İnterpress.az” və “Diaspor.az” media qurumlarının rəhbəri, “Azərbaycan-Türkiyə evi”nin icraçı direktoru Toğrul Allahverdinin, həmçinin “Diaspor.az” saytının doğum günüdür.
Publika.az bu münasibətlə Toğrul Allahverdi ilə müsahibəni təqdim edir:
- Öncəliklə, hər üç doğum gününüz münasibətilə sizi təbrik edir və uzun ömürlər arzulayırıq. Bu üçqat bayramı necə və harada qeyd etməyi planlaşdırırsınız?
- Təşəkkür edirəm. Təbii ki, ən gözəl bayramlar ailə ilə birlikdə və vətəndə keçirilən günlərdir. Vətənimdə, dostlarım və yaxınlarımla bərabər qeyd etməyi düşünürəm. Sadə və təmtəraqsız.
- 30-cu yaşınıza qədəm qoyursunuz. Bu qədər gənc yaşda ictimai sektora atılmısınız və müxtəlif qollardan çalışıb-çabalayırsınız. Gənc yaşda bu qədər ağır məsuliyyətlərin altına girməyin çətinlikləri və üstünlükləri nələrdir?
- Mənim bir neçə kumirim var. Şah İsmayıl Xətai, Mustafa Kamal Atatürk, Heydər Əliyev... mən onlardan nümunə götürürəm. Xətai 14 yaşında artıq böyük bir dövləti idarə etməyə başlamışdı. Yaş işə baxmır. İş görməkdən ötrü yaşın önəmi yoxdur. Ən əhəmiyyətlisi işini sevmək, məsuliyyətini dərk etməkdir. 16 yaşımdan bəri Moskvada ictimai sektora atılmışam. Gənclər təşkilatlarında fəaliyyət göstərmişəm və bu işləri sevə-sevə görmüşəm.
Düşünürəm ki, hər bir insan hər yaşında özü-özünə hesabat verməlidir. Mən də belə edirəm. Lakin heç vaxt özümdən razı qalmıram. Dostlarım, rəhbərlik məndən razı qala bilər, amma mən özüm-özümü qane etmirəm. Düşünürəm ki, daha yaxşı işlər görə bilərəm. Nələrsə etməliyəm. Çünki boynumda böyük məsuliyyət var.
- Bu üç əlamətdar hadisənin bir günə təsadüf etməsi sizin istəyiniz idi?
- Doğrusu “İnterpress.az” media qurumu 2014-cü ilin 29 dekabrından fəaliyyət göstərir. Mən isə həmin sayta 1 ildir ki, rəhbərlik edirəm. Düşünürəm ki, bütün bu bayramların üst-üstə düşməyi mənim bir şansımdır. Həmçinin, də mənə etimad göstərən şəxslərin verdikləri dəyərdir. Ancaq “Diaspor.az”ı, bəli, öz istəyimlə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 24 dekabr Prezident İlham Əliyevin doğum günü münasibətilə təsis etmişəm. Beş ildir uğurla fəaliyyət göstəririk.
- “Diaspor.az”ın Azərbaycan mediasında yeri və rolunu necə qiymətləndirirsiniz?
- Bu, ixtisaslaşmış bir saytdır. Sırf diaspor üzrə fəaliyyət göstərir. Biz heç zaman oxucu sayı, qalmaqal dalınca qaçmamışıq. Ancaq buna baxmayaraq, işimiz elə gətirir ki, istər-istəməz diaspordan kənar hadisələrə də toxunuruq. Sevindirici haldır ki, bu gün dünyanın istənilən ölkəsində: ABŞ, Rusiya, Fransa və bu kimi ölkələrdə “Azərbaycan diasporunun üzvüyəm” deyən və yaxud diaspor fəaliyyəti ilə məşğul olan hər bir şəxs “Diaspor.az”ı tanıyır. Hər səhər yuxudan duran kimi ilk olaraq saytı açır. Bu da bizim üçün çox sevindirici haldır. Mənim əməyimin nəticəsidir ki, bu gün saytımızı hər bir diaspor nümayəndəsi oxuyur. İstər məlumat almaq məqsədilə, istərsə onlar haqqında yazılacaq informasiyalar üçün. Bu gün verdiyimiz xəbərlərin üzərindən uzun zaman keçməsinə rəğmən, hələ də ölkə mediası geniş şəkildə yayır və maraqla qarşılanır. Bir misal çəkim. Qızını ərə verən diaspor sədrinin məsələsi uzun müddət əvvəl baş versə də, mediamız hələ də bu hadisənin xəbərini dərc etməkdədir. Azərbaycan mediasında elə bir sayt yoxdur ki, bu mövzuya toxunmasın. Düzdür, biz də istəmərik ki, belə xəbərlərlə gündəmdə olaq. Ancaq demək olar ki, öz xəbərlərimizlə gündəmdə qalmağı bacarırıq. Çalışacağıq ki, bundan sonra Azərbaycan diasporunun uğurlu fəaliyyətini işıqlandıraq, mənfi auralı xəbərlərə daha az yer verək.
- Hər iki saytdakı fəaliyyətiniz sizi qane edirmi?
- Bayaq da dediyim kimi, bizim üçün xəbərlərin oxunma sayı önəmli deyil. Bizə əsas bayağılıqdan qaçmaqdır. Kütləni maraqlandıran yazılar dərc etməkdir. Az da olsa, Azərbaycan mediasında tanınırıqsa, bu, bizim üçün uğurdur. Bəzi saytlar var ki, ifadəmə görə üzr istəyirəm - kimisə soyundurub ondan xəbər hazırlayırlar. “İnterpress.az”da belə xəbərlər yolverilməzdir. Bu gün axtarsanız, şahidi ola bilərsiz ki, saytımızda bir ədəd belə olsa, çılpaq foto yoxdur. Açıq-saçıq xəbərlər tapmaq olmaz. Lakin buna baxmayaraq, şükür ki, beş ildir ayaq üstə durmağı bacarırıq.
- Elə bir şəxs varmı ki, saytınızda onunla bağlı xəbərlərin verilməsinə qadağa qoymusuz?
- Elə bir şəxs yoxdur. Biz hadisənin və insanların xəbər yükünə əhəmiyyət veririk. Sadəcə xəbərin hazırlanma versiyasına və həmin insan haqqında yazılacaq məlumata baxırıq. Elə bir şəxs yoxdur ki, ona veto qoyaq. Obyektivliyimizi qoruyuruq.
- Necə düşünürsünüz, “İnterpress.az” oxucularının güvənini artıq qazanıbmı?
- Hər halda, bu güvəni qazanmasaydıq, beş il fəaliyyət göstərməzdik. Beş il az ömür deyil.
- Bu güvəni qazanmaq üçün hansı yollara əl atmısınız?
- Bizə etimad göstərənlərin ümidlərini doğrultmuşuq. Ölkə gündəmində baş verən proseslər, xarici xəbərlər və digər mövzularda yazmışıq. Amma oxucuları qıcıqlandıran xəbərlərə, bu gün Azərbaycan mediasının ən böyük bəlası olan etikasızlığa yol verməmişik. Buna görə də 5 il öz yolumuzla irəliləyə bilmişik. Güman edirəm ki, bu yol daha da uzun olar.
- Saytınızda ictimai sektorda fikir sahibi olan, kifayət qədər oxucu kütləsi və onlara etimad göstərən şəxslərin, ziyalıların yazılarını mütəmadi olaraq dərc edirsiniz. Bu, sizin güvən hissinizə, arxayınlığınıza təsir göstərirmi?
- Əlbəttə ki. Hər ay 2 və ya 3 dəfə Azərbaycanın ictimai-siyasi sektorunda yetərincə tanınan və türk dünyası gənclərinin mənəvi anası olan Tənzilə Rüstəmxanlının köşələri dərc olunur. O, eksklüziv olaraq hər ay bizim üçün yazı verir. Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının yazılarını dərc edirik. Həmçinin, vaxtilə “İnterpress”ə rəhbərlik edən, hazırda isə yollarını ayıran şəxslərin bellə xüsusi yazılarını yayımlayırıq. Onların da əməyini danmırıq, işlərini unutmuruq. Saytımızda ən böyük əməyi olan şəxslərdən biri də tanınmış jurnalist Ramal Hüseynovdur ki, onun da köşə yazılarını dərc edirik. Belə insanların bizimlə olmaları, bizə etibar etmələri, ziyalı təbəqənin oxuduğu media orqanı olmaq bizi qürurlandırır.
- Aldığınız ən gözəl hədiyyə nə olub? Yoxsa hələ almamısınız?
- Ən gözəl hədiyyəm gecə saat 12 tamam olan kimi həyat yoldaşımın instaqramda paylaşdığı təbrik mesajı oldu. Övladım da yatmayıb məni gözləmişdi ki, öz kiçik hədiyyəsini versin. Bilirsiniz ki, Azərbaycan-Türkiyə evinin icraçı direktoruyam. Tənzilə xanım da qurumun rəhbəridir. O da məni ilk təbrik edənlərdən biri oldu. Bütünlükdə, ailəmin və dostlarımın təbriki mənim ən gözəl hədiyyəmdir. Bir də iş başında olmağım özümün-özümə ən böyük hədiyyəmdir.
- Diaspor Azərbaycana qarşı qaralama kampaniyaları aparan, dövlətçiliyə qarşı təxribat xarakterli çıxışlar edən Vidadi İsgəndərli kimi şəxslərlə necə mübarizə aparır?
- Bu tip insanların adını çəkməyə dəyməz. Bu insanlar “söyüş makinası”dır. Onların xəmiri söyüşlər yoğrulub və söyüş həyat tərzlərinə çevrilib. Həm biz, həm oxucularımız belə insanları boykot etməlidir. Biz demokratik ölkədə yaşayırıq. Bizim üçün təhqir yolverilməzdir. Mən əminəm ki, dövlətimiz qısa zamanda belə insanlar haqqında tədbir görəcək.
- Bir az da gələn il üçün hədəfləriniz və planlarınızdan bəhs edin bizə.
- “Teleqraf Holdinq” bizə doğma və səmimi olduğu üçün elə ilk olaraq eksklüziv xəbəri sizə açıqlayıram: 31 dekabr tarixində yeni bir saytımız fəaliyyətə başlayacaq – “Diasporpress.az”. Daha sonra Azərbaycan-Türkiyə evi olaraq türk dünyasında kifayət qədər nüfuz sahibi olan filosof Hakan Mengüçün seminarını təşkil edəcəyik. Beləliklə, yeni ilin ilk günlərindən etibarən dayanmadan fəaliyyətimizə davam edəcəyik.
- Bəs üçüncü saytınızın fəaliyyət istiqaməti necə olacaq?
- Bu günə qədər diaspor sahəsində fəaliyyət göstərən “Diaspor.az”ın yeni variantı olacaq və yeni domenlə işləyəcək.
- Oxucularınıza çatdırmaq istədiyiniz arzu və fikirləriniz varmı?
- Arzum odur ki, Allah çıxdığımız bu yollarda bizi utandırmasın. Bu yaşıma qədər heç vaxt Vətənimə, millətimə, dövlətimə, prezidentimə xəyanət etməmişəm. Tanrı bizi bu yoldan sapdırmasın. Ömrümüz yetdiyi qədər vətənimizə xidmət etməyə davam edək.
Zümrüd Kərimova
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı