Azərbaycanlı məşhur azəri qızı Günellə "Tufan" QOPARDI: hər kəsi çaşbaş salacaq GİZLİNLƏR - VİDEO
Bizi izləyin

Xüsusi

Azərbaycanlı məşhur azəri qızı Günellə "Tufan" QOPARDI: hər kəsi çaşbaş salacaq GİZLİNLƏR - VİDEO

Müğənni Murad Arif müəllifi olduğu “Tufan” mahnısına Türkiyədə yaşayan həmkarı Günel Zeynalova ilə duet oxuyub. Uzun müddətdir radiolarda səslənən mahnıya çəkilən klip isə iki gün öncə təqdim olunub.

Publika.az-a müsahibə verən Murad Arif sözügedən yeni layihəsindən geniş bəhs edib:

- Mahnını dinləyəndə müəllifin onu çılğın emosiyaların təsiri ilə yazdığı hiss olunur. Hansı hisslərin və ya hadisənin təsiri ilə yazdığınızı xatırlayırsınız?

- Bəzən insanlar düşünür ki, “Tufan” şou-biznes haqqındadır. Əslində bu, bir ayrılıq nəğməsidir. Tufan da ayrılıq tufanıdır. Öz həyatımdan deyil, amma unutmaq olmaz ki, yaradıcı insanın təsəvvür gücü var. Mən də təsəvvür etdim. Darmadağın olmuş həyatlar, talelər və münasibətlərdən sonra məhz bu klipdəki mənzərələr yaşanır. Burada ayrılıqdan sonra yaşanan darmadağın puç olmuş xəyallar göstərilir... Qurumuş ağac, kəllə, yanmış avtomobil və digər elementlər ayrılığı təsvir edir.

- Klipin ideyası da maraqlıdır...

- Bu klipdə çoxlu simvollara yer verilib, ona çox böyük zəhmət və enerji sərf olunub. Həm mahnının özündə, həm də klipdə bir çox gizli və simvolik məqamlar var. Bilmirəm hiss etdiniz, ya yox, amma sözlər, musiqi, aranjeman və video üzərində böyük bir komanda işi var. Bütövlükdə isə Azərbaycanda bu vaxta qədər içində bu qədər simvol olan klip çəkilməyib.

Diqqətlə baxsanız, görərsiniz ki, burada söz aparıb-gətirən, mübahisə yaradan aqressiv və paxıl adamları təsvir etmişəm, həmçinin iki insan arasına girən zənən xeylaqlarını göstərmişəm. Bu gün bəzi münasibətlərin bitməsində araya girənlər, söz aparıb-gətirənlər xüsusilə qeybət edən şəxslərin rolu böyükdür. Bu, dost kimi ayrılıb, dost kimi qala bilməyənlərin mahnısıdır.

Masa üzərindəki saatdan tutmuş, alovlara qədər hər şeyin öz mənası var. Məhz klip üçün Mərdəkandan Qobustana qurumuş ağac, uçan məktublar, yanan avtomobil, rəqqaslar, aqressiv obrazlar, kostyumların rəngi, kəllələr, taxılan maskalar, qum saatı və s. detallar apardıq. Klipdə heç nə təsadüfi deyil. Çözə bilsəniz, bir dərinlik tapacaqsınız! Məsələn, Günelin bəyaz, mənim qara geyinməyim təsadüfi deyil. Bu rənglər xeyirlə-şəri ifadə edir.

- Günel Zeynalova ilə tandeminiz uğurlu alınıb. Duet təklifi kimdən gəldi?

- Duet təklifi təbii ki, məndən gəldi. Layihənin ideya müəllifi mənəm. Söz və musiqisi mənə aid olan nəğmədir. Mənə çox zil səsi olan qadın müğənnisi lazım idi. Qeyd etməliyəm ki, Günelin yaradıcılığının ayrıca heyranıyam. Ümumiyyətlə, bu xanım səsi, avazı və boğazının xırdalıqları ilə mənim üçün bir sənətkardır. Çox sevindim ki, təklifimi qəbul etdi. Özəl olaraq Türkiyədən Bakıya gəldi, mahnını studiyada yazdırdı və klipdə çəkildi.

- “Tufan qopacaq” sözlərinin altında ayrılıq ağrısının proqnozu gizlənib. Murad Arif bu tufanın zərərsiz keçməsi üçün dinləyicilərinə nə məsləhət görür?

- Heç bir şey tövsiyə edə bilmərəm. Çünki bütün münasibətlər fərdi yanaşma tələb edir. Sadəcə onu deyə bilərəm ki, əgər arada sevgi varsa, qədrini və dəyərini bilin. Çünki həqiqi sevgi hər gün rastına çıxmır. Böyük sevgi insan həyatında çox olmur. Əgər o həyatınızda varsa, dəyərini bilin.

- Növbəti sualım “Canım yanacaq, sevə bilmərik bir daha özgəsini...” misraları ilə bağlıdır. Necə düşünürsünsüz, bir insan neçə dəfə sevmək haqqı və ya şansı var?

- Bir insana neçə dəfə sevmək şansı verildiyini bilmirəm. Amma insanın ürəyinə imza qoyan, yaxud kiminsə həyatına damğa vuran həqiqi və böyük sevgi bir dəfə olur. Və ölənəcən o sevgini unutmursan... Mən belə hesab edirəm. Özüm təksevər adam olduğum üçün inanmıram ki, kimisə daha bu qədər və bu boyda sevmək olar. Mümkün deyil, inanmıram. Həqiqi sevgidən danışırıqsa, insan həyatında bir dəfə sevir.

- Mahnınız həqiqətən də tufan qopara biləcək?

- Mahnının reytinqlərdə tufan qoparması mənim üçün çox da önəmli deyil desəm, səmimiyyətdən uzaq olar. Məsələn, “Oppalara” mənim üçün sıradan bir mahnı idi. Bununla belə 13 milyon baxıldı. Reytinq sənətçiyə stilmul versə də, ona ciddi önəm vermirəm. Əsas odur ki, iş gedir, artist məhsuldarlığı və zəhmətkeşliyi ilə tamaşaçısının qarşısına gəlir. Bax mən məsələnin bu tərəfindəyəm. Bunu daha üstün bilirəm. 2019-cu ilin astanasındayıq, mən sənətçi olaraq Yeni İlə yeni mahnı və yeni kliplə girdim. Növbəti vacib mərhələ odur ki, Novruzda Murad Arifdən daha bir maraqlı klip gəlsin. Başlıca məqsədim dayanmadan yazmaq və yaratmaqdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm