Xüsusi
Hikmət Hacıyev: Avropa parlamentləri Ermənistanın "konyak diplomatiyası"nı ifşa edən araşdırmalar aparmalıdır
Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib.
Publika.az Trend-ə istinadla həmin müsahibəni təqdim edir.
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda dövlətimizin başçısı xarici siyasət məsələləri barədə ətraflı danışdı. Bununla bağlı nə deyərdiniz?
- Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilmiş nailiyyətlər və görülən işlər barədə əhatəli danışaraq xarici siyasət sahəsində qarşıda duran yeni vəzifələri müəyyən etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasət biri digərini tamamlayır, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini, xalqımızın firavanlığını, ölkəmizin təhlükəsizliyini və daha da güclənməsini təmin edir.
İclasda 2018-ci ildə xarici siyasətimizin uğurlarını diqqətə çatdıran Prezident İlham Əliyev əsas istiqamətləri təsnif etdi:
- Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. 2018-ci il ərzində dövlətimizin başçısının xarici ölkələrə 16 səfəri, Azərbaycana 16 dövlət və hökumət başçısının səfəri bunun əyani sübutudur;
- Azərbaycan qonşu dövlətlərlə əlaqələrini yüksək pilləyə qaldırıb. Ölkəmiz düşünülmüş siyasət apararaq bütün qonşularla çox gözəl münasibətlər qurub. Hər bir ölkə üçün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi çox vacib amildir. Bu, ölkə ətrafında xoşməramlı mühitin formalaşmasına, nəqliyyat, enerji layihələrinin icrasına və ticarət əlaqələrimizin inkişafına xidmət edir. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə Prezidentimizin çoxsaylı görüşləri olub, bu görüşlər nəticəyönümlü xarakter daşıyıb və praktiki məsələlər həllini tapıb.
- Azərbaycan müsəlman aləmində böyük hörmət və nüfuza malikdir, İslam həmrəyliyinin inkişafı istiqamətində ölkəmizin atdığı addımlar, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər İƏT-ə üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir;
- Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında keçən il Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər əsnasında Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması mühüm yer tutur. Bu sənəddə Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz mövqeyini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb;
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Ölkəmizin uzun müddət müəyyən etdiyi mövqe bu sənəddə öz əksini tapıb. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir;
- Keçən il Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu il ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısı təşkil olunacaq. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək;
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam və qeyd-şərtsiz çıxarılmalıdır;
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmətin ifadə olunduğu mövqe daha da gücləndirilir və beynəlxalq sənədlərdə bu, öz təsbitini tapır;
- Danışıqların davam etdirilməsi prosesi başlanıb, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə fikirlər səslənirdi ki, Azərbaycan qondarma rejimlə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə, danışıqlar prosesi bərpa edildi;
- Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu, kriminal rejimin məntiqi acı sonu idi. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıb. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Ermənistan bütün layihələrdən təcrid edilib. Azərbaycan Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edir və edəcək, o vaxta qədər ki, torpaqlarımız azad olunmayıb. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.
Müstəqil və uğurlu xarici siyasətimizin təməlində dövlətimizin başçısının müəyyən etdiyi uzaqgörən və düşünülmüş siyasət, verdiyi məntiqi əsaslı və hədəfli tapşırıq və təlimatlar, digər dövlət başçıları ilə keçirdiyi çoxsaylı və nəticəyönümlü görüşlər və səfərlər dayanır. Əminliklə deyə bilərik ki, 2019-cu ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz davam etdiriləcək.
- Dövlətimizin başçısı Ermənistanın həyata keçirdiyi “konyak diplomatiyası”, Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan danışan bir sıra beynəlxalq təşkilatların Ermənistandakı saxtakarlığa göz yumması məsələlərinə də toxundu. Bu barədə nə deyərdiniz?
- Dövlətimizin başçısı tərəfindən qeyd olunduğu kimi, Ermənistan tərəfindən açıq şəkildə “konyak diplomatiyası” həyata keçirilir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir. Məsələn, bir nümunəni qeyd edək. Kriminal rejim tərəfindən 2017-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən sözügedən təsisatların müşahidəçiləri yekun hesabatlarında seçkilərdə fundamental azadlıqların təmin olunduğunu iddia edirdilər. Həmin seçkilərdə kriminal xunta rejiminin nümayəndələri 50 faizdən çox səs almışdılar, son parlament seçkilərində isə 5 faiz səs belə yığa bilmədilər. Ermənistan xalqı sonradan həmin kriminal xunta rejimini siyasi səhnədən biabırçı şəkildə rədd etdi. Mənzərə tam aydın olur ki, sözügedən təsisatlarda təmsil olunan bir çox siyasətçilər Ermənistanın kriminal rejimi ilə müəyyən maddi maraqların, yəni, “konyak diplomatiyası”nın müqabilində şərik olaraq seçkilərin saxtalaşdırılmasında iştirak edir, sonra saxta hesablarla ona “demokratik” don geyindirirlər. İndi hansı əsasla həmin şəxslər demokratik dəyərlərdən danışırlar? Kriminal xunta rejiminə bu kimi hesabatlarla legitimlik verən həmin siyasətçilərin bir qismi hələ də sözügedən təsisatlarda təmsil olunmaqda davam edirlər. Brüsseldə Serj Sarkisyanla bir masa ətrafında oturub siyasi xarakterli kriminal əməlləri müzakirə edən, kriminal xunta rejiminin seçkilərini dəstəkləyən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri Yaroslav Stetina və Frank Engel kimi siyasətçilər indi hansı mənəviyyatdan danışa bilərlər? Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini isə kriminal pullar təşkil edir. Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir.
Bu gün Avropa ölkələrində, o cümlədən Almaniya, İspaniya, Çexiya və Belçikada “erməni mafiyası” adı altında geniş mütəşəkkil cinayətkar qruplaşmalar aşkar edilib. Bu mütəşəkkil cinayətkar qruplaşmalar yalnız kriminal fəaliyyətlə deyil, eyni zamanda, siyasi lobbizmlə də məşğul olublar. Həmin kriminal qruplaşmaların bəzi üzvləri Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilən diplomatik pasportlarla həbs olunublar. Erməni mafiyası ilə əlaqədar aparılan cinayət işində Azərbaycana qarşı kampaniya həyata keçirən, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən bir sıra siyasətçilərin adları hallanmaqdadır. Eyni zamanda, bu proseslərdə Ermənistanın bir sıra səfirlərinin də adı keçir.
Hesab edirik ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin, həmçinin bir sıra Qərb ölkələrinin parlamentlərinin etik komitələri parlament üzvlərinin və siyasətçilərin bu kimi qanunsuz və korrupsiyalaşmış fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar. Həmçinin bu çərçivədə anti-Azərbaycan kampaniyaların kökləri araşdırılmalıdır. Əks təqdirdə, hər hansı ədalətdən və ya demokratik dəyərlərdən danışmaq qeyri-mümkündür.
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...