Xüsusi
Yeni icma sədri Qarabağın həllini necə görür? - MÜSAHİBƏ
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin Axar.az-a müsahibəsi:
- Tural bəy, Qarabağla bağlı danışıqlarda son 6 ay ərzində aktivlik müşahidə olunur. XİN rəhbərlərinin indiyə qədər baş tutan görüşlərindən sonra pozitiv mesajlar verilir. Prosesin bu tərzdə getməsi 2019-cu ildə Qarabağla bağlı hansısa pozitiv yekun nəticənin əldə olunmasına gətirib çıxara bilərmi?
- Sonuncu Paris görüşündən başlayaq. 16 yanvar tarixində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşü keçirildi. Yekun bəyanata biz də şərh verdik. Paris görüşündə keçirilən danışıqlar prosesi və danışıqlardan sonra ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən səsləndirilən bəyanatla tanış olduq. Ümumiyyətlə, danışıqları yaxından izlədik. Təbii ki, biz gələcəkdə belə danışıqlardan daha konkret nəticələr gözləyirik. Çünki danışıqların aparılması əvvəl-axır konkret nəticələrə gətirib çıxarmalıdır. Nəticəyə yönəlik danışıqların olması, Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, bizim əsas gözləntimizdir.
Bəyanatda digər mühüm məqam xalqların sülhə hazırlanmasıdır. Təbii ki, biz münaqişənin tənzimlənməsi prosesində artıq keçmişdə səsləndirdiyimiz bəyanatlardan irəli gələrək, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında konstruktiv dialoqun və təmasların qurulması kontektsində gələcəkdə xalqların sülhə hazırlanması prosesinin mümkün ola biləcəyini qeyd edirik. Amma bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının və digər işğal olunmuş ərazilərdən qovulmuş köçkünlərin, qaçqınların öz doğma torpaqlarımıza geri qayıtmasından, işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin çıxarılmasından və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildikdən sonra bunların baş verə biləcəyini düşünürük. Azərbaycanın işğal olunmuş əraziləri qaytarılmadan, Azərbaycanın suverenliyi bərpa olunmadan, Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarmadan hər hansı bir sülhdən söhbət gedə bilməz.
- Dağlıq Qarabağ icmasının danışıqlar məsələsində statusunun artırılmasını görmək mümkündürmü? Yəni buna ehtiyac varmı?
- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının statusu artıq müəyyən edilib. ATƏM-in Helsinkidə qəbul edilmiş müvafiq sənədinə əsasən, Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması isə maraqlı tərəflər kimi müəyyən olunub. Yəni biz münaqişənin tənzimlənməsi prosesində ehtiyac olacağı təqdirdə erməni icması ilə birlikdə maraqlı tərəflər kimi dialoq və təmasların qurulmasına hazırıq. Bunu dəfələrlə bəyan etmişik. Buna görə də sizin dediyiniz status məsələsi artıq təsbit olunub. Yəni əsas məsələ odur ki, biz erməni icması ilə dialoq quraq. Keçmiş Sərkisyan rejimi buna mane olurdu, icmalararası təmasların qurulmasının qarşısını alırdı. Ümid edirik ki, Sərkisyan rejimi hakimiyyətdən qovulduqdan sonra yeni hakimiyyət icmalar arasında dialoqun qurulmasına maneə yaratmayacaq. Bizim istəyimiz də budur. Səhəri gün münaqişə tənzimlənəndə biz erməni icması ilə Dağlıq Qarabağda bir yerdə yaşayacağıq. Bir yerdə yaşayan insanlar isə gərək problemləri danışsınlar, dialoq qurmağı bacarsınlar. Əks halda çətin olardı.
- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri sizsiniz. Qarabağdakı erməni icmasına faktiki olaraq Bako Saakyan rəhbərlik edir. Dialoq qurulacağı təqdirdə erməni icmasını hazırda qondarma rejimin rəhbəri olan Bako Saakyan, yoxsa tamam başqa bir şəxs təmsil edəcək?
- Sərkisyan rejimi və ondan əvvəlki rejimlər Dağlıq Qarabağda sırf Azərbaycan xalqını qıran, əlləri qana batmış rejimin nümayəndələri idilər. Onlar təkcə Qarabağı yox, bütövlükdə Ermənistanı əsarət altına almışdılar. Ermənistan xalqı ayağa qalxdı və cinayətkar rejimi hakimiyyətdən devirdi. Hazırda Sərkisyan rejiminin davamı olan qrup Azərbaycanın Dağlıq Qarabağ ərazisini və burada yaşayan Azərbaycanın Dağlıq Qarabağdan olan erməni icmasını əsarət altında saxlamağa davam edir. Biz düşünürük ki, bu rejim əsarət altında saxladığı erməni icması tərəfindən kənarlaşdırılmalıdır. Həmin erməni icması Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü qəbul edib, bizimlə danışıqlara hazır olduqlarını bəyan etdikdən sonra bunu müəyyənləşdirmək olar. Əsas odur ki, bizim erməni icması ilə dialoqumuz kriminal rejimin ünsürləri ilə aparılmayacaq. Biz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qəbul edən erməni icması ilə dialoq quracağıq. İcmalararası dialoq deyəndə bu nəzərdə tutulur. Əlləri Azərbaycan xalqının qanına batmış şəxslərlə dialoqun aparılmasından söhbət gedə bilməz.
- İcmalararası dialoqun qurulması üçün mütləq yekun sülh müqaviləsi imzalanmalıdır?
- Belə deyək, bizim işğal olunmuş ərazilərimizdən qoşunlar çıxarıldıqdan, Azərbaycan icması öz yurd-yuvalarına qayıtdıqdan və icmalar arasında birgə yaşayışın ən azı ilkin mərhələdə təmin edilməsi baş tutandan sonra bütün bu detallar nəzərdən keçirilə bilər. Çünki öz torpaqlarından qovulmuş insanlar öz yurd-yuvalarına qayıtmayana qədər hansısa detalları müzakirə etmək çətindir. Yəni mən öz evimə qayıtmayana və orada mənim evimi tutan insanla dialoq qurmadan hansısa detaldan danışa bilmərəm. Biz deyirik ki, öz evimizə qayıdaq, sizi də buradan qovmaq istəmirik, heç olmasa, evimizi bölüşək. Bundan sonra digər məsələləri müzakirə edə bilərik.
- Paris görüşündən sonra hər iki tərəfin hazırladığı bəyanatda “əhalini sülhə hazırlamaq”la bağlı öhdəlik var idi. Biz 2000-ci illərin əvvəllərində “xalq diplomatiyası” prosesini görmüşük. “Əhalini sülhə hazırlamaq” “xalq diplomatiyası”nın bərpa olunması və yaxud da başqa bir formada təkrarlanması kimi görünə bilərmi?
- Xalqların sülhə hazırlanması sırf bizim erməni icmasına təqdim etdiyimiz konstruktiv dialoqun aparılması, təmasların qurulması prosesindən keçə bilər. Yəni icmalararası dialoq elə gələcəkdə xalqların sülhə hazırlanması prosesinə töhfə verə bilər. İlkin olaraq, təmaslar quraq, danışaq. Biz buna hazırıq. Erməni icmasından hansısa bir reaksiya, cavab bəyanatları hələ gəlməyib. Orada olan qanunsuz separatçı rejimin nümayəndələrinin nə isə deməsi təbii ki, bütün əsarət altında saxlanılan erməni icmasının mövqeyi deyil. Yəni onlar öz iradələrinin əleyhinə əsarət altında saxlanılırlar. Mən özüm, məsələn, öz şəxsi təcrübəmdən qeyd etmək istərdim ki, 12 yaşımda Şuşadan qovularkən, yəni Şuşa işğal olunmamışdan əvvəl də burada ermənilər var idi. Hansı ki, həmin ermənilər bizimlə onilliklər boyu orada yaşamışdı və azərbaycanlıları çox istəyirdilər. Hətta onların bəziləri 1988-1989-cu ildə baş verən hadisələrin ilk fazasında şovinist, millətçi erməni daşnak siyasətçilərinin apardıqları siyasətə qarşı öz etirazlarını bildirirdilər. Biz həmin o ermənilərlə təmas qurmaq istəyirik. Məsələn, indi Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyadan, Yaxın Şərqin digər bölgələrindən çoxlu erməni əsilli adamlar gətirilir və orada məskunlaşdırılır. Biz Dağlıq Qarabağa icma olaraq qayıdanda gedib orada Suriyadan gəlmiş, tamamilə başqa bir mədəniyyətə, düşüncə tərzinə, təfəkkürə malik olan insanla nəyi danışacağıq?! Yəni biz əvvəlki, birgə yaşadığımız ermənilərlə bir-birimizi çox yaxşı tanıyırdıq. Bütün Dağlıq Qarabağda 75% erməni, 25% azərbaycanlı əhali yaşayırdı. Amma Şuşada 98% azərbaycanlı, 2% isə erməni və digər etnik qrupların nümayəndələri məskunlaşmışdı. Mən bu gün həmin Şuşada və Qarabağın digər bölgələrində birgə yaşadığımız ermənilərlə dil tapıb danışa bilərəm, amma başqa bir regiondan, tamamilə yad bir yerdən gələn insanlarla dialoqdan söhbət gedə bilməz.
- Gəlin etiraf edək ki, sizin dediyiniz həmən ermənilərin Azərbaycana inteqrasiyası üçün heç nə etməmişik. İndi bu səhvi düzəltmək və bu insanların terrorçu rejimə qarşı çıxa bilmələri üçün nələr edilməlidir?
- Erməni separatizmi dalğası başlayanda - 1980-ci illərin sonlarında Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində ən inkişaf etmiş region idi. Ümumilikdə bütün SSRİ çərçivəsində də bunu demək mümkündür. Azərbaycanın regionda apardığı müvəffəqiyyətli iqtisadi, siyasi kurs, eyni zamanda, əldə etdiyi nəticələr, regional layihələr onu göstərir ki, Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra bu regiona böyük investisiyalar yatıracaq. Dağlıq Qarabağ regionunun da inkişafına nail olunacaq. Bundan sonra həmin erməni icmasının özü müşahidə edəcək ki, məhrumiyyətdən xilas yolu Azərbaycandır. Ona görə siz əmin ola bilərsiniz ki, münaqişə tənzimlənərsə və erməni işğalçı qüvvələri oradan çıxarsa, ilk növbədə bu məsələdən qazanan tərəf orada yaşayan erməni icması olacaq. Sırf orada 1988-1989-cu ilə qədər yaşamış ermənilərdən söhbət gedir. Qanunsuz məskunlaşdırma nəticəsində ora yerləşdirilən ermənilərdən söhbət gedə bilməz. Onlar hamısı gəldikləri yerə getməlidirlər.
- 1993-cü ildən bu yana Qarabağın nəzarəti Azərbaycanda deyil. 93-cü ildən bu yana orada böyüyən gənclik var və həmin gənclik öz ata-analarından fərqli olaraq, demək olar ki, Azərbaycanı və azərbaycanlıları görməyiblər. Onlarla necə işləyəcəksiniz?
- Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazilər 100 il, 500 il işğal altında saxlansa belə, orada yaşayan insanların əldə etdikləri mülkiyyət hüquqları qanuni hesab olunmur, işğal etdiyi ərazilər onların ərazisi sayılmır. Məsələn, çox gözəl bir misal çəkim. I Dünya müharibəsi sona çatdıqdan sonra, təxminən 1918-ci ildə Fransa keçmişdə itirdiyi torpaqlarını - Elzas və Lotarengiya ərazilərini Almaniyadan geri aldı. Baxmayaraq ki, həmin ərazilər 1870-ci ildən almanlar tərəfindən tutulmuşdu. Burada bir neçə alman nəsil böyümüşdü. Fransızlar beynəlxalq hüququn da tələb etdiyi hüquqlarını bərpa etdi. Orada böyüyən alman nəslinin heç bir mülkiyyət hüququ tanınmadı. Yenidən tarixi torpaqlar Fransaya qaytarıldı və bütün beynəxalq aləm də bunu normal qarşıladı. Hələ həmin dövrdə beynəlxalq hüquq tam yetkin deyildi. Həmin dövrdə əgər bu baş vermişdisə, hazırda, XXI əsrdə bu, daha normal qarşılanar. Yəni 25-30 il bundan öncə mən işğal olunmuş ərazidəki evimin mülkiyyət hüququndan məhrum edilmişəm. Beynəlxalq hüquq, BMT, beynəlxalq təşkilatlar bu məsələni tanıyır və işğal olunmuş ərazilər faktını qeyd edir. Yəni orada erməni icmasına məxsus şəxslər olsun, həqiqətən də orada yaşayan erməninin uşaqları, gəncləri böyüyürsə, orada yaşayırsa, bu, problem deyil. Onlarla biz birgə yaşamaq, dil tapmaq əzmini yenə də bildiririk. Amma mənim mülkiyyət hüquqlarım qeyd-şərtsiz bərpa olunmalıdır. Kimsə orada 27 ildir yaşayırsa, bu o demək deyil ki, onlar mülkiyyət hüququ əldə edib. Bu adi ümumi hüquq anlayışına da ziddir.
- Bu dövrdə Azərbaycan gəncliyi də təbii olaraq müharibənin nəticəsi ucbatından erməniyə nifrət hissi ilə böyüyüb. Qarabağa qayıdacaq bu gənc nəsil orada ermənilərlə yaşamaq faktı ilə barışacaqmı? Bunun üçün icma hansı tədbirləri görməyi planlaşdırır?
- Artıq 20 dekabr tarixindən - Dağlıq Qarabağ Azərbaycanlıları İcmasının sədri seçildiyim müddətdən bu yana verdiyimiz bəyanatlarda, şərhlərdə bildirmişik ki, biz münaqişənin qurbanları olmağımıza baxmayaraq, mülkiyyət hüququndan məhrum olmuşuq, itkilər vermişik, ancaq yenə də erməni icmasına qarşı nifrət hissi duymuruq və heç kimə qarşı düşmənçilik etmək fikrimiz yoxdur. Bəli, biz müharibənin bütün məşəqqətlərindən keçmişik və ağır vəziyyətə düçar olmuşuq, amma yenə də keçmişdə olan hadisələri kənara qoyaraq, öz torpağımıza qayıdaraq və erməni icması ilə birgəyaşayışa nail ola bilərik. Sizin dediyiniz nifrət hissi daha çox erməni tərəfindən gəlir. Erməni diaspor təşkilatları adi bir şərhimə də cavabı radikal formada verirlər. Halbuki diaspor erməniləri Los-Anceles, Nyu Yorkda, Avropanın digər şəhərlərində yaşayırlar. Onlar heç vaxt Qarabağda olmayıblar. Ona görə də orada yaşayan erməni icmasının düşdüyü çətin vəziyyətdən xəbərləri yoxdur. Özləri komfortlu şəraitdə yaşayaraq, sadəcə radikal bəyanatlar səsləndirirlər. Düşmənçilik toxumlarını da adətən həmin diaspor nümayəndələri səpirlər. Amma əminəm ki, iqtisadi cəhətdən məzlum günündə yaşayan, gəlirlərdən məhrum olmuş Dağlıq Qarabağın erməni icması hazırda peşmandır ki, onlar Azərbaycanın həyata keçirdiyi regional layihələrdən kənarda qalırlar.
- Münaqişələrin həlli üçün dünyada bir neçə model var. Məsələn, bir zamanlar Aland adaları və Cənubi Tirol modellarından bəhs edilirdi. Danışıqların bundan sonra da uğurla gedəcəyini nəzərə alsaq, Qarabağ münaqişəsinin həlli üçün hansı modeldən istifadə edilə bilər?
- Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Dağlıq Qarabağ bölgəsinə ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Modelin detalları danışıqlar prosesində müzakirə edilə bilər. Amma əsas məsələ odur ki, bu modellər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmadan həyata keçirilməlidir. Müvafiq regionlar üçün və təcrübə üçün sizin dediyiniz modellər mövcuddur. Amma sırf Dağlıq Qarabağ bölgəsi, Ermənistan-Azərbaycan kontektsti nəzərə alınaraq, tərəflər arasında bu detallar müzakirə obyekti ola bilər. Gələcək göstərər ki, hansı model üzərində dayanılacaq.
- Əvvəllər də Qarabağla bağlı pozitiv danışıqlar olub. Amma, məsələn, Ermənistandakı parlament teraktı sayəsində bu, yarımçıq qaldı. İndiki halda Qarabağın həlli istiqamətində gedən müsbət danışıqlara nə mane ola bilər?
- 1992-ci ildən üzü bəri işğala məruz qalmasına, danışıqlarda bəzən erməni tərəfinin qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan tərəfi danışıqlarda hər zaman konstruktivlik nümayiş etdirib. Dözümlülük göstərib. Başqa bir nümunə təsəvvür edə bilmirəm ki, işğala məruz qalmış tərəf keçən 26-27 il ərzində bu qədər konstruktivlik, dözümlülük nümayiş etdirsin və qarşı tərəfi sülhə çağırsın, səhv yolda olduğunu anlatmağa çalışsın. Təəssüf ki, erməni tərəfi bu keçən illər ərzində bunu başa düşməyib. Azərbaycan tərəfindən hər zaman bəlli mövqe var. Qarşı tərəfdən isə hansısa gözlənilməz hallar ola bilər. Keçmiş Sərkisyan rejimi gözlənilməz hallar ortaya qoyurdu. İcmalararası təmaslara, dialoqun aparılmasına mane olurdu, işğal olunmuş ərazilərdə təxribat törədirdi. Biz ümid edirik ki, yeni erməni hakimiyyəti keçmiş hakimiyyətin o səhv yolu ilə getməyəcək. Ən azı bizim erməni icması ilə təmaslara başlamağımıza mane olmayacaq. Ona görə də biz arzulayırıq ki, bu il müsbət irəliləyişlərin olacağı il olsun. Biz öz doğma torpaqlarımıza qayıdaq, münaqişənin tənzimlənməsi tezliklə həyata keçsin və regionda sülh bərqərar olsun.
Keçən bir ay ərzində əsas mesajımız odur ki, erməni icması ilə dialoqlar quraq. Erməni icması buna müsbət cavab versə, detalları müzakirə etmək olar. Hətta hansısa qonşu regionların, Avropa paytaxtlarının birində də onlarla görüş təşkil oluna bilər.
- Regionlarda görüş dediniz. Bu artıq erməni tərəfinə təklif olunubmu?
- Yox, bu, konkret təklif olunmayıb. Bizim mesajımız odur ki, gəlin dialoq, təmas quraq. Təbii ki, dialoq, təmas haradasa baş tutmalıdır. Bu beynəlxalq konfranslar çərçivəsində də ola bilər. Bu, texniki detaldır. Əsas odur ki, təmas qurulsun.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO