Fərda Xudaverdiyevdan İDDİALI ÇIXIŞ: “Mən Azərbaycan tamaşaçısının gülüşünün şah damarını...” - - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Fərda Xudaverdiyevdan İDDİALI ÇIXIŞ: “Mən Azərbaycan tamaşaçısının gülüşünün şah damarını...” - - MÜSAHİBƏ

Fərda Xudaverdiyev İlkin Həsəni və Kənan M.M qarşıdurması haqqında: “Bu qədər də yox da...”

"Taksi Liza" filmi ilə növbəti dəfə tamaşaçıların görüşünə gələn aktyor Fərda Xudaverdiyev canlandırdığı obraz haqqında danışıb.

Ekran işinin qala gecəsində suallarımıza cavab verən aktyor ifa etdiyi bütün rollara düzəlişlər etdiyini, o cümlədən bir neçə film istehsalçılarının ona borcu olduğunu etriaf edib. İkinci dəfə ailə quran aktyor şəxsi həyatı haqqında danışmaq istəməsə də, xəbəri inkar etməyib.

- Fərda bəy, növbəti film münasibəti ilə təbrik edirəm.

- Təşəkkür edirəm.

- “Taksi Liza” filmində necə obraz canlandırmısınız?

- Fərqli imicdəyəm, amerikan polisi olmaq istəyən və macəra sevən azərbaycanlı sürücü obrazını ifa etmişəm. Çox iddialı personajdır, əvvəlcə arzusunu reallaşdırmaq üçün çox canfəşanlıq nümayiş etdirir. Lakin sonda heç nə etmədən qalib gəlir. Bu xətt üzrə gülməli film çəkməyə çalışmışıq. Filmin içində mənə məxsus zarafatlar çoxluq təşkil edir.

Müasir filmlərimizi türk və hollivud istehsalı olan layihələrlə müqayisə etmək doğru deyil. Başlıca məqsədimiz insanların üzündə təbəssüm yaratmaqdır. Əvvəlcə gülün, daha sonra iradlarınızı bildirin. Əminəm ki, Azərbaycan kino sənayesi inkişaf etdikdən sonra tamaşaçılar tənqid etməyə heç nə tapmayacaq.

Filmin montajında iştirak etməmişəm, hamı kimi qala gecəsində izləyəcəm. Lakin sevindim ki, qibtə etdiyim rejissor Elxan Cəfərov filmə baxarkən haqqımda yüksək fikirlər səsləndirib.

- Filmin büdcəsi baha başa gəlib?

- Bu, film istehsalçılarının cavablandıra biləcəyi sualdır. Çəkildiyim filmlərin heç biri mənim deyil, sadəcə aktyor kimi dəvət alıb öz rolumu oynayıram. Yeri gəlmişkən, ssenaridə dialoqlarımın daha gülməli olması üçün ona dəyişiklik edirəm. Özüm də ssenaristəm, stand-uplarımın hamısını özüm yazıram. Çalışıram ki, ekran işi maraqlı və baxımlı olsun.

- Bəs sizi bahalı aktyor adlandırmaq olar?

- Mən, Elməddin Cəfərov, İslam Mehrəliyev, Müşfiq Şahverdiyev və bir neçə aktyor sevilən simalardır. Tamaşaçı onlara güvəndiyi üçün kinoteatrlara üz tutur. İstehsalçı da məcbur olaraq filmə müəyyən auditoriya toplaya bilən aktyoru çəkir. Mənə borcu olan film istehsalçıları çoxdur, lakin adlarını çəkmək istəmirəm. Onlar uğur qazanmayan filmlər siyahısına daxildir. Zəhmətimi haqqqıma girənlərə halal etmirəm. Əvvəlcə bəlli bir məbləğ danışılır, daha sonra oyunlar ortaya çıxır. İstəməzdim ki, belə hallar baş versin. Kim üzərimdən pul qazanmaq istəyirsə, onu 3 gün yeyə bilər, ondan artıq yox.

- Yenidən dram filmində çəkilmək istərdinizmi?

- Bəli, ən böyük arzumdur. “Gecə qonağı” filmi kinoteatrlarda baxılmadı, amma yutubda yayımlandıqdan sonra bomba effekti yaratdı, böyük partlayış etdi. Təəssüf ki, ikinci hissədə çəkilmədim. Dərin mənalı rollar oynamaq üçün ürəyim gedir. “Əfsanə qayıdır” filmi komediya janrında olsa da, aktyor kimi sosial yüklü mesajlar var idi.

- "Gecə qonağı"nın rejissoru olan Kənan Mahmudovla hazırda münasibətləriniz necədir?

- Çox yaxşı, Kənan qardaşımızdır. Bakı bizim üçün doğmadır, lakin kənardan baxanda ölkə olaraq və kino sənayesi baxımından biz kiçik sayılırıq. Kino sektorunda dəyərli, işini sevə-sevə görən insan azdır. Odur ki, bir-birimizə qarşı mehriban davranmalıyıq. Kinomuzun gələcəyi müəyyən mənada bizim münasibətlərimizdən asılıdır. Bir yumruq altında birləşməliyik ki, inkişaf edə bilək.

- Sənət yoldaşı kimi İlkin Həsəni və Kənan Mahmudov arasında baş verənləri necə qiymətləndirirsiniz?

- Hələ ki, heç biri ilə söhbət etmək imkanım olmayıb, hər halda, bu haqq-hesabı nə İlkinə, nə də Kənana yaraşdırmadım. Hesab edirəm ki, belə mövzuları birbaşa özünə yığıb telefonda həll etmək daha məqsədəuyğundur. Çox qəribə vəziyyət yaranıb. “Mən səndən küsmüşəm”, "O məndən küsüb" və s. kimi inciklikləri feysbuk üzərindən paylaşıb müzakirə edirlər. Sosiallaşmaq gözəldir, amma bu dərəcədə də yox da. Dostun haqqında hansısa fikrini, tənqidi, hətta təhqiri sosial şəbəkə səhifələrində bildirməz. Hər ikisinin xətrini çox istəyirəm, inanıram ki, bir daha belə bir hadisə təkrarlanmaz. Çünki bu, heç birinə əlavə xal qazandırmır.

- Fərda bəy, “Taksi Liza” sentyabrdan bəri premyerası keçirilən artıq 3-cü filminizdir. Komediyalarda baş rollarda adətən sizi görürük. Sizə bu qədər tələbatın olmasının səbəbi nədir?

- Mənə dəyər verən və bu zirvəyə gətirib çıxaran tamaşaçılardır. Bu, yəqin ki, işə yanaşmadan asılıdır. Deyirlər ki, nə iş görürsən, gör, sənin əziyyətini görən bir ilahi qüvvə var. Sırf pulu düşünürsən, ya yaradıcılıq üçün çalışırsan, yaxud da həqiqətən də insanları güldürmək üçün bu işi görürsən... Həyatım boyu yazılan dialoqları olduğu kimi oynamamışam. “Xoxan”dan bu günə qədər belə bir hal olmayıb. Bunu məni tanıyan bütün rejissorlardan soruşa bilərsiniz. Ssenaristlərimiz gözəl yazır, lakin özümdən heç nə qatmasam, olmaz. Çalışıram ki, fərqli olsun. O cümlədən Elməddin Cəfərovla Müşfiq Şahverdiyev elədir. Fərda bütün filmlərdə yoxdur, Fərda uğur qazanan filmlərdə çəkilib. Adım baxılan filmlər cərgəsində çəkilirsə, o demək deyil ki, rejissorlar sadəcə məni dəvət edir. Əməkdar və xalq artistlərindən tutmuş, vaynerlərdən gənc aktyorlara qədər hər kəsi çəkirlər. Mən yazıq nə edim? Adım hallanmasın deyə filmlərdə çəkilməyim? Allahım şahiddir ki, bu, çəkdiyim əziyyətin bəhrəsidir.

- Bu, sizin tamaşaçını daha yaxşı güldürə bilmək qabiliyyətiniz və ya məşhurluğunuzla əlaqədar ola bilər?

- Özümə inanaraq etiraf edirəm ki, tamaşaçını güldürə bilirəm. Çünki Azərbaycan tamaşaçısının gülüşünün şah damarını mənim qədər bilən çox az sayda sənət dostlarımız var. Bunu stand-uplarım, rollarım və şoularımla dəfələrlə sübut etmişəm. Şükür Allaha ki, bu vaxta qədər yanılmamışam.

- Qeyd etdiniz ki, həm də ssenariyə düzəlişlər edirsiniz. Ssenari yazmaq, yoxsa aktyor olmaq çətindir?

- Əlbəttə ki, ssenari yazmaq daha böyük qüvvə, vaxt, enerji və ağıl tələb edir. Hekayədəki dialoqlara düzəliş etmək mənim üçün asandır. Amma oturub ssenari yazmaq, səhnələri bölüşdürmək və bağlılığı qurmaq gözəl, eyni zamanda çətin və yorucu işdir.

- İkinci dəfə ailə qurduğunuz və növbəti dəfə ata olduğunuz doğrudur?

- Mətbuata şəxsi həyatım haqqında danışmağı və yazmağı qadağan edə bilmərəm, belə bir səlahiyyətim və gücüm yoxdur. Hər halda, mənim də bu suallara cavab verməmək haqqım var. Bu vaxta qədər şəxsi həyatımla gündəmə gəlməmişəm, bundan sonra da bu məsələ haqqında danışmaq fikrim yoxdur. Bekar insan deyiləm, həmişə işlərimlə gündəmə gəlmişəm. Şəxsi həyat şəxsidir. 50 min işim-gücüm tökülüb qalıb, niyə şəxsi həyatım müzakirəyə çıxarılır?

Aytən

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm