Yüzlərlə insanın öldüyü vəhşəti öncəgörən türk astroloq: Bunu etsək, bütün bəlalar... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Yüzlərlə insanın öldüyü vəhşəti öncəgörən türk astroloq: Bunu etsək, bütün bəlalar... - MÜSAHİBƏ

Hələ də gündəlik astroloji proqnozunu oxumadan evdən çıxmayan insanlarla bir planetdə yaşayırıq. Əslində astrologiya elmini kifayət qədər ciddi qəbul edirəm, xüsusən də səma cisimlərinin yüksələn xətt üzrə irəliləyən həyat yolumuza təsirindən xəbərdaram. Amma astrologiyanın üzərimizdəki möcüzəvi təsirinin dərinliyinin fərqində deyildim. Bu günlərdə Türkiyənin məşhur televiziya proqramlarının birində çıxış edən astroloq çox iddialı fikirlər irəli sürdü. Hətta sahib olduğu digər özəlliklərini də diqqət önünə çəkdi.

Sevgi Şükran Karaoğlan adlı astroloqla əlaqə saxlayıb həyatımızın sirli möcüzələri barədə qaranlıq məqamlara aydınlıq gətirməyə çalışdıq.

Publika.az-ın müsahibi Sevgi Şükran Karaoğlandır.

- Sevgi xanım, gələcəyi görmə bacarığınızı nə vaxt kəşf etdiniz?

- 5 yaşım vardı. Valideynlərim məndə bir sıra psixi və paranormal hal sezməyə başladılar. Gördüyüm yuxular, hisslərimin dəqiqliyi onları çox qorxudurdu. İllər keçdikcə bu özəlliyim də inkişaf edirdi. 2008-ci ildən etibarən Van zəlzələsi, Ankaradakı qəza, Taksimdə baş verən terror hadisəsini öncədən görüb insanları xəbərdar etmişdim. Bu hadisədən sonra məni televiziya proqramlarına qonaq çağırmağa başladılar. Amma tam başqa sahə üzrə çalışırdım. Sonra aparıcı kimi özümü sınamaq qərarına gəldim. Hazırda astroloq, ad analitiki, həyat bələdçisi kimi mənə müraciət edənlərin mənəvi çətinliklərini aradan qaldırmağa yardımçı oluram.

- Çoxu buna 7-ci hiss deyir. Və siz bu bacarığınızı peşəyə çevirmək qərarına gəldiniz…

- Bunun da maraqlı, bir az da qəribə tarixçəsi var. Biznes sahəsində çalışırdım. Hansı işə qəbul olunurdumsa, ya şirkət iflasa uğrayırdı, ya da şirkətin rəhbəri həbs olunurdu. Nəticədə ziyançəkən tərəf yenə mən olurdum. İşsiz gecələrimin birində qəribə bir yuxu gördüm. İbrahim Tatlıses məni çağırıb, qızım, gəl mənimlə işlə deyirdi. Yuxularım həmişə çin çıxır. Oyanan kimi Tatlıset TV-nin telefonunu tapıb zəng etdim. Aparıcı axtarıb-axtarmadıqlarını soruşdum. Dəstəyin o başındakı səs: ”Nə bildiniz? Elə bu günlərdə elan verməyi düşünürdük” dedi. İş görüşməsinə getdim və bir müddət orada çalışdım. Sonra daha maraqlı layihələrə dəvətlər almağa başladım.

- Ad analitiki kimi fəaliyyət göstərdiyinizi də dediniz…

- Hər birimizin özünəxas aurası olduğu kimi, adların və bədənin də öz enerjisi var. Məsələn, cütlüklər evlənəndən sonra bəzən yola getmirlər. Böyüklərimiz buna deyir ki, bir-birinə xeyirli gəlmədilər. Sadəcə, bədən enerjiləri zidd olduğu üçün bir-birinə zərər verirlər. Yeni doğulan körpələrdə də vəziyyət eynidir. Valideynlər övladlarına ad düşünürərkən öz enerjilərini tam üzə çıxarmağı bacarmalıdırlar. Hər şeydən əvvəl adın mənasına önəm vermək lazımdır. Savaş, Ateş, Rüzgar, İntiqam, Qaya kimi adlara sahib olan uşaqlar dalaşqan və aqressiv olurlar. Çünki adın enerjisi bu duyğuları ötürür. Maraqlısı odur ki, bu problemlə yanıma böyüklər də gəlir. "Adımı heç sevmirəm, bilirəm mənə mənfi enerji verir" deyirlər. Adlarını doğum tarixləri ilə uzlaşdırıb həyat yolunda ehtiyat etmək lazım olan məqamları açıqlayıram. Hətta ananızın adı sizin adınızla düz mütənasib deyilsə, yaxud bədəninizin aurası ilə ananızın adı bir-birinə ziddirsə, həyatımız boyu bir çox problemlər yaşaya bilərik. Adınızla bədən enerjinizin, ananızın adının enerjisini tutuşduranda pozitiv enerji yaranırsa, həyatınız da bir o qədər xoş keçir. Əks təqdirdə tale yolumuzda düyünlər yaranır. Mənə müraciət edənlərin bu aura uyumunu nəzərə alıb, mövcud adlarının mənfi enerjisini yox etmək üçün yeni, daha pozitiv ad düşünürük. Lakin bir şərtlə ki, həmin şəxs bu adı qəlbində şüurunda qəbul etsin. Madam ki, qismətdən danışdıq, onu da nəzərinizə çatdırmaq istəyirəm ki, mütləq və mütləq qismət var.

- Yəni dəyişdirilə bilən və dəyişdirilə bilməyən qismət...

- Eynən. Məsələn, Qurani Kərimdə də deyildiyi kimi bir sədəqə min bəlanı dəf edər. Bu, həqiqətən, belədir. Yəni bir müsbət enerji onlarla dərdin önünü kəsə bilər. Adlar da bu qanuna tabedir, yəni mənfi yaxud müsbət enerji yaya bilər. Elə götürək məşhurların adlarını. Böyük əksəriyyəti özünə sənət adları götürüblər. Cüneyt Arkının əsl adı Fəxrəddindir. Doğrudur burada adın daha qulağa yatımlı olması faktı da var, amma bununla yanaşı Cüneyt adı daha geniş enerjiyə sahibdir. Hətta uşaqlara verilən müasir adlar daha yumşaq, daha rahat enerjiyə sahibdir. Məsələn, Barış çox sakit auraya sahib addır. Onu daşıyanların simasından sülh yağır. Yaxud uşaqlara ağac adları veriləndə, ad sanki kök salır, qol-budaq atır. Amma unutmayaq ki, adla bədənin enerjisinin vəhdəti də hər kəsdə individual enerji yaradır.

- Siz də adınızın əvvəlinə Sevgi əlavə etmisiniz.

- Əsl adım Şükrandır. Şükran adının enerjisi müsbətdir. Getdiyin yerdə xoş aura yaradır. Amma bir müddət sonra enerjisi insanları yormağa başlayır. Bilirsiniz, minnət hissi hər kəsə ağırlıq gətirir. Odur ki, adımın əvvəlinə Sevgi adını əlavə etdim. Bu ad insanlara o qədər isti aura ötürür ki, artıq heç kim məni Şükran deyə çağırmır.

- Bəs, pasportumuzda yeni adımızı qeyd etməyimiz lazımdırmı?

- Heç də. Əsas odur ki, adımızı şüurumuz qəbul edib, ona alışsın. Rəsmi sənədlərin heç bir önəmi yoxdur.

- Məsələn, mənim adım haqda ümumi fikir bildirə bilərsinizmi?

- Leyla çox böyük məsuliyyətlərin altına girə bilən, qarşısındakının rahatlığı, məmnuniyyəti üçün əlindən gələni etməyə hazır olan xarakterə malik addır. Əks tərəfdən eyni həssaslığı görməyəndə isə qəlbi küsür. Lakin yenə də deyirəm, doğum tarixinizi, ananızın adını bilmədən sizin haqda tam məlumat verə bilmərəm.

- Sizi tanıyadadək astrologiya mənim üçün səmavi cisimlərin insan xarakterinə təsir edən nəzəriyyələri haqda elm idi. Astroloji xəritənin varlığını və onun vasitəsilə taleyimizi dəyişdirə biləcəyimizi ilk dəfə sizdən öyrəndim.

- Bəli. Astrologiya xəritəsi 12 planetdən ibarətdir. Bu xəritə həyatdakı seçimlərimizi hansı məcrada edəcəyimiz, necə bir insanla ailə quracağımızı, ən özəl cəhətlərimizdən tutmuş, seçəcəyimiz peşəyədək bütün həyatımıza təsir edir. Bəzən insanlar elə bilir ki, astroloji xəritəyə yalnız öz bürcümüz daxildir. Lakin bu, belə deyil. Venera, Ay, Mars, yüksələn xətt və digər planetlər bu xəritənin sistemini yaradır. Məsələn, Ay bürcü duyğularımızı, ətrafa yaydığımız xarakterimizi idarə edir, Mars fizioloji quruluşumuza cavabdehdir, Karma astrologiyasındakı şimal və cənub Ay düyünü dünyaya gəliş məqsədimizi və nələri öyrənməli olduğumuzu, Venera seçəcəyimiz həyat yoldaşının özəlliklərini açıqlayır. Yəni həyatımızı asanlaşdırmağımız üçün astroloji xəritə ən gözəl bələdçidir.

- Numerologiya deyilən əsrarəngiz elmlə də yaxından maraqlanıb insanların taleyinə təsir göstərirsiniz. Ümumiyyətlə, gəlin, rəqəmlərin taleyimizə təsirindən danışaq. Məsələn, yaşadığımız evin nömrəsi qismətimizə təsir edə bilərmi?

- Xeyr, əsla. Numerologiyanın təsirindən danışırıqsa, ömür boyu təsadüfən qarşımıza çıxan rəqəmlərdən söhbət gedə bilməz. Yəni məntiqlə düşünsək, evimizi satıb başqa mənzilə köçə, yaxud hər gün mindiyimiz avtobusu digər minik vasitəsinə dəyişə bilərik. Amma həyat yolumuzu müəyyən edən rəqəmlər dəyişməzdir. Doğum tariximizdə həyat yolumuz gizlənir. Evlənəcəyimiz insan, neçə övladımızın olmağının ehtimalı, keçirəcəyimiz əməliyyatların sayı, uğursuzluqlarımız, nailiyyətlərimiz bilavasitə doğum tariximizlə bağlıdır. Dünyaya gəldiyimiz gün xarakteristik özəlliklərimizə, doğulduğumuz ay enerji selimizə təsir edir. Hətta hansı saatda dünyaya gəlməyiniz də ömür yolunuzda öz sözünü deyir. Amma xatırlatmaq istəyirəm ki, bu hesablamaları apararkən fərdiliyə önəm veririk. Çünki eyni adla, eyni tarixdə doğulan insanlar çox ola bilər. Lakin hər kəsin aurası fərqli və individualdır. Həyat yolumuzun rəqəmlərini hesablayıb doğru yönləndirsək, bir çox bəladan yaxa qurtara, istedadımızı üzə çıxardıb karyeramızda irəliləyə bilərik.

- Sevgi xanım, maraqlı eyni zamanda ezoterik izahınız üçün minnətdaram. Sadaladıqlarımıza inanıb-inanmamaqsa oxucularımızın şəxsi seçimidir.

- Təbii ki. Təşəkkür edirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm