Xüsusi
"Bu islahatlar Azərbaycanı bizim üçün cəlbedici ölkəyə çevirir" - Koreya səfiri ilə MÜSAHİBƏ
Publika.az-ın xüsusi qonağı Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opdur.
- Cənab Səfir, rica edirəm, rəngarəng ölkəniz haqda bizə məlumat verin. Cənubi Koreyaya heç vaxt səfər etməyənə ölkənizi necə tanıdardınız?
- Koreya Uzaq Şərqi Asiyanın Koreya yarımadasında yerləşir. 5000 ildən çox tarixi keçmişi var. Koreya mədəniyyəti və ənənələri Konfutsi prinsipləri əsasında formalaşıb. Bura harmoniya, böyüklərə bəslənilən dərin hörmət, ailə və dostluq dəyərləri daxildir. Həmçinin incəsənətə olan sonsuz sevgimiz və aldığımız zövqdən də bəhs edə bilərəm. “Cikci” adlanan budda əlyazması dünyanın ən qədim metal üzərinə həkk olunmuş kitabı sayılır. Mədəni irsimiz olduqca zəngindir. Bu irsi dünyaya tanıtmaqda film istehsalçılarımızın, pop ulduzlarımızın, fantastik dərəcədə ləziz mətbəximizin, milli geyimlərimizin rolu çox böyükdür. Koreyaya səyahət etsəniz, dünya irsinin 13 obyektinin, dünya mirasının 19 qeyri-maddi mədəni irsinin, YUNESKO-nun Yaddaş İrsinə daxil olan 16 sənədli irsin şahidi ola bilərsiniz. Seul və Pusan kimi böyük şəhərlərdə ənənəvi mədəniyyətlə müasir şəhər həyatının vəhdətindən zövq ala bilərsiniz. Zəngin təbiətin gözəlliyindən həzz alaraq, alış-veriş edə bilərsiniz.
- Koreyanı texnologiya sevənlərin cənnəti adlandırırlar…
- Bu gün Cənubi Koreya dünyanın ən qabaqcıl ölkələrindən sayılır. “Samsung Electronics” və dövlətin dəstəyi ilə fəaliyyət göstərən digər nəhəng şirkətlər texnologiya sahəsində bir çox ilkə imza atırlar. 2018-ci ildə Pxençxanda təkil olunan Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində təqdimatı keçirilən onlarla futuristik texnologiya nümunəsi, 5G şəbəkə texnologiyasının bələdçi robotları, dronlar və özü idarə olunan avtobuslar dünyanı heyrətə gətirdi.
- Bu il 27 yaşını qeyd edən Koreya-Azərbaycan münasibətləri barədə fikirlərinizi bölüşə bilərsinizmi?
- 1992-ildə dövlətlərimiz arasında diplomatik əlaqələr qurulandan bu günədək Azərbaycan-Koreya münasibətləri dostluq və əməkdaşlıq müstəvisində durmadan inkişaf edir. 2006-cı ildə Koreya Respublikasının prezidenti No Mu Hyunun Azərbaycana, 2007-ci ildə Azərbaycanın dövlət başçısı İlham Əliyevin Koreyaya rəsmi səfərləri qarşılıqlı məhsuldar münasibətləri sürətləndirdi. Həqiqətən Koreya və Azərbaycan iqtisadi sahədə böyük uğur əldə edib. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 85,5 milyon ABŞ dollar təşkil edib. 2018-ci ildə isə bu göstərici 11 ay ərzində iki dəfə artaraq 150 milyon dollara çatıb. Bu günədək Koreya Azərbaycan iqtisadiyyatına 180 milyon dollar sərmayə yatırıb. Kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində inkişafı üçün kifayət qədər münbit şərait və potensial var. Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin sənaye, nəqliyyat, şəhərsalma, memarlıq və digər sahələrdə uğurlu fəaliyyətini vurğulamaq istərdim. Bu şirkətlər həmçinin İntellektual Nəqliyyat İdarəetmə Sisteminin yaradılması, Olimpiya stadionunun, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin, həmçinin Sumqayıt Karbamid Zavodunun binalarının inşasını da uğurla həyata keçirdiblər. Xüsusən də qeyri-neft sektorunda, kənd təsərrüfatının gömrük və vergi sahəsində aparılan iqtisadi islahatların şahidi oluruq. Məhz bu islahatlar Azərbaycanı Koreya şirkətləri üçün daha da cəlbedici dövlətə çevirir. Təhsil sahəsinə diqqətimizi cəmləsək, görərik ki, 1994-cü ildən Azərbaycan Dillər Universitetində Koreya dili, 2007-ci ildən isə Bakı Dövlət Universitetində Koreyaşünaslıq fakültəsi fəaliyyət göstərir. Həmçinin 2011-ci ildən Naxçıvan Dövlət Universitetində Koreya Mərkəzinin açılışı baş tutub. 2018-ci ildə isə Koreya Fondu Bakı Dövlət Universitetində Sejong Hagdang məktəbinin əsasını qoyub. İkitərəfli əlaqələrin uzunmüddətli inkişafı qarşılıqlı anlayışın dərinləşməsinə və mədəni əlaqələrin genişləndirilməsinə zəmin yaradır. Xüsusən də 2017-ci ildə Azərbaycan-Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi, 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının 100 yaşı münasibətilə Koreya hökumətinin dəstəyi ilə keçirilən Koreya-Azərbaycan mədəni münasibətlərinə həsr olunmuş müxtəlif layihələr, K-POP musiqi festivalları və Koreya milli mətbəxinə aid tədbirləri qeyd etmək yerinə düşər.
- İki ölkənin gələcək iqtisadi əməkdaşlığını necə dəyərləndirirsiniz?
- Azərbaycan tarixən Böyük İpək Yolunun vacib tərkib hissəsi olub. Əlverişli coğrafi mövqeyi sayəsində öz qüdrətini yenidən bərpa edib. Hazırda Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişaf siyasəti ilə yanaşı nəqliyyat dəhlizlərinin inkişaf strategiyasını da uğurla həyata keçirdir. Koreya hökuməti Avrasiya da daxil olmaqla, Şimali bölgə ilə əməkdaşlığı möhkəmləndirməyi hədəfə alıb. Bu məqsədlə 2017-ci ilin iyun ayında Şimali İqtisadi Əməkdaşlıq üzrə Prezident Komitəsi yaradılıb. Xatırladım ki, Komitə öz layihələrini fəal şəkildə həyata keçirir. Koreya ilə Azərbaycanın iqtisadi əlaqələrinin inkişafını nəzərə alaraq, hesab edirəm ki, gələcəkdə hər iki ölkə bu imkanlardan yararlanacaq. Bu müstəvidə Prezident İlham Əliyevin güclü rəhbərliyi altında həyata keçirilən davamlı islahatlar və strateji inkişaf planı koreyalı iş adamlarının Azərbaycana marağını daha da artıracaq.
- Səfir olmasayadınız, turist qismində Azərbaycan marağınızı çəkərdimi?
- Azərbaycan dadlı mətbəxi, gözəl mənzərələri, yüksək səviyyəli qonaqpərvərliyi ilə seçilən maraqlı ölkədir. Tarixi məkanları, mədəniyyət və incəsənəti, onu daha da zənginləşdirir. Bu məqamda Şirvanşahlar Sarayı, Qobustan qaya daşlarını xatırlamaq xüsusilə yerinə düşər. Məhz bu baxımdan ölkənizə gələn turistlərin sayı günbəgün artır. Koreyalılar da istisna deyil. Statistikaya görə, 2018-ci ildə Azərbaycana 7854 Koreya vətəndaşı səfər edib. Bu göstərici 2017-ci illə nisbətdə 69% çoxdur. Əminəm ki, ölkəmizdən gələn turistlərin sayı daha da artacaq.
- Cənubi və Şimali Koreya arasındakı münasibətlər barədə bizə məlumat verə bilərsiniz?
- 1953-cü il Şimali və Cənubi Koreya ölkələri arasındakı müharibənin ardından münasibətlər alov sonrası şəraitindədir. Bu münasibət sabit deyil, fırtınalı dəyərləndirilə bilər. Koreya hökuməti Şimali Koreya ilə sülh və sabitliyə və davamlı əməkdaşlığa çalışır. Hökumətimiz Koreya yarımadasının çiçəklənməsi üçün, həmçinin qarşılıqlı sülh və rifaha nail olmaq uğrunda əlindən gələni edir. Hələ 2017-ci ildə Şimali Koreya Koreya yarımadasında təhlükəli vəziyyət yaradıb 6 nüvə sınağı həyata keçirəcəyini bildirdi və bir çox raket təxribatları ilə dünyanı lərzəyə gətirdi. Lakin Koreya hökuməti və beynəlxalq ictimaiyyətin səyləri nəticəsində Şimali Koreya sülhə doğru addımlamağa başladı. 2018-ci ilin fevral ayında Şimali Koreya idmançıları Pxençxan Qış Olimpiya Oyunlarında iştirak etdilər. Bundan sonra aprel, may və sentyabr aylarında 3 Koreya sammiti keçirildi. Həmçinin 2018-ci ilin iyun ayında tarixdə ilk ABŞ-Şimali Koreya sammiti baş tutdu. Beləliklə, Koreya yarımadası hərbi münaqişə təhlükəsindən dialoq və sülh mərhələsinə keçid etdi. Bu gün Cənubi və Şimali Koreya arasında idman, incəsənət, mədəniyyət, tibb, dəmiryol, meşələrin mühafizəsi və s. sahələrdə əməkdaşlıq layihələri müzakirə olunur. İki ölkə arasında fundamental əməkdaşlıq o halda mümkündür ki, Şimal ərazinin zərərsizləşdirilməsi ilə bağlı verdiyi vədlərə əməl etsin, həmçinin dünya ictimaiyyəti Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları yüngülləşdirsin, yaxud ümumiyyətlə, ləğv etsin.
- Cənab Səfir, sonda oxucularımıza nə demək istəyirsiniz?
- Koreya və Azərbaycanın bir sıra bənzər xüsusiyyətləri var. Hər iki xalq Altay qrupuna aid olan dillərdə danışır. Qonaqpərvərliyimiz, böyüklərə sayğımız, ailə dəyərlərimiz də bir-birinə çox doğmadır. Bənzər qədim tariximiz və özünə xas mədəniyyətlərimiz var. Düşünürəm ki, bu xüsusiyyətlərimiz coğrafi məsafələri aşmağımıza yardım etdi. Koreya dalğasına bəslədiyi məhəbbətə görə Azərbaycan xalqına minnətdarıq. Ümid edirəm ki, ölkələrimiz arasındakı dostluq münasibəti daha da dərinləşəcək.
- Suallarımızı cavabladığınız üçün minnətdaram.
- Buyurun!
Leyla Sarabi,
Foto: Elnur Muxtar
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər