Xüsusi
Zamiqin gözlədiyi an: Etiraflarla dolu konsert baş tutdu - REPORTAJ - - FOTO/VİDEO
Dünən Heydər Əliyev Sarayında müğənni Zamiq Hüseynovun çoxdan gözlənilən "Bu gün bizim günümüz" adlı solo konsert proqramı baş tutdu.
Publika.az xəbər verir ki, konsert saat 19:00-da başlamalı olsa da, 18:00-dan artıq sarayın qarşısında böyük izdiham toplanmışdı. Möhtəşəm gecənin həyəcanlı dəqiqələri yaxınlaşdıqca hər kəs zalda yerini alaraq öz ulduzunu alqışlamağa tələsirdi. Anşlaqla keçən musiqi gecəsində bir yer belə boş qalmamışdı. Heydər Əliyev Sarayında ilk dəfə konsert verən müğənnini həmin gecə sənət dostları da tək qoymamışdı. Müğənnini dinləməyə gələnlər arasında Xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist İlqar Muradov, əməkdar artist Röya Ayxan, Xalq artisti Fidan Hacıyeva, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, aparıcılardan Nərgiz Cəlilova, Nurlana Cəfərova, reper Elşad Xose, Nəğd Pul və başqaları var idi.
Səbirsizliklə səbəbkarın səhnədə görünməsini gözləyən tamaşaçıların həyəcan və sevgi seli hər dəqiqə daha da yüksəlir və pərdə arxasında dayanıb səsi ilə bütün zalı musiqi gecəsinə qonaq etməyə hazırlaşan ifaçıya ötürülürdü. Yəqin ki, hər bir sənətçi üçün bütün konsert ərzində cərəyan edən hadisələrdən ən məsuliyyətlisi səhnəyə çıxıb ilk ifasını təqdim etməkdir. Çünki onu qarşıda nələr gözlədiyindən xəbərsizdir. Amma tamaşaçı baxışlarından açıq-aşkar görünürdü ki, müğənni bu gecə nirvanaya yüksələcək...
Beləliklə, sevənlərini intizarda çox saxlamayan Zamiq pərdə arxasında dostların xeyir-duası ilə səhnəyə qədəm qoydu. Tamaşaçıları "Var elə insan" adlı kompozisiya ilə salamlayan sənətçi bir neçə dəqiqə əvvəl zalı əhatə edən bütün həyəcanı bir anda qovaraq hər kəsi pozitiv emosiyalara köklədi. İlk çıxışından sonra təəssüratlarını qonaqları ilə paylaşan ulduz bildirdi ki, Heydər Əliyev Sarayında konsert vermək onun çoxdankı arzusudur. Müğənni onu da əlavə etdi ki, bu layihəyə çox ciddi hazırlaşıb.
“Çox sevinirəm, sizi burda görməyə çox şadam. İllərdir ki, məhz bu anın həsrətini çəkirdim. Əziz dostlar, mənə doğru axan sevgi selinin qarşılığını vermək mümkün deyil. Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası bura çox yaxındır. Orda təhsil aldığım illərdə afişalara baxıb fikirləşirdim ki, “Tanrım, görəsən, burda bir-iki mahnı oxumaq nə vaxtsa mənə qismət olacaq?”. Nəhayət ki, sevginiz nəticəsində yaranan axşamda bir-birindən gözəl mahnılar ifa edəcəyəm. Əslində demək istədiyim sözlər çoxdur, növbəti dəqiqələrdə gözəl əhvalatlar danışacam ”, - deyərək Zamiq Hüseynov qonaqlara müraciət etdi.
Konserti dinamik mahnı ilə açan müğənni daha sonra Seymur Talıbovun "Bu gün bizim günümüz", habelə “Bu şəhəri çox sevirəm”, “Sən olmasan”, “Bəyaz mələyim”, “Həyat çətindir”, “Sən necə də gözəlsən”, “O mənə inanır”, “Yeganə” və s. bu kimi hit mahnıları ifa etdi. Sözsüz ki, gecənin qonaqları da sakit dayanmır, müğənninin su kimi aydın səsindən axan nəğmələrə gurultulu alqışlarla cavab verirdi. Konsertin möhtəşəm olacağına dair verilən tamaşaçı proqnozu da özünü doğruldur və gecə getdikcə qızışmağa doğru gedirdi.
Qonaqların sevgi və səmimiyyətindən qidalanan müğənni gecə boyu maraqlı xatirələrini yada salır və heç kəsi darıxmağa qoymurdu. Məsələn, müğənninin cəsarətli və bir o qədər də müəmmalı etiraflarından biri "Bəyaz mələyim" mahnısı ilə bağlı oldu. Məlum oldu ki, bəstəsi özünə aid olan kompozisiya onu dünyalar qədər sevən bir insana həsr olunub. Bu, bəlkə də gizli qalmış sevgi etirafı idi, kim bilir?..
“Bir dəfə bir insan mənə olan saf və təmiz məhəbbətini o qədər gözəl təsvir etdi ki, bir neçə gün təsirindən çıxa bilmədim. Düşündüm ki, İlahi, görən bu qədər sevmək olarmı? Piano qarşısında oturdum və qərar verdim ki, bu hisslərə minnətdarlıq əlaməti olaraq mahnı bəstələyim. Beləliklə, “Bəyaz mələyim” yarandı” , - deyə sənətçi vurğuladı.
Zamiqin növbəti çıxışı da müqəddəs hisslərəndən bəhs edirdi. "Sevdim" ilə çoxlarına nakam qalmış məhəbbəti xatırladan ulduz sarı simlərə toxunurdu... Əlbəttə ki, bu musiqinin təsirindən dinamik notların köməyi ilə çıxmaq olardı. Odur ki, sənətçi “Orda biri var” adlı nikbin ifası ilə qonaqların həm fiziki yorğunluğu, həm də mənəvi gərginliyi yuyub aparmağa müvəffəq oldu. Bununla da müğənninin duyğulu avaz və boğazları imkan vermirdi ki, tamaşaçılar eyni dalğada köklənib qalsın.
Zamiq Hüseynov nəğmə payı ilə bütün zalın ruhunu oxşayıb zövqlü musiqilər oxumağa davam edir, tamaşaçılar isə hər mahnıdan sonra səslənən möhkəm alqışları ilə göstərməyə çalışırdı ki, bu ifalardan doymaq niyyətində deyillər... Repertuar seçimindən də görünürdü ki, müğənni tədbirə çox ciddi və var-gücü ilə hazırlaşıb. Həzin musiqilərin ardınca səslənən şux kompozisiyalar qonaqlara bütün problemləri unutdurur və onları uzun müddətli müsbət enerji ehtiyatı ilə təmin edirdi.
Növbəti saatda konsert getdikcə qızışır, həm tamaşaçıların, həm Zamiqin musiqili gecədən aldığı həzzin miqyası yavaş-yavaş genişlənirdi. Kimisi telefona ulduzun ifalarını lentə alaraq özünə bu gecədən bir xatirə pay aparır, kimisi də gül dəstələri ilə səhnəyə doğru yaxınlaşaraq səbəbkara olan hörmət, rəğbət və məhəbbətini ifadə edirdi.
70-ə yaxın işçi heyətinin ərsəyə gətirdiyi konsertdə ən yaddaqalan təsirli çıxışlardan biri də unudulmaz sənətkar İlhamə Quliyevanın Zamiq Hüseynovun ifasında səslənən “Kaman” mahnısı oldu. Xalq artistinin möhürünü qoyduğu bəstəni tamaşaçılar Zamiqlə birağızdan əzbər oxuyur, həm də yorulmaq bilmədən ulduzu alqış atəşinə tuturdu. Yeri gəlmişkən, müğənninin dəvəti ilə gecədə qonaq olan tanınmış bəstəkar Faiq Sücəddinov bu ifadan çox təsirləndiyi bildirdi. Bəstənin müəllifi mahnıya ikinci nəfəs verən müğənniyə böyük minnətdarlığını bildirdi. Daha sonra Zamiq Hüseynov Xalq artistinin müşayiəti altında “Qara göz” mahnısını ifa etdi.
“Cənnətimsən”, “Uçduq”, “Özü bilər”, “Qoy ağlasın”, “Vaxtım bol” kimi kompozisiyalarla davam edən gecənin ikinci hissəsində müğənni xeyli zarafatlar edir, xatirələrini bölüşür, ən əsası izləyicilərə olan sevgi və ehtiramını etiraf etməyi unutmurdu. Zamiq şirin söhbətləri ilə musiqini dərindən duyan tamaşaçıların darıxmasına imkan vermirdi. O, əsl şoumen kimi tamaşaçıları həm əyləndirir, həm də bənzərsiz musiqi zövqü yaşadırdı. Xüsusilə müğənninin tamaşaçıyla ünsiyyət qurmaq və bu tempi saxlamaq bacarığına təəccüblənməmək mümkün deyildi. O, sadəcə müğənnilik etmir, eyni zamanda konsertin aparıcılığı kimi çətin vəzifənin öhdəsindən məharətlə gəlirdi.
Zamiqin müğənni Elnarə Xəlilova ilə keçmiş xatirələri zalda əyləşənlərin gülüşünə və alqışına səbəb oldu. O, sənətçi ilə aparıcı olduğu dövrdə başına gələn əhvalatdan söz açdı:
“Elnarə ilə veriliş aparırdıq. Yeni bir maşın almışdım. Elnarə isə 2-3 gün əvvəl maşını ilə qəza etmişdi. Bir neçə gün sonra mənə dedi ki, maşını mənə verə bilərsən? Mən də nə deyə bilərəm ki, razı oldum. Amma çölə çıxıb köməkçimə dedim ki, 15 dəqiqə sonra mənə zəng elə, de ki, vacib işim var. Elnarə maşını istəyir, vermək istəmirəm, gözləri də zəifdir. 2-3gün əvvəl qəza törədib, aparıb yenə vuracaq, adamda üz olar e... Sən demə mikrofonum açıq qalıb, danışdıqlarımın hamısını studiyada hər kəs eşidib. Elnarə də... Bir ay utandığımdan onunla aparıcılıq etdiyim verilişə gedə bilmədim”.
Musiqiçiyə layiqli qiymət verən tamaşaçı o gecə həqiqətən də Zamiqin ifasında parlaq bir şou izlədi. Müğənninin özünəməxsus enerjisi, canlı səsi və ən yaxşı musiqiçilərdən ibarət “ZH” musiqi ansamblı...
Bütün heyət hazırlıq prosesində çəkdiyi əziyyətin bəhrəsini artıqlaması ilə ala bildi. Bir sözlə, Zamiqin konsertindən həm təşkilatçılar, həm musiqiçilər, həm müğənni, həm də pərəstişarkar ordusu xeyli razı qalmışdı.
Şübhəsiz ki, konsertin digər ən çətin məqamı son dəqiqələridir. Axı gurultulu alqış sədalarının eyforiyasına qapılan hansı müğənni bu anlardan asanlıqla ayrılmağa razı olar?
Nə qədər çətin olsa da, qonaqlar sonda xoşbəxt müğənni ilə daha böyük səhnələrdə yenidən görüşmək ümidi ilə onu gurultulu alqışlarla yola saldı.
Aytən Məftun
-
Rəsmi xronika18:13
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Qoroskop17:35
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
-
Sosial17:24
Bakıda restoranda saxta araq satırmışlar
-
Qarabağ 16:39
Putin Əliyev və Paşinyanla "Zəngəzur dəhlizi"ni MÜZAKİRƏ EDİB? - Peskov açıqladı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”