Əngəllərə meydan oxuyan azərbaycanlı xanımla fransız oğlanın sevgisi - Xoşbəxtliyin SİRRİ
Bizi izləyin

Xüsusi

Əngəllərə meydan oxuyan azərbaycanlı xanımla fransız oğlanın sevgisi - Xoşbəxtliyin SİRRİ

Sevginin, zərifliyin məskəni Paris. Parisdən də romantik, Eyfelin işıqlarından da rəngbərəng fransız xalqı…

Sizcə, sevgi mental dəyərlərdən, mənsub olduğunuz millətin mədəniyyətindən nə dərəcədə asılıdır? Məncə, ürəyin dini də, dili də, irqi də birdir. Sadaladığım dəyərlər isə şüurun incəlikləridir.

Yeganə gerçək odur ki, hər birimizin köksündə döyünən saatı susmağa qoymayan sevgi qığılcımları susmağa qoymur. Amma məhəbbət nağıllarından oyanıb gerçək həyata dönəndə, bir daha anlayırıq ki, kiminləsə münasibət qurmaq, əlinin hərarətinə isinmək böyük məsuliyyət və səbir istəyir. Xüsusən də o şəxs yad millətdən və mədəniyyətdəndirsə…

Rastıma çıxan ən fərqli sevgi hekayələrindən birinin qəhrəmanları Nigeriyada yaşayan soydaşımız Billurə Bernard və fransız həyat yoldaşıdır.

Hazırda ölkəmizlə bağlı bir sıra layihələr həyata keçirən Billurə Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının sədridir. O, həyat yoldaşı ilə tanışlığının maraqlı tarixini bizimlə bölüşdü.

- Billurə xanım, həyat yoldaşınızla necə tanış olmusunuz?

- 2006-cı il idi , yay aylarının həftə sonlarını doğulub böyüdüyüm Lahıc qəsəbəsində keçirirdim. Adi günlərdən biri idi. Küçədə gəzişirdim. Həmişəki kimi xarici turistlərin əlindən tərpənmək olmurdu. Gözüm gənc bir oğlan və iki qıza sataşdı. Qızların əlində ağır çantalar vardı, oğlan isə əliboş gəzirdi. Bir anlıq xaricilərin qadınlara qarşı hədsiz laqeyd olduqlarını düşündüm. Həftələr keçdi. Bakıda dostlarımın vida yığıncağına toplaşmışdıq. Qapı açıldı və Lahıcda gördüyüm həmin turist oğlan içəri daxil oldu . Tanışlıqdan sonra Lahıcda onu gördüyümü dedim. Önümdə qorxaraq dayandı. Sağollaşıb evə qayıtdım. Bir həftə sonra restoranda yenidən qarşılaşdıq. Bu dəfə tələsik də olsa, nömrəmi istədi, mən də verdim. Tez sağollaşıb çıxdım. Bir müddət sonra Milad günündə mənə təbrik yazdı, mesajını cavabsız qoydum. 1 həftə sonra mən ona Yeni il təbriki yazdım. Bu dəfə o, cavab vermədi. Günlər sonra yazıb xahiş etdi ki, ona İçərişəhəri gəzdirim. Razılaşdım. Beləcə dostlaşdıq. İki ay sonra isə o, Qazaxıstana getdi. Və vida!

- Hər vida yeni vüsalın qapısını açır…

- O, Qazaxıstana köçəndən sonra ancaq özü zəng edirdi mənə. Karyeramı qurmaq, xaricdə ali təhsil almağı düşünürdüm. Ona görə kiminləsə eşq yaşamaq, o məsuliyyəti çiynimə almağı düşünmürdüm. Münasibətimiz uzun müddət davam etdi. Nəhayət, 2009-cu ildə İsveçdəki universitetlərin birinə sənədlərimi yolladım. Müsbət cavab gəldi. İşimdən ayrılıb təhsil almağa getmək istəmirdim. Amma o, məni məcbur etdi. Hətta ilk dəfə özü də mənimlə birgə İsveçə getdi. Məndən gizlin adıma hesab açıb, bütün xərclərimi ödədi. İsveçə köçüb, bir müddət magistr təhsili aldım. Qayıdanda isə nişanlanmaq təklif etdi. Təbii ki, "hə" dedim.

- Qulağa yad səslənir. Çox vaxt bizim kişilərimiz gələcək xanımlarını təhsildən karyeradan uzaqlaşdırır.

- Münasibətləri eqoizm yox, sevgi və hörmət idarə etməlidir. Xoşbəxtliyin əsas meyarı budur. 2011-ci ildə ailə qurduq. Bir il sonra isə Fransaya köçdük.

- Klassik sual…Bəs doğmalarınız seçiminizə necə yanaşdılar?

- Lahıc qəsəbəsində böyümüşəm. Məktəbi orada bitirib, ali məktəbdə oxumaq üçün Bakıya köçmüşəm. Valideynlərim bizə həmişə azad olmağı öyrədiblər. Kişi qadın bərabərliyini aşılayıblar. Mən saxta mental qanunlara qarşı çıxmışam hər zaman. Belə deyək, feministəm. Onu rayonumuza gətirib, valideynlərimlə tanış edəndə hər iki tərəf məmnun qaldı. Doğrudur, ətrafdakıların dedi-qodusunun əsas mövzusuna çevrildik. Bəziləri hətta onu “Müsyö Jordan” adlandırırdılar (gülür). Amma atam mənə belə bir söz dedi: Bu, sənin həyatındır, sənə necə xoş olacaqsa, elə də yaşa. Heç kimin sözünə məhəl qoyma, özün qərar ver.

- Fransızla ailə quran bir tanış xanım bir əhvalat danışmışdı. Bu xanımın övladı dünyaya gələndə anası Azərbaycadan Fransaya qızının yanına gedir. Yeni doğulan körpə yuxuda tez-tez diksindiyi üçün nənə döşəyinin altına inancımıza görə balaca qayçı və bir parça çörək qoyur. Səhər körpənin atası bunu görüb, evdə qalmaqal salır. "Sənin anan mənim övladımı öldürmək istəyir" deyir. Ümumiyyətlə, bu kimi hallar çoxdur. Bəs siz necə uyğunlaşdınız fransızla birgə həyata?

- Səmimi deyim, din, mədəniyyət fərqi problemi yaşamadım. Yeganə çətinliyim dil bilməməyim oldu. İlk aylar yoldaşımın ailəsi və qonşularla ingilis dilində ünsiyyət qururdum. Ancaq bir neçə aydan sonra fransız dilini öyrəndim və onlara yavaş-yavaş öz milli adət-ənənələrimizi aşılamağa başladım. Novruz bayramında şirniyyatlarımızdan bişirib, balaca xonçalar hazırlayırdım. Xoş arzulardan ibarət balaca qeydlərlə birgə qonşuların qapılarının yanına qoyurdum. Bu fransızlarda o qədər xoş təəssürat oyadırdı ki, qısa zamanda bir ailənin üzvləri qədər doğmalaşdıq. Unutmadan deyim ki, ən böyük çətinliyim ailəm, vətənim üçün darıxmağım idi.

- Ardınca isə Nigeriyaya köçdünüz.

- Həyat yoldaşımın çalışdığı şirkət öz mütəxəssislərini davamlı neft ölkələrinə böyük layihələr üzərində çalışmağa göndərir. 1 il Fransada yaşayandan sonra yoldaşıma dedilər ki, şirkətin böyük bir layihəsini gerçəkləşdirmək üçün Nigeriyaya köçməlidir. Biz də köçdük, və çox rahat uyğunlaşdıq.

- Nigeriya televiziya kanallarında sizinlə bağlı maraqlı verilişlər efirə gedib. Milli xörəyimizi hazırlayıb, ölkəmiz haqda məlumat verirsiniz. Yəqin ki, bu işdə də həyat yoldaşınızın dəstəyi olmadan keçinmirsiniz...

- Səmimi deyə bilərəm ki, bir insan mənə bütün hissləri yaşadır. Həyatınızı bir insanla bölüşmək istəyəndə, onun dininə, dərisinin rənginə, milli mənsubiyyətinə baxmayın! Ürəyinin içinə, vicdanına, sevgisinə diqqət yetirin. O, mənə öz sevgisini hər gün bir daha sübut edir. Azərbaycanın tanıdılması üçün öz maliyyəsini xərcləyir, qarşımda heç bir maneə yaratmır, sədd çəkmir. Çünki məni sevir, və xoşbəxt görmək istəyir. Mən də öz növbəmdə onunla birgə dünyanın istənilən nöqtəsinə köç edirəm. Biz hər zaman bir-birimizin yanındayıq. Cütlük olaraq da olduqca sərbəstik. Bütün səddləri sındırıb keçmişik.

- Bəs bu azad sevginin meyvələri var?

- 3 oğlumuz var.

- Fərqli mədəniyyətə mənsub iki valideynlərin ailəsində böyümək, üstəlik digər adət-ənənəyə xas ölkədə yaşamaq onlara necə təsir edir?

- Çox yaxşı. Hər iki valideynin qayğısı, sevgisilə əhatələnmək, üstəlik günəşli ölkədə yaşamağı hansı uşaq istəməz ki?! Onlar burada fransız dilli məktəbə və bağçaya gedirlər. Mənsə daim Azərbaycan dilində danışıram övladlarımla. Doğrudur, mənə bizim dildə cavab vermirlər, ancaq Bakıya gələndə bir həftədən sonra doğmalarımla Azərbaycan dilində danışmağa başlayırlar.

- Dilimizi necə təbliğ edirsiniz övladlarınıza?

- Tez-tez uşaq mahnılarımızı oxuyuram onlar üçün. İnternet vasitəsilə milli filmlərimizə baxırıq. Bu yaxınlarda oğlumun öz otağında sakitcə “Cücələrim” mahnısını ifa etdiyini eşitdim. Çox sevindim. Hətta digər oğlum Azərbaycan, Fransa və Nigeriya bayraqlarının şəklini çəkməyimi xahiş etdi. Onların bu düşüncələri, hərəkətləri məni xoşbəxt edir.

- Billurə xanım, gözəl ailənizə və sizə işlərinizdə uğurlar arzu edirəm! Sevginiz bütün dünyaya yetəcək qədər bol olsun!

- Təşəkkür edirəm, Leyla xanım. Qarşılıqlıdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm