"Tanınmışlar öz dilləri ilə deyir ki..." - Mediamızın iki yaşlı "Mətbuat"ından REPORTAJ/FOTO
Bizi izləyin

Xüsusi

"Tanınmışlar öz dilləri ilə deyir ki..." - Mediamızın iki yaşlı "Mətbuat"ından REPORTAJ/FOTO

Azərbaycan mətbuatının ən cavan və məhsuldar budaqlarından olan “Mətbuat.az” bu gün 2-ci yaşını qeyd edir.

Mətbuat.az gənc olmasına baxmayaraq, ölkə mediasının aparıcı orqanlarından birinə çevrilmək uğrunda apardığı mübarizədə ciddi uğurlar əldə edib.

Publika.az doğum gününü fürsət bilib internet mediasının sözükeçən, sanballı olduğu qədər dürüst və qərəzsiz mövqe sərgiləyən saytın “mətbəx”ində baş verənlərlə oxucularını tanış etmək üçün “Mətbuat.az”ın redaksiyasına yollandı.

Qapıda bizi ofisin baş küncündə oturmasına rəğmən elə baş redaktorun özü – Tural İsmayılov qarşıladı. Səmimiyyəti ilə könlümüzü açan baş redaktorun bu qonaqpərvərliyinin qaynağını da çox axtarmadıq. İsti, rəngli, enerjili kollektiv evinə qonaq qəbul edirmiş kimi bizi içəri dəvət etdi. İlk həmsöhbətimiz bir ildən çoxdur ki, “Mətbuat.az”da çalışan və saytın sütunlarından biri olmağı tez müddətdə bacaran Tural bəy oldu.

- Belə əziz gündə yenə də iş başındasınız. Biz də qərara gəldik ki, doğum gününüzü elə iş başında təbrik edək. Özünüzü necə hiss edirsiniz?

- Hər şey əladır. İşlərimiz qaydasındadır. Bir az yorğunluq var.

- Tural bəy, “Mətbuat.az”ın yaranma tarixi ilə oxucularımızı tanış edin, zəhmət olmasa.

- Əslində, bu sayt yarananda jurnalist kollektivi olmayıb. Domendə xəbərlər qoyulub, amma aktiv olaraq 2016-cı ildən xəbər saytı kimi işləməyə başlayıb. Elə həmin dövrdən də kollektivi formalaşıb. Mən, haradasa, 1 il 2 aydır ki, burada fəaliyyət göstərirəm. Buraya əvvəl məni redaktor kimi dəvət etdilər. Hazırda isə 7 aydır ki, “Mətbuat.az” saytının baş redaktoruyam.

- Hər şey ürəyinizcədirmi?

- Mən gördüyüm işlərdən heç vaxt razı qalmıram. Mükəmməli axtarmıram. Təbii ki, daha yaxşı olmaq idealımızdır. Amma bunu da başa düşürük ki, mükəmməl olmaq qeyri-mümkündür. Bu, təkcə jurnalistikada yox, hər sahədə belədir. Çalışırıq ki, ən yaxşının prinsip və kredolarını qoruyaq. Bu baxımdan işlərimiz yaxşı gedir. Lakin bunun müqabilində ikiqat stress, yorğunluq var. Müxbirlər bu stressi necə başa düşürlərsə, baş redaktor bunun iki qatını hiss edir. Saytda gedən ən xırda xəbərin ən xırda səhvinin məsuliyyətini belə baş redaktor daşıyır. Bizim xüsusi prinsiplərimiz var. Məsələn, mən “Mətbuat.az”ın kimlərinsə şəxsi mübahisə və davalarının platforması olmasını istəmirəm. Müsahibələrimizdə də bir tanınmış digər bir tanınmış haqqında mübahisəli şəkildə danışırsa, biz bunu yayımlamırıq. Qonaqlar özləri belə deyir ki, müsahibənin partladan yeri ora idi də, onu niyə çıxarmısınız? Başqa sayt olsa, həmin məqamı daha da şişirib üzə çıxarardı. Amma “Mətbuat.az”ın işi kiminsə davaları, ucuz xəbərlər və mübahisələr üzərində qurulmayıb. Sayt özü bir şirkətdir və həmin şirkətin vahid mövqeyi, məqsədi var. Şirkətin də bütün işçiləri ona əməl edir. Bu prinsiplərə uyğun olaraq hərəkət edirik. Məsələn, bizdə "oğru dünyası"nda aid xəbərlər dərc edilmir. Mən şəxsən bu tip xəbərlərə çox normal baxıram. Çox maraqlı xəbərlər olur. Mən özüm də oxuyuram. Amma mənim öz prinsiplərimlə saytın prinsipləri ayrı olduğu üçün belə xəbərlər vermirik. Bundan başqa, dünyasının harasında baş verməsindən asılı olmayaraq, uşaq zorakılıqları, cinayətləri, uşaqların intiharı, ölümləri və təcavüzlə bağlı xəbərlər dərc etmirik.

- “Mətbuat.az”ın Azərbaycan mətbuatındakı yerini necə dəyərləndirirsiniz?

- Məncə, bizim fəaliyyətimizə oxucularımız və siz həmkarlarımız qiymətlərini versə, daha obyektiv olar. Bu gün sosial mediaya nəzər yetirəndə görürəm ki, dəfələrlə tənqid etdiyimiz hər hansı bir qurumun mətbuat xidməti bizim ad günümüzü təbrik edir. Çox ciddi mövqeyə sahib jurnalistlər, ziyalılar, dövlət orqanlarının mətbuat işçiləri saytımız haqqında xoş fikirlərini sosial mediada bölüşürlər. Bu, məncə, bizim mövqeyimizdən, az da olsa, xəbər verir...

Baş redaktorla söhbətimizə ara verib keçirik saytın "mətbəx"ində işləyən gənc və bir o qədər də mehriban kollektivin yanına. Həmsöhbətimiz saytın sosial sahəsindən cavabdeh olan Xəyalə Məmmədovadır.

- Necəsiniz, Xəyalə xanım?

- Səhər oyanandan bəri üzərimdə şən əhval-ruhiyyə var. İnşallah, gün boyu belə də davam edər.

- Neçə ildir, “Mətbuat”dasınız?

- 2 ildir ki, “Mətbuat.az”dayam. Amma daha öncə də jurnalistika sahəsində fəaliyyət göstərmişəm. Biz burada bir ailə şəraitində işləyirik. Dostlarımızla birgə bu saytın fəaliyyətinə can qoymuşuq və bundan sonra da can qoymağa davam edəcəyik. Əsas məqsədimiz odur ki, dövlət qurumları ilə sıx əməkdaşlıq içində olaq və insanları dəqiq məlumatlarla təmin edək. Başlıqlara “qaçmayaq”.

- Burada başınıza gələn maraqlı hadisələri xatırlayırsınızmı?

- Sayt yeni yarananda ofisi çox kiçik idi. 6 nəfər bir masanın ətrafında əyləşib iş görürdü. Otağa girib-çıxmaq belə çox çətin idi. Günorta yeməyində təndir çörəyi alırdıq, hamı evindən gətirdiyi yeməkləri düzürdü masaya. Və hamı çörəyini eyni qaba batırıb yemək yeyirdi. Belə maraqlı günlərimiz çox olub.

Kateqoriyasından asılı olmayaraq, heç bir dövlət və xüsusi tədbirləri qaçırmayan sosial müxbir Günay Elşadqızı isə saytın doğum günündə xüsusi işıq saçırdı:

- “Bu gün 2 yaşımız tamam olur. Sayt olaraq yeni fəaliyyətə başlasaq da, düşünürəm ki, bu 2 ildə çox mətbu orqanının görə bilmədiyi işləri görmüşük. Bunun üçün də mənə elə gəlir ki, sadəcə işini sevərək görmək lazımdır. İşinə peşəkar yanaşmaq lazımdır. Bizim uğurlarımızın əsas səbəbi də odur ki, işimizə məsuliyyətlə yanaşırıq”.

- Sizi tədbirlərdə tez-tez görürük. Bu aktivlik sizi yormur ki?

- Mətbuatda çalışan bütün dostlarımız bu sualı mənə veriblər. Hamı deyir ki, hara gedirik, səni görürük. Yorulmursan bu qədər gəzməkdən? Mən, sözün açığı, zövq alıram. İş təkcə tədbirlər deyil, layihələrimiz də var, xəbərlər də var. Dövlət qurumları ilə də sıx işlədiyimiz üçün bütün tədbirlərə dəvət alırıq. Elə vaxt olub ki, bir gün içində üç tədbirdə olmuşam. Fiziki olaraq müəyyən qədər yorğunluq olsa da, işimdən zövq almışam. Bunu bütün dostlarım da deyə bilər ki, hər zaman zövqlə çalışmışam.

Hələ konkret təyinatını almayan, zarafatla desək, saytın “hərşeyşünası” Aysel Yaqubqızı da sevincini və qürur hissini bizdən gizlətmədi:

- Sosial, ailə, qadın, uşaq... Bütün həssas mövzulara mən baxıram (gülür). Kollektivimiz də superdir. Hər bir kəsin saytın uğurlarına çatmasında rolu böyükdür. İşdə kollektiv çox önəmlidir. “Mətbuat.az”ın bu günkü mövqeyi qazanmasında burada çalışan hər bir kəsin böyük zəhməti var. Həmkarlarımı təbrik edirəm. Çünki bu gün hamımızın günüdür. Hamısı da yaxşı uşaqlardır, hamısı ürəkdir (gülür). Bura mənim üçün hər mənada ailəyə çevrilib. Həm universiteti bitirəndən bu yana burada işləyirəm, həm də həyat yoldaşımla burada tanış olmuşam. Ona görə də “Mətbuat.az” mənim üçün unudulmazdır və mənim üçün həmişə doğma olacaq.

“Mətbuat.az”ın sonbeşiyi olan Sevinc Kərimova jurnalistika sahəsində ilk təcrübəsini elə burada qazanmasına baxmayaraq, özünü mətbuatın ən qaynar nöqtəsinə - şou-biznesə atıb:

- 4 ay olar ki, bu saytda fəaliyyətə başlamışam. Gələndə heç bir şey bilmirdim. Baş redaktorumuz Tural bəy, Günay xanım və Xəyalə mənə hər şeyi başa saldı. İndi də öyrənməyə çalışıram. Kollektiv çox yaxşıdır. Mən rahatlığıma düşkün insanam. Burada da bəxtim gətirib ki, çox rahat kollektivimiz var. İstədiyim kimi danışıram, deyib-gülürəm, zarafatlarımı edirəm. Bu da mənim üçün həqiqətən, çox önəmlidir. Bura gəlişim də təsadüfən oldu. Əslində, tam da təsadüf sayılmaz. Bir tanışım sayəsində Tural bəylə tanış oldum.

Sevinc xanım həm də başına gələn ən maraqlı hadisələrdən birini danışmaqda israrlı və həvəsli idi:

- Təzə gəldiyim zamanlar idi. Hələ kollektivə tam adaptasiya olmamışdım. Günorta yeməyində iş yoldaşım Sərdar dedi ki, bizim yanımızda oturma, bizi narahat edirsən. Əslində bunu zarafatla demişdi. Amma mən çox təsirləndim və gözlərim doldu. Sonra izah etdi ki, əslində zarafat edibmiş. Ondan sonra məni elə hey ağlatmağa çalışır. Amma alınmır (gülür).

Bu göz yaşlarının Sevinc xanımın son göz yaşları olmasını ümid edib keçirik onu ağlatmağı qarşısına məqsəd qoyan Sərdar Məmmədovun yanına. Ofisdə gender bərabərliyinin pozulmasının ən böyük qurbanlarından olan Sərdar bəy deyir ki, xanım iş yoldaşlarının çoxluğunu özü üçün avantaja çevirib:

-Onların sayəsində qadınlara aid bir çox şeylər öyrənirəm. Amma bundan narahat deyiləm. Saytın idman xəbərlərinə və admin işlərinə baxıram. Hər şey gözəldir. Tələbə vaxtlarımdan buradayam. İndi də magistraturada təhsil alıram. Eyni zamanda burada çalışıram. Sağ olsunlar, çox dəstək olurlar. “Mətbuat.az” mənim üçün də çox doğmadır.

Bu qədər deyib-gülən bir kollektivin arasında hələ də öz təmkinini qoruyub saxlayan biri də var: Tərcümə müxbiri Günay Sadıxova. Xəyalə xanım deyir ki, biz 2 ildir Günayın səsini eşitmirik. Onu ilk dəfə siz danışdıracaqsınız. Lakin ciddi cəhdlərimizə baxmayaraq, bizdə də Günay xanımla həmsöhbət olmaq alınmadı. Onun yerinə isə baş redaktor bir xeyli tərif yağdırdı:

- Günay xanım da 2 ildir ki, burada işləyir. O, hər zaman bütün situasiyalarda öz sakitliyini və səssizliyini qorumağı bacarıb. Vallah, mən də istəyərdim ki, Günay kimi bir xarakterə sahib olum. Çünki özüm hər şeyə anında reaksiya verən biriyəm. Lakin o, haqlı və haqsız mövqeyindən asılı olmayaraq, bütün məsələlərdə təmkinli davranmağı xoşlayır...

Doğrusu, bu təmkinli, şən, mehriban və çalışqan kollektivin aurasından çıxmaq bizim üçün asan olmadı. Biz də bu gözəl ailə ortamının verdiyi rahatlığın qarşılığında “Mətbuat.az”a uzun ömür, uğurlu illər və gözəl günlər arzulayırıq. Qoy “Mətbuat”ın işığı vətənimizin üzərindən əskik olmasın.

Hazırladı: Zümrüd Kərimova,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm