"Bəxt üzüyü"nün Sarası "üzük və pul oğurladı" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Bəxt üzüyü"nün Sarası "üzük və pul oğurladı" - MÜSAHİBƏ

Tamaşaçıların yaddaşında "Bəxt üzüyü"ndəki Sara obrazı ilə qalan Gülşad Baxşıyeva nəhayət ki, üzüyü tapır, daha doğrusu tapmır, bu dəfə özü üzük oğrusuna çevrilir. Görkəmli yazar Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" adlı qısametrajlı filmi ilə tamaşaçıların görüşə gələn aktrisanın ekran işində obrazı səssiz olsa da, öz sükutu, baxışları, jest və mimikaları ilə daha bir tarix yaza bilib. Təbii ki, aktrisanın böyük səhnə rolları da var. Lakin biz Gülşad Baxşıyeva ilə "İki yad adam"da canlandırdığı səssiz xadimə obrazından danışmışıq.

Publika.az Gülşad Baxşıyeva ilə müsahibəni təqdim edir.

- Gülşad xanım, Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” əsəri əsasında çəkilən “İki yad adam” filmində rol almısınız. Ekran işində necə bir obraz canlandırmısınız?

- Aktrisayam, verilən hər rolu oynamaq məcburiyyətində deyiləm, sadəcə oynamalıyam. Aktrisa üçün amplua sözü yoxdur. Aktrisalar “Mən dramm aktrisasıyam” və ya “Mən faciə aktrisasıyam” deməli deyil.

Bu filmdə mənə epizodik, səssiz bir rol verdilər. Ekran işi Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” əsərinin motivləri əsasında çəkilib. Layihənin rəhbəri Hüseyn Cavadzadədir. Bu əsərlə məktəb illərində tanış olmuşam. Təbii ki, ssenarini yenidən gözdən keçirtdim. Xadimə rolunu ifa etmişəm, çox maraqlıdır ki, bu qadının filmdə sözü yoxdur, sadəcə öz əməl xəttini aparır, xadimə kimi başqalarının evinə girib oğurluq edir. Əgər "Bəxt üzüyü"ndə üzüyü itirmişdimsə, bu ssenaridə özüm üzük oğrusu rolunda çıxış edirəm. Bir sözlə, mənfi roldayam.

- O da həqiqətdir ki, filmdə danışmadan yadda qalmaq və tamaşaçıya təsir etmək hər bir aktyorun bacardığı iş deyil.

- Həyatda yaxşı və pis, ağ və qara insan var. Pislər heç vaxt öz səhvlərini etiraf etmir, onlar öz əməlinə haqq qazandırır. Eynilə filmdə canlandırdığım xadimə obrazı kimi. O, "yeməyənin pulunu yeyərlər" prinsipinə əsaslanaraq özünə bəraət qazandırır. Bu baxımdan yanaşsaq, düşünürəm ki, yadda qaldım.

- Mənfi rolları canlandırmaq psixoloji durumunuza necə təsir edir?

- Xarakter baxımından özümü mənfi insan saymıram. Bu, sənətimdir və mən bu işə böyük şövqlə girişirəm. Başlıca məqsəd və arzum odur ki, oynadığım rol tamaşaçıya təsir etsin. Maraqlı deyil ki, onlar ekranda gördüyü mənfi obraza nifrət edəcək və ya sevəcək. Deyilənlərə görə, yaratdığım obraz gözəl alınıb. Filmin Avstriyada, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təqdim mərasimində özüm şahidi oldum ki, işimin öhdəsindən gələ bilmişəm. Təqdimatda xarici qonaqlar iştirak edirdi. Bildiyimiz kimi, almanlar soyuq xalqdır, amma canlandırdığım obrazı izləyərkən baxışları ilə sanki “Bu nə alçaq qadındır” deyirdilər.

Bir qədər fəlsəfi yanaşsaq, bəlkə də bu qadının təsir qüvvəsi başqalarından daha çoxdur. Nə olsun ki, obrazın sözü yoxdur. Heç bir sözü olmasa da, başqalarının həyata olan münasibətini dəyişir.

- Həyatda da əməl və hərəkət istənilən sözdən daha qüdrətli deyilmi?

- Mütləq. Bir var söz adamı, bir də var əməl adamı.

- Filmin əsər qədər uğurlu alınması hər zaman mümkün olmur. Bu film necə alındı?

- Filmin uğurlu alınması, əlbəttə ki, ilk növbədə ssenaridən asılıdır. Əgər ssenari güclüdürsə, aktyorlar ondan bəhrələnə bilir, əgər ssenaridə heç nə yoxdursa, aktyor heç nədən yapışa bilmir, nə etsə də, o effekt alınmayacaq. Əsərin kökü Mir Cəlal Paşayevin hekayələrinə əsaslanır, ssenaristlər də bir neçə əlavələr edib. Lakin hesab edirəm ki, hərəkətlər bir qədər yarımçıq qalıb, əgər tammetrajlı bədii film olsaydı, daha gözəl olardı.

- Sizcə, tamaşaçı bu əsərə baxıb düzgün nəticə çıxardacaqmı?

- “İki yad adam” indiki gəncliyə mesajdır. Gəncliyin və sevginin öz vaxtı və öz məqamı var. Hisslər öz dövründə və məqamında yaşananda daha gözəl olur. Karyera əlbəttə ki, vacibdir, amma ailəni sənətə qurban vermək, torba-torba pul yığmaqla məşğul olmaq, gözəl anları iş saatlarına dəyişmək olmaz. Bacarırsansa, ikisini də birlikdə et. Əsər ümumilikdə sevgi hisslərini kənara qoyub başı pul yığmağa qarışan cütlüklərə ünvanlanıb. Həyatda hər şey istədiyimiz kimi getməyə bilər, anı yaşamağı bacarmaq lazımdır. Əziyyətlə yığılmış pulları bir başqası heç bir əziyyət çəkmədən alıb apara bilər.

Aktrisa kimi fəlsəfi yanaşıram, həyatın gözlənilmədən elə alt-üst olar ki, bütün sahib olduqların əlindən gedər. Yaxud da sən böyük ümidlər qurarsan, amma hansısa insan həyatını məhv edər...

- Həyatınızda belə anlar çox olubmu?

- Olub... Bu film gözəl bir dərsdir. Yalnız baxmaq xətrinə deyil, düşünərək baxsalar, hər kəsin özü üçün hasil edə biləcəyi nəticə böyükdür. Təəssüf ki, bu gün tamaşaçıda düşünmək qabiliyyəti yoxdur, onlar hər şeyə şou gözü ilə baxır. Tamaşaya və kinoya baxanda rejissorun, ssenaristin nə demək istədiyi, habelə aktyorların oyunu ətrafında düşünmək lazımdır.

- Ssenarini bəyənmədiyiniz üçün rədd cavabı verdiyiniz film təklifləri olub? Belə hallar tez-tez baş verir?

- Bəli, bir dəfə ssenaridə millətimə xələl gətirən mövzu var idi. Ad çəkməyəcəm, çox qəzəbləndim, dedim ki, bunu kim yazıb, heç erməni öz xalqına qarşı belə davranmaz. Razı olmadım, özümü orda görmək istəmədim.

Bəzən də elə hallar olur ki, ssenari normal olsa da, yaradıcı heyət məni qane etmir. Son vaxtlarda oxuduğum ssenarilərin çoxu absurd və yararsız cızma qaralardır, özünə yaraşdırmağım üçün çəkilmirəm.

- Gülşad xanım, “Bəxt üzüyü” filmində hər bir aktyorun oynadığı obraz özü böyük bir dünyadır. O cümlədən də sizin. Keçən il Tahir və Cabir İmanov qardaşlarının prodüserliyi, rejissorluğu və ssenarisi əsasında adıçəkilən bu filmin yeni versiyası çəkildi. Amma yeni versiyada sizi görmədik.

- Bu barədə film çəkilişləri bitəndən sonra xəbər tutdum, mənə təklif gəlməmişdi.

- Məyus oldunuz?

- Məyusluq deyildi, bir anlıq yerimdə donub qaldım. Sonra kimin çəkdiyini soruşdum. Biləndə ki, Tahir və Cabir İmanovların layihəsidir, dedim ki, onda heç, bu, mənə lazım deyil... Çox dərinə getmədim, çünki heç məni həyəcanlandırmadı da. Elə bildim ki, yenə Ramiz Əzizbəyli çəkib və məni çağırmayıb. Əgər o çəksəydi və məni çağırmasa idi, bu, mənimçün şok ola bilərdi.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm