Əməkdar artist: Qadın qəlbinə gedən yol qulaqlardan keçir - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Əməkdar artist: Qadın qəlbinə gedən yol qulaqlardan keçir - MÜSAHİBƏ/FOTO

Əməkdar artist Tünzalə Ağayeva hesab edir ki, qadın qəlbinə gedən yol qulaqlarından keçir. Müğənni deyir ki, ən gözəl zərgərlik nümunəsi qulaqdan asılan sırğa yox, qulağa deyilən qiymətli sözdür.

Özünəməxsus əsl ulduz stili ilə hər zaman seçilən müğənni Publika.az-a verdiyi müsahibədə obrazın tamamlayıcısı rolunda çıxış edən və onu başqalarından fərqlənməsinə imkan verən zinət əşyası və aksessuarlardan danışıb.

- Tünzalə xanım, bəzək əşyası seçərkən nəyə diqqət edirsiniz?

- Təbii ki, kreativliyinə, daha sonra geyimlə uyğun olması və onunla ahəng təşkil etməsi çox vacibdir. Hər bir bəzək əşyası ayrı bir detaldır və kosmetik təsir gücünə malikdir. Onlar hər biri qadını istənilən yaşda təravətləndirir.

Koko Şanel deyirdi ki, ağır brilyant və qızılları hər qadın taxa bilər, amma bijuteriyanı yalnız zövqlü qadınlar istifadə edir. Həqiqətən də bəzək əşyalarından düzgün və yerində istifadə etmək üçün öz geyiminin fərqində olmalısan. Bu, zövq duyumu, özünü tanımaq və intellekt tələb edir. Çətin olsa da, düşünürəm ki, seçimlərim uğurlu alınır.

- Şaneldən söz düşmüşkən, bu yaxınlarda dünyasını dəyişən əfsanəvi dizayner Karl Lagerfeldi yada salmasaq, olmaz. O, bir çoxlarından fərqli olaraq, hesab edirdi ki, gözəllik heç bir qurban deyil, yalnız pul tələb edir. Siz hansı fikirdəsiniz?

- Söhbət yüksək keyfiyyətli məhsullardan və keyfiyyətli baxımdan gedirsə, bunun arxasında təbii ki, maddiyyat dayanır. Şıq görkəmin arxasında onun üzərində çalışan ciddi bir heyət var. Bu mənada Karl Lagerfeld haqlıdır, razıyam. İstər idman, istərsə də dəri qulluğu ilə bağlı olan məsələlər gözəllik uğrunda yatırılan bir sərmayədir. Lakin burada maddiyyatla yanaşı mənəvi sərmayəyə də ehtiyac var. Yəni ruhən sərmayə də lazımdır.

Biz həyatda böyük imkanları olan, amma o lükslərdən düzgün istifadə edə bilməyən qadınlarla tez-tez rastlaşırıq. Çünki o qadın özünə qarşı laqeyd və tənbəldir. Qadın gözəlliyinin təsiri o zaman güclü alınır ki, həm daxili, həm də zahiri görkəm bir-biri ilə tandem təşkil edir. Gözəllik hər mənada bir-birini tamamlamalıdır. Əgər sənin günün sağlam keçmirsə, qidan sağlam deyilsə, yuxu rejimin pozulubsa, daim hərəkətdə deyilsənsə, bədənin və gözlərin ətrafa işıq saça bilməz.

Sözsüz ki, mənəviyyatın rolunu vurğulamasaq, olmaz. Mənəviyyatı korlanmış, daxili kasad və qaranlıq olan hər hansı baxımlı qadını gözəl qəbul edə bilmərəm. Belə insanlar mənim üçün gözəl sayıla bilməz. Sosial imkanların normaldırsa, ən azı insanlıq baxımdan da o imkanlar qədər zəngin olmağı bacarmalısan. Maddi mənada zəngin olmayan elə insanlar da tanıyırıq ki, onları gözümüzdə dəyərli edən mənəviyyatının zənginliyidir. Bunun üstünə digər göstəricilər gələndə gözəllik öz effektini iki dəfə gücləndirir.

- Sizin üçün özəl zinət əşyası varmı ki, ona baxanda keçmiş xatirələr yada düşür?

- Yəqin ki, nişan üzüyü hər bir insan üçün əzizdir, onunla bağlı xatirələr daha dərindir. Eləcə də övladına və ya sənə alınan ilk sırğalar ən xoş xatirələr oyadır, onlara əlinə alanda istər-istəməz nostalji hisslərin əsirinə çevrilirsən. Uşaqlıq sırğalarımı indiyədək saxlayıram.

- Zinət əşyalarının irsən ötürülməsinə necə baxırsınız?

- Çox gözəl, təbii ki, mənə anamdan və nənələrimdən miras qalan bir neçə zinət əşyası var. Bəzi bəzək əşyalar var ki, onların nəsildən-nəsilə ötürülməsi ailənin adət-ənəsinə çevrilir. İstərdim ki, gələcəkdə övladım və övladımın övladı da bu adət-ənənəsi davam etdirsin. Belə işlərə həmişə böyük sevgi ilə yanaşmışam.

- Daş-qaşların müalicəvi və magik gücə malik olmasına inanırsınız?

- Avropada çox tanınmış zərgərlik markasının Azərbaycandakı simasıyam. Markanın reklam çəkilişlərində bahalı brilyant və digər daşlarla təmasda olurduq. Onların hər biri mütəxəssislərin əl işləri idi. Daşların mistik gücə malik olduğuna çəkilişlərdə bir daha şahid oldum. Eyni zamanda insan əlinin daşlar üzərində yaratdığı dizaynlara heyrət etməmək mümkün deyildi. İnsan energetikası bu işlərdə özünü aydın şəkildə göstərirdi. Yaradıcı insanlar həssas olduğundan bu enerjini xüsusilə hiss edir.

- Tünzalə xanım, uğur gətirdiyinə inandığınız, sizin üçün amulet (qoruyucu rəmz) funksiyasını oynayan hər hansı zərgərlik nümunəsi varmı?

- Amulet rolu zaman-zaman dəyişə bilir. Müəyyən müddətlərdə müxtəlif aksessuarlara alışqanlığım yaranır. 3 il əvvəl Türkiyədə yaşayan çox yaxın rəfiqəm qolbaq hədiyyə etmişdi. Bu qolbaq əsl gümüşdən hazırlanmışdı. Onu iki ildən çox qolumdan çıxartmadım, daim üzərimdə daşıyırdım. Tərkibi təmiz gümüş olduğu üçün qaralmırdı, suyun heç bir təsiri olmurdu. Qolbağa maraq oyanmışdı, hamı onu niyə qolumdan çıxartmaq istəməməyimin səbəbini soruşurdu. Təxminən 3 il qolumdan çıxmadı. Hətta bir müddət sonra qolbağı hədiyyə edən xanım onu qolumda görəndə özü də məəttəl qalmışdı.

- Enerji üzrə mütəxəssislər deyir ki, bahalı zərgərlik nümunələri pulla eyni enerjiyə malikdir. Onu kim daha çox sevir və arzu edirsə, ona da qismət olur.

- Qızıl-brilyant həvəskarı deyiləm. İstənilən əşyanın orijinalına üstünlük verirəm. Obrazı tamamlamaq üçün böyük məmnuniyyətlə keyfiyyətli bijuteriyadan da istifadə edirəm. Onun hansı qiymətə olmasının fərqi yoxdur. İstər Gülnarə Xəlilovanın hazırladığı atributları, istərsə də, digər yerli dizaynerlərin əl işlərini istifadə etməkdən zövq alıram. Yerli dizaynerlərin gözəl əl işlərini görəndə, həqiqətən də sevinirəm ki, bizdə də belə istedadlı insanlar var.

- Merilin Monronun “Qadınların ən yaxşı dostu brilyantlardır” ifadəsi sizdə hansı təəssüratlar doğurur?

- Bu fikir qadınlar üçün ən azından təssəllidir, xüsusi ilə yalnızlıqda. Amma dost deməzdim.

- Kişinin qəlbinə gedən yol mədəsindən keçir. Bəs qadın qəlbinə gedən yol hardan keçir? Burada bahalı zinət əşyasının payı ola bilərmi?

- Sözsüz ki, qadın qəlbinə gedən yol qulaqlardan keçir. Ən gözəl zərgərlik nümunəsi qulaqdan asılan sırğa yox, qulağa deyilən qiymətli sözdür.

- Bir çox sənətçilər müəyyən mərhələyə çatdıqdan sonra öz bizneslərini qurur. Gələcəkdə özünüzü iş qadını rolunda görməyi planlaşdırırsınız?

- İnşallah, niyə də olmasın. Bu barədə hələ ki, heç bir açıqlama vermək istəmirəm. Bəzi işlər sirr tələb edir, onlar hazırlıq mərhələləri keçməlidir. Zaman gələcək və bu barədə daha açıq danışa biləcəyik.

- Müsahibə üçün minnətdaram, gözlərinizdəki parıltı heç vaxt azalmasın.

- Minnətdaram, əzizim.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm