Dekabrda Bakıya YADPLANETLİ GƏLƏCƏK - Azərbaycanda İLK YAŞANACAQ
Bizi izləyin

Xüsusi

Dekabrda Bakıya YADPLANETLİ GƏLƏCƏK - Azərbaycanda İLK YAŞANACAQ

Uzun illərdir ki, Bakı bir-birindən rəngarəng mədəni layihələrə ev sahibliyi edir. Elə bu ilin dekabr ayında da “Maestro Music Azerbaijan” şirkəti ölkəmizdə ilk dəfə Stanislavski Elektroteatrının qastrolunu təşkil edəcək.

Layihənin təşkilatçıları dirijor Cavad Tağızadə və dramaturq, yazıçı İsmayıl İman bu haqda Publika.az-a məlumat veriblər.

Cavad Tağızadə: Qərara gəldik ki, artıq maraqlı teatr truppalarını Azərbaycana dəvət etməyin vaxtıdır. Tamaşalar Opera Sudiyasının konsert zalı və opera stidiyasının konsert zalında təqdim olunacaq. Öncə "Puşkin+Yevgeni Onegin” adlı monotamaşa nümayiş olunacaq. Tamaşada Rusiyanın Əməkdar artisti, çox istedadlı aktrisa Yelena Morozova iştirak edəcək.

İsmayıl İman: Yelena Morozova çox unikal aktrisadır. Hətta çoxları onu yadplanetli adlandırır. Bu ləqəb Morozovaya qeyri-adiliyinə görə verilib. Əsl adı Yevgeniya Qriqoryevadır. Aktrisa bir vaxtlar mütəmadi olaraq yuxuda Savva Morozovu görür. Morozov öz dövrünün tanınmış xeyriyyəçisi olub və Jenyanın ailəsi ilə qohumluq əlaqələri var. Morozov hər dəfə Jenyaya etiraf edirdi onun atasıdır. Beləcə, Jenya adını soyadını və atasının adını dəyişib Yelenena Savviçna Morozova olur. Baxın, belə maraqlı simadır. Puşkinin səhnələşdiriləcək romanının bütün qəhrəmanlarının mətnini də özü səsləndirəcək.

- Çox maraqlıdır. İkinci tamaşada isə tək olmayacaq eləmi?

İsmayıl İman: Bəli, ikinci tamaşada isə Diana Rəhimova ilə tərəf müqabili olacaq. Tamaşa “Anam və mənim haqda” adlanır. Bu tamaşa müasir rus dramaturqu Yelena İsayevanın pyesi əsasında səhnələşdirilib. Əsərdə ana və qızının çox duyğulu dialoqu təsvir olunur. Ana ilə qızının münasibəti, xatirələri çox təsirlidir. “Anam və Mən” tamaşası ilk baxışdan çox sadə, eyni zamanda dərin məna yüklü dialoqlardan ibarətdir. Onlar birgə yaşadıqları müddət ərzində bir çox dramatik və gülməli hadisələrlə rastlaşıblar. Sonda isə məlum olur ki, hadisələr artıq mövcud olmayan ölkədə baş verib. Çox qəribədir ki, aktrisalar zahirən də bir-birinə çox bənzəyirlər.

Cavad Tağızadə: Ümumiyyətlə, bu, Azərbaycan tamaşaçısı üçün ilk olacaq. Doğrudur, şəhərimizdə texniki cəhətdən daha çətin və iri miqyaslı tamaşalar səhnələşdirilib. Amma “Puşkin+Yevgeni Onegin” pyesi tərzdə tamaşa şəhərimizdə ilkdir. Burada həm rəqs, həm musiqi həm də müxtəlif personajlar var. Düşünülməmiş adi bir barmaq hərəkətinə də rast gələ bilməzsiniz. Yaşlı qadınlara, generallara, eşqə düşmüş qadın və kişi qəhrəmana rast gələ biləcəksiniz. Morozova o qədər peşəkar aktrisadır ki, hərəsini öz səsi ilə səsləndirəcək.

İsmayıl İman: Klassika hər zaman tələb olunandır, amma müasir izləyici daha fərqli yeniliklər gözləyir. Hətta dünya təcrübəsinə əsasən deyə bilərəm ki, artıq “Hamlet” də tamaşaçılara fərqli tərzdə təqdim olunur. Həmçinin Puşkinin əsərinin mətni də müəyyən yeniliklərə uğrayıb. Doğrudur, Yelena Morozova gündəlik həyatda azdanışan insandır, hətta onu deyim ki, ümumiyyətlə, müsahibə vermir. Amma bu tamaşanın quruluşunun bütün yükü onun çiyinlərindədir. Elena olmasa, bu tamaşa da olmaz.

- Ümumiyyətlə, belə bir mötəbər truppanın Bakıya gəlişi özü də böyük hadisədir.

Cavad Tağızadə: Biz İsmayılla çoxdan tanışıq, amma bugünədək yalnız öz sahələrimiz üzrə layihələr hazırlamışıq. Bu dəfə isə güclərimizi birləşdirdik. Stanislavski Elektroteatrının kökü Opera Dramatik teatrından gəlir. Bildiyiniz kimi, bu teatrın da əsasını Konstantin Stanislavski özü qoyub. Belə özünəməxsus və qeyri-adi teatrın şəhərimizə gəlişi sənət bayramı olacaq. Doğrudur, Azərbaycan teatr sənəti kifayət qədər inkişaf edib və öz auditoriyası var. Lakin biz daha xarici premyeraları Bakıda izləmək, müxtəlif xalqların teatr sənətinə toxunmaq, təmiz hava istərdik. İlk növbədə məhsulun keyfiyyətilə maraqlanırıq.

İsmayıl İman: Bu yaxınlarda Lənkəranda ilk teatr festivalı keçirilirdi. Britaniyanın teatr truppasının aktrisası ingiliscə çıxış edirdi. Doğrudur, mövzu barədə hər kəsə mətn paylanmışdı. Amma tamaşa müddətində hamının fikri yayınırdı. Heç kim tamaşanı diqqətlə izləmədi. Monotamaşada çıxış edən aktrisa bu gərginliyi hiss edirdi və sanki obrazını iplə çəkirdi.

Cavad Tağızadə: Bu baxımdan Stanislavski Elektroteatrının tamaşası narahatlıqla üzləşməyəcək, çünki tamaşaya gələnlər şəhərin rusdilli auditoriyası olacaq. Bundan da əlavə Yelena Morozova tamaşaçını özünə ram etməyi bacaran sənətkardır. Hətta sizinlə bir faktı da bölüşə bilərəm. Rusiyada səfərdə olub, rusca bilməyən xarici tamaşaçılar Morozovanın tamaşalarını dərin maraqla izləyirlər. Çünki o həm də bədən, jest dili ilə kifayət qədər peşəkar danışan aktrisadır. Bəli, bu gün publika çox kaprizlidir. Amma bu bir tərəfdən də yaxşıdır ki, sən insanları aldada bilmirsən. Daha keyfiyyətli layihə təqdim etmək istəyirsən. Bu baxımdan Stranislavski Elektroteatrının səfəri hər kəsi məmnun edəcək.

Leyla Sarabi,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm