Mattias Volf: "4 il sevdiyim qız Azərbaycana qayıtdı, amma..." - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Mattias Volf: "4 il sevdiyim qız Azərbaycana qayıtdı, amma..." - MÜSAHİBƏ

Bu günlərdə Almaniyanın paytaxtı Berlində Xocalı yaramızı bir daha Avropa insanının qulağına pıçıldadıq. Tədbirə qatılanlar sırasında alman əsilli tanınmış publisist, poliqlot Mattias Volf da vardı. Mattias bəylə elə ana dilimizdə Azərbaycana olan məhəbbətindən, bəhs etdik.

Publika.az alman publisist, pliqlot Mattias Volfla müsahibəni təqdim edir.

- Mattias bəy, oxucularımıza bir addım yaxınlaşmağınızı istərdim.

- Hamınızı salamlayıram. Məmnuniyyətlə özümü təqdim edirəm. 1987-ci ilin sentyabr ayında All şəhərində anadan olub, Leipziqdə böyümüşəm. Təhsilimi Potsdamda almışam. İndi dilşünas, publisist, müəllim və tərcüməçi olaraq fəaliyyət göstərirəm. Əslində 12 dildə danışıram.

- Xarici dillərə hiper-həssas yanaşan insan kimi mənə çox maraqlıdır. Bu qədər dili necə öyrənmisiniz?

- İngilis, fransız, latın və ispan dillərini məktəb vaxtlarımdan bilirəm. Universitetdə oxuyanda isə türk, Azərbaycan, rus, bolqar, italyan, portuqal, özbək, niderland dillərini öyrənməyə başladım. Əslində hər bir dilə yiyələnmək istəyi özəl ehtiyacdan doğur. Başlanğıc mərhələdə mütləq sonsuz marağın olmalıdır. Bu şəxsi, yaxud ixtisasınla bağlı bir səbəb ola bilər. Üstəlik bir dili yaxşı öyrənib, danışa bilmək üçün dilin daşıyıcısı ilə həmsöhbət olmalısınız. Bu, həmçinin xalqın mədəniyyətinə yaxın olmaq üçün vacibdir. Həmişə deyirəm ki, bir dili həmişə canla-başla, ürəklə öyrənməliyik. Bu proses bir növ uşaqlıq dövrünə qayıtmaq kimidir. Körpə ikən ana dilimizi öyrənəndə də həmişə başqaları ilə ünsiyyətə ehtiyac duyuruq. Təəssüf edirəm ki, Almaniyada, ümumiyyətlə, Avropada bəzi ailələr balaları ilə çox az danışırlar. Bu, çox təhlükəli tərbiyə üsuludur, çünkü körpənin "dodaqlarına baxacaq" bir insanı olmalıdır. Bir gerçək də var ki, uşaqlar ana dilini qəlb ilə də öyrənirlər, çünki anaya, ataya, doğmalarına qan və canla bağlıdırlar. Psixologiyada buna"emotional acces" (emosional giriş) deyirik. Azərbaycan dilinə qarşı da bu doğmalığım var. Bəlkə də həm də bu səbəbdəndir ki, dilinizi öyrənmək çox asan oldu.

L’image contient peut-être : Matthias Wolf, selfie, chapeau, gros plan et plein air

- Doğmalığınız bizim üçün böyük şərəfdir. Sosial hesabınızdakı paylaşımlarınızdan da görürəm ki, dilimizə xüsusi tellərlə bağlısınız.

- Bu sualı gözləyirdim. Əslində öncə türkcə öyrənməyə başlamışdım. Berlində müəllim kimi fəaliyyətə başlamaq üçün türk dili bilgisinə ehtiyacım vardı. Bir-iki il sonra dil biliyi səviyyəm çox gözəl mərhələyə çatdı. Asanlıqla türk və kürdlərlə ünsiyyətə girib, yeni-yeni dostlar tapırdım. Türklərlə ortaq azərbaycanlı tanışlarımız da vardı. Yəqin bilirsiniz, Potsdam Universitetində çoxlu azərbaycanlı tələbələr oxuyur. Bir dəfə ad gününə dəvət almışdım. Orada mənim yanımda azərbaycanlı qız əyləşmişdi. Aramızda ünsiyyət yarandı. Universitet problemlərindən danışmağa başladıq. Əlimdən gələn köməyi əsirgəməyəcəyimə söz verdim. Münasibətimiz get-gedə daha da doğmalaşdı. 2-3 ay sonra o mənim ən doğma, ən mühüm insanıma çevrildi. Həmişə yanımda idi. Bu yaxınlıqdan dilinizə və mədəniyyətinizə marağım zühur etdi. Münasibətimiz 4 il davam etdi. Sonra Azərbaycana qayıtdı. Çox təəssüf! Amma ağlamıram. Mənim üçün çox gözəl təcrübə oldu. Sevdiyim qız Azərbaycana qayıtdı, amma dilinizə, ölkənizə məhəbbətim mənimlədir.

- Bəs o gözəl xanımın ardınca Azərbaycana dönmək istəmədiniz?

- Əfsus ki, indiyədək Azərbaycanda olmamışam. Böyük marağıma baxmayaraq səfər etməyə imkan tapmamışam. Təbii ki, imkanım olsaydı, Bakıya, Gəncəyə və Lənkərana gedərdim. Amma ayrıseçkilik salmıram. Əminəm ki, Almaniyada olduğu kimi, hər bölgənizin öz gözəlliyi var. Berlində yaşayan azərbaycanlıların sayı çoxdur. Almaniyada Azərbaycan diasporunun belə böyük olduğunu öncə bilmirdim. Artıq çoxu ilə tanışam. Sizinlə söhbətləşdikcə, ölkənizə səfər istəyim alovlandı. Özü də gələndə ən azı 3-4 həftə qalmağı düşünürəm. Maraqlı, tarixi yerləri görmək istəyirəm. Bakıda və başqa şəhərlərdə ziyarətimi arzulayan çoxlu dostlarım var. Onları da gözlətmək istəmirəm.

- Musiqimizi sevdiyinizi də bilirəm...

- Təbii ki, Azərbaycanın müğənnilərin yaradıcılığı ilə dərindən maraqlanıram. Özəlliklə klassik sənətkarlar çox xoşuma gəlir. Müslim Maqomayev, Vaqif Mustafazadə, Flora Kərimovanı çox sevirəm. Gənc müğənnilərdənsə Emin, Zülfiyyə Xanbabayeva, Xadicə Zeynalova, Rövşən Civişov, Seyran İsmayılxanovu dinləyirəm. Onların hər birisinin öz üslubu var. Can vəziyyətimə bağlı, hər birinin musiqisinə müraciət edirəm.

- Mattias, xalqlarımızın oxşar cəhətləri varmı, sizcə?

- Xalqlarımızda "azadlığa istək" çox önəmli cəhətdir. Eyni zamanda öz dəyərlərimizə də önəm verənik. Adət-ənənələrimizə, mədəniyyətimizə, ədəbiyyatımıza çox bağlıyıq. İnanıram ki, hər bir insan üçün "Vətən" və ya "məmləkət" çox önəmli anlayışdır. Bugünkü cavanların dünyəviləşmiş həyat tərzinə baxmayaraq (dillər, səyahətlər, miqrasiya) ana məmləkətləri həmişə ürəklərinin bir köşəsindədir. Mən Saksoniyada doğulmuşam. Doğma regionumda insanlar rahatlıqlarına çox düşgündürlər. Dostlarla görüşüb qəhvə içmək, söhbət edib bütün dünyada baş verən problemlərdən, məsələlərdən danışmağı sevirik. Azərbaycanlılar da belədir. Hər iki xalqın insanları çalışqandırlar. Almanlar çox işləyirlər, həmişə məşğuldurlar. Bu, bir tərəfdən yaxşıdır, amma məncə, bəzən insan tənəffüsə ehtiyac duyur. Ətrafımda narahat, yorğun, həyatdan narazı insan çoxdur. Çünki iş həyatı onları tükədir. Bu duyğunu hamımız dadırıq. Və sonunda zarafatyana deyəcəm, yumşaq dilimiz... Saksoniya və Azərbaycan əhalisi yumşaq dildə danışırlar. Azərbaycan dili bütün vokallar ilə (xüsusən a və ə) hər zaman musiqi kimi səslənir. Saksoniya ləhcəsi də yumşaq səslənir. Bəzən "k-g" , "t-d", "g-ş" kimi səslənir. Almaniyada hər kəs bizi danışıq tərzimizdən tanıyır. Deyirlər, saksoniyalsan? Yaxud türklərlə söhbət zamanı bir sual verirlər-"Azərbaycanlısan sən?" Və ən gözəli budur ki, o iki suala həmişə "ja" (bəli), yaxud "hə" deyə bilərəm.

L’image contient peut-être : intérieur

- Nə gözəl təsvir etdiniz. Mattias bəy, xalqımızın Xocalı yarasında da yanımızdasınız. Kaş ki, bütün planet sizin kimi sülh uğrunda həmrəy olardı...

- Xocalı hadisələri sadəcə Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı cinayətdir. Berlində təşkil olunmuş mitinqdə qətl edilmiş uşaqların şəkillərini gördüm. Bu dəhşətdir. Ən əsası, ən acısı odur ki, bu insanlar suçsuzdur. Axı silahlı hərbçi olmayıblar. Təsəvvür edirəm, evdə sakit oturduğum məqamda kimsə silahla soxulub, məni zülmlə qətl edir. Çox üzgünəm, Avropada demək olar ki, heç kim bu dərdlə maraqlanmır. Niyə? Çünki mətbuatda Xocalıya yer ayrılmır. Qarabağ haqda danışanda da erməniləri dəstəkləyirlər. Ermənistan xristian ölkədir buna görəmi? Axı ayıbdır! Əsl xristian heç vaxt suçsuz qadınları, qocaları, uşaqları öldürməz. Müqəddəs kitabı açın oxuyun. Dini dəyərləri dərindən qavrayan alman hökuməti suçsuzların tərəfdarı olmalıdır. Bu məsələdə media təbliğatı ziddiyətsiz aparmalıdır. Sizə söz verirəm ki, "Avropa məlumatsız qalmasın" deyə daim yanınızda olacağam və insanlarımızı düzgün şəkildə maarifləndirməyə davam edəcəyəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm