Qara Dərvişi uğura aparan yol - Qaçmaq həmişə qorxu əlaməti deyil
Bizi izləyin

Xüsusi

Qara Dərvişi uğura aparan yol - Qaçmaq həmişə qorxu əlaməti deyil

Fərqli həyat və düşüncə tərzinə malik olan Azərbaycanın tanınmış rok ifaçısı Hikmət Poladzadə musiqi dünyasında da özünəməxsusluğu ilə seçilir. Dünyanın bütün ağrı və acısını əsərlərinin ruhuna köçürən sənətçi hesab edir ki, qaçış heç də həmişə qorxu əlaməti deyil. Ağıllı insan ikiüzlü insanla dialoqa girməməyə çalışan insandır.

Özünə Qara Dərviş ləqəbini seçərək laməkan olmasına işarə edən musiqiçi həyat fəlsəfəsini Publika.az-la bölüşüb.

- Sizcə, niyə bütün doğrularımız yanlışlara sürgündən keçir?

- Yanlış və doğru məfhumları nisbi olmaqla yanaşı əkizdirlər. Dolayısı ilə hər doğrunun və ya yanlışın tarazlayıcı yanlışı və ya bir doğrusu var. Tərəzidə hansının daha ağır gələcəyi insanın seçiminə bağlıdır.

- Xoşbəxtliyin açarı var, ya o hamı üçün eyni dərəcədə əlçatandır?

- Xoşbəxtlik komfortdur. Komfortu isə insanlar fərqli qəbul edirlər. Yəni xoşbəxtliyin açarının olduğunu var saysaq belə bu, hər kəsə görə individualdır.

- İnsan nə zaman öz haqsızlığına doyur?

- Bilirsiniz, bunu yaşamaq üçün ya yaradıcı olmaq, ya da elə yaşamaq lazımdır...

- Məişət qayğılarından sıyrılıb hər kəsdə və hər addımda yaradıcılıq, incəlik, sənət və estetika tapmaq nə qədər mümkün olur?

- Təbii ki, elə də asan olmur. Yaradıcılıqda doğru yoldasansa, heç nəyin asan olmayacağını artıq bilirsən.

- Uğur insana verilən ilahi bir nemətdir, ya onu özümüz tapmalıyıq?

- İlahi nemət olmadığı dəqiqdir. Birmənalı insan zəhmətinin nəticəsidir.

- Qara Dərvişin yarımçıq qalmış arzuları çoxdur?

- Arzu-istək kimi nəsnələr olmayacağı ilə 50/50-yə barışmaq kimi bir əminsizlik hissindən irəli gəlir. Yaradıcılıq fantaziya qədər də özgüvən tələb edir. Məqsəd və hədəflərə nail olmaq üçün alqoritm qurmağı arzu tutmaqdan üstün tuturam.

- Yaradıcılığınız tale yolunuza təsir edir, ya əksinə?

- Tale-qismət kimi anlayışları da arzu və istək kimi anlayışlar bölməsinə aid edə bilərik.

- Güclü musiqinin mistikası ondadır ki, o heç vaxt ölmür. Bəs siz nə zaman incəsənətin ən kövrək qolu sayəsində ölməz olmağa qərar verdiniz?

- Buna mən deyil, siz qərar verirsiniz. Mən sadəcə sizinlə yazdıqlarımı paylaşıram. Şadam ki, hələ də zövqlü insanlar var.

- Ümumiyyətlə sənət əsərinin ölməzliyinə kim qərar verir, müəllif, ya auditoriya?

- Dərin analiz edib qısa cavab vermək gərəksə, əsərin ölməzliyi müəllifin ixtiyarındadır. Ancaq “soundcloud”, “shazam”, “itunes”, “spotify” və s. kimi rəqəmsal musiqi distribütorlarının olduğu müasir dünyada hər iki tərəfin ciddi rolu var.

- Qara Dərvişin mahnıları kimin “qulaqları” üçün deyil?

- Sənət hər kəsindir. Anlayan qəbul edir, anlamayan keçid edir. Bu yolla da hər bir dinləyici təbii seçim hüququndan istifadə edir.

- Sənətiniz sizi, ya başqalarını daha çox sərxoş edir?

- İfa edərkən nə yaşayırsansa, yaşadığın həqiqidirsə, saxta deyilsə dinləyici bunu hiss edir, o da səninlə eyni tezliyə və ya dalğaya düşür.

- Bilirik ki, keçmişdə dərvişlər özlərini Allah-Təala, peyğəmbər və Əhli-Beytin mədhiyyəçiləri sayıb. Maraqlıdır ki, Qara Dərviş üçün yalan-günah, savab anlayışı varmı? Ya sadəcə öz həqiqətlərinizə söykənməyə üstünlük verirsiniz?

- Bayaq da qeyd etdiyim kimi, bütün bu məfhumlar nisbi və individualdır. Təbii ki, hər kəsin doğrusu hamı üçün doğru olmayacaq.

- Üsyan sevdiyim mahnılardan biridir. Növbəti sualım bu mahnı haqqında olacaq. Adı üsyan olsa da, sözlərdə üsyan əlaməti hiss olunmur, daha çox duyğuların mütiliyindən xəbər verir. Sizcə, ikiüzlü insanlardan qaçmaq həmişə ən effektiv mübarizə üsuludur?

- Qaçmaq həmişə qorxu əlaməti deyil. Ağıllı insan ikiüzlü insanla dialoqa girməməyə çalışan insandır.

- Sonuncu sualım “Keçmiş” mahnınızdan doğulub. Deyirsiniz ki, görmədi bizi həsrət, dinmədi ağrılarımız. Sizcə, keçmişin hansı ağrısından heç vaxt xilas ola bilmirik?

- Keçmişdəki yanlışlarda ilişib davamlı keçmişi düşünmək dərdindən xilas deyərdim. Kələ-kötür yolda arxaya baxaraq davamlı irəli getməyə çalışmaq kimi...

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm