Xüsusi
Dünyanı gəzib kasıblara əbədi təbəssüm bəxş edən sehrbaz: 18 ildir heç nə yemirdi - - ÖZƏL
Mən qəhrəman gözləmək üçün əllərimi göyə açanlardan deyiləm. Düşünürəm ki, hamımızın ürəyində bütün dünyaya yetəcək məhəbbət də var, şücaət də. Sadəcə ən təbii bacarığımızı yuxudan oyatmaq lazımdır. Və yalnız seçilmişlər toxunduqları daşı da əridib, kədəri təbəssümə çevirir.
Sözlərimin ən həqiqi sübutu ilə tanış olun - dünyanın ən gözəl stomatoloqu Felipe Rossi
Publika.az-ın özəl qonağı braziliyalı xeyriyyəçi-həkim Felipe Rossidir.
- Felipe, dünya mediasında qəhrəman obrazı ilə məşhurlaşmısınız. Çiyninizə qoyulan bu yükü daşımaq ağır deyil?
- Mən bununla tam razılaşa bilmirəm. İnsanlıq borcumu qəhrəmanlıq kimi qələmə vermək doğru deyil. Braziliyada doğulub böyüyən, təhsil alan sadə həkiməm. İnsanlara gülüş bəxş etməyi sevirəm. Mən həyat fəlsəfəmə sadiqəm. Özünə yardım etməyə imkanı olmayanlara əl tuturam. Bunun müqabilində pul almıram. Biz ağzında dişi olmayan kasıblara diş məcunu və fırçası paylayan layihə gerçəkləşdirmirik. Atılmış, unudulmuş məhəllələrdə yaşayan insanların çoxunun müxtəlif səbəblərdən, aclıqdan, stressdən dişləri tökülür. Bir parça çörək üçün gecə-gündüz çalışan fəhlənin dişlərini müalicə etdirməyə maddi təminatı da olmur axı. Mən də planet sakiniyəm, onlar da... İnanın bu çarəsizliklərini görəndə göz yaşlarımı saxlaya bilmirəm. İnsanlara əlimdən gəldiyi qədər kömək etməyə borcluyam. Özgüvənlərini, bəyaz təbəssümlərini geri qaytarmaq istəyirəm. Bundan gözəl nə var ki?
- Əminəm ki, fantastik duyğudur. Felipe, gördüyünüz işin mənəvi zövqünün yanında dünyanın bütün pulları acizdir. Amma reallığa dönsək, maddi təminatınız olmadan missiyanızı yerinə yetirmək mümkünsüzdür. Dəstəkçiləriniz var?
- 2016-cı ildə “Por1sorriso” (1 gülüş üçün) təşkilatını yaratmağa qərar verdim. Xeyriyyə işləri ilə məşğul olduğumuzu bilən böyük şirkətlər, iş adamları yardım etməyə başladılar. Öncə Braziliyanın kasıb məhəllələrindən başladıq. Sonra isə Afrikanın bir çox ölkəsinə yol aldıq. Keniya, Mozambik və digər ölkələrdəki təminatsız dostlarımızı mənim və komandamın sayəsində sağlamlığına qovuşdurduqca motivasiyamız da artdı. Bu gün təşkilatımızın 4000-dən çox könüllü ordusu var. Bir çoxları maddi yardım etməkdən, günlərlə Afrika çöllərində rahatlığını pozub mənimlə çalışmaqdan imtina edirlər. Bu da anlaşılandır. İnsanlar daxili güclərini kəşf etmək istəmirlərsə, məcbur edə bilmərəm. Arzularımızda hamımız gözəlliyə, yardımsevərliyə üstünlük veririk. Amma reallıq başqadır, yorucudur, ağrılıdır. Bütün bu şərtlərə uyğunlaşıb, yolundan dönməməlisən. Bəzən getdiyimiz atılmış məhəllələrə 2 tondan da ağır texniki avadanlıq aparmaq məcburiyyətində qalırıq. Maddi təminatımız da bəzən qənaətbəxş olmur. 5 gün ərzində ehtiyaclarımızı ödəməyə azı 5 min dollar pul lazımdır. Amma dişsiz pasientlərimin bəyaz təbəssümünü görmək yuxusuzluqdan da, çətinlikdən də üstündür.
- Əminəm ki, sizdən ilhamlanan bir çox yeniyetmə yolunuzu davam etdirmək istəyir.
- Sizcə, bu gözəlliyə görə stomatoloq peşəsini seçməyə dəyməz?
- Artıqlaması ilə dəyər.
- Bilirsiniz, bütün dünyada stomatologiya ən bahalı sahələrdən biri sayılır. Hətta sosial yönümlü ölkələrdə belə vətəndaşların pulsuz stomatoloji sığortası yoxdur. Hələ mən sizə üçüncü dünya sayılan təminatsız ölkələrin acınacaqlı durumundan danışmıram. İşimi bitirəndən sonra güzgüdə özünə baxıb, sevincindən ağlayan gözlərin enerjisini sevirəm. Sırf buna görə stomatoloq olmağa dəyər. Məncə, sosial durumundan, yaşından, irqindən asılı olmayaraq hər kəsin 32 dişi ilə doya-doya gülmək imkanı olmalıdır. Biz boş ağıza diş düzmürük. Səhralarda, çöllərdə yaşayan təminatsız insanların bir çox damaq, ağız boşluğu, çənə qüsurları, xəstəlikləri olur. Prosesə səbrlə yanaşmaq lazımdır. Oncə güclü müalicə sonra, dişlərin bərpası tələb olunur. Bu müddətdə pasientlərimlə də doğmalaşıram. Qəribədir, təbiət cibində pulu olmayan insanlara dünya boyda mərhəmət, vicdan bəxş edir. Onlarla ünsiyyətdə olduqca anlayırsan ki, insanların xoşbəxtlik anlayışı fərqlidir. Kimisi okean sahilində villa arzulayır, bir başqası son model maşın istəyir. Çoxları isə adi sağlam təbəssümə qovuşmaq. Bu ədalətsiz kainatı az da olsa tənzimləmək bizim öhdəmizə düşür.
- İstəyirəm, bütün dünya sizi dinləyib, özünə qayıtsın. Ürəkdən minnətdaram, əziz Felipe. Bizimlə hansısa pasientinizin təsirli hekayəsini bölüşə bilərsiniz?
- Terri adlı gənc qadının hekayəsini bölüşəcəm sizinlə. Terrinin sevimli əri 2002-ci ildə uzun sürən xərçəng xəstəliyindən sona dünyasını dəyişir. Zavallı qadın elə böyük depressiyaya düşür ki, dişlərini fırçalamağı belə unudur. Depressiya əleyhinə sakitləşdirici dərmanlar qəbul etməyə başlayır. Demək olar ki, bütün dişləri dalbadal tökülür. Sevimli ərinin müalicəsinə çox pul xərcləyib, borc içində olduğu üçün yeni diş düzəltdirməyə maddi imkanı çatmır. Dostlarından uzaqlaşıb, evə qapanır. Sevdiyi meyvələrdən, salatlardan imtina edir. Mən onun ağzını yeni dişlərlə bəzəyəndən sonra güzgüyə baxıb, bir neçə dəqiqə gülərək ağladı. Bu xoşbəxtliyin hıçqırtısı idi və məni məmnun etdi. Terri 18 ildən sonra sevdiyi meyvələri dişləyib ləzzətlə yeməyə başladı, dostları ilə görüşüb bol şəkil çəkdirir, mən onu instaqramdan izləyirəm, çox sevinirəm.
- Yəqin ki, bir çox qadın missiyanızdan sonra sizə aşiq olur.
- İş prosesində daha çox balaca qızların mənə sevgi ilə baxdıqlarını görürəm. Yəqin ki, çoxunun ilk məhəbbətiyəm. (gülür)
- Felipe, çox güman ki, pandemiya dövründə sizdən imdad gözləyən insanların gözləri yolda qalıb...
- Doğrudur. Bir çox səfərlərimiz təxirə salındı. Amma bu o demək deyil ki, dişlərinizin baxımına zaman ayırmamalısınız. Buradan bütün planet sakinlərinə səslənirəm. İstənilən halda dişlərinizi fırçalamağı, onların qeydinə qalmağı unutmayın. Bütün orqanizmin sağlamlığı məhz dişlərinizdən asılıdır. Sağlamlığınızın qeydinə qalın. Mənsə öz növbəmdə söz verirəm ki, sərhədlər açılar-açılmaz ən çox ehtiyacı olan dostlarıma qüsursuz təbəssüm bəxş edəcəyəm.
Leyla Sarabi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO