Xüsusi
Məşhur türk dizayner: "Can Azərbaycana qarşı edilən haqsızlıq..." - ÖZƏL
Can Azərbaycana qarşı haqsızlıq bütün türklərin dərdidir.
Bu sözləri Publika.az-a özəl müsahibəsində Türkiyənin məşhur modelyer-dizayneri Haktan Bucke bildirib.
Müsahibəni təqdim edirik:
- Haktan bəy, rənglərin fəlsəfəsinə hakimsiniz?
- Bütün yeni dizaynı rənglər yönləndirir. Bizə ümumi təsviri göstərir, hətta belə deyim, görməli olduğumuzu göstərir. Bir çox rəng bir araya gələndə yeni çalar doğulur. Təbii ki, rənglərin fəlsəfəsi moda dizayneri üçün ən önəmli ünsürlərdən biridir. Yol göstərən mayakdır.
- Şəxsi müşahidəmdir- sanki qara sizə daha doğmadır. Bütün dünyanın rasizmlə mübarizə apardığı bu dövrdə, bu rəngin moda aləminə xüsusi təsiri olacaqmı?
- Qara mənim vazkeçilməz rəngimdir. Rənglərin ən nəcibi və güclüsüdür. Doğrudur, dəb sferasında da irqçilik mövzusuna daim həssas yanaşılıb. Qəlbimizdəki bütün rənglərin səfərbərliyi ilə rasizmə qalib gələcəyimizə və dünyanı gözəlləşdirəcəyimizə inanıram.
- Bir qadına “əvəzsiz tərzim var” deyə bilməsi üçün iki tövsiyədə bulunmağınızı istəyirəm.
- Ən önəmlisi öz bədənini tanıması və sevməsidir. Mütləq ki, hər mövsümdə sizə, vücudunuza doğma olan geyimlər satışa çıxarılır. Sadəcə stili doğru seçib, özünüzə ən çox yaraşana üstünlük verin. Düşünürəm ki, bədənimizin özəlliyini özümüzdən yaxşı heç kim bilmir.
- Bu günədək ilhamınızın tükəndiyini hiss etmisiniz? Dibə enmək duyğusu qorxuludur?
- Biz sənət nümayəndələri ilhamla yaşayırıq. Zehni, qəlbi istehsal edən insanın gündəlik həyatında ilham hər zaman var. Başqa bir şey düşünərkən, yemək yeyərkən, səyahət edərkən, kitab oxuyarkən belə, işimlə əlaqəli ideyalarım doğulur və bu çevriliş ömrüm boyu davam edir. İlhamsız incəsənət məhvə məhkumdur.
- Necə düşünürsünüz, postpandemiya dövründə insanların zövqləri hansı yöndə dəyişəcək?
- Pandemiya insanların özlərinə vaxt ayırıb, bol-bol düşünmələri üçün əvəzsiz müddət oldu. Zərərli vərdiş halına gəlmiş alış-verişlərdən, məcburi xərclərdən uzaqlaşdıq. İnsan israf etdiyi pulunun da, zamanının da fərqinə vardı. Ümid edirəm, bu fərqindəlik, gərəksiz geyim və aksessuarların istehsalının da qarşısını alacaq.
- Bu gün ideal vücud deyilən trend var. Qadınlar eyni yumurtadan çıxmış kimi bir-birinə bənzəmək istəyirlər. Amma son zamanlar dünya brendləri bu yeknəsəkliyə qarşı çıxırlar. Tanıtım çarxlarına daha təbii simalı və bədənli modellər çəkilir. Sizcə, doğallıq trendi gerçəkləşmək üzrədir?
- Bu dünyanın bir doğrusu var- təbiilik. Doğallıqdan uzaqlaşdıqca, gördüyünüz işin nəticəsi gerçəkliyini itirir. Gözə görünən hər bir təsvirin təbiiliyindən yanayam. İnanın dünya dəbi də sünilikdən yorulub.
- Bir çox serialların geyim üzrə məsləhətçisi, həmçinin ulduzların tərzini müəyyənləşdirən mütəxəssis kimi çalışırsınız. Bu sektorda olmaqdan zövq alırsınız, yoxsa sırf maddi maraqdır?
- Moda dizaynerliyi ana peşəmdir. Lakin serial və kliplərdə stil mütəxəssisi kimi fəaliyyət göstərirəm. Hər kəs obrazının təbii və qüsursuz olmağını istəyir. Onların istəklərini düzgün şəkildə anlayıb, gerçəkləşdirmək mənim boynuma düşür. Bəli zövq alıram, çünki bütün ulduzlarla kaprizdən uzaq, düzgün münasibət qururam. Yəqin buna görədir ki, nəticədən hər iki tərəf məmnun qalır. Mən onların tamaşaçı tərəfindən alqışlanmalarını təmin etdiyim üçün onlar da məni alqışlayırlar.
- İlahi şansınız olsaydı, dünyasını dəyişmiş hansı məşhur üçün geyim hazırlamaq istərdiniz?
- Ledi Diana. Çünki bu qadın sözün əsl mənasında stil sahibi idi. Moda və trendləri zövqlə izləyib, uyğunlaşdırmağı bacarırdı. Onun üçün geyimlər hazırlamaq mənə çox xoş olardı.
- Bəs özünüz paralel dünyada kimsiniz?
- Yunan mifologiyasındakı Apollon ola bilər. Apollon yoluxucu xəstəlikləri sağaldıb, dünyaya işıq yollayırdı. Bu gün Can Azərbaycanımız da ən haqsız hücuma məruz qalıb. Səmasında qara buludlar var. Qardaş Azərbaycana edilən bu ədalətsiz hücum məni çox sarsıtdı. Ermənilərin hücumu bütün türk millətinə qarşıdır. Biz bütün gücümüz və imkanlarımızla Can Azərbaycanın yanındayıq. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Beynəlxalq ictimaiyyət bu vəziyyətə səssiz qalmamalıdır.
Leyla Sarabi
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla