Flora Kərimova: “Qisas mənəviyyatımı qorumaq məcburiyyətidir” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Flora Kərimova: “Qisas mənəviyyatımı qorumaq məcburiyyətidir” - MÜSAHİBƏ

Bu yaxınlarda Xalq artisti Flora Kərimovanın 79 yaşı tamam oldu. Onu sevən hər kəs bilir ki, bu tarix Ağdamın işğal gününə təsadüf etdiyi üçün böyük sənətkar illərdir doğum gününü keçirməkdən imtina edib. Amma onu təbrik etmək və ömür fəlsəfəsi haqqında fikirlərini öyrənmək mənim üçün həm mənəvi ehtiyacdır, həm də peşə borcu.

Publika.az Xalq artisti ilə müsahibəni təqdim edir.

- Flora xanım, həyatınızdan ötən illər üzünüzdə yoxsa qəlbinizdə daha dərin izlər buraxıb?

- Yaşanmış illər istəsək də, istəməsək də hər birimizin həyatında hansısa izlər buraxır, ötüb keçən hər günümüz bir dərsdir. Vay o gündən ki, həyat dərsindən nəticə çıxarmayasan. Nəticə çıxara bilən insanlar Allah tərəfindən sevilən bəndələrdir.

- Flora xanım üçün bu sözlərdən hansını demək çətindir: sevirəm, bağışla və ya əlvida...

- Əgər suçum varsa, bağışla sözünü, qorxmadan çəkinmədən və əziyyətsiz deyərəm. Bağışlanın da emosional səviyyəsi var. Bağışlanı adətən münasibəti davam etdirmək üçün deyirlər, amma mənim üçün o söz yoxdur, artıq münasibətlər pozulur deyə bu ifadəni özümə yaxın buraxmıram. İstəmədən də olsa, kimisə incitmişəmsə, bağışla dediyim insanla münasibəti və bütün ünsiyyətimi kəsirəm.

- Qəlbinizin hansı ağrısını silib ata bilmirsiniz?

- Silib atmamaq mövcud vəziyyətlə barışa bilmədiyinizi göstərir. Çünki ağrım onu silib atmağa qoymur. Silib atmaqsa yaddaşın zəifliyidir.

77 yaşlı Xalq artistinin vannada görüntüləri yayıldı - FOTO

- Nə zamansa nəfsiniz və ya vicdanınız arasında qalmısınızmı?

- Yox, mənəviyyatımı itirmiş olardım. Mənə edilən hörmət ancaq səsimə görə deyil, həm də mənəviyyatıma görədir. Mənəviyyat insan xüsusiyyətinin ən çətin mübarizə çalarlarıdır. Elə yaşamamışam ki, nə üçünsə vicdan əzabı çəkim.

- Bəs öhdəsindən gələ bilmədiyiniz ən çətin imtahanınız nə olub?

- Öhdəsindən Allah gəldi ki, həyatımla vidalaşmadım. Ancaq qismətlərimin itkisi məni daha da mübariz etdi. Başa düşdüm ki, mübarizə aparmasam, təklənəcəm. Təkləndimsə, alçaldılacam. Alçaldımsa, nüfuzumu itirəcəm. Nüfuzumu itirdimsə, tapdalanacam. Özümə qarşı çox tələbkaram!

- Qadının sevgisi, ya qürur hissi daha güclü olmalıdır? Hansı daha böyük dəyərdi?

- Adətən sevgi qüruru məhv edir... Qürur isə sevgini itirə bilər... Sevdiyiniz insanın hər hansı davranışından qürurunuzu itirirsinizsə, demək ki, özünüz-özünüzü məhv edirsiniz.

İfrat qürur bəzən yalançıdır, onun mahiyyətində qorxu dayanır. Təbiətində qürur olan insan mütləq ağlı ilə hərəkət edir, həm özünü kiminsə incitməsinə icazə vermir, həm də sevgini özündən uzaqlaşdırmır. Təbiətdən gələn qürur gözlə görünməsə də, havadan duyulur, qarşı tərəflə aranızda dərhal abır-həya və mədəniyyət sərhəddi qoyur.

Bəziləri qüruru davada, çəmkirməkdə, hansısa prinsipi yeritməkdə görür. Bu artıq söz güləşməsindən başqa bir şey deyil və obyektiv bir məcraya gətirmir. Sənə üstünlük qazandırmayan son sözü demək qələbə sayılmır. Qürur nüfuz və söz sahibi olmaq deməkdir. “Son sözü mən deməliyəm”, “Mən deyən olmalıdır” kimi iddialar qürur əlaməti deyil, ləçərlik, həyasızlıq və simasızlıq da ola bilər. Bu, özünütəsdiq də deyil, qorxaqlıqdır. Məsələn, meymunlar səni qorxutmaq və ya özündən uzaqlaşdırmaq istəyəndə sinəsinə döyüb səs-küy salmağa, püskürməyə başlayır. Ancaq ocaq yoxdursa, alovu ilə kimisə qorxuda bilməz, sadəcə közü ilə gözü müvəqqəti ayışdıra bilər. Bir çoxları özünü meymun kimi aparır və bunu qürur kimi dəyərləndirirlər. Onlar qüruru imitasiyası etməyə çalışır və bizi aldatdıqlarını düşünürlər. Ancaq döşünə döyən meymun bilir ki, bunu qorxusundan edir. Qısası, hər kəs öz çəkisini və nəyə qadir olduğunu yaxşı dərk edir.

­- Özünə qarşı haqsız davranışı unudan insan zəifdir, ya unudulan?

- Nə unuduram, nə də unudulmuram. Edilən heç bir ədalətsizliyi unutmuram, mənə yaraşmayan söz olsa da deməliyəm ki, qisasçıyam. Bunu da gizlətmirəm. Qisas mənəviyyatımı qorumaq məcburiyyətidir. Qisas almasam, həqiqətləri aça bilmərəm. Qorxub kənara çəkilsəm, mübarizə aparmasam, yalanlar həyatımda ləkə kimi qalar. Bu, ən əvvəl özümə hörmətimdən irəli gəlir. Cəmiyyətdə nüfuzumu itirməmək üçün məni çirkaba batırmağa çalışan adamları ifşa etməliyəm, üzünə vumalıyam. Əsl gerçəkliyi dilimə gətirib sübut etmək başlıca amalımdır.

- Nə zamansa sevilməkdən daha azına layiq olmusunuz?

- Bəli, böhtan və qadağalarla qarşılaşmışam... Yuxarıda dediyim kimi, qisasçıyam, cavab olaraq mənə böhtan atanları təpiyimin altına alıb tapdalamışam.

- Bədəniniz ruhunuz üçün nə zamansa qürbət olub?

- Gözəl sualdır... Ruhumu ağlım, ağlımla ruhum isə bədənimi idarə edib. Ruhum bədənimdə qürbət olsaydı, Flora Kərimova olmazdım, yaradan bunu rəva görmədi mənə. Qürbət bədən odur ki, ruhdan ayrı sərsəm həyat yaşayır, onu küçələrdən yığmaq olmur, heç bir qapını özünə doğma bilmir.

- Flora xanım, son günlərdə ölkədə baş verən hadisələr sizə necə təsir edir?

- Təbii ki, bir vətəndaş kimi məyus oluram. Mənə nə qalır? Allah yalavarmaq ki, üzünü bizə çevirsin. Deyəsən, yavaş-yavaş dualarımızı eşidir, öz lüftünü göstərir. Allah övladlarımızın naminə vətənimizə əmin-anamlıq versin.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm