Xalq artistinin 30 ildir xaricdə yaşayan qızı: "Yəhudilərin gücünün 2 səbəbi var" - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Xalq artistinin 30 ildir xaricdə yaşayan qızı: "Yəhudilərin gücünün 2 səbəbi var" - MÜSAHİBƏ/FOTO

Növbəti həmsöhbətimiz İsraildə ölkəmizi layiqincə təmsil edən soydaşımız, Azərbaycanın Xalq artisti Oktay Mir-Qasımın qızı Rəna Fel-Mirqasımovadır.

- Rəna xanım, dünyanın ən müdrik ölkələrindən birində yaşayırsınız. İsrailə köçməyinizin xüsusi səbəbi vardı?

- İsrailə 1990-cı ildə həyat yoldaşım Elmar Fel və onun ailəsi ilə köçmüşəm. Həyat yoldaşımının atası Miron Fel Bakı aristokratlarından olan həkim ailəsindən olub. Azərbaycanın baş psixiatrı və öz sahəsinin bilicisi idi. Həyat yoldaşı tanınmış bəstəkar və fortepiano ifaçısı Elmirə Nəzirova isə uzun müddət Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışmışdı. Həyat yoldaşımın valideynləri dünyadan köçsələr də, ölkəmizin inkişafına verdikləri töhvələr çox böyükdür. Elmirə xanım uşaq ikən böyük Üzeyir bəy Hacıbəylinin qarşısında bir çox konsertlər vermişdi. Tələbə ikən Moskva Konservatoriyasında dünya şöhrətli bəstəkar Dmitri Şostakoviçdən dərs almışdı. Bu haqda bir çox mənbələrdə məlumat var. Biz İsrailə köçəndə oğlum Teymur çox kiçik idi. Qızım Rəhilə isə burada doğuldu.

- Rəna xanım, atanız Oktay Mir-Qasımın Azərbaycan mədəniyyətində, kino tarixində xidməti böyükdür. Elə bacınız Ayan xanım da sevimli aktrisamızdır. Maraqlıdır, niyə atanızın davamçısı olmadınız?

- Bu suala hər zaman böyük sevgi ilə cavab verirəm. Düşünürəm ki, həyatda ən böyük uğurum valideynlərimin ailəsində doğulmağımdır. Atamın atası Mir Əsədulla Mirqasımov böyük ziyalılarımızdan idi. Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, həmçinin ali təhsilini tamamlamış ilk azərbaycanlı cərrah olub. Babam dünyasını dəyişəndə atamın cəmi 15 yaşı vardı. Odur ki, babamı tanımaq imkanımız olmayıb. Atamı həyatıma istiqamət verən vektor hesab edirəm. Ömür yolumun, fəaliyyətimin, düşüncələrimin formalaşması valideynlərimin tərbiyəsinin məhsuludur. Uşaqlığım çox gözəl keçib. Evimizin sevimli qonaqları, qonşularımız Azərbaycan cəmiyyətinin qaymaqları idi. Əfsanəvi bəstəkar, cazmen Rafiq Babayev, atamın filmində də rol alan dahi Rəşid Behbudov, bütün zamanların sevimlisi, dünya şöhrətli Müslüm Maqomayev, görkəmli rəssam və kino aktyoru Elçin Məmmədov və digər simalar şəxsiyyət kimi formalaşmağımda böyük rol oynayıblar. Sevimli bacım Ayan xanım hələ 5 yaşında teatrda ilk obrazını canlandırıb. Sonralar isə bir sıra filmlərə dəvət alıb. Mənsə heç vaxt aktrisa olmaq istəməmişəm. Anam Nailə xanım ali məktəbdə xarici ədəbiyyat fənnini tədris edirdi. Onun kimi filoloq olmağa qərar verdim. İsrailə köçəndən sonra isə tarixlə də məşğul olmağa başladım. Amma bu o demək deyil ki, ruhuma kinematoqrafiyadan fraqmentlər hopmayıb. Uşaqlıqdan zamanımın çoxu atamın filmlərinin çəkiliş meydançalarında keçib. Hazırda İsraildə mədəni turizm sahəsində çalışıram. Deyə bilərəm ki, fəaliyyətimdə bacıma xas aktrisalıq cizgilərindən faydalanıram.

- Artıq 30 ilə yaxındır ki, başqa ölkədə yaşayırsınız. İsrailə uyğunlaşmaq, alışmaq problemi yaşadınız?

- Mənim bu məsələyə özəl baxış tərzim var. Ürəkdən inanıram ki həyatımızda baş verən dəyişikliklərə hazırlıq beynimizdən başlayır. İstiqamətin mütləq müsbət yönümlü olmalıdır. Yox əgər elə ilk addımında güvənsizlik qorxu varsa, uğur gözləmə. Köçməyə hazırlaşanda özümü proqramlaşdırdım ki, yeni ölkə mənim ikinci evim olacaq. İnsanlarını da, təbiətini də ürəkdən sevəcəm. İlkin müddətdə çətinliklər olur. Bura həm dil, həm də məişət problemləri aiddir. Ümumilikdə isə qəlbimizdəki güvən mütləq taleyimizə təsir edir. Böyük Rumi deyirdi ki, sənin axtardığın səni axtarır. Bu mənim həyat devizimdir. Həm də İsrail cənub ölkəsidir, günəşlidir. Temperamentcə azərbaycanlılara bənzəyən insanların vətənidir. Hətta mətbəxi belə doğma yeməklərimizi xatırladır. Odur ki, İsraili ilk gündən sevməyə başladım. Amma nə özüm, nə də uşaqlarım vətənimiz Azərbaycanı unutmuşuq. İndiyədək hər yay Bakıya gəlirik. Yəni Ana vətənlə məni birləşdirən göbək bağım kəsilməyib.

- Məni alçaldanları bağışlayaraq daha böyük zirvəyə ucalıram. Lao Tsı ilə razısınız?

- Lao Tsı Konfutsi və Budda mənim üçün Şərqin açarıdır. Ümumiyyətlə Yaponiya, Çin və Hindistan ən çox araşdırdığım və mədəniyyətinə valeh olduğum ölkələrdir. Sualınıza cavab olaraq deyim ki, məni həyatda ən çox hiddətləndirən şey haqsızlıqdır. Bu cəhətdə atama bənzəmişəm. Haqsızlıq görəndə içimdə tufan qopur. Lakin yaşa dolduqca anlayırsan ki, səni alçaltmaq istəyənlərə təmkinlə də cavab vermək mümkündür. Sizə maraqlı bir əhvalat danışım. Əfsanəvi və məğlubedilməz samuray Bokuden yaşlandıqdan sonra qılıncı ilə sağollaşıb, məktəb açır. Həyatı boyu qazandığı təcrübəni, yenilməzliyinin sirlərini tələbələrinə maraqlı söhbətlərlə ötürürdü. Bokudenin qüdrətindən xəbər tutan gənc, özündən razı bu samuray heç bir döyüşdə məğlub olmayan müdrik senseyin yanına gəlir. İçəri girəndə, ağ saçlı qoca Bokudenlə qarşılaşır, və ünvanına təhqirlər yağdırmağa başlayır. Cavab almadıqca daha da hiddətlənir. Sonda yorulur, "Qoca qorxaq, cavab verə bilmirsən", deyib, otaqdan çıxır. Yoluna davam edir. Tələbələr heyrət içində ustadlarına sual verirlər:

- Siz ki, cəmi bir dəqiqədə onun canını ala bilərdiniz. Niyə cavab vermədiniz?

Sensey Bokudenin cavabı belə olur:

- Sizə verilən dəyərli hədiyyələri durmadan rədd etsəniz, kimə qalacaq?

- Təbii ki, hədiyyə edənə.

Təhqirlər, şər-böhtan da belədir. Öz üzərinizə götürməsəniz, sizə söyüş yağdıranın ovcunda qalacaq.

- Əslində dinlərin hamısı bizə bu dəyərləri təlqin edir. Dinlərin həyatımıza təsiri haqda danışmağınızı istərdim.

- Maraqlı sualdır. Hesab edirəm ki, din insana mane olur. Amma iman həyatımızı kökündən dəyişə bilər. Din millətin tiryəkidir. Bunu nə Marks, nə Hegel, nə də Lenin deyib. Bu fikrin müəllifi sadizmin atası Markiz de Saddır. De Sad bu qənaətə zindanda ikən gəlib. Din cəmiyyəti zombiləşdirən vasitədir. Monoteizmi təbliğ edən hər 3 dünyəvi din semitlər tərəfindən bəxş olunub. Hər 3 peyğəmbər semit etnosunun nümayəndələridir. Hər 3 dini kitab nəhəng dərin monoteist nəzəriyyənin hissələridir. Hər kəs tanrının təkliyinə ürəkdən iman gətirsəydi, eyni tanrıya tapınsaydı, münaqişəyə səbəb qalmazdı. Amma bu insan mənafeyinə ziddir. Yer üzündə baş verən bütün müharibələrin, başqasının torpağına göz tikməyin bir səbəbi var - iqtisadiyyatı güclədirmək. Oğurlamaq, qan tökmək, mənimsəmək üçün kütləni özünə necə tabe edə bilərsən? Bəsit lozunqları “din belə buyurub” bəhanəsi ilə insanların şüuraltına yeritmək yolu ilə. Bu ta qədim zamanlardan belə olub. Odur ki, mən dindən vaz keçmişəm. Əvəzində imanımı gücləndirmişəm. Dini məbədlərə etiraz edirəm. Bir çoxları kütlənin bu sahədə savadsızlığından istifadə edib, tanrının ismarışlarını onlara sərf edən şəkildə izah edirlər. Bütün dinlərin nümayəndələri arasında dərin bilicilər, insanları doğru yola yönəldən xadimlər var. Əsla onların ünvanına yanlış fikir söyləmək niyyətim yoxdur. Amma təəssüf ki, dünya tarixində baş verən ən çirkin, dəhşətli əməllər Allah adına riyakarlığı ilə gerçəkləşdirilib. Gəlin, dahi sufi şairi Nəsiminin faciəvi edam səbəbini xatırlayaq. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam.”

Baxın, bu gün rahatlıqla dilə gətirdiyimiz bu misralar bir vaxtlar dinə zidd olduğu üçün insanların edamına səbəb olurdu.

- Buradan bir sual doğur. Sizcə bir nəfərin ehtiyacları önəmlidir, yoxsa kütlənin?

- Maraqlı məqamdır. Bir nəfərin ehtiyaclari ilə cəmiyyətin ehtiyacları və bir nəfərlə kütlənin ehtiyacları tam başqa mövzu, istiqamətlərdir. Gəlin, kütlədən başlayaq. Kütlənin davranışlarından bəhs edən minlərlə elmi araşdırmalar, cildlərlə kitablar yazılıb. Kütlə elə qorxulu orqanizmdir ki, onun qanunları daha qəddar, qəribə və ağılsızdır. Biz fərd olaraq hər birimiz ayrı-ayrılıqda humanist, savadlı, mərhəmətli insanlarıq. Kütlənin təsirinə düşən kimi bu qorxulu orqanizmin bir orqanına çevrilə bilərik. Elə bir orqan ki, bədənin var olması naminə heç vaxt əl atmadığımız vəhşilikləri edə bilərik. Şüurlu, dərrakəli insan olaraq bir məqam üçün dua etməliyik ki, kütlə bizi udmasın. Bu olduqca çətindir.

İndi isə ikinci məqama aydınlıq gətirək. Elə Vətənimizdə son baş verən faciəni xatırlayaq. Ruhu şad olsun, general Polad Həşimovun qəhrəmanlığı bariz nümunədir. Mən əminəm ən kritik məqamda, savaş alovunun mərkəzində hamımızın qəlbində olduğu kimi onun da daxilindəki xeyiri təmsil edən canavar qəddar canavara qalib gəlir, və əsgərlərinin önündə getməyə səsləyir. Həmin məqamda generalımız əsgərlərinə “İrəli” yox “ardımca” komandasını verir. Və bu örnək qəhrəmanımız xalqının fıravanlığı üçün, cəmiyyətin yaşaması üçün özünü qurban verir. Mənim üçün cəmiyyət öncə öz ailəmdən, daha sonra yaxın qohumlarımdan, vətənim saydığım hər iki ölkədən ibarətdir. Amma özüm sualınıza vicdanlı cavab versəm, övladlarımın ehtiyacları və maraqlarından vacib heç nə yoxdur-deyərdəm. Sual o qədər çoxşaxəlidir ki, hər məqamda yeni cavablar doğulur.

- Bir az da öladlarınızdan danışaq. Bildiyim qədərilə gənc nənəsiniz…

- Bəli oğlumun iki övladı var. Taleyimə şükür edirəm ki, həm oğlum, həm də qızım daim başımı uca tutublar. Oğlum Teymur 10 ildir ki, Nyu-Yorkda yaşayır. Ailəmizin qürurudur. Nənəsi Elmira xanımın yolunu seçib, caz dünyasına addımlamağı bacardı. Ən məşhur caz musiqiçiləri Bill Evans, Mayk Stern və Arturo Sandoval kimi əfsanələrlə çalışır. Əminliklə deyirəm ki, Teymur bu gün dünyanın ən nüfuzlu bas gitaraçılarının onluğunda yer alır. Oğlumun musiqisində muğamlarımızın da böyük təsiri var. Qızım Rəhilə isə Yaponiyada təhsil alır. Yapon mədəniyyəti, adət-ənənələri və iqtisadiyyatını öyrənir.

- Maraqlı nöqtəyə gəldik. Əsrlərdir belə bir mif dünyanı dolaşır. Yəhudisənsə, bir addım öndəsən. Və bu liderlik xüsusiyyətinin əsas səbəbkarı da yəhudi anaların fərqli tərbiyə üsuludur.

- Bu haqda tez-tez düşünürəm. Xalqarın da insan taleyində olduğu kimi öz karması, inkişaf tarixi mövcuddur. Yəhudi xalqı Tövratda Allah tərəfindən seçilmiş xalq kimi təqdim olunur. Bu çox böyük yükdür. Çünki yəhudilərin tarixinə nəzər salsaq, dəfələrlə bu xalqın dini məbədlərinin dağıdıldığının, sürgünə göndərlidiyinin şahidi oluruq. Buna ivrit dilində “qalut” deyilir. Yəhudilərin məşhur ana obrazı ta beşikdən körpəsinə güclü olmağı, ayaqda durmağı aşılayır. Daim sürgündə olan xalq başqa cür necə güclü ola bilər?! Dünyada yayılan məntiqsiz antisemitizm hərəkatı tarix boyu yəhudiləri çox incidib. Həyat özü onları körpəlikdən dayanıqlı, mükəmməl olmağa vadar edib. Daha yaxşı təhsil almaq, savadlı, müdrik olmaq məcburiyyəti yaradıb. Sanki genetik kodlarına çevrilib. Güclü olmasan, məhvə məhkumsan, səni yox edəcəklər kimi qorxularla qüdrəti xalqa çevriliblər. Holokostu xatırlayın. Şüursuz manyak Adolf Hitlerin liderliyi altında 6 milyondan çox yəhudi ən ağır zülmlərə məruz qalıb. Digər tərəfdənsə, özünü İsrailin vətəndaşı sayan bir qadın kimi vicdanlı cavab verəcəm. Yer üzünün bütün sakinləri istər Sinqapurda yaşasın, istərsə də Manhettendə, hamımız sevmək, qidalanmaq, doğmalarımızın qeydinə qalmaq və tapdaq altında qalmamaq üçün daha bilikli olmağa can atırıq.

- Vətənpərvər azərbaycanlı kimi əminəm ki, ölkəmizdə baş verənlər də sizi məyus edir.

- Vətənimdə baş verənlər qəlbimizi parçalayır. Düşmənimizin vicdan, şərəf, qanun kimi elementar anlayışları korlaşıb. Bütün beynəlxalq təşkilatların leyhimizə qəbul etdikləri qətnamələr gerçəkləşmir. Sanki bütün bu institutlar yalançı tamaşa göstərmək üçün qurulub. Əks halda öz torpaqlarımız uğrunda savaşmazdıq. Baş verənlər bir daha göstərir ki, “həqiqət” yalan və gücün yanındadır. Bəli ordumuzun gücü də, mənəviyyatımız da düşməni əzəcək qədər yetərlidir. Lakin təəssüf ki, bu savaşda təklənmiş tərəf elə bizik. Ayağımızın altına tikan düzənlər çoxdur. İllər boyu torpağımızda qonaq etdiyimiz riyakar millət mərhəmətimizdən istifadə edib. Elə bu günlərdə virtual təlim zamanı Tövratdan bir məqama toxundum. Xoşbəxt və əminamanlıq içində yaşamaq üçün ən qədim millət olmağa ehtiyac yoxdur. Oğurluqla nail olunan tarix halal deyil, anlamsızdır. Sırf dolmaya “milli yeməyimiz” adını vermək üçün onu yemək məntiqsizlikdir. Axı biz italyan pizzasını, yapon suşisini yeyib, dünyaya bağırmırıq ki, bu mənim milli mətbəximdir. Yeyib zövq alırıq, minnət hissi ilə qarşılayırıq. Həqiqətən bu oğru millətə yazığım gəlir. Ürəkdən dua edirəm ki, dogma Vətənim tezliklə azad olsun.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm