Xüsusi
“Danq-dunq və vıj-vıj kimi ifadələrə görə bizi tənqid etdilər, amma...” – Möhsün Nağısoylu/MÜSAHİBƏ
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Dünyalara yol açan dilimizin tarixini, qədimliyini və ululuğunu misralarına sığdıran Bəxtiyar Vahabzadə, “Səndə neçə min illik mədəniyyətim, şan-şöhrətim saxlanır”, deyərək Azərbaycan dilinin zənginliyini qeyd edirdi.
Bu gün Vaqifin, Mirzə Cəlilin, Sabirin, C.Cabbarlının, S.Vurğunun, B.Vahabzadənin əsərlərini sevərək qələmə aldıqları, ana laylası qədər gözəl hesab etdikləri zəngin tarixə malik Azərbaycan dilinin günüdür.
Ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanından sonra hər il bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Zaman-zaman ərəb və fars dillərinin təsirində olan, sovet dövründə əngəllərlə üzləşən dilimiz 19 ildir ki, öz gününü qeyd edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin bugünkü durumu, mövcud problemləri və bir sıra vacib məqamlarla bağlı Publika.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Möhsün müəllim, sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dilinin müasir vəziyyətini necə qiymətləndirirsiniz?
- Hazırda dilimiz daha da təkmilləşib və inkişaf edib. Çünki dilin təkmilləşməsi və tətbiqi işinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısı İlham Əliyevin bir sıra sərəncamı olub və müəyyən işlər görülüb. Dilimizin tətbiqi işi ilə bağlı problemlər var. Prezident İlham Əliyevin 2018-ci ilin noyabr ayında imzaladağı sərəncamda da bu qeyd edilir. Bu problemlər dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması ilə bağlıdır. Bu isə dilin deyil, dil daşıyıcılarının problemidir. KİV-də, reklam daşıyıcılarında, jurnalistlərin yazısında, aparıcıların nitqində biz bu problemi görürük. Onlar dilə qarşı sayğısızlıq göstərirlər, diqqətlə yanaşmırlar, səhv yazırlar, orfoqrafik, leksik və qrammatik normaları pozurlar. Bu hal xüsusilə də reklamlarda müşahidə olunur. Yanaşı asılan iki reklamda eyni söz fərqli cür yazılır. Mən özüm şahidi olmuşam, bir yerdə “aşpaz” yazılanda, digərində “aşbaz” yazılmışdı. Həmçinin televiziya kanallarında, aparıcıların nitqində yerli-yersiz əcnəbi sözlərin işlənməsinə, cümlə strukturunun düzgün qurulmamasına, leksik normaların pozulmasına daha çox rast gəlirəm. Bu hallar baş alıb gedir. Bu, ölkə başçısını da narahat edir. Hətta 2015-ci ilin noyabrında Prezident İlham Əliyev akademiyanın 70 illik yubileyi ilə bağlı çıxışında bu məsələyə xüsusi olaraq toxundu və qeyd etdi ki, bizim dilimiz o qədər zəngindir ki, əcnəbi kəlmələrə heç bir ehtiyac yoxdur. Dilimizdə tıxac sözü varsa, niyə biz “probka” işlətməliyik?! Təəssüflər olsun ki, bu cür də yazırlar. Aparıcıların çantaya “sumka” dediklərini, “uje” sözünü tez-tez işlətdiklərini dəfələrlə eşitmişəm. Bu, ədəbi dilin normalarını pozmaqdır. Hər kəs bilməlidir ki, dilin qoruyucusu və daşıyıcısı xalqdır. Bu, hər bir vətəndaşın borcudur.
- Texnikanın inkişaf etdiyi bir dövrdəyik və hazırda sosial şəbəkələrdən geniş istifadə olunur. Müasir gənclik isə daha qısa danışmağa üstünlük verir və ya dilimizə yad, kənar sözlərdən istifadə edirlər. Buna münasibətiniz necədir?
- Bu, yolverilməzdir və dilimizə qarşı ehtiramsızlığın, diqqətsizliyin işarəsidir. Hər bir azərbaycanlı gənc anlamalıdır ki, onun dili dünyanın ən qədim, ən zəngin, ən qabaqcıl dillərindən biridir. Bizim dilimizdə elmin istənilən sahəsində fikri ifadə etmək üçün zəngin söz ehtiyatımız var. Eyni zamanda dilimiz şirin, cazibəli, məlahətli və ahəngdardır. Bu cür gözəl dili qoyub, əcnəbi sözlər işlətmək, qısaltmalar etmək Dövlət dili haqqında qanuna ziddir. Bu qanun 2002-ci ilin 30 sentyabrında ulu öndər tərəfindən imzalanıb. Orada da dil normasının pozulması ilə bağlı ayrıca maddələr var. Qanuna görə hər kəs bu dildə danışmalı və onun keşiyində durmalı, dilin saflığını qorumalıdır. Bu, ümumxalq işidir, həm də hər kəsin vətəndaşlıq borcudur. Gənclər bilməlidir ki, “Kitabi-Dədə Qorqud” kimi şifahi xalq ədəbiyyatı nümunəsi dünyanın heç bir ölkəsində yoxdur. O, dünya ədəbiyyatının ən nadir incilərindən biridir və onunla qürur duymaq lazımdır. Nəsimin dili bulaq kimi çağlayır, şəffaf, sadə, anlaşıqlı, məlahətli bir dildir. Bu dili kənara qoyub, başqa dildə danışmaq olmaz. Mixail Lermontov 19-cu əsrdə Qafqaza səfərindən yazır ki, fransız dilini bilməklə bütün Avropanı dolaşmaq mümkün olduğu kimi, tatar dilini ( red. həmin dövrdə Azərbaycan dili bu cür adlanırdı) bilməklə də bütün Qafqazı dolaşmaq olar. Yəni, dilimizin geniş, dərin tarixi kökləri var. Təəssüf edirəm, bəzən də əsəbiləşirəm ki, bizim dilimizdən gənclər düzgün istifadə etmirlər. Dil bizim varlığımızdır, bir xalqın kimliyi, mənəvi sərvətidir. İstər ulu öndər, istərsə də Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, müxtəlif imperiyaların tərkibində olsaq belə, bizi bir xalq olaraq qoruyub saxlayan dilimizdir. Hər bir xalq dünyada iki amillə - dini və dili ilə tanınır. Hər ikisinə diqqət və qayğı lazımdır.
- Dövlət dili haqqında qanunun 19-cu maddəsində qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulub və qeyd edilir ki, bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ölkəmizdə dil qaydalarını pozanların cərimələnməsi ilə bağlı hansısa mexanizm varmı?
- Dövlət başçısının sərəncamı ilə monitorinq mərkəzi yaradılacaq və Dilçilik İnstitutu publik hüquqi şəxs statusu alaraq Nazirlər Kabineti yanında fəaliyyət göstərəcək. Pandemiya ilə əlaqədar olaraq bu bir qədər gecikir. Biz onun nizamnaməsini, strukturunu hazırlamışıq və bu məsələni ayrıca maddə şəklində vermişik. Tövsiyə etdik ki, dil pozuntuları ilə bağlı cərimələr tətbiq olunsun, inzibati cəza tədbirləri həyata keçirilsin. Bu, Baltikyanı ölkələrdə tətbiq olunur. Bu barədə Milli Məclis qərar qəbul etdi və qərarda yalnız orfoqrafiya qaydalarının pozulması nəzərdə tutulurdu. Amma biz təklif etdik ki, daha çox riayət olunmayan leksik, qrammatik normalar da qanuna salınsın. Orfoqrafiya qaydalarına əməl etmək asandır, bunun üçün lüğət var və hər kəs ordan baxıb düzgün yaza bilər. Amma leksik və qrammatik normada diqqətli olmaq lazımdır. Sözlərin qarşılığı burada önəmli rol oynayır. Artıq bu qanunu pozanlar cərimə olunacaqlar.
- Möhsün müəllim, hər kəs istənilən yeniliyi müsbət qarşılamır, irad bildirənlər də olur. Lüğətdəki son dəyişikliklər də cəmiyyətdə birmənalı qarşılanmadı. Cız-vızetmə, dır-dıretmə, tartan-partanyazma kimi sözlər, danq-dunq, vıj-vıj, car-cur tipli söz təqlidlərinə görə ciddi tənqidlər var idi...
- Bu tənqidlər haqlı idi. Dilin lüğət fondunda təqlidi sözlər var. Gurultu, xışıltı, vızıltı, tappıltı kimi sözlər təqlididir və səsləri ifadə edir. Bu sözləri başqa heç nə ilə əvəz etmək olmur. İradların bəziləri haqlı idi. Artıq orfoqrafiya lüğətinin təkmilləşdirilmiş 7-ci nəşrini çapa hazırlayırıq. Birinci mərhələdə çap olundu, ancaq texniki səhvlər olduğu üçün akademik İsa Həbibbəylinin tövsiyəsi ilə düzəlişlər edilib təkrar çapa təqdim edəcəyik. Düşünürəm ki, lüğət sentyabr ayında nəşr olunacaq. Biz bu iradların hamısını orada nəzərə almışıq. Orfoqrafiya lüğəti təkcə mütəxəssislər üçün yox, həm də bütün vətəndaşlar üçündür. Onu hər kəs istifadə edir. Lüğət Nazirlər Kabinetinin təqdim etdiyi normalar əsasında hazırlanıb və bütün irad, təkliflər nəzərə alınıb. 2013-cü ildə çap olunan versiyada əlavələrlə birgə 110 min söz var idi. Ordakı sözlərdən biz 10 mindən çoxunu çıxardıq. Qondarma, təqlidi, təkrar sözlər var idi və təkrar sözlərin yalnız birini saxladıq. Lüğətdə “altun” da var idi, “altın” da. Biz onun birini qeyd etdik. Hər bir işdə kiçik səhvlər ola bilər. Çalışmışıq ki, budəfəki nəşrdə o cür səhvlərə yol verilməsin.
- Azərbaycan dilinə tərcümə olunan əsərləri oxuyanda görürük ki, hansısa sözün qarşılığı düzgün verilmir. Bununla bağlı nə deyə bilərsiniz?
- Biz bu halı filmlərdə də görürük. Elə sözlər işlədirlər ki, o söz ümumiyyətlə dilimizə yaddır. Kitablarda da daha çox hərfi tərcümə edirlər. Burada qüsurlar çoxdur. Mən 10 il fars dili üzrə tərcüməçi işləmişəm və deyərdim ki, bu ən çətin işdir. Gərək hər iki dilin incəliyinə bələd olasan. Məsələn, “mənin gözüm səndən su içmir” frazeoloji ifadəsini başqa dilə tərcümə etmək üçün həmin dildə olan qarşılığını tapmaq lazımdır. Əksinə də ola bilər. Hansısa xarici dildə olan ifadənin bizim dildə qarşılığı olmaya da bilir. Çünki müxtəlif dillərdə sintaktik quruluşlar da fərqlidir.
- Bir qrup ziyalı Dövlət Dil Komissiyasına müraciət ünvanlamışdı. Onlar vurğulayırdılar ki, bu gün Bakı küçələrində mağazaların, marketlərin, iaşə və məişət obyektlərinin adları, reklamların təqdimi Azərbaycan dilinin ölkəmizdə dövlət dili statusuna kölgə salır. Bu müraciətlə bağlı hansı işlər görülüb?
- Bu müraciətlər haqlı olaraq ünvanlanmışdı. Nizami küçəsində yerləşən mağazaların bəzilərində dil normaları gözlənilmir. Bu da Dil haqqında qanunun 19-cu maddəsini pozur. Qanunda qeyd edilir ki, afişalar və reklam lövhələri Azərbaycan dilində olmalıdır. Ondan sonra isə o başqa dildə yazıla bilər, amma həmin yazı Azərbaycan dilində olan yazıdan böyük olmamalıdır. Belə problemlər həddindən artıq çoxdur. Mən Türkiyədə konfransda iştirak edirdim. Prezident Rəcəb Tayyib Ərdoğan bu kimi hallara irad tutdu və dedi ki, bu necə adlardır ki, hotellərə və mağazalara qoyurlar? Bu da vətəndaşlıq mövqeyindən irəli gəlir. Gərək insanlarda dilə qarşı sevgi, hörmət olsun. Hər kəsdə məsuliyyət hissi olmalıdır. Avtobusda gedərkən sərnişin “astanovkada” saxlayın dediyi zaman ona deyə bilmərəm ki, siz dayanacaq deməlisiniz. Gərək bunu insanların özü dərk etsin. Dövlət qayğı göstərir, sərəncamlar imzalayır, amma vətəndaşlıq mövqeyi olmalıdır. Televiziya və radiolar xüsusilə diqqət etməlidirlər. Çünki KİV cəmiyyətin güzgüsüdür. Hər kəs baxır, izləyir. Televiziyalarda hərf səhvləri baş alıb gedir. Milli Televiziya və Radio Şurası xüsusilə diqqətli olmalıdır. Düşünürəm ki, artıq biz publik hüquqi şəxs statusu aldıqdan sonra bir qədər nəzarət güclənəcək, monitorinqlər həyata keçirəcəyik. Həm də cərimələrin tətbiqinə başlandığı zaman insanlar bu kimi hallardan çəkinəcəklər.
Akqabay Mıradov
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika3 Oktyabr 15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ