Xüsusi
Payız-qış aylarında özümüzü infeksiyalardan necə sığortalaya bilərik? - DİETOLOQ XƏBƏRDARLIĞI
“Leman Med Klinikası”nın baş həkimi Ləman Süleymanova koronavirus pandemiyası səbəbilə elan edilən karantin müddətində əhali arasında kökələnlərin kəskin artdığını bildirib.
Ekspert Publika.az-a verdiyi müsahibədə payız aylarında xəstəliklərdən qorunma yollarından söz açıb. O bildirib ki, görülən tədbirlərlə yanaşı, sağlam qidalanma sayəsində insanlar özünü koronavirusdan sığortalaya bilər. Həkim-terapevt həmçinin COVID-19-dan sağalan xəstələrin qidalanması barədə vacib tövsiyələr verib.
- Ləman doktor, payız aylarında immun sistemini gücləndirmək üçün nə etməliyik? Xəstəliklərdən qorunmaq üçün qidaların rolu nə qədərdir?
- Kəskin respirator virus, xüsusilə COVID-19 infeksiyasından insanın özünü bir növ sığortalaması üçün ilk növbədə “antivirus sistemi”ni gücləndirməliyik. Bu sistem insan doğulan andan etibarən çalışmağa başlayır. “Antivirus” dediyim bu funksiya nədir? Bu, insanın özünü ətraf mühitin infeksiyasından qorumasını təmin edən maddələr mübadiləsi deyilən təbii mexanizm və daxili energetika balansıdır.
Sağlam qidalar insan həyatı üçün əhəmiyyətlidir, hamilə qadın düzgün qidalanmalıdır ki, doğulacaq körpəsi genetik xəstəliklərdən sığortalansın, daha sağlam olsun. Yuxu rejimi və fiziki akivlik də insan sağlamlığının keşiyində dayanan əsas amillərdən biridir. Çünki bütün bunlar metabolizmanı və ya daxili “antivirus sistemi”ni gücləndirməyə xidmət edir. Odur ki, özümüzü xəstəliklərdən qorumaq istəyiriksə, sağlam qidalanmalıyıq, bütün vacib olan maddələri qidalardan almalıyıq.
Bu gün dünyada arıqlamaq üçün milyonlarla insan pəhriz saxlayır, təəssüf ki, onların çoxu düzgün qidalanmır. Xüsusilə qadınlarımız özünü ac saxlayır və heç nə yemirlər ki, fit bədənə sahib olsunlar. Bu yanlış həyat tərzidir. İstər meyvə-tərəvəz, ağartı, bitkilər, istərsə də ət məhsullarından əldə edilən maddələr orqanizm üçün olduqca vacibdir. Maddələr mübadiləsi çalışmalıdır ki, “antivirus sistemi” işlək vəziyyətdə olsun.
- Demək istəyirsiniz ki, sağlam qidalanmayan insanlar virusun tələsinə daha tez düşür?
- Əlbəttə ki, virusa yoluxan insanların böyük əksəriyyəti sağlam qidalanmayanlardır. Dünya virusdan əzab çəkdiyi bir dövrdə biz çətin vəziyyətdən çıxmağı bacardıq. Təbii ki, bütün qayda-qanunlara riayət etdik, Operativ Qərargahın verdiyi möhtəşəm işlər nəticəsində böyük irəliləyişlər əldə etdik, özümüzü sığortaladıq.
Hazırda vəziyyət yaxşılaşmağa doğru getsə də, bilirik ki, payız ayları kəskin respirator infeksiyaların yayıldığı bir dövrdür. Odur ki, biz sağlam qidalanaraq özümüzü sığortalamağa çalışmalıyıq. Lazım olan maddələri qidalardan alsaq, immun sisteminin virusa qarşı müqavimətini artıra bilərik. Bu halda hətta virus bədənə daxil olsa da, münbit şərait görmədiyi zaman fəaliyyət göstərə bilmir, sağalma prosesi sürətlənir və beləliklə bədən bu xəstəliyə qalib gəlir.
Amma düzgün qidalanmayan, gün ərzində demək olar ki, heç nə yeməyən insanlar xəstəliyə həm asanlıqla yoluxa bilir, həm də xəstəliyi ağır keçirir. Xüsusilə siqaret çəkən və içki içən insanların ağız boşluğunun selikli qişasında immun sisteminin qoruyucu hüceyrələri öz aktivliyini itirir. Onların istənilən virus infeksiyasına yoluxmaq ehtimalı daha yüksəkdir. Bundan əlavə, COVID-19-un adi qripdən fərqli olaraq bir neçə mərhələsi var. Tibbə məlum olmayan qorxulu tərəflərinin də olduğu bildirilir. Qorxulu tərəfi odur ki, bir qrup insanda testin nəticələri pozitiv çıxsa da, onlarda virusun heç bir əlaməti özünü göstərmir.
- Virusa yoluxan insanlar sağaldıqdan sonra necə qidalanmalıdır?
- Bu xəstəliyi keçirən insanlar xüsusilə diqqətli olmalıdır. Birincisi, immun sistemi qətiyyən zəifləməməlidir, orqanizm zəifləyərsə, xəstəlik yenidən aktivləşə bilər. Həmçinin düzgün qidalanmaq və maye qəbulunun rolunu xüsusilə qeyd etməliyəm. Vitamin və minerallar səhərlər orqanizm tərəfindən daha yaxşı mənimsənildiyi üçün meyvə-tərəvəzi səhər saatlarında qəbul etməyi tövsiyə edirəm. Bu, immun sisteminin də yaxşı çalışmasına təsir edəcək.
Koronavirusdan sağalan xəstələrin səhər menyusunda qırmızı ət mühüm yer tutmalıdır. Qırmızı əti 07:15-dən 11:15-ə qədər yemək lazımdır. Çünki orqanizmdən dəmir və protein ən çox səhər saat 8 və 9 radələrində mənimsənilir. Ümumiyyətlə istənilən faydalı qidanın tərkibindəki faydalı maddələr orqanizm tərəfindən səhər saat 11-ə qədər mənimsənilir.
- Payız rasionuna daha hansı qidaları mütləq daxil etməliyik?
- Ətlə yanaşı Omeqa-3 yağ turşuları ilə zəngin olan çərəzlər, balıq əti menyuda üstünlük təşkil etməlidir. Meyvə-tərəvəzə də üstünlük verməyə çalışın. Sitrus meyvələrinin tərkibindəki C vitamini immun sistemini dəstəkləyir. Eləcə də menyuda mütləq alma olmalıdır. Almanın istənilən sortu ola bilər, lakin yaxşı olardı ki, onu da səhər saatlarında yeyəsiniz.
Axşamlar yeyilən meyvə şəkər xəstələrində qanda şəkəri artıra bilsə də, səhər saatlarında yeyilməsinin qorxusu yoxdur.
- Ölkəmizdə pandemiya ilə əlaqədar aylarla karantin rejimi elan olundu, bu bəla hələ də ötüşməyib. İdman zalları açılmayıb, insanlar aktiv həyatdan uzaqlaşmaq məcburiyyətində qaldı. Bu kimi amillər əhalinin çəkisinə necə təsir etdi, statistik göstəricilər nə deyir?
- Statistika göstərir ki, kökələnlərin sayı həddən artıq çoxalıb. Hətta 60-70 kq kökələnlər var. Sual verirəm ki, karantin müddətində bu qədər çəkini necə almısınız... Cavab verirlər ki, yeyib yatırdıq. Karantin köklüyə bəhanə olmamalıdır. Burda karantinin heç bir rolu yoxdur, insanlar özləri öz səhhətlərinə biganə yanaşıb. Səhər tezdən durub ən azından evdə məşq etmək olar.
- Hansı saatlarda idman edilməlidir?
- Yaxşı olardı ki, günəş çıxana yaxın, günəş çıxandan bir saat sonra, günəşin batmasına 15 dəqiqə qalmış və günəşin batmasından bir saat sonra. Günəş çıxandan bir saat sonra metabolizmanın sürətləndiyi dövrdür, amma metabolizma zəiflədiyi dövrdə də etmək lazımdır ki, bədən gümrah olsun.
Aytən Məftun
-
Magazin103:35
O mahnıları məndən istəsələr də, oxumaram - Üzeyir Mehdizadə
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var