Xüsusi
Şəhid Cəbrayıl Dövlətzadə ilə bağlı atasından ÜRƏK DAĞLAYAN SÖZLƏR: Hələ də elə bilirəm, ayın 28-dir və...
Bu gün qüdrətli Azərbaycan ordusunun ər oğulları Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpağını xalqımıza geri qaytarmaq uğrunda savaşır.
Bu gün əsgər sözü dilimizin ən doğma, Vətənin özü qədər isti kəlməsidir.
Torpağın köksünə axan qanını bizə əmanət edən şəhidlərimizsə, xatirəmizi yuyub təmizləyən qürur yaddaşımızdır.
Publika.az Vətən ətirli şəhidimiz Cəbrayıl Dövlətzadənin atası Dövlət bəylə həmsöhbət olub.
Oğlum şəhid oldu, amma digər əsgər oğullarımız şəhidliyə can atmasına deyir Dövlət ata.
- Dövlət bəy, igid oğlunuz döyüşdə göstərdiyi şücaətə görə Generalımız Polad Həşimovun məzarının yanında dəfn olunub. Cəbrayılın polad xarakterindən danışmağınızı istərdim...
- Hər uşaq bir fitri istedadla doğulur. Məncə, Cəbrayılı da hamıdan fərqləndirən əsas cəhət həddən artıq mərd olması idi. Əsl kişi xüsusiyyətləri vardı canında. Atam sovet hakimiyyəti dövründə boks üzrə dəfələrlə çempion olmuşdu. Cəbrayılın belə döyüşkən olmasında babasının böyük rolu var. Elə uşaqlıqdan özündən zəifləri qorumağa can atırdı. Döyüşkən uşaq idi. Onların əvəzinə gedib döyülsə belə, sonadək haqqın yanında olurdu. Bəzən üz-gözü göyərmiş evə qayıdırdı. Səbəbini soruşanda deyirdi, dostumu qoruyanda olub, narahat olmayın.
Yarışlara gedəndə, nənəsi dönər hazırlayıb, çantasına qoyardı. Deyirdi, nənə, birini də hazırla, bəlkə uşaqlar da istəyər.
- Bildiyim qədər Cəbrayıl döyüş bölgəsinə könüllü yollanmışdı...
- Bir ildən bir qədər çox idi ki, Cəlilabadda hərbi xidmət keçirdi. Heç kimə demədən, könüllü müharibəyə getdi. Hər dəfə telefonla danışanda, deyirdim, yanına gəlmək istəyirəm. Cavab verirdi ki, gəlmə, az qalıb, qayıdacam. 28 sentyabrda cənazəsini gətirən əsgər yoldaşlarından biri dedi ki, döyüş bölgəsinə öz istəyi ilə yollanmışdı. Hələ də elə bilirəm, ayın 28-dir. İndi tabutunu gətirəcəklər. Hələ də özümdə deyiləm. Qəribədir, elə həmin gün tezdən namaz üstəydim. Düşündüm, birdən Cəbrayıl şəhid olsa, necə qəbul edəcəm? Hər yolla əlaqə saxlamağa çalışdım. Səsini eşitmək istəyirdim, amma danışa bilmədik...
- Dediniz, uşaqlıqdan mərd olub Cəbrayıl. Hətta şəkillərdə üzünə baxanda, onu başqa məsləkdə təsəvvür etmək olmur. Sanki Vətən üçün doğulmuşdu...
- Cəbrayıl hərbçi olmaq istəyirdi. Xüsusi təyinatlı dəstədə qulluq etməyi arzulayırdı. Sonunadək xalqına, torpağına, xidmət yoldaşlarına sadiq oldu. Axır nəfəsinədək qeyrətli vuruşdu. 19 yaşında tarix yazdı. Elə düşünürəm ki, Azərbaycan xalqının qəhrəmanı da bu cür olmalıdır. Vətənimizə yaraşan qəhrəmandır oğlum. Heç vaxt çətinliyini dilinə gətirmirdi.
Şəhidlik yolunda belə bir məqam var - düşünərək şəhid olmaq. İmam Hüseyni xatırlayıram. Hədislərin birində qeyd edilir ki, o da döyüş gecəsi işığı söndürüb, qayıtmaq istəyən utanmadan otağı tərk etsin deyib. Cəbrayıl da düşünərək seçdi bu məqamı. Hətta döyüşə gedəndə, zabitləri geri qaytarıb ki, ailəniz var, gəlməyin. Yəni o anda şəhid olacağını bilirdi və yolundan dönmədi. Amma 19 yaş valideyn üçün övladının körpəliyidir. Bəzən deyirlər, Cəbrayıl haqda danış. Mən oğlum haqda nə danışa bilərəm? Ancaq uşaqlıq xatirələri, uşaqlıq illərini yada sala bilərəm. Hansı ömür yolundan danışım? Cəbrayıl gəldi, böyümədən getdi...
- Cəbrayıl həm də Cəbrayıl gəlsin deyə getdi.
- Bu, mənim üçün fəxrdir. Hansı işin qulpundan tutsa, uğur qazanırdı. İdman karyerası qura bilərdi. Uzun müddət cüdo ilə məşğul olmuşdu.
Polad kimi formalaşmışdı. Bəzən uşaqlar hansısa çətinliyin önündə bərk sınır, özünü bərpa edə bilmirlər. Cəbrayıl 3 yaşında da belə mətin idi. Bu xarakterdə formalaşmışdı. Bu cür möhkəm insan vətənin də keşiyində duracaq, torpağını da azad edəcək. Baxın, ermənilərə o qorxaqlıqla lap zəncirlə torpağa bağla, yenə mübarizə apara bilməyəcəklər . Amma Azərbaycanın mərd əsgəri sonadək döyüş nöqtəsində qalacaq.
- Qəhrəman atası kimi Cəbrayıla, Füzuliyə, Xudafərin körpüsünə bayrağımızı sancan Azərbaycan əsgərinə nə arzuayırsınız?
- Allah cəbhədəki bütün oğullarımızı qorusun. Mən Azərbaycan əsgərinə Cəbrayılın atası kimi müracət edirəm. Cəbrayılın şəhid olması o demək deyil ki, bütün əsgərlərimiz şəhid olmalıdır. Müəyyən qədər şəhidimiz olacaq. Amma əsgərlərimiz ölümə can atmasınlar. Vətən üçün ölmək yox, qəhrəman kimi döyüşüb, evə dönmək lazımdır. Qələbə bayramını qeyd etmək lazımdır. Ordumuza ancaq can sağlığı, qüvvə arzulayıram ki, qəhrəman kimi valideynlərinin yanına gəlsinlər. Canlı qəhrəmanlarımız çox olsun. Şəhid də ölmür. Sadəcə məqamı ora qədərmiş. Allah Vətənimizi qorusun!
- Cəbrayıl siz də dediyiniz kimi, körpə ömrü yaşayıb. Onunla bağlı hansı xoş xatirəni tez-tez xatırlayırsınız?
- 4 yaşı vardı. Kiçik toyuna hazırlaşırdıq. Elə hey deyirdi, mənə idman üslublu geyim almayın. Kişi şalvarı, kişi ayaqqabısı istəyirəm. Düşünürdüm ki, bu uşağın boyuna bax, sərt kişi xarakterinə bax. Nənə, baba sevgisi ilə böyüyüb. Bütün istəkləri yerinə yetirilirdi, amma yenə də hər şeydə ədəbini qoruyurdu. Heç vaxt qarşı gəlməzdi, kobud rəftar etməzdi.
- Dövlət bəy, ailənizdə narahatlığa səbəb olan məqam var. Buyurun, bölüşün.
- Xalqımdan kiçik xahişim var. Sosial şəbəkələrdə oğlumun adına ianə toplanılmasını durdurun. Biz bugün öz ordumuza kömək etməliyik. Cəbrayılın adında pul toplamasın heç kim. Mənim pula ehtiyacım yoxdur. Oğluma ev də almışdım. Düzdür, yaşamaq qismət olmadı. Amma rica edirəm, şəhidin adından istifadə olunmasın. Yenə də qeyd edirəm, istəyənlər həmin pulu ordumuzun hesabına köçürsün. Cəbrayıl özündən sonra övlad qoyub getməyib. Belə addımlara ehtiyac yoxdur. O, Vətənin igidi idi. Əminəm ki, xatirəsi hər zaman yaşayacaq.
Leyla Sarabi,
Foto: Pərviz Həşimi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO