Alman alimdən erməniləri dəstəkləyən ölkələrə böyük dərs: Qarabağda heç vaxt... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Alman alimdən erməniləri dəstəkləyən ölkələrə böyük dərs: Qarabağda heç vaxt... - MÜSAHİBƏ

Bu gün Bərdədə, Gəncədə təkrarlanan Xocalı zülmünə humanist Avropa, beynəlxalq hüquq təşkilatları göz yumur. Erməni işğalçılıq siyasətinə xüsusən də Almaniyanın səssiz qaldığı bir dövrdə alman alim Mixail Hess etirazını bildirib.

Azərbaycan tarixi və ədəbiyyatı haqda araşdırmaları ilə tanınan cənab Hess alman xalqına və mətbuatına geniş müraciət ünvanlayıb.

Bu barədə Publika.az-a müsahibə verən alim bir sıra məqama aydınlıq gətirib.

- Cənab Hess, təəssüf ki, bir çox elm adamları tarixi kobud şəkildə təhrif edən ermənilərə tərəfdaşlıq edir. Dağlıq Qarabağ münaqişəsini ilk dəfə hansı mənbələrdən əldə etmisiniz?

-1994-cü ilin sentyabrından etibarən Azərbaycan və Ermənistan arasında qanlı müharibə başlayır. Bu haqda məlumat əldə etmək üçün öncə alman mənbələrinə üz tutdum. Uzun araşdırmalardan sonra gördüm ki, Azərbaycanın aqressiv savaş apardığı qabardılır. Hətta bu müharibə xristian ermənilərin 1915-ci ildəki soyqırımının davamı kimi təqdim olunurdu. Minlərlə dinc azərbaycanlının vəhşicəsinə öldürülməsi, 1 milyona yaxın insanın doğulduğu torpaqlardan qovulması faktı ilə bu yalan informasiya heç düz mütənasib gəlmir. Halbuki, 1989-cu ildə təkcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin sayı 40 mindən çox olub. Bu gün həmin ərazinin yerli sakinləri olan azərbaycanlıların yerində ermənilər yaşayır.

- İşğalçı qonşumuz özünü belə Dağlıq Qarabağın erməni əraziləri olduğuna inandırıb.

- Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisidir. Hələ 1747-ci ildə Qarabağ xanlığının əsası qoyulub. Yenə xatırladıram, bu ərazi müsəlman torpaqları olub. Lakin azərbaycanlılarla yanaşı, digər etnik azlıqlar da yaşayıb. 1823-cü ildə xanlıq çar Rusiyası tərəfindən süquta yetiriləndən sonra buraya ermənilərin köçürülməsi başlanılır. Qarabağda heç vaxt erməni dövləti olmayıb. 19-cu əsrin əvvəllərindən başlayaraq bağlanmış Türkmənçay (1828-ci ilin fevralı), Ədirnə (1829) müqavilələri də ruslara İran və Osmanlı ərazisində yaşayan ermənilərin Cənubi Qafqazda, o cümlədən Dağlıq Qarabağda məskunlaşdırılmasına imkan yaratdı.

- Bildiyiniz kimi, Azərbaycan savaşı öz tarixi torpağında, öz ərazisini azad etmək üçün aparır. Erməni terrorçularının dinc əhalimizə zülmü isə bitmək bilmir...

- 1915-ci ildə Osmanlı imperiyasında erməni soyqırımının baş verdiyini iddia edən ermənilər bu gün də ikinci erməni genosidinin baş verdiyini bəhanə gətirib dünyanı təlaşda saxlamaq istəyirlər. Lakin tarixin bu təfsiri nə dərəcədə doğrudur? 1988-ci ildən başlayan qanlı Dağlıq Qarabağ münaqişəsini ikinci erməni soyqırımı adlandırmaq məntiqlidirmi? Hətta illər boyu dırnaqarası erməni elitası bu yanlış propaqandanı apararaq intiqam ruhlarını diri saxlayır. Axı, Qarabağ heç vaxt erməni ərazisi olmayıb. Bu motivasiya kökündən yanlışdır. Sizə bir məqam açıqlayım. Erməni təcavüzkar qüvvələrinin işğalçılıq siyasəti çox vaxt heç öz xalqları tərəfindən də isti qarşılanmayıb. Məsələn, 1993-cü ildə Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Monte Melkonyanın dəstələrinə qarşı çıxaraq "yetər, geri qayıdın, biz bu torpaqlarda müharibə istəmirik" deyirdilər. Millətinin maraqlarını qoruyan Suren Ayvazyan kimi psevdointellektual ermənilər öz xalqlarının tarixini təhrif edərək həmvətənlərini terrorçuluğa sövq edirdilər. Zori Balayan kimi qatillər nifrət dolu nitqləri ilə dinc əhalini qətlə yetirirdilər. Azərbaycanlılar ötən əsrin 90-cı illərində soyqırıma səbəb olacaq heç nə etmirdilər axı... 75 ilin kini bir xalqa nə dərəcədə haqq verə bilər ki, nifrətlə başqa bir ölkənin ərazisini işğal etsin? Və bu yolda terrorçu qüvvələrin xidmətindən yararlansın. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər dinc əhali vəhşicəsinə qətlə yetirilib. Bu tarixi fakt ermənilərə haqq qazandırırmı? Terrorçu döyüşçülər uşaqları, qadınları, qocaları min bir zülmlə öldürüblər.

- Təəssüf ki, Alman mediası tarixin əsl üzünü işıqlandırmaqdan çəkinir. Belə mürəkkəb məqamda yanımızda olduğunuz üçün təşəkkür edirəm.

- Bu gün Almaniya əlində xristianlığı və Qərbin dəyərlərini bayraq edib, Ermənistanı dəstəkləyir. Yaxşı, gəlin, alman jurnalistlərə bir sual ünvanlayaq. Madam ki, bu münaqişə dini xarakter daşıyır, bəs niyə İran Azərbaycanın deyil, Ermənistanın yanındadır? Hər kəsdən obyektiv və vicdanlı yanaşma tələb edirəm. Azərbaycan xalqı ümidi itirməsin. Öz torpaqlarınıza qayıdacağınız gün yaxındır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm