Norveçdə erməni saxtakarlığı ilə mübarizə aparan cənublu soydaşımızın Xudafərin həsrəti: “28 ildir atam...”
Bizi izləyin

Xüsusi

Norveçdə erməni saxtakarlığı ilə mübarizə aparan cənublu soydaşımızın Xudafərin həsrəti: “28 ildir atam...”

Norveçdəki “Can Azərbaycan” diaspor təşkilatının sədri, “Shervin Najafpur” moda evinin təsisçisi Şervin Nəcəfpur bir neçə gün öncə Azərbaycan icmasının üzvləri ilə birlikdə Oslonun mərkəzində yerləşən krallığın parlament binasının qarşısında azərbaycanlılarla yanaşı, Türkiyənin Norveçdəki səfiri Fazlı Çorman, habelə Türkiyə, Pakistan, Somali və İsrail diasporunun üzvlərinin iştirak etdiyi icazəli etiraz aksiyasından danışıb.

Əslən cənubi azərbaycanlı olan Şervin Nəcəfpur Publika.az-a müsahibəsində qeyd edib ki, Xudafərinin işğaldan azad olunması xəbərini göz yaşları ilə izləyib, çünki bu tarixi abidə dünya azərbaycanlılarının birliyinin rəmzidir.

- Şervin xanım, sizdən ilk dəfə müsahibə alanda söyləmişdiniz ki, Dağlıq Qarabağ münaqişəsində rəsmi Norveçin mövqeyi Azərbaycandan yana deyil. O gündən bəri nə dəyişib?

- Norveç Krallığı BMT-nin qərarını dəstəkləyir, lakin Norveçin bizə qarşı münasibəti arzuladığımız kimi deyil. Bunu bütün əməlləriylə göstərirlər. Biz bazar günü çox uğurlu aksiya keçirsək də, dünən Norveç XİN-i bəyanat verib ki, Qarabağdakı sivillərə 17 milyon Norveç kronu, təxminən 1,7 milyon avro humanitar yardım edəcəklər, erməni uşaqları isə Ermənistana, Qoris şəhərinə göndəriləcək! Bununla bir daha aydın oldu ki, Norveç rəsmiləri Ermənistan yalanlarına inanmağa davam edir.

- Ümumiyyətlə, Norveçin Ermənistanı dəstəkləməsinin səbəbini nədə görürsünüz? Niyə norveçlilər real tarixi faktlara deyil, erməni yalanlarına söykənirlər?

- Norveçdə bir neçə diaspor rəhbəri deyir ki, ermənilərin lobbisi Norveçdə zəifdir. Lakin həmin şəxslərdən soruşuram, diasporları zəifdirsə, necə olur ki, yuxarıda qeyd etdiyim humanitar yardımlar baş tutur? Deməli, bu, onu göstərir ki, əslində Norveçdəki Azərbaycan diasporumuz ermənilərdən zəifdir.

Biz CAN təşkilatı olaraq müharibə xəbərini alar-almaz öz etirazlarımızı bildirdik, bir neçə rəsmi görüşlərimiz baş tutdu. Müharibənin 18-ci günündə çox dəyərli ailə dostumuz Könül xanım Bağırovanın sosial şəbəkədə bölüşdüyü bir çağırışını gördükdən sonra idarə heyətimizə Azərbaycan cəmiyyətinin aksiya keçirməyi planlaşdırması barədə müraciət etdim. Digər təşkilatlar bəhanələr yaratsa da, icazəni alıb icmamıza dəstək olmaq arzumuzu reallaşdırdıq. Nə yaxşı ki, biz CAN olaraq müqəddəs Vətən borcumuzu layiqli şəkildə ödədik!

- Osloda yaşayan azərbaycanlıların parlament binası qarşısında keçirdiyi etiraz aksiyasının təşəbbüskarı rəhbəri olduğunuz CAN təşkilatıdır. İstərdim ki, bu barədə məlumat verəsiniz. Necə qarşılandı?

- Böyük qürur hissi keçirirəm, axırıncı dəfə belə birliyi Norveçdə 10-12 il bundan əvvəl yaşamışdıq. Bir çox həmyerlilərimiz illər sonra bir araya gəldi, bizim idarə həyətinin dəyərli üzvü Lalə Cahid bunun adını “Oyanış” qoyub. Biz aksiyanı təşkil edərkən burada yaşayan həmyerlilərimizə səsləndik ki, gəlin əl-ələ verək, birliyimizi ortaya qoyaq, çünki bizi güclü edən milli birliyimizdir. Bir çox həmyerlilərimiz bizə qoşuldu, lakin aksiyanı həyata keçirmək asan olmadı. Hər halda bizim iradəmizi kimsə sındıra bilmədi.

Başda Norveçdəki Türkiyə böyükelçisi Fazlı bəy Çormana, Baş katib Aytaç Özkütükə, Barbaros bəyə və Böyükelçilik əməkdaşlarına öz dərin təşəkkürlərimi bir daha dilə gətirmək istəyirəm ki, hər zaman olduğu kimi CAN Azərbaycana öz dəstəklərini göstərdilər. Bizi bu günə kimi əsla tək qoymayan dəyərli səfirimiz bizə dəstək oldu, onun iştirakı bizi daha da ruhlandırdı, mitinqimizdə iştirakları bizim üçün böyük şərəfdir. Bununla hamımızın başını ucaltdılar. Nə xoşbəxt türkəm deyənə! Yeri gəlmişkən, aksiyada Türkiyə, Norveç, Pakistan, Çeçenistan, Somali, İsrail, Albaniya, Makedoniya, Sintszyan-Uyğur, Ukrayna və Çin diasporunun üzvləri də bizə qoşulmuşdu.

Məndən əlavə, Norveçdəki Türkiyə federasiya sədri Hatiçe Luk, Norveç qəzetinin üzr istədiyi türk əsilli yazıçı Sercan Leylek, Pakistan əsilli gənc siyasətçi Arina Şeyx, Pakistan əsilli BMT nümayəndəsi Neha İkram, Azərbaycan əsilli hüquqşünas Vəfa Bakkalar, İsa Sadıqov aksiyada çıxış etdi. Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini raket və artilleriya qurğularından intensiv atəşə tutmasına qarşı hamılıqla öz etirazımızı dilə gətirdik. Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səslədik.

Çıxışlarda qeyd edildi ki, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktları Ermənistanın təcavüzkar siyasətinin davamıdır. Aksiyada Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində mülki əhalini istifadəsi qadağan olunan kaset bombalar vasitəsilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verildi.

- Azərbaycan həqiqətlərini dünyaya çatdıran nüfuzlu media orqanları və onların jurnalistləri, siyasətçilər bu gün erməni diasporunun ciddi təzyiqləri ilə üzləşir, hətta ölüm təhdidi belə olunur. Dünənki aksiyada mane olmağa çalışan ermənilər oldumu?

- Bu xəbərləri təəssüf hissiylə eşidirik... Biz Norveçdə aksiya ilə bağlı heç bir problem və narahatlıq yaşamadıq.

- Bir çox politoloqların sözlərinə görə, ermənilər xüsusilə xaricdə yaşayan azərbaycanlılara qarşı terror hadisələri törədə bilər. Buna baxmayaraq, bütün dünya azərbaycanlıları Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün səfərbər olub. O cümlədən siz də. Təzyiq və təhdidlər sizi qorxutmur?

- Bizim işimiz HAQQ işidir, bu mübarizədə yanımızda olan dostlarımızı da, düşmənlərimizi də çox yaxşı tanıyırıq. Dostlarım deyir ki, ictimai xadimsən, ehtiyatlı ol. Amma yaxından tanıyan hər kəs mənim dəli cəsarətimlə tanışdır. Qorxum yoxdur, qorxum olsaydı, “Antalya Fashion Week”də keçən il atmış olduğum addımı atmazdım.

Dəfələrlə rəsmi qurumlara bildirmişəm ki, Norveçdəki azərbaycanlıların başına bir hadisə gəlsə, bunun məsuliyyətini ermənilər, kürd terror qrupları və Norveç polisi daşıyır! Çünki bizi qorumaq Norveç polisinin vəzifəsidir!

Məni çox narahat edən məqam azyaşlı uşaqlarımızdır, onlar özlərini qoruya bilmirlər. Məktəblərdə bullinqə məruz qalırlar, bununla bağlı bir çox həmyerlilərimizdən məlumat əldə etmişəm. Biz bunu Norveçin Xariçi İşlər Nazirliyinə və Milli Məclis üzvlərinə də bildirmişik.

- Cənubi azərbaycanlı kimi istərdim ki, Xudafərin ərazisinin düşmən işğalından azad olunması barədə təəssüratlarınızı bölüşəsiniz. Cənublu soydaşlarımız göz yaşlarını saxlaya bilmirdi...

- Azərbaycan türkləri tarix boyu müxtəlif siyasi-hərbi münaqişlərə cəlb olunub, xüsusi ilə Türkmənçay və Gülüstan müqavilələri nəticəsində bir çox ərazilərimiz böyük dövlətlər arasında bölündü. Azərbaycan türklərinin ən qanlı səhifələri buradan başlayır, tariximizin hər səhifəsində erməni terrorçularının qan izi var!

Xudafərin körpüsü bütöv Azərbaycanımızın və 50 milyon dünya azərbaycanlılarının birliyinin rəmzidir, bu, bizə 1989-cu ilin 31 dekabr tarixi hadisələrini xatırlatdı. Ali Baş Komandanın tvitini oxuyan kimi sevinc göz yaşlarına hakim ola bilmədim, təkrar-təkrar oxudum. Qısa müddət sonra Urmudan bir qohumum GünAz TV-dən mənə videolar göndərdi. Videoda izlədiyim orta yaşlı kişinin sevinc göz yaşları ürəyimi param-parça etdi, sözləri qəlbimə elə toxundu ki, o an hönkür-hönkür ağlamağa başladım, çünki onun hissləri mənə çox tanışdır, 28 ildir atamın gözündə gördüyüm həsrətdir... Anamla, bütün qohumlarımla saatlarla telefonda danışıb sevincdən ağladıq. Nə xoşbəxt bizə ki, bu günləri yaşamaq bizə də nəsib oldu. Səbirsizliklə atamla birgə Xudafərin körpüsünə gedəcəyim günü gözləyirəm, atam 42 ildir, mən isə 13 ildir Cənuba gedə bilmirik.

- Sizcə, bu mübarizənin sonunda bizi nə gözləyir?

- Bütün qəlbimlə inanıram ki, biz zəfər bayramını əzəli tarixi torpaqlarımızda qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xanım demişkən, Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşidəcək və səsləndirəcəyik!

Biz bir daha dostlarımızı da, düşmənlərimizi də çox yaxşı tanıdıq. Bundan sonra ancaq bizi zəfər şüarları gözləyir!

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm