Xüsusi
Bu, bütün dünya üçün çox gözəl dərs oldu - Türkiyəli iş qadını ilə MÜSAHİBƏ
Azərbaycanın qələbəsi bizim qürurumuzdur.
Bu fikirləri Publika.az-a müsahibəsində türkiyəli iş qadını, fəaliyyəti ilə daim Azərbaycana dəstək olan Eda Meltem Yılmaz bildirib.
- Eda xanım, antalyalısınız?
- Bəli, Antalyada dünyaya gəlmişəm. 20 ildir ki, moda sektorunda çalışıram. 10 ildir ki, öz şirkətimi qurmuşam. Son 3 il ərzində Antalya Moda Həftəsi kimi böyükmiqyaslı tədbirləri, eləcə də Türkiyənin digər moda layihələrinin nümayişlərini təşkil edirəm. Pandemiya bütün sektorların dizini çökdürdü desək belə, baş verənləri ifadə etməkdə yenə acizik.
- Bəs moda sahəsi bu ağır müddətdə hansı yollarla ayaqda qalır?
- Çox ağır günlər yaşandı. Bu durğunluq hələ də davam edir. 2020-ci ilin mart ayında son moda nümayişi tədbirimiz gerçəkləşdi. Bir neçə gün sonra isə pandemiya şəraiti elan olundu. Biz də ev-ofis tərzində çalışmağa başladıq. Böyük tədbirlərin, qapalı məkanda toplantıların təşkilinə qadağa qoyuldu. Həyat yoldaşım Ehat Lekoviç moda fotoqrafıdır. Odur ki, yalnız yeni kolleksiyaların fotolarını çəkməklə məşğul olduq. Təbii ki, tədbirlərin keçirilməsinə icazə verilmədiyi üçün yalnız onlayn satış saytları fəaliyyət göstərməyə başladı. Yəni işimiz yalnız fotobiznesdən ibarət oldu. Yayın sonunda pandemiya xəfiflədiyi üçün açıq hava tədbirləri təşkil etməyə davam etdik. Ümumiyyətlə, elə durğun dövrdür ki, modelyer-dizaynerlər yeni kolleksiyalar hazırlamırlar. Güc yalnız onlayn satışlara yönəlib. Sırf bu səbəbdən fəaliyyətimizi fotobiznesə səfərbər etmişik.
- Həyat yoldaşınızın həm adı, həm də sizinlə birgə çalışmağı diqqətimi çəkdi...
- Bəli, həm də şirkətimin ortağıdır. İş səyahətlərinin birində tanış olmuşuq. O, bosniyalıdır. Belqrad Moda Həftəsində birgə çalışdıq. Sonra Türkiyəyə gəldi və bir müddət sonra ailə qurduq. Əslində bu, çox gözəldir. Həm şəxsi həyatında, həm də fəaliyyətində arxalana biləcəyin doğman olduğundan əminsən. Pis tərəfləri də odur ki, iş prosesində həddən çox tələbkaram. Hər şeyi ən xırda detallarına qədər bilməliyəm. Dəvət olunan hər kəs haqda məlumatım olmalıdır. Həyat yoldaşımsa bu mövzuda daha rahatdır. Bəlkə elə bununla da bir-birimizi tamamlayırıq. Digər həssas məqam da odur ki, birimiz evdə qalanda, digərimiz mütləq işdə olmalıyıq. Birgə keçirəcəyimiz zamanımız məhduddur. Birgə tətil, səyahət bu durum üçün çox yad anlayışdır. Amma ümumiyyətlə, götürsək, çox xoşbəxtik.
- Eda xanım, pandemiya müddətində həm də onu anladıq ki, brend geyimlər, bahalı çantalar həyatımızı qurtarmaq gücünə malik deyil.
- Elə sırf bu səbəbdən modanın taleyi tamamilə başqa məcraya yönəlib. Daha rahat, daha keyfiyyətli parçalara önəm verməyə başlamışıq. Bir növ bohem stilə keçid etmişik. Bu stil yüngül, gündəlik geyimlərdən ibarətdir. Artıq bütün dizaynerlər tünd rənglərdən qaçırlar. Daha açıq, işıqlı çalarlara üstünlük verirlər. Yəqin fikir vermisiniz, artıq əynimizdəki paltarın cazibəsi deyil, keyfiyyəti ilə maraqlanmağa başlamışıq. Bu, bütün dünya üçün çox gözəl dərs oldu. Maraqlı məqam da odur ki, qadınlar maskalarını da, əlcəklərini də geyimlərinə uyğun seçməyə başlayıblar.
- Nə qədər rahat, rəngarəng geyimlərə bürünsək də, ev həbsinin stressi azalmır ki, azalmır...
- Yaz və yayın ilk aylarını evdə keçirdik. Sonra vəziyyət bir az yüngülləşdi. İndi yenidən küçəyə çıxmaq imkanımız limitlidir. Dostlarımla danışanda da hamısına bir şey tövsiyə edirəm. Bəli, hər gün evdə olmaq ilk günlər tam rahatlığınızı təmin edir. Zaman keçdikcə, ev həyatımız vərdişə çevrildikcə, depressiyaya düşürük. Xüsusən də mənim kimi gününün 14-15 saatını ofisdə olan qadınlar üçün sutka boyu ev şəraiti dözülməz hala gəlib çatır. Bizim kimi iş qadınları özünü daha yaxşı hiss etməkdən ötrü mütləq evdən çıxmalıdır. Hesab edirəm ki, hər səhər oyananda, iş geyimi ilə ev bohemliyinin arasında qızıl nöqtədə görüşə bilərik. Xəfif gündəlik makiyaj edib, canımızı evin ifrat azadlığından qurtara bilərik. İnanın ki, güzgüyə baxanda əksimizdən daha çox zövq alacağıq. Gördüyünüz kimi bu müddətdə idman tərzli geyimlər daha çox dəbdə oldu. Qarderobumuzu belə dəstlərlə zənginləşdirə bilərik. Biz pandemiyadan öncə moda təşkilatları ilə birgə maraqlı layihələr həyata keçirirdik. Böyük ticarət mərkəzlərində qadınların əl işlərindən ibarət stendlər qururduq. Eyni şeyi yeknəsəklikdən bezən xanımlara da məsləhət görürəm. Köhnə paltarlarınıza yüngül toxunuşlar edə, lazımsız parçalardan çantalar tikə bilərsiniz. Dizaynerlərin 2021-ci il üçün hazırladıqları geyim kolleksiyasının açıq rənglərdən ibarət olduğunu görürük. Bu da bir növ əhvalınızı yüksək tutmağa xidmət edir. Bundan başqa idman üslublu geyimlər artıq dünyanın hər yerində hakimiyyəti ələ alıb. Hələ ki, xüsusi uzunmüddətli kolleksiyalar gündəmə gəlmir. Daha çox təbiətə qayğı, sevgi prinsipləri üstün tutulur. Çünki bildiyiniz kimi, pandemiya bizə təbiətin qeydinə qalmağı öyrətdi. Öyrəndik ki, nə qədər texnologiyaya bağlı olsaq da, dərdimizin dərmanı təbiətdən gəlir. 100 faiz pambıq materialdan hazırlanan parçalar istifadə olunmağa başlandı. Neft və digər tərkibli materiallar əksər dizaynerlərin kolleksiyasında artıq yer almır. Bu da çox gözəldir.
- Əzizim, Qarabağa, Azərbaycana hər zaman dəstəksiniz. Bu faktı fəaliyyətinizlə də sübut edirsiniz. Əminəm ki, qələbəmizə də bizim qədər sevindiniz.
- Çox uzun müddətdir Qarabağla bağlı bütün yenilikləri təqib edirik. Bütün dünyanın gözü önündə belə qəddar işğalın yaşanması və beynəlxalq ictimaiyyətin buna səssiz qalmağı bizi çox üzürdü. Hətta 2019-cu ildə təşkil etdiyim Antalya Moda Həftəsinə iki azərbaycanlı dizaynerin - Fəxriyyə Xələfova və Şervin Nəcəfpurun kolleksiyası da qoşuldu. Şervin "Mən ulduzam" kolleksiyasında "Evimə geri dönmək istəyirəm" şüarı ilə geyimlər nümayiş etdirdi. Tədbirdən öncə bu mövzuda söhbətimiz oldu. Ona yanında olduğumu, ideyasını dəstəklədiyimi bildirdim. Axı Antalya çoxmillətli şəhərdir. Səsimizi eşitdirmək üçün əla fürsət yaranmışdı. Xüsusən də Antalya Moda Həftəsinə hər il 5 min nəfər qatılır. Onların 3 mini fərqli ölkələrin nümayəndələridir. Nə dərəcədə yardım etdim, deyə bilmərəm.Tək onu deyə bilərəm ki, bir millət, iki dövlətik. Azərbaycanın zəfəri bizim qürurumuzdur. Tezliklə Şuşada beynəlxalq moda həftələri təşkil edəcəyimiz günü səbirsizliklə gözləyirəm.
Leyla Sarabi
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var