Bütün yüksək dəyərləri İslam dinində tapdım - Məşhur fransızla ÖZƏL MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Bütün yüksək dəyərləri İslam dinində tapdım - Məşhur fransızla ÖZƏL MÜSAHİBƏ

"Şəxsən bütün yüksək dəyərləri İslam dinində tapdım. Amma söhbət insanların məkrli əməllərinin İslam adı verdikləri qaranlıq şoudan getmir".

Bu sözləri Publika.az-a özəl müsahibəsində "Musulmans en France" media qurumunun rəhbəri Jan Mişel Brün bildirib.

Onunla müsahibəni təqdim edirik:

- Cənab Brün, tam səmimi deyirəm, son günlərdə tanıdığım ən maraqlı insanlardan birisiniz. İstərdim ki, bu zövqü oxucularımız da dadsın.

- Əslində iqtisadçıyam. Hətta bu sahə üzrə doktorantura təhsilini də tamamlamışam. Bir vaxtlar çox məsum idim. Düşünürdüm ki, dünyanı yalnız iqtisadiyyatın qeydinə qalaraq qurtara bilərik. Bir gün anladım ki, iqtisadiyyat xəstəlikdən qeyri bir şey deyil. Film çəkməyə başladım. Çünki həqiqəti söyləməyin yeganə yolu onu göstərməkdir. Beyrutda qızğın vətəndaş müharibəsi başlandı. Həmin vaxt mən də təsadüfən fotokameramla orada idim. Tale belə gətirdi ki, hərbi müxbir kimi Beyrutda qaldım. Qısa müddətdə Yaxın Şərq üzrə müxbir kimi çalışmağa başladım. İsrail-Fələstin, Suriya, Qərbi Saxara, İraq, İran, Əfqanıstan kimi ölkələrdə müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırladım. Artıq Fransanın ikinci nəhəng media qurumu olan "Sunset Press"in əməkdaşı idim. Lakin ailə vəziyyətimlə bağlı müharibə bölgələrindən uzaqlaşıb, evimə dönməli oldum. Daha sakit fəaliyyət növü seçdim. Ötən il yenidən mətbuata döndüm. Müsəlmanların Fransada səsi olmağa qərar verdim. Təəssüf ki, bu gün müsəlmanlar Fransa hakimiyyətinin diskriminasiyasının qurbanına çevriliblər.

- Doğrudur, hələ üstəlik pandemiya bəlası da planetdə çaxnaşma yaradıb.

- Son aylar dünyanın diqqət mərkəzində pandemiya problemidir. Ümid edirdim ki, bu bəla insanları bir cəbhəyə toplamağa, həmrəy etməyə nail olacaq. Amma mənim ölkəmdə tam əksi baş verdi. Polis bölmələrinin qaynar xətləri qonşularını mənasız səbəblər ucbatından şikayət edən, satıcıları fırıldaqçılıqda günahlandıran alıcıların zənglərindən susmadı. Alman işğalı dövründəki boz günlərə geri döndük. İnsanlar bir-birinin gözündə virus yayan potensial düşmənə çevrildi. Hamı qarşısındakını görüb 10 addım uzağa qaçmağa başladı. Təəssüf ki, pandemiya içimizdəki mərhəməti üzə çıxarmaqdansa, ən pis keyfiyyətlərimizi qabartdı.

- Səbəb?

- Çünki siyasət yenə öz sərt sözünü dedi. "Ulduzların savaşı" filmində də deyildiyi kimi, qorxu şər qüvvələrin qapısının açarıdır. Əgər radio, televiziya, onlayn media bütün gün sizə qəbul etdirilən yeni reallıqla razılaşmasanız, həm özünüzün, həm də doğmalarınızın ölümünə səbəb olacaqsınız deyə bağırırsa, sakitliyinizi, içinizdəki harmoniyanı necə qoruya bilərsiniz? Filosof Barbara Ştayqlerin çox gözəl ifadəsi var: "Biz cəmiyyətimizin idarə etdiyi neoliberalizm mərhələsinə qədəm qoymuşuq. Fərdlərin razılığına nail olmaq yerinə neoliberalizm bizi əsarətində saxlayır. Bu hal insanlarda mövcud reallıqla barışıb boyun əyməkdən başqa seçim qoymur. Bir növ psixi sarsıntıya çevrilir.

- Şəxsən özünüzü sarsılmış hiss edirsiniz, yoxsa mövcud durumu qiymətləndirə biləcək qədər ayıqsınız?

- Onu deyə bilərəm ki, bu virus həyatımı çox dəyişib. Hind quruların "kali yuqa" adlandırdığı ən zülmət nöqtədəyik. Daha doğrusu kəmiyyətin keyfiyyəti üstələdiyi məqamdayıq. İdeyalarımızın məna yükü sözlərimizdən ağır olmalıdır. Səbəb nə olursa olsun, bütün çətin vəziyyətlərdən mənəviyyatımız qalib çıxmalıdır. Dünyanı bürüyən qlobal problemlər həyatımızı xaosa çevirməməlidir. Xüsusən də bu çətin günlərdə həyatımızın mənasını yalnız bu yolla tapa bilərik. Fransanın sabiq mədəniyyət naziri Andre Malrodan sitat deyəcəm: "21-ci əsrdə mənəviyyatımızı ya tapacağıq, ya da itirəcəyik". Nəyi nəzərdə tutduğunu indi anlamağa başlayıram.

- Axı həyatın mənasını axtarmadan yaşamaq çox ağırdır?

- Yalnız insan və materiyaya inananlar hər zaman azadlıq, bərabərlik, qardaşlığa can atdıqlarını sübut etməyə çalışırlar. Lakin qəlblərində ali sevgi, mərhəmət, ilahi həqiqətə ucalmaq istəyi yoxdursa, sonsuz və anlamsız varlıq kimi dünyadan köçürlər. Sadaladığım dəyərlərdən məhrum olanların dilindən eşitdiyimiz lozunqlar daş heykəldən başqa bir şey deyil. Bir-birimizi didib, şöhrətə can atırıqsa, yaşamağa ömrümüz çatmayacaq evlər tikdirmək üçün varlanıb, ruhumuzun kasıblığına yol açırıqsa, hansı mənalı həyatdan bəhs edirik?!

- Bəs sizcə, dünyəvi dinlər bir gün öz aktuallığını itirə bilər?

- Əksinə, düşünürəm ki, dindən aktual heç nə yoxdur. Təəssüf ki, bu gün Fransa cəmiyyəti xüsusən də İslam dininin özündə cəm etdiyi yüksək dəyərlərdən məhrumdur. Amma onu da deyim ki, İslama üz tutan gənclərimiz də az deyil. Çünki bu din ən yüksək mənəvi dəyərləri, səbri, sevgini, birliyi, humanizmi aşılayır. Dinləri itələmək, qara yaxmaq yerinə hamısından faydalana bilərik. Bunun üçün də müqəddəs kitabların dediyindən agah olmalıyıq. Yeni səhifələr açmaqdan qorxmayın. Unutmayın, doqmatizmdən dəhşətli nəsə yoxdur. Şəxsən bütün yüksək dəyərləri İslam dinində tapdım. Amma diqqət edin, söhbət insanların məkrli əməllərinin İslam adı verdikləri qaranlıq şoudan getmir. İslam mayakdır, qadağalar toplusu deyil. Mayakımızı tapana qədər isə daim axtarışda olmalıyıq.

- Bəşəriyyətin xilası əlinizdə olsaydı, insanlara hansı üstün keyfiyyəti aşılayardınız?

- İnsanı cəhalətdən yalnız öyrənmək xilas edə bilər. Bilgisizlik qorxu, dəhşət, nifrət yaradır. Fransaya fikir verin. İslam haqda savadsızlıq insanlarda müsəlmanlara qarşı sönməyən nifrət oyadıb. Azərbaycanla Ermənistan arasındakı müharibənin əsl səbəbini bilmədən, kor-koranə erməniləri dəstəkləyirlər. Çünki savadsız insan öz uydurmalarının quludur. Hər birimizin əsas borcu var. Bilmədiklərimizi öyrənib, bilməyənlərə də öyrətmək. İnanın, ən gözəl humanitar yardım ərtafımıza savad verməkdir. Məktəb, teatr binaları tikməliyik, kitablar nəşr etməliyik. Bu təbliğatda jurnalistlər böyük rol oynamalıdır.

- Ölümünüzdən sonra xatırlanmamaqdan qorxursunuz?

- Sözün açığı bu mənim üçün önəmli deyil. Heç bu haqda düşünməmişəm. Məzarlığın ən məşhur ölüsü olmağa can atmaq absurd arzudur. Vacib məqam bilirsiniz nədir? Bu dünyada var olduğumuz qısa müddət ərzində insanların taleyini yaxşılaşdırmağa can atmaq. Bu, bir məqamlıq düşüncə deyil. Hər kəsin həyat prinsipinə çevrilməlidir. Hər gecə özümüzə iki sual verməliyik - Bu gün özüm üçün nə etdim? Bu gün başqaları üçün nə etdim?

- Təyyarədəki oksigen balonu prinsipi.

- Eynən. Özümüzə yardım etmədən ətrafımızın əlindən tutub quyudan çıxara bilmərik. Ən böyük kömək xoş rəftardır, kiminsə tənhalığını bəzəməkdir.

- Azərbaycanın haqq səsini Fransada ucaldan əziz dostumuz, əlimizdən tutduğunuz üçün minnətdaram!

- Əlcəzair əsilli fransız mütəfəkkir Pier Rabinin söylədiyi pritçanı bölüşüm. Bir gün meşədə dəhşətli yanğın başlayır. Fillər çaydan xortumlarına su doldurub gətirirlər, digər heyvanlar yanğını pəncələri ilə söndürməyə can atırlar. Elə bu məqamda meşənin ən xırda quşu sayılan milçəkquşu lap balaca dimdiyinə bir damcı su alıb, yanğının üstünə tökməyə başlayır. Bunu görən fil istehza ilə gülür: - Sən bu yolla yanğını söndürəcəksən? Milçəkquşu sakitcə cavab verir: - Mən əlimdən gələni etməyə çalışıram! Baxın, mənim də missiyam bundan ibarətdir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm