50 yaşı tamam olan Seyid Camal Əzimbəyli: "İlham Əliyevə sonsuz minnətdaram ki..."
Bizi izləyin

Xüsusi

50 yaşı tamam olan Seyid Camal Əzimbəyli: "İlham Əliyevə sonsuz minnətdaram ki..."

Fevralın 10-da 50 yaşını qeyd edəcək Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, "İnam" verilişinin ideya müəllifi və aparıcısı Seyid Camal Əzimbəyli hesab edir ki, daxili rahatlıq və ilahi müdriklik insana istənilən yaşda gələ bilər. Bu, bizim özünüdərk anlayışını nə qədər qavramağımızdan asılıdır. Beş ildir ki, aparıcısı olduğu “İnam” verilişinin çox böyük çətinliklərlə ərsəyə gəldiyini deyən şərqşünas Publika.az-a mühasibəsində ən böyük arzusunu da dilə gətirib.

- Bir neçə saatdan sonra 50 yaşınızı qeyd etməyə hazırlaşırsınız. Bu tarix sizin üçün hansı hadisələrlə əlamətdar oldu?

- Doğum şəhadətnaməsində başqa tarix qeyd olunsa da, həqiqi doğum tarixim fevral ayının 10-dadır. Dostlarımın bunu yaddaşında saxlaması vəfa göstəricisidir. 50 yaşın astanasında məni ilk siz yad etdiyiniz üçün təşəkkür edirəm.

Doğmalarının qəbirləri talanmış, viran olmuş yurdun sahibi və bir qarabağlı kimi Qarabağsız Azərbaycanda yaşamaq çox ağrılı idi. Şükürlər olsun ki, ilahi 50 yaşımda bir müjdə verdi, Qarabağın azadlığı uğrunda böyük mücadilələr verdik. Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə Şuşanın, Laçının və digər rayonların işğaldan azad olunması rəbbimin mənə ömrün bu çağında göndərdiyi bir ehsan oldu. Əlbəttə ki, 50 yaşım Vətənimin işğaldan azad olunması ilə yadda qaldı.

"Yeni Üfüq" Mənəvi irsin Təbliği İctimai Birliyinin yarandığı gündən həyat yoldaşım Sevinc Əzimbəyli ilə çiyin-çiyinə Vətənin bütövlüyü uğrunda şəhid olan yüzlərlə əsgərlərimizin ailərini ziyarət etmişik, eyni zamanda "Qarabağı unutmayaq" adlı onlarla layihələr həyata keçirmişik. Uca Yaradana çox minnətdaram ki, məhz bu layihələri həyat yoldaşımla birgə reallaşdırmıq mənə imkanını yaradıb. O, mənə təkcə həyat yoldaşı deyil, eyni zamanda dava yoldaşı, sirdaş, əsl dost olub. Bundan başqa 50 yaşımda övladlarımın elmə, dövlətinə, Vətənə, bayrağa bağlılığını görmək də qəlbimə ayrı bir fərəh verir.

50 yaşın tamamında rəhmətlik anamı, atamı tez-tez xatırlayıram... (kövrəlir) Onlara Allahdan rəhmət diləyirəm, ümid edirəm ki, torpaqlarımızın azadlığı, şəhidlərimizin qisasının alınması valideynlərimin ruhunu şad edib.

- Sizcə, dini mövzuda olan verilişlər cəmiyyətə nə qazandırır?

- Artıq 5 ildir ki, Space televiziyasında müəllifi olduğum “İnam” verilişinin aparıcısıyam. 5 il əvvəl verilişin layihəsini kanalın əvvəlki rəhbəri Vaqif Mustafayevə təqdim etmişdim. Sözügedən veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir.

İnanırdım ki, Qarabağ savaşı uzaqda deyil. Onu da bilirdim ki, cənab İlham Əliyev Qarabağsızlqla barışmayacaq. Hətta hər verilişin sonunda söyləyirdim ki, Ali Baş Komandanın Şuşadakı Gövhər Ağa məscidini ziyarət edəcəyi günə az qalıb. Gövhər Ağa məscidində azan səslənəcəyini deyəndə ictimai-siyasi fikir sahibləri, çox tanınmış adamlar belə canlı efirdən sonra mənə zəng edirdilər. Deyirdilər ki, Seyid çox inamla dua edirsən, səndə bu qədər inam haradandır, həqiqətənmi biz Şuşanı fəth edə biləcəyik? Ölkədə milli-mənəvi dəyərlərə köklənən verilişlərin olması, cəmiyyətin aydınlaşması və maariflənməsi baxımdan olduqca mühüm məsələdir. Biz bu yolda xidmətlərimizin olduğunu gördük.

200-ə yaxın şəhid və qazi ailəsini yad etmək imkanımız olub. Əksəriyyəti övladlarının “İnam” verilişinə baxdıqdan sonra şəhidliyə, vətənə cani-könüldən daha da bağlı olduqlarını söyləyirlər. Odur ki, apardığımız mücadilədə az da olsa bir xidmətimizin olması sevindirici haldır. Dini və milli kimliyimizin vəhdəti ilə yaşamayan, mənəvi dəyərləri ilə silahlanmayan Azərbaycan gəncinin və Azərbaycan insanın vətən eşqi natamamdır. Düşünürəm ki, mənəvi dəyərlərimizlə bağlı proqramların çoxalması Azərbaycan dövlətçiliyinin və milli təhlükəsizliyinin mühafizəsi qədər vacibdir.

“İnam” verilişi asanlıqla ərsəyə gəlməyib, zaman-zaman televiziyanın daxilində bizə müəyyən qadağalar edilib, hətta şəhidlərdən çox danışırsınız deyib bizi durdurmağa çalışmaq istəyənlər də olub. Keçmiş haqqında çox danışmaq istəmirəm. Hər halda ölkəmizdə milli-dini dəyərlərin həqiqi təəssübkeşi İlham Əliyev cənabları olduğuna inanaraq, biz bu layihəmizi uğurla həyata keçirməyi bacardıq. Ümumiyyətlə, “İnam” verilişinin görəcəyi böyük işlər hələ qarşıdadır. İnanıram ki, yeni rəhbərliklə “İnam” verilişini və onun auditoriyasını daha da böyüdə biləcəyik. Xalqın inamını qazanmış veriliş olaraq vətən, dövlət, din siyasətinin topluma aşılanması üçün daha böyük potensialımızı ortaya qoymağa çalışacağıq.

- Vaqif Mustafayevin gedişindən sonra Space kanalında hansı dəyişikliyin baş verməsi gözlənilir?

- Vaqif Mustafayev televiziya rəhbəri olaraq keçmişdə qaldı. Televiziyaya rəhbər təyin olunan şəxs orada böyük islahatlar həyata keçirməlidir. Yeni rəhbər kanalla bağlı ciddi problemlər var, onların aradan qaldırılması üçün xeyli əmək sərf etməyə məcbur olacaq. Düşünürəm ki, yeni rəhbər öz işini mükəmməl bilən mütəxəssislərə üstünlük verməyə və onlar üçün yaxşı şərait yaratmağa meyilli olmalıdır.

Hörmətli Sevil Əliyeva da müraciətində televiziyanın indiki vəziyyətə gəlib çıxmasından narahatdır, yüz minlərlə izləyicinin bu nigarançılığına şərik olduğunu bildirdi. Kanalın yeni rəhbəri dövlətimizin mənəvi dəyərlərə, televiziya peşəkarlığına göstərdiyi qayğıdan yaxşı mənadan məharətlə istifadə etsə, Space 15 il əvvəlki reytinq və keyfiyyət göstəricilərini yenidən qazana biləcək. Eyni zamanda biz də öz gücümüzü səfərbər etməyə hazırıq.

- Şəhid ailələrini ziyarət etdiyinizi dediniz. Sizcə, şəhid ailələrinə və qazilərimizə layiqli qayğı göstərilirmi?

- 30 ilə yaxındır ki, şəhid ailələri ilə işləyirəm. Qarabağ müharibəsinin aslanları olan qazilərlə qardaşlıq səviyyəsində münasibətim var. Elə bir gün yoxdur ki, şəhid ailələri və ya qazilərlə görüşməyim. Bu, indiyədək həyatımın bir nəbzinə çevrilib.

Dövlət başçısı şəxsən özü, eləcə də birinci vitse-prezident hörmətli Mehriban Əliyevə başda olmaqla Azərbaycan şəhidlərinə və şəhidlik məktəbinə layiqli qiymət verir. Bəzən xırda problemlər ola bilir, bu da bəzi məmurların ögey münasibətlərindən irəli gəlir. Amma bütövlükdə dövlət başçısının qayğısı birmənalı olaraq məni qane edir. Artıq “Yaşat” Fondu da təsis olunub. Fondda mənim və xalqın etibar etdiyi, şəxsən tanıdığım çox fədakar və vətənpərvər insanlar fəaliyyət göstərir. İnanıram ki, “Yaşat” Fondu vasitəsilə şəhid ailələri və Qarabağ qazilərinin bütün sosial və iqtisadi problemləri tez bir zaman öz həllini tapacaq.

İstəməsək də, bəzən müəyyən problemlər ortaya çıxa bilir. Bunu da Prezident şəxsən özü nəzarətə götürür. Şəhid məzarları ilə bağlı narazılıq var idi. Bildiyiniz kimi, Ali Baş Komadanın göstərişi ilə onların istəkləri yerindəcə həll olundu.

Bu məsələ ətrafında bir çağırışım var. Cənab Prezidentin şəhidə, şəhid ailələrinə Azərbaycan qazilərinə, milli-mənəvi dəyərlərə göstərdiyi sevgini bəzi yarıtmaz məmurlar bir nümunə olaraq göz önünə gətirməlidir, öz davranışları ilə hətta şəhid ailələri ilə münasibətdə belə mərhəmət və şəfqət hisslərinə dayanan ifadə seçiminə üstünlük verməlidilər. Bu, Azərbaycan dövlətçiliyinin milli maraqları üçün də vacibdir. Hələ qarşıda bizim Xankəndimiz və Xocalımız var. Hər bir an Vətənin bütövlüyü üçün canını fəda etməyə hazır olan aslanlarımıza qiyamətə qədər ehtiyacımız olacaq.

- Müharibə dövründə və müharibədən sonrakı mərhələdə müsəlman ölkələrinin dəstəyini necə qiymətləndirirsiniz?

- Qardaş Türkiyənin Azərbaycanın yanında olması, nəinki yanında olması, hətta Azərbaycan olması qiyamətə qədər yaddaşlardan çıxmayacaq. Təbii ki, Pakistanın, Əfqanıstanın tutduğu mövqe məni çox qane edir. Özünü müsəlman ölkəsini sayan bəzi ölkələrin Azərbaycana dəstək olmamasından isə çox üzgünəm.

- İşğaldan azad olunmuş ərazilərdə məscidlərimiz dağıdılıb talan edilsə də, Prezidentin ilk ziyarəti məscidlərə oldu. Sizcə, ölkə başçısının bu addımı islam dünyasına ötürülən hansı mesaj idi?

- Bu, olduqca mənalı mesaj idi. Prezidentin Şuşa Ağdam Cümə məscidində, eyni zamanda Gövhər Ağa məscidindəki çıxışı birbaşa olaraq hər fürsətdə dünya müsəlmanlarını təmsil etdiyini deyən bəzi müsəlman dövlətlərinin liderlərinə də açıq bir çağırış idi. Hörmətli Mehriban xanım da öz növbəsində təmizlənməmiş, toz basmış hər bir məscidin divarlarını öpərək Qarabağın qanayan yarasına sığal çəkdi. 50 yaşın bu mərhələsinə şahid oldum, hətta ağladım. Şükür namazı qılıb ordumuza dua etdim ki, nə yaxşı bizə belə bir əvəzsiz sevinc yaşatdılar.

Azərbaycan dünyəvi ölkə olsa da, İlham Əliyev həqiqi İslam təəssübkeşi olduğunu bütün dünyaya bəyan etdi. Bu, Azərbaycan xalqı, xüsusilə inanclı təbəqə üçün çox qürurverici hadisədir. Xarici ölkələrin səfir və müşavirlərinin bununla bağlı fikirləri qəlbimi fərəhləndirdi. Söhbətimizdə bildirdilər ki, siz dünyəvi ölkəsiniz, amma İlham Əliyev İslama daha çox bağlıdır, nəinki özümü İslam təəssübkeşi sayan ölkələr.

- Pandemiya müddətdə məscidlərin bağlı olması insanları dindən uzaqlaşdırdı, ya əksinə?

- İlahi etiqad sahibi olan, imana silah kimi sarılan, onu hər fürsətdə imtahana çəkən Allahı olduğunu dərk edən adam bütün xəstəliklərin və problemlərin yaradandan gəldiyini bilir. Onlarla cəmiyyətdə tanınan adamlar oldu ki, karantin müddətində xəstələndi. Koronavirus hər kəsin qəlbindəki pislikləri atan, Allaha itaəti möhkəmləndirən mübarək səbəbə çevrilə bildi. Xəstəlikdən sağalan bəzi yoldaşlar özləri dilə gətirdi ki, nəfəsi bizə verən də, alan da Allahdır.

Təbii ki, bu baxımdan dini inancları möhkəm olan insanların etiqadı daha da möhkəmləndi, dini duyğuları zəif olan insanların qəlbində isə ilahi duyğular cücərdi.

Məscidlərin açılması məsələsi dövlət orqanlarının verəcəyi qərardır. Hər halda düşünürəm ki, Türkiyə modelini tətbiq etmək olar. Məsələn, simvolik olaraq müəyyən məscidlərin karantin qaydalarına əməl etməsi şərti ilə məhdud şəkildə açılmasına icazə verilə bilər.

- İnsana daxili rahatlıq və müdrik hansı yaş dövründə gəlir?

- 50 yaş ömrün gödək, mənzilin yaxınlaşdığına dair ilahidən bir mesajdır. Allah insana özünüdərk imkanını və ya şansını istənilən yaşda verə bilər. Elə insan var ki, heç 70 yaşında da həyatın mahiyyətini anlamır, şükranlıq duyğusundan tamamilə uzaqdır. Bu, ilahinin insana verdiyi bir qismətdir.

- Həyat bir sınaqdır və bu sınaqda biz şər qüvvələrlə daim mübarizədəyik. Sizcə, içimizdəki şər qüvvələrə qalib gəlməyin bir yolu varmı?

- Bəzən şərin müqaviməti qarşısında aciz də qala bilərik. Amma ilahi etiqada həqiqətən könül veribsə, yaradan onu darda buraxmayacaq. Öz həyatımda haqsız duruma düşdüyüm onlarla vəziyyət olub. Ətrafımda məni sevən, dəstək olmağa və müdafiə etməyə hazır olan güclü insanlar olduğu halda ancaq Yaradana dua edib kömək istəmişəm ki, filankəsin qəlbinin hakimi şeytandır, məni onun qarşısında sındırma. Şeytan üçün ən münbit yer insan qəlbidir. Əgər insan o qəlbinin hakimi olaraq Rəbbini seçirsə, şər qüvvənin onun üzərində qələbə çalması mümkünsüzdür.

Bizi incidən, şər qüvvələrə xidmət edən hər hansı insanı ilahi ədalətə həvalə etdikdə, Rəbbimin qəzəbi daha şiddətli olur. Düzgünləri Rəbbim görür və bilir, haqlı olduğumuz halda bizi məğlub vəziyyətə salmaq istəyənlər gün gəlir ki, özləri məğlub olurlar. Bunu öz həyat təcrübəmə söykənərək gördüklərim əsasında deyirəm. Hələ də görməkdəyəm.

Könüllərin sultanı Məhəmməd Mustafa (s.ə.v.) buyurur ki, sevən sevdiyinin təni və bərabəridir. Sevdiklərin ilahi eşqin şərbətinə təşnədən yaranırsa, məncə, Rəbbim səni heç vaxt sahibsiz buraxmaz.

- 50 yaşınız tamam olur. Bu, həm yubileydi, həm də ömrün yarısı deməkdir. Bu günü necə qeyd edəcəksiniz? 50 yaşda özünüzə nə arzu edirsiniz, həyatdan gözlədiyiniz bir hədiyyə varmı?

- Vətənimin müstəqil və bütöv olmasını, Qarabağımın azadlığını istəmişəm hər zaman. Çünki ən təhlükəlisi dövlətsizlikdir. Şəhid ruhlarından həmişə utanırdım. Bu utancı üzərimizdən Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz götürdü. Odur ki, cənab İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. Bütün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm. Allah bütün şəhid analarına səbir versin.

Övladlarımın dininə, dövlətinə, bayrağına bağlı olmasından, əqidə sahibi olmasından, onların dini və milli kimliyinin vəhdətində hər an özlərini qorumasından məmnunam. Allahdan təvəqqem odur ki, bu nizam pozulmasın. Başqa bir arzum İlham Əliyevin Xankəndində Xocalı şəhidləri adına məscid inşa etdirməsidir.

Ən böyük arzularımdan biri Şuşada Gövhər Ağa məscidində şükr namazı qılıb, şəhidlərimizə dua etmək, "İnam" verilişinin bir cümə efirini canlı olaraq oradan yayımlamaqdır. Bunlar reallaşmasını səbirsizliklə gözlədiyim arzulardır. Şuşa, Ağdam arzumu gercək edən Uca Yaradan inşallah diləklərimi tezliklə çin edəcək. Allah dövlətimizi, Prezidentimizi qorusun!

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm