Bəhram Bağırzadə: “Əfsuslar olsun ki, xəstəliyin fəsadları hələ də davam edir”
Bizi izləyin

Xüsusi

Bəhram Bağırzadə: “Əfsuslar olsun ki, xəstəliyin fəsadları hələ də davam edir”

Koronavirusa yoluxduqdan sonra 20 gün reanimasiyada yatan Əməkdar artist Bəhram Bağırzadə xəstəliyin səhhətində fəsadlar yaratdığını bildirib.

Aktyor Publika.az-a müsahibəsində qeyd edib ki, bədənində xəstəliyə qarşı antitellərin səviyyəsi aşağı düşdüyü üçün bu həftə peyvənd olunacaq.

- Bilirik ki, koronavirusu ağır keçirdiniz. Hazırda səhhətiniz necədir? Müalicələriniz davam edir?

- Bu suala cavab verə bilmərəm, çünki onun ağırlığını hiss etmədim, 20 gün komada idim. Bu xəstəlik məni o dünyalara apardı və Allah-Təala yenidən bu dünyaya qaytardı. Yayın qızmar vaxtında 52 gün Mərkəzi Gömrük Hospitalında yatdım. Daha sonra bir ay evdə dincəldim. Ağrılar hələ də var, əfsuslar olsun ki, böyük fəsadları qalıb. Odur ki, fizioterapiyaya başlamalı oldum. 52 gün hərəkətsiz qalan orqanizmdə fəsadların olması qaçılmazdır. Gimnastika və yoqa ilə məşğulam, hər gün təqribən 10 km gəzirəm ki, bu fəsadları aradan qaldırım.

- Həkimlər xəstəliyə yoluxan insanların sağaldıqdan ən az 6 ay sonra peyvənd vurdurmasının lazım olduğu deyir. Siz nə zaman peyvənd olunmağı düşünürsünüz? Həkimizin nə deyir?

- Ev həkimim həyat yoldaşımdır. Digər peşəkar həkimlərlə məsləhətləşərək bütün məsələləri öz üzərinə götürdü. Qərara gəldik ki, antitellər aşağı düşüb, peyvənd vurdurmaq lazımdır. Bu həftə ərzində peyvənd vurduracam.

- Sizcə, cəmiyyətdə vaksinə qarşı qorxu hissi nədən qaynaqlanır?

- Qorxu haqqında danışmaq istəməzdim, heç vaxt heç kimə məsləhət görməmişəm. İndi də məsləhət görməyəcəm, sadəcə öz qərarım haqqımda danışa bilərəm. Peyvənd vurdurmalıyam ki, özümü qoruyum. İkinci dəfə ora düşmək istəmirəm.

- Sənət adamları pandemiyanın zərərlərindən, xüsusilə işsizlik problemindən tez-tez şikayətlənirlər. Hətta Tünzalə Ağayeva TƏBİB-ə bu barədə müraciət ünvanlamışdı. Sizdə vəziyyət necədir?

- Koronavirus başlayanda indiyədək olan pandemiyalara əsaslanaraq təxmin edirdim ki, bunun axırı belə bitəcək. Özüm üçün iş tapdım, bu 6 ay ərzində dayanmadan kitablar yazdım. O kitablar yavaş-yavaş işıq üzü görür. Paralel olaraq sponsorlar tapıb instaqramda canlı yayımlar açırdım. İşdən çox iş var, sadəcə axtarıb tapmağı bacarmaq lazımdır.

Əlbəttə ki, musiqiçiləri və müğənniləri də başa düşürəm, konsert və toylarsız qalmaq vəziyyəti daha da çətinləşdirir. Onları da dövlət düşünməlidir, ən azından maaş verilə bilər. Digər tərəfdən anlayıram ki, sosialist dövlət deyilik, kapitalizmin qanunları altında yaşamağa məcburuq. Deməli, nə cürsə dözmək lazımdır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm