Həkim koronavirus və vaksinlə bağlı mühüm MƏQAMLARI AÇDI - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Həkim koronavirus və vaksinlə bağlı mühüm MƏQAMLARI AÇDI - MÜSAHİBƏ

Anam xəstəliyə yoluxandan sonra anladım ki, koronavirus çox hiyləgərdir.

Bu sözləri Publika.az-a müsahibəsində Estoniyada fəaliyyət göstərən həkim Orxan Əliyev bildirib.

- Doktor, Estoniya səhiyyəsi pandemiya ilə necə mübarizə aparır?

- Ötən ilin yaz mövsümü yenicə girmişdi. İlk mərhələdə ölkə ərazisində yoluxanların sayının artımı müşahidə edildi. Dövlət təcili tədbirlər görməyə başladı. Gündəlik yoluxanların sayı köpük kimi çoxalırdı. Öncə tədris müəssisələri bağlandı və onlayn təhsilə keçid elan edildi. Evdən işləmək imkanı olanlar da bu qaydaya əməl etdilər. Məhdudiyyətlərlə yanaşı, əhalinin kütləvi test yoxlanışına başlanıldı. Bu məsuliyyətli vəzifəni həyata keçirmək üçün Tibb Universitetinin tələbələri də işə cəlb olundu. Əsas məqsəd virusa yoluxub xəstəliyi əlamətsiz, simptomsuz keçirənlərin sayını müəyyənləşdirmək idi ki, onları təcrid etmək mümkün olsun. Kütləvi test yoxlanışları davam etdikcə, yoluxanların sayının sürətlə artdığını müşahidə etməyə başladıq. İctimai yerlərdə, qapalı məkanlarda maska istifadəsi vacib oldu. 2+2 qanunu qüvvəyə mindi, yəni toplantılarda, görüşlərdə 2 nəfərin iştirakına icazə verildi, 2 metr ara məsafəsi gözlənilməyə başlandı. Tibbi personal kifayət etmədiyindən tələbələr və həkimlər pandemiya ilə mübarizəyə könüllü cəlb olundu. Estoniyanın gənc həkimlərinin cəsarəti bu baxımdan təqdirəlayiqdir. Öz həyatlarını təhlükəyə atıb, xəstələri sağaltmaq üçün klinikalara yollandılar. Artıq yay aylarında xəstələrin sayı nəzərəçarpacaq şəkildə azalmağa başladı. Yay mövsümü Estoniyada pandemiya qadağalarının səngidiyi dövr kimi yadda qaldı. Küçələrdə xoşbəxt maskasız simalar, insanla dolu çimərliklər, əyləncə mərkəzləri böyük ümidlər doğururdu. Elə bildik, bununla da virusla vidalaşacağıq. Lakin bu məqamda ikinci dalğa yavaş-yavaş özünü göstərməyə başladı. Öz də bütün bunlar yeni tədris ilinin başlanğıcında baş verdi. Bu dəfə yoluxanların da sayı ikiqat artdı, şərtlər daha da sərtləşdirildi. Bu həyəcan təbili vaksin hazırlanmasının zərurətindən xəbər verdi.

- Bəs sizə vaksin vurulub?

- Öncə nəzərinizə çatdırım ki, peyvənd vurdurub-vurdurmamaq şəxsi seçimdir. Bu mövzuda heç kimin sizi məcbur etməyə haqqı yoxdur. Lakin tibbi personal risk qrupuna daxil olduğu üçün vaksinasiya tövsiyə olunur. Mənə gələndə isə, bəli, hər iki doza peyvəndimi qəbul etmişəm. Bu 2 doza arasında fasilə 2, yaxud 3 həftə hesablanır. İstənilən halda nəzərə almalıyıq ki, vaksin bizi koronavirusdan tam qorumaq iqtidarında deyil.

- Mənə maraqlıdır, hər iki dozanı qəbul edəndən sonra özünüzü necə hiss edirsiniz?

- Vaksindən öncəki kimi... Yoluxma ehtimalı olduğunu da unutmuram. Ən böyük üstünlük odur ki, peyvənd vurduran insan koronavirusa yoluxarsa, xəstəliyi çox yüngül keçirir. Hətta xəstəliyin fərqinə varmaya da bilər. Doğrudur, ətrafımda vaksin vurduran insanlar arasında ikinci dozadan sonra 38 qızdırma, sümük-əzələ ağrısı da müşahidə etmişəm. Amma bu hal maksimum 3 gün davam edib. İnanın ki, burada qorxulu heç nə yoxdur. Sadəcə bədənin yad cisimlərə verdiyi reaksiyadır, hər kəsin orqanizminin, immun sisteminin individuallığına görə də reaksiyası müxtəlif olur. Amma məndə bu cür hallar yaşanmadı.

- Vaksinlərin əks təsirlərindən danışın, lütfən.

- Doğrudur, əks təsirləri də az deyil. Bu haqda internet mənbələrdə də çox sayda informasiya tapa bilərsiniz. Məsələn, Estoniyada bir ay ərzində 38 598 doza vaksin vurulub və yalnız 309-da əks təsir müşahidə olunub. Bu isə ümumi rəqəmin 0,8 faizi deməkdir. Ən çox yayılan şikayətlər isə iynənin vurulduğu nahiyədə dərinin qızarması, şişkinliyin yaranması və s. allergik reaksiyalardan oldu. Hətta iybilmə və dadbilməni itirənlər də oldu.

- Bəs vaksinlərin təhlükəsizliyini sübut edən sənədlər var?

- Vaksinlərin təhlükəsizliyi adətən kliniki sınaqlarla ölçülür. Koronavirus peyvəndi isə 12 aydan az müddətdə 4 sınaq fazasından keçib. Buraya laboratoriyalarda aparılan kliniki analizlər, 1-ci, 2-ci, 3-cü, nəhayət 4-cü faza daxildir. Yəni artıq vaksin müəyyən sayda insanların üzərində sınaqdan keçiriləndən, doza miqdarı müəyyənləşəndən sonra fayda və risklərin dəyərləndirilməsi mərhələsi başlayır. Koronavirusa qarşı istehsal olunan vaksinlər bütün bu mərhələləri artıq keçib, satışına da icazə verilib. İnsanları narahat edən yeganə məqam peyvəndin tez vaxtda hazır olmasıdır. Axı dünya səhiyyəsinin belə qısa müddətdə başqa şansı yox idi. İnsanları qorumaq üçün vaksin maksimum tez müddətdə hazırlanmalı idi. Lakin yenə təkrar edirəm, vaksinin qısa müddətdə hazır olmasının effektivliyi və faydasına heç bir neqativ təsiri ola bilməz.

- Doktor, bilirik ki, 65 yaşdan yuxarı insanlar da xüsusi risk qrupundadırlar. Vaksin onların sağlamlığına necə təsir göstərə bilər?

- Gəlin, pandemiya dövrünə nəzər salaq. Bu virus yüz minlərlə nənə və babaların həyatına son qoydu və hələ də öz məkrli əməlinə davam edir. Vaksinin köməyi ilə bu itkilərin qarşısını almaq mümkündür. Elə hər il qrip və pnevmoniyadan da saysız-hesabsız yaşlı insan dünyadan köçür. Artıq qocalar evlərində yaşayan və digər xroniki xəstəlikləri olan yaşlıların peyvənd vurdurması haqda müzakirələrə başlanılıb. Risk qrupunda olmayanlar isə könüllü şəkildə vaksin vurduracaqlar. Odur ki, peyvənd ən çox da yaşlı əhali üçün dərddən qurtulmaq deməkdir. Ölüm hallarından əlavə, çoxu uzun müddət yoluxma təhlükəsinə görə evə təcrid olundu. Doğmalarını, övladlarını aylarla görə bilmədilər. Bu hal onlara həm də psixoloji mənfi təsir göstərdi. Unutmayaq ki, yaş artdıqca insanlar stress və depressiyaya daha meylli olurlar. Odur ki, peyvənd olunmaq lazımdır.

- Koronaviruslu xəstələrlə çalışdığınız müddətdə qarşılaşdığınız ən kədərli və qeyri-adi məqamları bizimlə bölüşməyinizi istərdim.

- Qeyri-adi, yaxud maraqlı məqamlar çox oldu. İlk baxışdan heç bir əlamət müşahidə olunmayan insanların test cavabları pozitiv çıxırdı. Kiminsə sadəcə baş ağrıları olurdu, yuxusuzluqdan, iştahsızlıqdan şikayət edirdilər. Nümunə üçün uzağa getməyəcəm. Anamda bənzər hal yaşandı. Anam yoluxandan sonra bir daha bu xəstəliyin nə qədər hiyləgər olduğunu aydın dərk etdim. Uzun müddət fasiləsiz baş ağrıları oldu, gecələr kabus görməyə başladı. Bir müddət sonra iybilmə və dadbilməni itirdi. Anamın simptomları çox yüngül idi. Çox da yüksək olmayan qızdırma və artıq sadaladığım əlamətlər... Parasetamol və isti limonlu çay onun koronavirusla mübarizə silahına çevrildi və tezliklə sağaldı. Amma çox qəribədir ki, anamla hər gün ünsiyyətdə olan mən və bacım virusa yoluxmadıq. Hətta test nəticələrimiz neqativ çıxırdı. Amma təəssüf ki, koronavirusla bağlı kədərli məqamlar daha çoxdur. Bir neçə gün öncə nəvələri ilə gəzib şənlənən nənənin bu gün süni nəfəs aparatına qoşulub ölümlə üz-üzə qalmağı, buna bənzər minlərlə halın təkrarlanması çox kədərlidir. Hətta bəzi yaşlıların ölüm səbəbi ailələrinin məsuliyyətsizliyi ucbatından baş verdi. Tibbi yardım almadan, evdə oturub sağalacaqlarını gözləmək xəstəliyi daha da şiddətli mərhələyə çatdırdı. Odur ki, ağır əlamətlər hiss edən kimi həkimə müraciət etməlisiniz.

- Şəxsən sizin xəstəliyə münasibətinizi bilmək istərdim. Pandemiya dönəmində qorxduğunuz məqamlar oldu?

- Soyuq başla, panikasız, amma ehtiyatla yanaşdım. Bu virus realdır, ən əsası isə ətrafımızdadır. Hamımıza toxuna, öldürə bilər. Bəli, vaksin ölüm saylarını nəzərəçarpacaq dərəcədə azaldacaq. Lakin özümüzdən də çox şey asılıdır. Gigiyena şərtlərinə əməl etməli, özümüzü və ətrafımızı qorumalıyıq. Yaşlı təbəqənin sağlamlığı da bilavasitə bizdən asılıdır. Bir növ kollektiv həmrəylik göstərmək zamanıdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm