Qarabağda itkin düşmüş qardaşının qisasını almağa gedən ŞƏHİDİN HƏYAT YOLU - FOTO/VİDEO
Bizi izləyin

Xüsusi

Qarabağda itkin düşmüş qardaşının qisasını almağa gedən ŞƏHİDİN HƏYAT YOLU - FOTO/VİDEO

Video əlavə olunub.

xxx

Canını düşünmədən Vətən uğrunda fəda edən iki şəhid qardaşıyam. Qismətimdə iki qardaşı gənc yaşda torpağa vermək var imiş. Ədalət Birinci Qarabağ müharibəsində, kiçik qardaşım Xəqani isə Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Müharibə başlayanda Xəqani Türkiyədə idi. Könüllü şəkildə gəlib döyüşlərə qatıldı. Onun ürəyi vətən sevgisi və qisas hissiylə alışıb yanırdı. Yazıq atam birinci qardaşımın itkisindən sonra çox yaşamadı. Anamsa xəstədir, Xəqaninin şəhid olması vəziyyətini daha da ağırlaşdırıb.

Bu sözləri Publika.az-a iki şəhid qardaşı olan Xəzər Nəsibov deyib. Qardaşlarının mərdliyindən danışarkən qürurdan gözləri dolan Xəzər Nəsibov qeyd edib ki, Xəqani Birinci Qarabağ döyüşlərində itirdiyi qardaşı Ədalətin qisasını almaq üçün döyüşlərə qatılıb:

“Xəqani 1 may 1991-ci ildə Balakəndə dünyaya gəlib. Məktəbi bitirdikdən sonra bir müddət Rusiyada işlədi, daha sonra işləri ilə əlaqədar Türkiyəyə köçdü. Dünyanın harasında olmasından asılı olmayaraq, vətəninə, dövlətinə bağlı oğul idi. Çox arzu edirdi ki, torpaqlarımız işğaldan azad olunsun. Onu da bilirdi ki, geri dönüşü olmaya bilər, bu mübarizənin sonunda həsrət var, ayrılıq var. Lakin qardaşının qisasını almağa tələsən əsgəri yolundan döndərməyə heç bir qüvvənin gücü yetməzdi. Çox ağır bir yola çıxırdı, eyni zamanda mənə təsəlli verirdi ki, möhkəm ol...

Xilas etdiyi əsgər yoldaşı tez-tez Xəqaninin məzarını ziyarət edir. Qardaşım öz həyatını təhlükəyə ataraq onu döyüşün ən qaynar nöqtəsindən xilas edib, ayaqlarını bağlayaraq təcili yardım maşınına çatdırıb. Özü isə Suqovuşanda erməni səngərini aldıqdan sonra minomyot düşməsi nəticəsində ağır qanitirmədən şəhid olub”.

Xəqaninin “Vətən uğrunda” medalı ilə təltif olunduğu deyən qardaşı bildirib ki, son telefon danışığında dostlarına salam göndərib:

“Ölümündən əvvəl əsgər yoldaşlarına vəsiyyət edib ki, şəhid olsam, cənazəmi ailəmə çatdırın, qoymayın ki, gözləri yolda qalsın. Ədalətin cəsədi itkin düşmüşdü deyə Xəqani çox narahat idi. İstəmirdi ki, anam eyni ağrını yaşasın. Böyük qardaşım şəhid olanda uşaq idim, bu itkinin ağırlığını dərk etmirdim. Xəqani isə ən yaxın dostum və sirdaşım idi. İndi yaxşı bilirəm ki, qardaş dərdi yaman olur. Hər səhər yuxudan duran kimi şəkillərini öpürəm. Bütün xatirələr gözümdə canlanır, dəyərli qardaş idi”.

Ədalət Nəsibovun qəhrəmanlıq və şəhidlik yolundan da söz açan Xəzər Nəsibov qeyd edib ki, qardaşlarının ikisi də şərəfli ömür yaşayıb:

“Böyük qardaşım 1993-cü ildə Kəlbəcərdə döyüş tapşırığını yerinə yetirərkən əsgər yoldaşları ilə birlikdə mühasirəyə düşüblər və özlərini partladıblar. Ədalətin cəsədi belə tapılmadı, sonra ona şəhidlik statusu verildi”.

Aytən Məftun

Səs: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm