Xüsusi
Koronavirusdan sağalan Xalq artisti: “Şəhid və qazilərimizi görəndə öz xəstəliyimi unutdum”
Avqust ayında koronavirusa yoluxan Xalq artisti Gülyanaq Məmmədova aylarla bu xəstəliklə mübarizə aparmalı olduğunu deyib.
Publika.az-a müsahibə verən sənətçi pandemiya ilində qarşılaşdığı digər çətinliklərdən söz açıb.
- Pandemiyadan artıq bir il keçir. Bu bir il sizin üçün necə keçdi?
- Hamı kimi biz də evə qapandıq. Məni ən çox narahat edən təhsildə yaranmış problemləridir. Universitet müəllimiyəm, neçə aydır ki, dərslərimiz onlayn qaydada keçirilirdi. Cədvəlim üzrə muğamlarımızı tədris edirdim, eyni zamanda evdə uşaqların dərsləri ilə məşğul oluram. Uşaqlar üçün evdə təhsil almaq daha çətindir. Telefona baxmaqdan həm gözləri zəifləyib, həm də diqqətlərini toplaya bilmirlər. Çox istərdim ki, pandemiya tezliklə bitsin.
- Distant təhsilin üstünlük və çatışmazlıqlarını necə qiymətləndirirsiniz?
- Artıq bir həftədir ki, universitetlər açılıb, təsəvvür edə bilməzsiniz ki, əvvəlki rahatlığa qovuşmaq həm tələbələri, həm də müəllimləri necə sevindirir. Üz-üzə dərs deməyin yerini heç nə verə bilməz. Musiqi alətlərinin, mənim və tələbələrin səsi bir-birinə qarışırdı, səslər bəzən qırılırdı, bütün bunlar bizə əziyyət verirdi. Bununla belə bütün tələbələrim imtahanlardan yaxşı göstəricilərlə keçdi.
- Bir il sizdən nəyi aldı və nə qazandırdı?
- Zamanımızı aldı, səhhətimizə təsir etdi, əzizlərimi, dostlarımı və yaxınlarımı itirdim, depressiya yaşadım. Bütün bunlar həm səhhətimizdə, həm də psixologiyamızda dərin izlər qoydu. Mən də maddi baxımdan problemlər yaşadım. COVID-19-a yoluxdum, o əziyyəti mən də çəkdim.
- Toyların olmaması musiqiçilərin maddi durumuna da təsir edir.
- Problemlərini dilə gətirəndə deyirlər ki, bunlar da ağlayır. Biz də insanıq, bir sənətçi üçün maaşla çoxuşaqlı ailəni dolandırmaq çətindir. Maddi problemləri biz də yaşayırıq, sadəcə efirdən bildirmirik. Nəğmələrimizlə insanların könlünü xoş etməliyik ki, pandemiya depressiyasından çıxa, o problemləri unuda bilsinlər. Müəllim maaşı ilə 4 övladımı dolandıra bilmərəm. Pandemiya uzandıqca bu həyəcanı yaşamağa davam edirik. Bu da insanlarda güclü stress yaradır. Amma insanların sağlamlığı naminə dövlətin də verdiyi qərarlarla razılaşmalıyıq. İkinci dağlanın gücləndiyi dövrlərdə biz də efirlərə tez-tez getməyə qorxurduq. Məclislərin başlamasını daha çox pul qazanmaq üçün istəmirik. O toydan qazanılan bizim geyimlərimizə, makiyaja və səsyazmaya gedir.

- Pandemiyadan sonra toy ənənələrində hər hansı bir dəyişiklik olacağını düşünürsünüz?
- Verilən qərarlara uyğun hərəkət etməyə çalışacağıq. Azərbaycan xalqı toyları təmtəraqlı keçirməyi sevir. Pandemiyanın bu ənənələri bir il içində xalqımıza unutduracağını düşünmürəm. İnanıram ki, koronovirus infeksiyası zəifləyəcək, insanlar da normal həyatlarına davam edəcək. Bu günü də yaşamalı idik ki, o gözəl günlərin dəyərini bilək.
- Pandemiya ilə birlikdə şöhrətinizin əldən getdiyini düşündüyünüz oldu?
- Şöhrət adamı deyiləm, bu yerə addım-addım öz zəhmətimlə gəlmişəm. Layiq olduğum diqqət və qayğını xalqımızdan da, dövlətimizdən də görürəm. Sadəcə bu mədəniyyəti və hörməti saxlamağa çalışıram.
- Həyatınız kənardan göründüyü qədər idealdır?
- Həyatda ideal nə var ki? Hamı kimi həyatın enişi, yoxuşu və çıxışlarını biz də yaşayırıq, bunların hər birini açıb-ağartmaq olmur.
- Həyat yoldaşınızla qurduğunuz dünyanın içində nə yoxdur?
- Ailəmdən də, həyat yoldaşımdan da çox razıyam. Təmiz və səssiz bir dünyamız var. Sənət sevgisi bir başqa, ailə sevgisi tam başqadır. Yoldaşım sənətimə də, işimə də, ailəsinə də, xanımlığıma da dəyər verir, ondan yerdən-göyə qədər razıyam. Söz-söhbətsiz də ev olmaz ki, xüsusilə uşaqların dərs məsələsində mübahisələrimiz olur. Bu, ikimizi də yorur.

- Hansı qorxunuz sizi kamilliyə aparır?
- Səhhətimlə bağlı aylarla qorxu yaşadım. Uzun müalicədən sonra həkimlərin sayəsində sağlamlığıma qovuşdum. Başqa bir qorxum yadıma gəlmir, həmişə açıq sözlü olmuşam, təəssüf ki, bu bəzən doğru qarşılanmır. Şükürlər olsun ki, bu gün yenə öz işimi davam etdirə bilirəm.
- Xəstəliyi necə keçirdiniz?
- O an insanı səhhətindən başqa heç bir şey maraqlandırmır. Dua edirdim ki, sağalım və yenidən gülərüzlə efirə çıxıb tamaşaçıların könlünü xoş edim. Avqust ayında virusa yoluxdum, həm də güclü stress yaşadım deyə sağlamlığıma ziyan vurdu. 4 aydan sonra yaxşılaşdım.
Xəstəliyim müharibə dönəminə düşsə də, vətənpərvər mahnılar yazmağa davam edirdim. Canımda ağrı qalsa da, studiyalara gedib mahnı yazdırdım və əsgərlərimiz üçün ifa edirdim ki, ordumuza və dövlətimizə mənim də xidmətim olsun. Şəhidlər mövzusunda 10-dan çox mahnım var. Çalışdım ki, şəhid analarına ruh yüksəkliyi verim.
Şəhid və qazilərimizi görəndə öz xəstəliyimi tamam unutdum, onların ailələri nə etsin... Gəncə və Bərdədə mülkü əhalinin bombalanmasına baxa bilmirdim. Xəstəliyimi dilimə gətirməyi özümə ayıb bildim. Faciənin ən dəhşətli üzünü onlar yaşadı.
Aytən Məftun
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ





































