Xüsusi
Xalq artisti: Heydər Əliyev səhnə arxasına gəlib dedi ki... - FOTO
Tələbələr hələ əvvəlki formaya düşməyiblər, uzun müddət davam edən pandemiyanın təsirlərini aradan qaldırmaq üçün çox məşq etməliyik. Bəziləri kökəlib, bəzilərində nəfəs problemləri özünü göstərir.
Bu sözləri Publika.az-a müsahibəsində Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova deyib. Bizi tələbələrin dərs prosesi ilə tanış edən Xalq artistilə sənət yolundan və onu bu gün xoreoqrafiyada narahat edən problemlərdən söz açmışıq.
- Təranə xanım, adınızın nəğmə və ahəng ifadə etməsi təsadüfdür? Ümumiyyətlə, adın insan taleyinə təsirinə inanırsınız?
- Hər insanın taleyi adı ilə birgə doğulur. Adların taleyimiz üzərində təsir qüvvəsi var. İncəsənətə məhəbbət bəlkə də bu təsirin nəticəsidir. O da həqiqətdir ki, heç bir insan musiqi və mədəniyyətsiz yaşaya bilməz.
- Nə zaman anladınız ki, həyat fəlsəfəniz rəqslər üzərində qurulub?
- Hələ uşaqlıqdan anam bizi teatrlara aparırdı, xüsusilə Opera və Balet Teatrını çox sevirdim. Teatra daxil olanda hiss edirdim ki, məni bura bərk-bərk bağlayan və getməyə qoymayan hansısa gözəgörünməz tellər var. Rəqqaslar səhnədə quş tək süzürdü, balerinalar sanki göydə uçuşurdu... Anladım ki, bu səhnələrin ovsunundan xilas yolu yoxdur, rəqqasların hər bir hərəkəti məni özünə çəkirdi.
- Valideynlərinizin sərt təpkisi isə bu arzuların qarşısını kəsirdi.
- Ailəm hesab edirdi ki, rəqs qeyri-ciddi sənətdir və gələcəyə dair heç bir perspektiv vəd etmir. Bu işlə məşğul olmağımı qəti istəmirdilər. Keçici bir uşaq həvəsi kimi görürdülər, anam xoreoqrafiya məktəbinə getməyimə razı olmurdu. Bacım 7 yaşımda xoreoqrafiya məktəbinə gizlin aparıb adımı yazdırdı. Və beləliklə ilk addımlarım başladı. Ömrümün hər anında hiss etmişəm ki, yaşayıb yaratmaq missiyasını Allah taleyimə yazıb.
Karyeramda uğura uzanan yol rəvan olmayıb, evdəkilər təkid edirdi ki, rəqsdən uzaqlaşım. Sübut etməyə çalışırdım ki, içimdəki eşq sönən deyil. Bir müddət sonra yaxınlarım anladı ki, rəqs həyatımın ən ciddi işidir. Xoreoqrafiya məktəbini bitirdikdən, eyni zamanda Azərbaycan Dövlət Rəqs Ansamblına qəbul olandan sonra ölkəmi dünyanın ən nüfuzlu teatr səhnələrində təmsil etməyə başladım. Rəqslərimlə dünyanı gəzirdim, getdiyim hər ölkədə Azərbaycan bayrağını qaldırırdım. Çıxışlarım hər dəfə tamaşaçıları daha çox riqqətə gətirirdi, işimə olan ehtirasım daha da alovlanırdı.
Yaponiyada, Fransada, Kreml və La Skala teatrında, eləcə də Aspendos səhnələrində dəfələrlə çıxış etmişəm. Bəzən ağlaya-ağlaya, qızdırma içində səhnəyə çıxdığım günlər olub. İndi o günləri xoş duyğularla yada salıram. Xoşbəxtəm ki, zirvələrə gedən yolumu Allahın izni və öz zəhmətimlə cızmışam.
- Gözəlliyiniz və gənclik enerjinizi o səhnələrə fəda etmisiniz. Əvəzində nə qazanmısınız?
- Həm xalqın, həm ailəmin, həm də tələbələrimin sevgi və hörmətini qazandım, güclü olmağı öyrəndim. Allahın yazdığı ömür yolunda qarşıma çıxan sınaqlardan üzüağ çıxa bilmişəm. Demək olar ki, hər arzuma çatmışam. Dünyanı gəzib görmüşəm, özümü inkişaf etdirmişəm, İncəsənət Universitetini, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirdim, son olaraq doktorantura təhsilimi başa vurdum.
- Sizcə, cəmiyyətdə rəqs sənətinə münasibət dəyişib?
- Yeni nəsil müasirləşib, rəqsə əvvəllər qeyri-ciddi yanaşma var idi. Görürəm ki, artıq valideynlər övladlarının rəqqas olmasına qarşı deyil. Cəmiyyət qəbul edir ki, rəqs mədəniyyətin əsas qollarından biridir.
Bununla belə xoreoqrafiyada problemlər çoxdur. Səhnənin ömrü qısadır, 40 yaşında səhnədən getmək məcburiyyətindəsən. Bütün potensial və bacarıqlarını 18 yaşından 40 yaşına qədər olan dövrə sığdırmalısan. 40 yaşında səhnədən getməli olan rəqqasın maddi problemləri başlayır. Qanuna görə təqaüd yaşı 57-62-dir. Rəqqaslar, xoreoqraflar və baletmeysterlər yaşlarının tamam olmasını gözləməlidirlər ki, pensiya ala bilsinlər...
- Azərbaycan rəqsləri bu gün dünyada yetəri qədər təbliğ olunurmu və milli rəqslərə marağın səviyyəsi hansı ölçüdədir?
- Milli rəqslərə üstünlük daha çoxdur, klassik rəqslərə tələb çox azdır. Bakı Xoreoqrafiya Akademiyası Qafqazda yaradılan ilk xoreoqrafiya akademiyasıdır. 90 il bura sadəcə məktəb idi, 6 ildir ki, akademiya statusu verilib. Bunun üçün dövlət başçısına minnətdarlığımı bildirirəm. Çalışırıq klassik rəqsləri yenidən aktual edək ki, tələbələrdə maraq oyansın. Bunun üçün yeni proqramlar və yeni repertuarlar hazırlamışıq. Ümid edirəm ki, akademiyada klassik, müasir və milli şöbələr eyni dərəcədə inkişaf edəcək.
- Sərt karantindən tələbələr dərslərə hansı vəziyyətdə qayıdıb? Ümumiyyətlə, onlayn şəkildə xoreoqrafiya tədris etmək mümkündür?
- Rəqqas üçün məkanın genişliyi vacibdir ki, hərəkətləri, pozaları rahat şəkildə təkrarlaya bilsin. Hər kəsin ev şəraiti buna imkan vermirdi, üstəlik, internet problemləri də var idi. Çalışdıq ki, bu problemləri bir yolla dəf edək. Uşaqları formada saxlamaq üçün hər müəllim öz metodlarını təklif edirdi, əlimizdən gələni etdik. Pandemiya davam edərsə, bilirəm ki, xoreoqrafiyada əlavə problemlər yaranacaq.
Tələbələr hələ əvvəlki formaya düşməyiblər, uzun müddət davam edən pandemiyanın təsirlərini aradan qaldırmaq üçün çox məşq etməliyik. Bəziləri kökəlib, bəzilərində nəfəs problemləri özünü göstərir. Artıq dərslər açılıb, az qruplarla əvvəlki qaydada dərslərimizi keçməyə başlamışıq. Dua edirik ki, bu bəla ölkəmizdən tezliklə sovuşub getsin ki, yeni və daha sağlam bir həyata başlayaq.
- Azyaşlı uşaqların onların məsumluğuna uyğun olmayan rəqslər etməsinə münasibətiniz necədir?
- Hər yaş qrupunun öz proqramı var. Özfəaliyyətdə uşaqlar müasir və ərəb rəqslərinə daha çox önəm verirlər. Bu, düzgün deyil, uşağın təlim-tərbiyəsinə rəqslər və oxuduğu kitablar da daxil edilməlidir. Hər yaşın öz xüsusiyyətləri var, uşaqlara yaşlarına uyğun rəqslər öyrədilməlidir.
Nəvəmin 5 yaşı tamam olacaq, onu "Sevimli Bala" rəqs qrupuna yazdırmışıq. Ona qrupda sırf uşaq gimnastikası və cizgi film personajlarının rəqsləri keçirilir. Eyni zamanda, milli rəqslərə də önəm verilir. Ailələr çalışmalıdır ki, milli musiqi və rəqslərimizi uşaqlarına kiçik yaşlarından sevdirsin. Milli rəqslərin yaşaması və nəsildən-nəsilə ötürülməsi üçün bu, olduqca vacibdir. Hər insan öz balasına milliliyinə, torpağına, öz tarixinə məhəbbət aşılamalıdır. Azərbaycan zəngin mədəniyyəti olan bir ölkədir. Qarabağ və Naxçıvan yallımız, "Köçəri", "İnnabı", "Uzundərə", "Sarı gəlin", "Şəki" və ya "Qazaxı" rəqslərimiz var, bir sözlə, hər torpağın xüsusi rəqsi və hərəkətləri var. Bu mədəniyyəti sevməli və qorumalıyıq ki, bədnam qonşularımız bizə xas olan rəqsləri və milliliyi oğurlayıb öz adına çıxartmasın. Yeni çıxan kitabımda bütün regionların və milli rəqslərin tarixini və fərqləndirici xüsusiyyətlərini qeyd etmişəm ki, unudulmasın, gələcək nəsillərə ötürülsün.
- Qadın nə zaman öz incəliyini itirir, rəqs itirilmiş incəliyi və zərifliyi qaytara bilir?
- Məncə, Azərbaycan xanımları öz incəliyini itirməz. Musiqi ən effektiv vasitələrdən biridir, insanın qəlbindəki düyünləri tək-tək açır, ən dərin qatlara aparır, başqa bir emosiya dalğasına kökləyir. Rəqs bədən quruluşunun incəliyini ön plana çıxarır, həm də formada saxlayır. Hərəkət və ədaların da dəyişməyə başlayır, sağlam qidalanmaya diqqət edirsən. Xanım heç bir halda icazə verməməlidir ki, sıxıntıları onu xanımlıqdan uzaqlaşdırsın.
İnanıram ki, rəqsin terapiya təsiri var, həm bədən quruluşu dəyişir, həm də ovqatımızı yaxşılaşdırır, qaməti düzləşdirir. Sağlamlığın açarı hərəkətdə gizlənib. Bacılarımı görsəniz, deməzsiniz ki, bu bədən quruluşu məndə genetikdir. Evdə köməkçim olsa da, hər bir işi özüm edirəm, yemək də bişirirəm, uşaqlarıma da, nəvələrimə də baxıram. Bir yerdə otura bilmirəm, hərəkətdə olmalıyam.
- Nə zamansa ruhunuz və ya vücudunuz rəqs etməkdən imtina edib?
- Rəqsdən yorulduğum bir saniyəm belə olmayıb. Energetik və emosionalam. Yaşım 50-ni haqlasa da, səhnə üçün darıxıram. Sahib olduğum hər şeyi, bu vəzifəni də verərdim ki, yenidən o günlərə qayıdım.
- Xoşbəxtliyi, kədəri, ya ümidi rəqs dili ilə ifadə etmək daha çətindir?
- Səhnə mənim ibadət etmək üçün çıxdığım bir məkandır. "Uzundərə" rəqsinin son elementini ibadətə bənzədirəm. Bu rəqsi ifa edəndə sanki Allaha daha yaxın oluram. Tamaşaçıların üzündən oxuya bilirdim ki, bütün nikbinliyimi onlara ötürə bilmişəm. Səhnə arxasında Allaha dua edirdim ki, çıxışım uğurlu alınsın. Allah mənə elə bir qüvvə göndərirdi ki, tamaşaçılar hər bir hərəkətimi sevgi ilə izləyirdi.
- Stresslərinizlə necə başa çıxırsınız?
- Başqaları üçün hər zaman pozitivəm, özümə gəldikdə bu, həmişə alınmır. Xoş olmayan hadisələrlə qarşılaşanda evə qapanıb ağlayıram, mahnılara qulaq asıb özümü sakitləşdirməyə çalışıram. Beləliklə bütün neqativi qovub tapdalayıram. Məni incidənləri, quyu qazanları, yalan danışanları Allaha və həyata buraxıram. Görürəm ki, Allahın cəzası daha şiddətli olur. Arxamda Allahdan başqa dayağım olmayıb, heç vaxt kiməsə tapşırılmamışam. Bu yerə öz zəhmətimlə gəlmişəm, çox çalışqan adamam. Səhərdən axşama qədər işləyirdim ki, yeni rəqslər öyrənim.
- Özünüzü rəqsin tanrısı hesab edirsiniz?
- Yox, bu sözü deyə bilmərəm. Azərbaycan xoreoqrafiyasının tarixində Qəmər Almaszadə, Leyla Vəkilova, Əminə Dilbazi, Afaq Məlikova, Roza Cəlilova kimi sənətkarların sırasında adım olduğu üçün xoşbəxtəm. Hər bir rəqqasın öz dəstxətti var. Fərqim o oldu ki, klassik və milli rəqsləri birləşdirməklə xoreoqrafiyaya yenilik gətirdim. İlk rəqqasəyəm ki, bütün dünya ölkələrinin xalq rəqslərini ifa etmişəm. Milli rəqslərimizlə yanaşı, bütün ölkələrin rəqslərini də bilirəm. Leyla Vəkilova, Xumar Zülfüqarova, Afaq Məlikova kimi Xalq artistlərinin məktəbini keçmişəm. Digər dövlət başçılarının ölkəmizə səfərləri münasibətilə təşkil olunmuş tədbirlərdə onların milli rəqsləri ilə çıxış etmişəm. Neçə-neçə ölkələrin rəhbərləri əllərimi sıxıb minnətdarlıqlarını bildiriblər. Ulu öndər Heydər Əliyev rəqs sənətimə qiymət verirdi. Çıxışlarımdan sonra səhnə arxasına gəlib xoş sözlərini çatdırırdı. Deyirdi ki, sən Azərbaycanın Maya Plisetskayasısan (red. - balerina). Dünya rəqslərini də xalqımıza sevdirə bilmişəm. Almaniyada dizim sınmışdı, amma heç kəs hiss etmədi, hansısa sirli qüvvənin köməyi ilə çıxışımı uğurla başa vurdum.
- Həyat yoldaşınız hansı rəqsinizi izləməkdən zövq alır?
- Repertuarımda yüzlərlə rəqs olsa da, yoldaşım "Vağzalı rəqsi Mirzeyi"ni çox sevir. Qızım da, bacılarım da bu rəqsi sevirlər.
- Akademiyada sizin kimi istedadlı və zəhmətkeş tələbələriniz varmı?
- Dövr dəyişsə də, güclü tələbələrimiz var. İnanıram ki, bu tələbələr layiqli yerləri tutacaq. Bəzən rəqqaslar pulun və kommersiyanın dalınca qaçır. Başa düşürəm ki, indi vəziyyət yaxşı deyil. Bununla belə, peşəkar rəqqas ilk növbədə yüksək səhnələri və çıxışları haqqında düşünür, pul qazanmaq onun üçün ikinci yerdə dayanır. İlk addımlarımı atanda mən də çox az qonorar alırdım. Təcrübə göstərdi ki, Allah çəkilən hər bir zəhməti qiymətləndirir. Əsas odur ki, imanla və alnıaçıq yaşayasan. Uğurun qapıları üzümə taybatay açılmayıb, gecə-gündüz demədən zəhmət çəkmişəm və dəmir kimi möhkəm qadın olmuşam. Bunu Təranə Muradovadan xoşbəxt bir həyatın sirri kimi qəbul edə bilərsiniz.
Çox insan ölənə yaxın halallıq istəyir. İnsan elə yaşamalıdır ki, dünyasını dəyişəndə əsas Allahdan halallıq istəsin. Günahsız insan yoxdur, yaşadıqca günaha batırıq. Hər axşam dua edirəm ki, Allah günahlarımı bağışlasın.
- Ən böyük günahınız nə olub?
- Qısqanclıq hissi. Ən yaxın insanları qısqanırdım, yoldaşımı, rəfiqələrimi... Amma bilin ki, insanın içini didən bir duyğudur və bundan tez zamanda xilas olmağa çalışmalıyıq. 35 yaşa qədər belə idim, sonra başa düşürsən ki, gülməlidir. İnsanları tez bağışlayıram, deyirlər ki, rəhbər sərt olmalıdır. Təəccüblənməyin, amma düşünürəm ki, insan ürəyi yumşaq olmalıdır. Ömür çox qısadır, səhvləri yumşaq dillə başa salmaq lazımdır. Tələbələrlə ünsiyyətdə oluram, qapımı döyən adama deyə bilmərəm ki, məşğulam.
Ayrılıqları da sevmirəm, çətin mərhələdir. Qastrollara gedəndə evlə çox çətinliklə ayrılırdım. İtirmək qorxusundan hələ də xilas olmamışam, stress keçirirəm. Artıq bir neçə ildir psixologiya ilə maraqlanıram ki, bu qorxu ilə başa çıxım. İnsan özü ilə işləməlidir. Güzgüyə baxıb özümlə danışıram, bəzən də özüm-özümü mühakimə edirəm. Gənc yaşda çıxıb deyə bilməzdim ki, məni bağışlayın. İndi auditoriyanın qarşısına çıxıb üzr istəməkdən utanmıram.
- Təranə xanım, xoş söhbət üçün təşəkkür edirəm. Uğur formulunuzu eşitmək maraqlı idi.
- Minnətdaram. Bu, ağır zəhmət hesabına başa gəlib, amma inanıram ki, Allah ulduzumu doğulanda mənimlə birlikdə göndərib.
Aytən Məftun
Foto: Pərviz Həşimi
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı