Xüsusi
Qərb alimlərinin Azıxda baza kimi istifadə etdikləri evə getdim, oradakı nümunələrin hamısı... - Tarixçi alim
"Ermənilər Azıx mağarasında qeyri-qanuni işlər görüblər. Bu, müasir tarixdən qabaqkı bir dövrdür. Orada müasir insan tipi olmayıb, ora bəşər tarixinin insanının təkamülünün tərkib hissəsidir. Ermənilər gülməli cəhdlər edirlər. Bir sıra erməni yazıçıları gülməli fərziyyələr irəli sürürdülər ki, guya oradan heykəllər tapılıb ki, onlar da qadın heykəlidir və orada olan geyimlər də ermənilərin milli geyiminə uyğundur. Bunların hamısı çox gülünc fikirlərdir".
Bu sözləri Publika.az-a müsahibəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun alimi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov deyib.
Onunla müsahibəni təqdim edirik:
- Azad müəllim, Prezident İlham Əliyev martın 15-də Azıx mağarasını ziyarət etdi, bildirdi ki, bu abidə Azərbaycan üçün böyük tarixi-mədəni əhəmiyyətə malikdir. İstərdim, Azıxın tarixinə sizinlə də nəzər salaq.
- Azıx mağarası 1960-cı ildə Azərbaycanda qədim D-aş dövrü elminin banisi Məmmədəli Hüseynov tərəfindən aşkar edilib. 1982-ci ilə qədər, yəni 22 il ərzində orada arxeoloji qazıntı işləri gedirdi. Nəticədə 6 mindən artıq daş əmək alətləri və yüz minlərlə ovlanmış heyvanların sümükləri aşkarlanıb. Bunların hamısı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Fondunda saxlanılır. Bunların hamısı sovetlər dövründə də, müstəqillik illərində də əlçatan olub. Qərbdən alimlər gələndə imkan yaranırdı, materialları işləyirdilər, heç bir məhdudiyyət olmayıb, indi də yoxdur. Alimlər yenə də gəlib işləyə bilərlər. Azıx mağarası unikal bir abidədir, onun dünyada analoqu yoxdur. Onun çöküntülərinin qalınlığı 14,5 metrdir. Bunlar 22 il ərzində qazılıb. O çöküntülərdən də aydın olur ki, bir milyon 200 min il ərzində orada insanın üç təkamül növü yaşayıb. Ən qədim insanlar orada məskən salıblar, bir müddət yaşayıblar. Mağarada buna aid əmək alətləri də tapılıb. 600 min il keçdikdən sonra digər insan növü də orada yaşayıb. Beşinci təbəqədən yaşı 350-400 min il bundan əvvələ aid olan insanın alt çənə sümüyü tapılıb. Həmçinin orada Neandertal insan da məskən salıb. Mağara deməzdim ki, təkcə Azərbaycan tarixinin, eyni zamanda ümumbəşər tarixinin tərkib hissəsidir. Çünki insan təkamülünün üç növü orada öz əksini tapıb. Mağarada biz qədim insanların maddi mədəniyyətini, dəyişikliyi və inkişafı izləyə bilirik. Bu baxımdan çox unikal bir abidədir və 1960-cı ildən bəri bütün dünyanın diqqətini cəlb edir.
- Təəssüf ki, dünyanın diqqətini cəlb edən bu unikal abidədə ermənilər Qərb alimlərini gətirib qanunsuz şəkildə qazıntılar aparıblar.
- Oraya uzun müddət təəssüf ki, qeyri-qanuni olaraq ermənilər xarici alimləri cəlb ediblər. Onlar orada tədqiqatlar aparırdılar və bu barədə kitab da çap ediblər. Onların tədqiqatları heç də Azərbaycan alimlərinin əldə etdiyi nəticələri təkzib etmir. Yəni onların tədqiqatları bizim nəticələri təsdiqləyir, həm də orada əlavə tədqiqat aparmağa da ehtiyac yox idi. Çünki bunların hamısı sovet dövründə də çap olunmuşdu və yüzlərlə məqalələrdə öz əksini tapıb. Mən torpaqlarımız işğaldan azad olunandan sonra Azıx kəndinə getmişəm, orada Qərb alimləri bir evi baza kimi istifadə ediblər. O evdən onların tədqiqat nümunələrini gətirmişəm və onların hamısı Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Fondunda saxlanılır.
- Ermənilər mağara ilə bağlı hansı yalanları qeyd edirdilər?
- Orada qeyri-qanuni işlər görülüb. Bu, müasir tarixdən qabaqkı bir dövrdür. Orada müasir insan tipi olmayıb, ora bəşər tarixinin insanının təkamülünün tərkib hissəsidir. Ermənilər gülməli cəhdlər edirlər, onu Qərb alimləri etməyib. Onlardan qabaq bir sıra erməni yazıçıları gülməli fərziyyələr irəli sürürdülər ki, oradan guya heykəllər tapılıb ki, bunlar qadın heykəlidir və orada olan geyimlər də ermənilərin milli geyiminə uyğundur. Bunların hamısı çox gülünc fikirlərdir. Azıx kars mağarasıdır və kars mağarasında təbii olaraq stalaqmit və stalaktitlər var. O, mağaranın tavanından nəhəng formada asılan, yavaş-yavaş süzülən, buzlaqlara oxşayan maddədir ki, yerə də düşəndən sonra orada nəhəng nələrsə əmələ gətirir. Onu heykəl adlandırmaq çox gülüncdür. Onların hamısı qeyri-elmi və məntiqsiz fikirlərdir. Ancaq orada mağaraya çox ziyan dəyməyib. Əgər bizim alimlərimiz oradan 6 mindən artıq maddi-mədəniyyət nümunələrini, daş alətləri aşkar ediblərsə, ermənilərin təşkilatçılığı ilə Qərb alimləri orada 10 ildən çox tədqiqat aparıblar, onlar heç 10% də nəsə tapa bilməyiblər, cəmi 400-ə yaxın alət tapıblar. Onlar da əsasən üçüncü təbəqədir ki, neandertallar yaşayan dövrü əhatə edir. Mağaranın daha çox maraq doğuran təbəqələri alt - ən qədim təbəqələrdir. 1979-cu ildə Məmmədəli Hüseynov oradan aşkar olunmuş daş alətlərin əsasında elmi dövriyyəyə yeni arxeoloji mədəniyyət - Quruçay mədəniyyəti adı vermişdi. Quruçay mədəniyyəti mağaranın ən alt təbəqələrindəndir. Qərb alimləri heç ora yaxınlaşmayıblar. Çünki onların arasında belə bir dövrlə məşğul olan arxeoloq da yox idi. Buna görə də o hissə toxunulmaz qalıb. Onlar üçüncü, beşinci və altıncı təbəqələrdə qismən işləyiblər.
- İnstitut tərəfindən planlaşdırılırmı ki, orada tədqiqatlar yenə də davam etdirilsin?
- Ümid edirəm ki, qayıdış məsələləri həll olunduqdan sonra arxeoloqlar orada işləyəcəklər və tədqiqatları davam etdirəcəyik. Düşünürəm ki, müasir texnologiya üsulları ilə tədqiqatlar aparmaq olar və güman ki, buna imkan da yaranacaq ki, orada və mağaranın ətrafında işləyək. Bir mütəxəssis olaraq mənə Azıxın özünü yox, onun ətrafını tədqiq etmək maraqlıdır. Çünki Məmmədəli Hüseynov 1985-ci ildə öz kitabında belə bir fərziyyə irəli sürmüşdü ki, Azıx mağarasında məskunlaşmazdan qabaq insanlar onun ətrafında olan Quruçay ərazisində yaşayırdılar və əmək alətləri düzəldirdilər. Bu fərziyyə qismən Gürcüstanda tapılan 2 milyona yaxın yaşı olan yaşayış məskəni ilə təsdiqini tapdı. Bu da Homo nəslinin bir növüdür. Mənim və bizim arxeoloqların da fikri var ki, Azıxdan çox onun ətrafını gəzək, orada tədqiqat aparaq. Həmçinin Azıxın ətrafında qədim Quruçay çayının sahillərini gəzmək və Azıxdan da qədim yaşayış məskənlərini aşkar etmək istəyirik.
- Sizin də Azərbaycanda Orta və Erkən Paleolit dövrünə aid bir sıra paleolit düşərgələrinin aşkarlanması ilə bağlı tədqiqat işləriniz var. Onlardan biri Qaraca paleolit düşərgəsidir və Azərbaycanda son 50 ildə ən mühüm tapıntılardan biri kimi qiymətləndirilir.
- Bəli, tamamilə doğrudur. Quruçay mədəniyyəti uzun illər elmdə qəbul olunmurdu. Bu günün özündə də bir sıra alimlər oradakı əmək alətlərini ən qədim hesab etmirlər. Məmmədəli Hüseynov alt təbəqələrdə nəhəng daşların hesabına elmə yeni arxeoloji mədəniyyət olan Quruçay mədəniyyəti adı verib. İllər keçdikdən sonra mən belə bir əmək alətlərini Qaraca yaşayış məskənində, Mingəçevir su anbarının sahilində tədqiq etdim. Oradan 10-a yaxın belə nəhəng, çəkisi 4-6 kiloqram olan alətlər tapılıb. Mərkəzi Dağıstanda da eynidövrlü abidələrdən belə nəhəng alətlər tapılıb. Hətta Qara dənizin sahilində də bu cür alətlər tədqiq edilib. Bu onu göstərir ki, həqiqətən də belə bir mədəniyyət var və onun yayılma arealı çox genişdir. Yəni Azərbaycandan çox-çox kənara gedib çıxır.
- Azıxın tədqiq olunması ilə dünya elm tarixinə adını yazdıran Məmmədəli Hüseynov haqqında danışmağınızı istərdim.
- Mən Məmmədəli Hüseynovla birgə fəaliyyət göstərmişəm. Məmmədəli müəllim Azərbaycanda Paleolit elminin banisidir. İndi Paleolit dövrünə aid qonşu ölkələrdə - Türkiyədə, İranda, Gürcüstanda da abidələr aşkarlanıb. Bizdə XX əsrin yalnız ilk Paleolit abidəsi 1958-ci ildə Qazaxda Damcılı mağarasında Məmmədəli Hüseynov tərəfindən aşkar olunub, ora ibtidai insanın yaşayış məskəni hesab olunur. Ondan 3 il sonra Damcılının yanında Daş Salahlı mağarası aşkar olunub ki, orada da Neandertal tipli insanlar yaşayıblar. 2020-ci il noyabrın 20-də Azıxdan 1 kilometr aralıda yerləşən Tağlar mağarasını da ziyarət etmişdim. 1952-ci ildən bəri bu illər ərzində Azərbaycanda qədim dövrə aid olan daş alətlərin hamısı Məmmədəli müəllimin rəhbərliyi ilə aşkar olunub. O, ümumi rəhbərlik edirdi. Onun fəaliyyəti təkcə mağaralarla kifayətlənmir, Azərbaycanda 30-40-a yaxın Paleolit düşərgələri var. Məmmədəli Hüseynov uzun illər İnstitutun Daş dövrü şöbəsinə rəhbərlik edib. Məmmədəli müəllimin fəaliyyəti altında mən və Mansur Mansurov da fəaliyyət göstərirdik. M.Mansurov hazırda da fəaliyyətdədir. Onun Qazaxda və Ceyrançöldə aşkar etdiyi bir sıra abidələr var. Əsədulla Cəfərov da Talış dağlarında, Lerikdə olan ilk Paleolit mağarası olan Buzeyiri aşkar edib. Məmmədəli Hüseynovun rəhbərliyi altında Naxçıvanda ilk və bu günə qədər yeganə Paleolit mağarası olan Qazma mağarası aşkarlanıb ki, onun tədqiq olunması ilə mən məşğul olmuşam, kitab da çap olunub.
Müasir dövrdə də bir sıra abidələr aşkar etmişəm. Məmmədəli müəllimin fəaliyyəti ilə bağlı bir sıra məqalələrim var. Biz 2018-ci ildə Azərbaycanda beynəlxalq konfrans keçirmişdik. Bu, Azıxın beşinci təbəqəsindən tapılan insan qalığının 50 illiyinə həsr olunmuşdu. Həmin konfransa 9 ölkədən alimlər gəlmişdi. Konfransın açılışı Bakıda oldu, davamı isə Qəbələdə keçdi. Biz qonaqlarla birlikdə Mingəçevirdə Qaraca abidəsinə getdik, orada çöl seminarı keçirildi. Konfransın yekun iclasında qərara gəlindi ki, 2022-ci ildə Məmmədəli Hüseynovun 100 ilik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirək. Bu, sadəcə yekun iclasda təklif edildi və keçirilib-keçirilməyəcəyi ilə bağlı dəqiq nəsə deyə bilmərəm”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO