Xüsusi
"Bunlar baş verməsə, Azərbaycan Qarabağda döyüş əməliyyatlarına başlaya bilər" - Pənah Hüseynlə CÜMƏ SÖHBƏTİ
Budəfəki "Cümə söhbəti"mizin qonağı keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyndir. AXP sədri ilə əsasən gündəm mövzuları müzakirə etmişik. İqtidar-müxalifət dialoqunun nəticələrindən, Qarabağ məsələsi ətrafında baş verən proseslərdən, Ermənistanda 20 iyun seçkilərindən sonra Nikol Paşinyan və rəqiblərinin aqibətindən, eləcə də ölkə başçısının mütəmadi olaraq haqqında bəhs etdiyi Zəngəzur dəhlizi və onunla bağlı bir sıra məqamlardan danışmışıq.
Publika.az AXP sədri, keçmiş baş nazir Pənah Hüseynlə müsahibəni təqdim edir:
- Pənah bəy, hazırda iqtidarla müxalifət dialoqu hansı mərhələdədir?
- Bu proses bəzən təqdim olunduğu kimi iqtidar-müxalifət dialoqu yox, hakimiyyətlə rəsmi dövlət qeydiyyatında olan siyasi partiyalar arasında dialoqdur. Bu, əlbəttə ki, eyni zamanda iqtidar-müxalifət təmaslarının, dialoqunun, tam əhatəli olmasa da, bir formasıdır. Ötən il Prezident İlham Əliyev prosesin onun mandatı ilə başlanıldığını və həyata keçirildiyini açıqladıqdan sonra əlbəttə ki, bu prosesin siyasi statusu müəyyənləşdirildi. Prosesin tam yetərli və tam əhatəli siyasi dialoqa çevrilməsi və ictimai rəydə tam bu cür də qavranılması üçün səylərin davam etdirilməsinə ehtiyac qalsa da, mən ümumən bu sahədəki hərəkəti pozitiv hesab edirəm və onun inkişafı istiqamətində irəliləyişin olduğu qənaətindəyəm. 44 günlük Vətən müharibəsində qələbənin mənbələrindən biri olan siyasi partiyaların, o cümlədən, istisnasız olaraq müxalifətdə olan siyasi partiyaların ordu, dövlət, iqtidarla fəal birlik nümayişi, ümummilli konsensus bir tərəfdən ölkənin müxalif siyasi qüvvələrinin vətənpərvər xarakteri, ümumi maraq və mənafelər naminə əməkdaşlığa meyilli olma təbiəti ilə bağlı idisə, digər tərəfdən, məncə, haqqında danışdığımız prosesin icrası ilə bağlı fəaliyyətlərin nəticəsində mümkün oldu. Son dövrdə demokratik prosesin əsas subyekti olan siyasi partiyalara ictimai marağın yüksəlməyə başlaması müşahidə olunur ki, bu da pozitiv nəticələr sırasına aid edilməlidir. Münasibətlərdə siyasi-psixoloji yadlaşma dərəcəsi aşağı düşüb, siyasi münasibətlərdə insani münasibətlərin yaranması və təsiri amili artıb.
- Bəs nəticə nədən ibarətdir?
- Hesab edirəm ki, ötən ilin əvvəlindən başlayaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə partiya sədrləri arasında ikitərəfli və çoxtərəfli görüşlər, konfrans formasında keçirilən tədbirlər, bu tədbirlərdə ölkənin ictimai-siyasi, sosial, təhlükəsizlik məsələləri ətrafında müzakirələrin, fikir, informasiya mübadiləsinin aparılması praktikası, azad olunmuş ərazilərə birgə səfərlərin təşkili, siyasi partiyalarla bir növ "qaynar xətt" yaradılması praktikasının tətbiqi, habelə həm də bu prosesin nəticəsi olaraq bir sıra partiyaların qeydiyyatı, qurultayların keçirilməsi, ofis probleminin həlli ümumən Azərbaycan cəmiyyətində yeni, sivil siyasi münasibətlərin formalaşdırılması istiqamətində pozitiv nəticələrdir.
- ABŞ-ın dövlət katibi Azərbaycan Prezidentinə zəng etdi. Baydenin "soyqırımı" ifadəsini işlətməsindən sonra gerçəkləşən zəng, Prezidentin "Türkiyənin yanındayıq" mesajı... Bunlarla bağlı fikirlərinizi öyrənmək istərdik. Ümumiyyətlə, qondarma soyqırımı ilə bağlı ABŞ Prezidentinin mövqeyi Vaşinqton və Bakı arasındakı münasibətlərə hansı formada təsir göstərəcək?
- Prinsipcə, ABŞ Prezidentinin tamamilə ədalətsiz və tarixi ədalətə, həqiqətə uyğun olmayan açıqlaması bütövlükdə regionda təhlükəsizliyi zədələdi. Bu regiondakı bir sıra dövlətlərlə, konkret olaraq Türkiyə və Azərbaycanla münasibətlərə ciddi zərbə vuran bəyanatdan sonra ABŞ tərəfindən bir sıra addımlar atılıb. Bu, həm Türkiyə ilə, həm də Azərbaycana münasibətdə baş verib. Elə dövlət katibinin zəngi də bu qəbildəndir. Birləşmiş Ştatların nöqteyi-nəzərinə görə, törədilən hadisələr Osmanlı dövründə baş verib. Amma bu məsələ tamamilə fərqli məzmunda olub. ABŞ rəsmiləri Türkiyə ilə münasibətlərin davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. 907-ci düzəlişin Azərbaycana münasibətdə dayandırılmasının məhz indi elan edilməsi yaranmış vəziyyətin aradan qaldırılması, kompensasiya olunması təsiri bağışlayır. Əlbəttə, bütün bunlar ABŞ Prezidentinin məlum çıxışında səsləndirdiyi fikirlərlə bağlı yaranmış fəsadları aradan götürə bilməz. Amma bunlar yaranan gərginlikləri birdəfəlik olmasa da, müvəqqəti olaraq azaltdı. Türkiyə Prezidentilə onun Birləşmiş Ştatlardan olan həmkarının görüşü gözlənilir. Azərbaycan da öz dövlət orqanları vasitəsi ilə bununla bağlı müəyyən kommunikasiyalar qurur. Yaxın dövrdə bu məsələ ilə bağlı situasiya daha aydın olacaq. Hər halda, erməni tərəfinin də qeyd etdiyimiz məsələlərdən ciddi şəkildə məyusluğu nəzərə çarpır. Onların uzun müddət çalışdığı və nail olduqları "uğurlardan" sonra qarşı tərəfdə elə bir eyforiya müşahidə olunmadı. Odur ki, son günlər erməni dairələrdə də ABŞ-ın tənqidi güclənib. Prinsipcə, bu, bizə və Türkiyəyə qarşı uzunmüddətli strategiyanın davamıdır. Arxayınlaşmaq olmaz. Bu istiqamətdə addımlar davam etdirilməlidir. Eyni zamanda, əks istiqamətdə geosiyasi alternativlər hazırlanmalıdır.
- Ermənistan Zəngəzur dəhlizinin açılmasını hər vəchlə yubatmağa çalışır. Bəs Azərbaycanın Ermənistana qarşı əlində hansı təzyiq rıçaqları var?
- Məncə, bununla bağlı ən ciddi rıçaqlardan biri Laçın dəhlizi deyilən məsələdir. 10 noyabr bəyanatının 9-cu maddəsində Naxçıvanla Azərbaycan arasında kommunikasiyanın bərpası məsələsi qoyulub. Amma Zəngəzur dəhlizinin açılması məsələsi də həmin məzmunla eynidir. Əgər bu məsələ xoşluqla reallaşmasa, Laçın dəhlizi bağlanmalıdır. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılıb-açılmamasından asılı olmayaraq, Laçın dəhlizinin statusuna baxmaq lazımdır. Bəyanatda nəzərdə tutulub ki, həmin yol dəyişdirilməlidir. Laçın şəhərinin kənarından keçməklə başqa yol çəkilməlidir. Eyni zamanda, Azərbaycan Dövlət Sərhəd Xidmətinin, eləcə də Dövlət Gömrük Xidmətinin həmin 5 kilometrlik zolaqdakı nəzarət funksiyaları həyata keçirilməlidir. Həmin bəyanat bunu qadağan eləmir. Buna da nail olmaq lazımdır. Əgər ermənilər bütün bunlara razı olmasalar, rəsmi Bakının bəyanatın müddəalarının pozulduğunu əsas gətirərək həm diplomatik, həm də hərbi yolla bu məsələləri çözmək imkanları var. Bundan əlavə, Kəlbəcərə, Ağdərəyə, eləcə də Şuşaya, Laçına gedən kommunikasiya yolunun açılması da daxildir. Bir daha təkrar edirəm ki, 10 noyabr bəyanatında bütün kommunikasiya xətlərinin açılması öz əksini tapıb. Müharibənin, döyüş əməliyyatlarının bərpa olunması arzuedilən məsələ deyil. Amma orada terrorçu rejimin qüvvələri qalmaqda davam edəcəksə, 10 noyabr bəyanatının müddəaları pozulacaqsa, son dövrlərdə güclənən provokasiyalar daha da artacaqsa, bu, aradan qaldırılmayacaqsa, sülhməramlılar öz missiyalarını yerinə yetirə bilməsə, yaxud öz statuslarını aşaraq faktiki olaraq özlərini işğalçı kimi aparmaqda davam edəcəksə, o halda Azərbaycan öz suverenliyinin bərpası istiqamətində Silahlı Qüvvələrin, təhlükəsizlik orqanlarının gücündən istifadə etməklə anti-terror, hətta döyüş əməliyyatları apara bilər. Təkrar edirəm, bu, arzu edilmir. Amma biz hər şeyə hazır olmalıyıq.
- Ermənistan seçkilərə hazırlaşır. 20 iyunda Nikol Paşinyan yenidən baş nazir seçilməsə, İrəvan 10 noyabr bəyanatından imtina edə bilərmi?
- Bu, Ermənistanın öz seçimidir. Oradakı siyasi qüvvələr, o cümlədən, Paşinyanın rəqibləri 10 noyabr bəyanatının pozulması istiqamətində açıq bəyanatlar səsləndirmirlər. Şübhəsiz ki, orada revanşist qüvvələr var. Onların hakimiyyətə gəlməsi vəziyyəti gərginləşdirə bilər. Biz bu ssenariyə də hazır olmalıyıq. Əgər Ermənistan hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bir düşmən dövlət olaraq qalmaqda davam edirsə - bu, hazırda da davam edir – bu düşmənçiliyi gücləndirəcək başqa qüvvələrin hakimiyyətə gəlməsi vəziyyətində də ümumi dövlət maraqlarımızdan irəli gələn xətti davam etdirməliyik. Buraya 10 noyabr bəyanatının tam və sistemli şəkildə həyata keçirilməsi daxildir. Mümkün qədər bu prosesi tez başa çatdırıb, Rusiya sülhməramlılarını Qarabağdakı ərazilərdən çıxarmaq lazımdır. Onların mandatı 5 ildir. Proses tez başa çatarsa, onlar daha tez Qarabağı tərk edə bilərlər. Azərbaycan cəmiyyəti də bu məsələdə çox həssasdır. Zəngəzur dəhlizi ilə bağlı, 10 noyabr bəyanatının müddəalarının icrasındakı ləngimələri 20 iyun seçkiləri ilə də izah edirlər. Söhbət ay yarımdan gedir. Yəqin ki, uzağı 2 ay ərzində bu məsələlərə aydınlıq gələcək. Təkrar edirəm, biz oraya kilidlənməməliyik. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, təhlükəsizliyimizə və ümumi maraqlarımıza uyğun olan siyasətimizi davam etdirməliyik.
Tural Turan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var