Xüsusi
“Çəkilin, qazi gəlir”i ifa edən məşhur müğənni danışdı: “Qazilərimiz trenddə olsun”
“Çəkilin, qazi gəlir” mahnısının müəllifi Elvin Nasir bu kompozisiyanın vətən uğrunda canını fəda edən qazilərimizə ehtiram və minnətdarlıq hissinin bir ifadəsi olduğunu bildirib. Sənətçi tezliklə veteranları da yeni mahnı ilə sevindirəcəyini deyib.
Publika.az Elvin Nasirlə müsahibəni təqdim edir:
- Elvin bəy, gəlin, əvvəlcə sizi yaxından tanıyaq.
- 12 ildən çoxdur ki, musiqi ilə məşğulam, amma 2019-cu ildən “Gecələr” mahnısı ilə tanınmağa başlamışam. Azərbaycanda fikir və sənət, musiqi və ədəbiyyatın birgə vəhdətindən ibarət “Nasirizm” deyilən bir ideologiya yaratmışam. Azərbaycan musiqilərinin, ritm və melodiyaların üstündə şairlərimizin şeirlərini və onlara yazdığım nəzirələri ifa edirəm. Biz sözlə, ədəbiyyatımızın gənclərə fərqli və yeni şəkildə təbliğatı ilə məşğul oluram.
- “Çəkilin, qazi gəlir” mahnınız son günlərdə böyük marağa səbəb olub. Vətənpərvərlik mövzusunda mahnılarımız var idi, amma bildiyim qədər, qazilərə mahnı həsr olunmamışdı. Necə oldu ki, bu mahnını yazmağa qərar verdiniz?
- Hər zaman dəyərli və dərin mövzulara toxunmağa çalışıram. Bu, mənim üçün sənətdə dəyişməz bir qaydadır. Heç vaxt böyük üstünlüyü sevgi mövzularına verməmişəm, çalışıram ki, vətənpərvərlik və sosial-ictimai məzmun daşıyan kompozisiyalar üstünlük təşkil etsin. “Çəkilin, qazi gəlir”dən əvvəl oxuduğum “Can ey şəhid” də populyar idi. Bu, bir layihə idi, oktyabrdan bəri vətənpərvərlik mövzusunda 3 mahnı yazmağı düşünürdük. “Can ey şəhid”, “Azərbaycan” və “Çəkilin, qazi gəlir” mahnıları ard-arda gəlməli idi, əvvəlcədən düşünülmüş və hazırlanmış bir layihə idi. Aranjeman problemlərinə görə, “Çəkilin, qazi gəlir” bir qədər yubandı. Yeri gəlmişkən, veteranlar üçün də kompozisiya hazırlamışıq, yaxın günlərdə təqdim olunacaq.
- Elvin bəy, bu addımınızdan sonra qazilərə həsr olunan mahnıların sayı artacaqmı? Necə düşünürsünüz? Qazilərdən bu mahnı ilə bağlı hansı reaksiyaları alırsınız?
- Sağ olsunlar, həm qazilər, həm də dinləyicilər xoş qarşıladı. Bu mahnıdan sonra dəfələrlə iftar süfrələrində qazilərlə görüşümüz olub, münasibət əladır.
Çox istəyərəm ki, sənətçilərimiz də bu mövzulara toxunsun, qazilər haqqında mahnıların sayı artsın. “Birinci mən etdim, heç kimi bunu təkrarlamasın” kimi eqoist yanaşmalardan uzaq insanam. Söhbət qazilərdən və vətən sevgisindən gedirsə, bu məsələdə nümunə olmaq, görüb-götürmək ancaq fəxr hissi gətirə bilər. Təki hamı bu mövzulara müraciət etsin, təki qazilərimiz daim diqqət mərkəzində olsunlar.
- Mahnının həm solo variantı, həm də Aqşin Fatehlə duetiniz bir milyondan çox baxış sayı toplayıb. 10 gün içində bu qədər maraq oyadacağınızı gözləyirdiniz?
- Mahnının rep və meyxana sintezində başqa bir versiyasını hazırlamaq və duet oxumaq təklifi Aqşin bəydən gəldi. Dərhal razılaşdım, solo versiya 10 gün ərzində 1 milyondan çox baxış sayı toplamışdı, bilirdim ki, qazilər barədə növbəti layihə də eyni dərəcədə səs-küy yaradacaq. Mahnı nə qədər aktual olsa, bir o qədər yaxşıdır. Müəyyən mənada gözlənilən olsa da, söhbət vətənpərvərlik mahnılarından gedirsə, heç vaxt baxış sayı toplamaq və ya trendlərə düşmək üçün çalışmamışam, ümumiyyətlə bunun marağında olmamışam. Lakin sırf qazilərə həsr olunan layihənin bu qədər izlənməsi və sevilməsi sevindirici haldır. Qoy elə qazilərimiz trenddə olsun.
- Bu vaxta qədər biz 8 mayı Şuşanın işğal günü kimi qeyd edirdik. Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində bu gün Şuşa azad nəfəs alır. Qazilərimizə və hərbçilərimizə nə demək istərdiniz?
- Bütün qazilərimizə Allahdan şəfa və uzun ömür, şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm. Şükürlər olsun ki, Azərbaycanın qəhrəman oğulları əlbəyaxa döyüşə girərək Şuşanı erməni işğalçılarından azad edib. Amma biz 8 mayı heç vaxt unutmamalıyıq.
- Necə düşünürsünüz, ölkəmizdə qazilərimizə yetəri qədər diqqət və qayğı göstərilirmi?
- Yaxşı olardı ki, bu barədə millət vəkilləri və başqa səlahiyyətli şəxslər danışsın. Sənətçi kimi mənim işim şəhid və qazilərimizi öz üslubumda diqqətdə saxlamaqdır. Ehtiram və minnətdarlıq hissinin əlaməti olaraq onlara mahnılar və şeirlər yazmışam, yazmağa davam edəcəm. Hesab edirəm ki, hər kəs öz imkanları daxilində qayğı və diqqətini şəhid və qazi ailələrindən əsirgəməməlidir.
- Müharibə travması çox gec sağalır, sağalsa da, əsgər və zabitlərimizdə dərin izlər qoyur. Sizcə, nəğməniz qazilərimizə məlhəm olacaqmı?
- Ümumi danışsaq, musiqi çox güclü bir təbliğat vasitəsidir. Bəzən fərqində olmuruq, amma yazdığımız musiqi və şeirlər neçə-neçə insanlara təsəlli olur. Əlbəttə ki, heç bir təsəlli itirilmiş can sağlığını geri qaytarmır, sən onu vətən uğrunda fəda edirsən. Amma az da olsa təsəlli ola bilirsə, çox sevinərəm. Mənə gələn mesajlardan görürəm ki, sənətçi olaraq öz missiyamı yerinə yetirə bilmişəm.
- Məhəmməd Füzuli, Nizami Gəncəvi, Mikayıl Müşfiq kimi şairlərin şeirlərinə nəzirələr yazırsınız. Bu, digər şairlərimiz tərəfindən necə qəbul olunur?
- Tanıdığım şairlərdən müsbət fikirlər eşidirəm, ədəbi tənqidçilər də xoş qarşılayır. Çünki bu, ədəbiyyatın geniş təbliğidir. Məktəblərdə və universitetlərdə ədəbiyyat oxumayan, sadəcə şair və yazıçıların doğum və ölüm tarixlərini əzbərləyən uşaqların, yaxud gənclərin poeziyaya marağının artdığının şahidi oluram. Şükürlər olsun ki, bu tərzi gənclərimiz sevir və bəyənir. Bu auditoriya günü-gündən böyüyür, minlərlə insan Elvin Nasiri tanıyır.
- Müqəddəs bir işlə məşğul olursunuz. Bəs bu ideya necə yarandı?
- İlk növbədə özümü ifadə etmək üsulu idi. Məşhur olmaq indiki zamanda çox asandır, ən azından “Tik-Tok”da bir video çəkib məşhurlaşmaq mümkündür. Məsələ məşhur olmaqda deyil, bu məşhurluğu hansı sahədə və necə qazanırsan, ən əsası bununla nəyə xidmət edirsən. Daha faydalı bir işlə məşğul olmaq istədim. Fikir, sənət, musiqi və ədəbiyyatı birləşdirməklə bunun yollarını tapdım.
Məsələn, Məhəmmədhüseyn Şəhriyarın səsləndirdiyi “Yalan dünya” şeirini “Dilbərim” musiqisi ilə yeni aranjemanda yığdıq, daha sonra ona yazdığım nəzirə ilə birləşdirdik. Nəticə etibarı ilə həm M.Şəhriyarı, onun şeirini, həm də Azərbaycanın “Dilbərim” musiqisini, öz yazdığım nəzirəni dinləyicilərə çatdırmış oldum.
Aytən Məftun
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi