Bu təcrübə tətbiq olunsa, sərhəd məsələləri daha sürətli həllini tapacaq - Politoloq DETALLARI AÇIQLADI
Bizi izləyin

Xüsusi

Bu təcrübə tətbiq olunsa, sərhəd məsələləri daha sürətli həllini tapacaq - Politoloq DETALLARI AÇIQLADI

Prezident İlham Əliyev "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" konfransındakı çıxışında regionun gələcəyi ilə bağlı bir sıra ismarışlar səsləndirdi. Azərbaycanın ABŞ və Rusiya ilə münasibətlərinə toxundu. Ermənistanın gələcəyindən danışdı. Regional və beynəlxalq layihələr fonunda digər qonşu dövlətlərlə gələcək siyasətimizin konturlarından bəhs etdi.

Bütün bunları sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə etdik.

Politoloq hesab edir ki, yaxın gələcəkdə Azərbaycanın xarici siyasət kursunu proqnozlaşdırmaq o qədər də çətin deyil.

T.Zülfüqarovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Tofiq müəllim, Prezident İlham Əliyev 20 mayda məlum konfransdakı çıxışında Zəngəzur dəhlizinin açılacağı anonsunu verdi. Bildirdi ki, dəhlizin açılması üçün işlər gedir. Ermənistan dəhlizin açılmasından son anda imtina edə bilərmi?

- Ermənistan kommunikasiyanın bərpasını dəhliz şəklində yox, sadəcə olaraq adi kommunikativ xətt kimi fikirləşir. Təbii ki, bu, qarşılıqlı olmalıdır. Yəni, əgər Naxçıvana dəhliz açılarsa, biz də Ermənistanla sərhədləri aça bilərik. Bəllidir ki, 44 günlük müharibədən sonra bu istiqamətdə bir sıra görüşlər gerçəkləşib. Biz bilirik ki, kommunikasiya xətlərinə nəzarəti Rusiya qoşunları həyata keçirəcək. Bu barədə Moskvadan da müxtəlif səviyyələrdə bəyanatlar səsləndirilib. Ermənistan istəyir ki, götürdüyü öhdəlikdən boyun qaçırsın. Təbii ki, Azərbaycan tərəfi bunu qəbul etmir.

- Rəsmi Tbilisi də Zəngəzur dəhlizinin açılmasından narahatlığını gizlətmir. Sizcə, bu məsələdə Gürcüstanın narahatlığı anlaşılandırmı?

- Fikrimcə, bu məsələdə diskussiya aparmaq indiki mərhələdə mənasızdır. Dəhlizin açılmasının istənilən tərəf üçün xeyri mövcuddur. Azərbaycan istəyir ki, Naxçıvanla, digər əraziləri ilə maneəsiz əlaqələr yaratsın. Bunun üçün kommunikativ işlərin aparılmasında, Zəngəzur dəhlizinin açılmasında və onun işləməsində maraqlı olduğunu gizlətmir. Digər maraq ondan ibarətdir ki, bəzi layihələri həyata keçirəndən sonra Türkiyə və Azərbaycanın bağlantısı üçün də əlavə bir xətt olacaq. Bu da bizim xeyrimizə olan məsələdir. Hətta İran ərazisindən keçməklə üçüncü bir bağlantı da mövcuddur. Həmin istiqamətdən daha çox avtomobil nəqliyyatının hərəkəti üçün istifadə edilir.

- Bəs Rusiya və İran bu məsələdə nə düşünür?

- Rusiya və İranı götürsək, onlar da dəmiryolu ilə bağlantının tərəfdarıdırlar. Şimal-Cənub dəhlizinin işlək vəziyyətə gətirilməsi onların marağındadır. Bu, hər kəsə bəllidir. Ermənistanın tətbiq etdiyi blokada məsələsi də aradan götürüləcək. Eyni zamanda, müxtəlif istiqamətli yolların açılması da Ermənistanı blokadadan çıxaracaq. Yəni, bu kommunikasiyalar vasitəsilə Rusiyaya və digər ölkələrə çıxış əldə edərək öz məhsullarını bazara çıxara bilsinlər və öz xeyirlərini götürsünlər. Bu sülh, bu xətt hamı üçün sərfəlidir. Bu, birmənalıdır. Kommunikasiya hamı üçün yeni imkanlar açır. Buna baxmayaraq, Ermənistan istəyir ki, digər ölkələrdən özləri üçün hansısa güzəştlər əldə etsin.

- Ermənistan tərəfi Qazaxın 7, Naxçıvanın 1 kəndi qarşılığında Gədəbəy ərazisindəki Başkəndi tələb edir. İndiki mərhələdə məğlub ölkənin bu kimi şərtlər irəli sürməsi və onun yerinə yetirilməsi mümkündürmü? Başkənd Ermənistana verilə bilərmi?

- Əslinə qalsa, biz ərazi bütövlüyü prinsipini əsas götürürüksə, bu məsələdə qarşılıqlı güzəştlər ola bilər. Təbii ki, bu, komissiyanın işindən asılıdır. Bu işlərin aparılması qaydası belədir; əvvəlcə demarkasiya və delimitasiya məsələləri formalaşdırılır. Bu barədə dövlətlərin qərarları olur və işlər həmin qərarlar əsasında müzakirə edilir. Belə bir şəraitdə danışıqlara başlamaq, danışıqları aparmaq heç də asan proses deyil. Bu baxımdan, sərhədlərin konturlarının müəyyənləşdirilməsi, onun dəqiqləşdirilməsi uzunmüddətli proses sayıla bilər. Müzakirələrdə müxtəlif qurumların nümayəndələri iştirak edir. O cümlədən Xarici İşlər Nazirliyi, iqtisadi qurumlar və digər aidiyyəti yerli idarəetmə orqanları müzakirə prosesinin bir parçasına çevrilirlər. Bu, normal prosesdir. Müxtəlif yerlərdə də bu təcrübədən istifadə olunub. Hesab edirəm ki, bu təcrübə tətbiq olunsa, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələləri daha sürətli şəkildə öz həllini tapacaq.

- Prezident son çıxışında Qərb və Rusiya ilə bağlı mesajlar da verdi. Qərblə yaxınlaşma, Rusiya ilə məsafəli münasibətlər... Azərbaycan xarici siyasətdə balanslı, tarazlı kursuna davam edəcək, yoxsa iki qütbdən birinə yaxınlaşacaq?

- Burada Azərbaycanın mövqeyini indidən proqnozlaşdırmaq çox asandır. Rəsmi Bakının xeyrinə nə olacaqsa, həmin mövqedən də istifadə olunacaq. Azərbaycanın istəmədiyi şey digər ölkələrin maraqlarının bizim məsələlərdə toqquşmasıdır. Hər bir ölkə istəyir ki, bizim ölkəmizdə öz problemlərini həll etsin və ya öz münaqişələrini həyata keçirsin. Qarşıdurmada olan ölkələr əgər Azərbaycandan hansısa xoşniyyətli addımlar istəsə, bu da mümkündür. Yadınızdadırsa, vaxtilə ABŞ-ın və Rusiyanın Baş Qərargah rəisləri Bakıda görüşürdülər. Bakıda bu və ya digər görüşlər də təşkil oluna bilər. Bu kimi məsələlərdə Azərbaycanın xoşməramlı münasibət sərgiləməsi Bakı üçün ənənəvi mövqedir.

- Nikol Paşinyan son günlər ilıq açıqlamalar verir. Sizcə, yaxın ərəfələrdə böyük sülh sazişi gözlənilirmi? Yeri gəlmişkən, Prezident də 20 mayda bu məqamlardan danışdı...

- Doğrusu, bu aralar böyük sülh sazişi gözləmirəm. İlk növbədə müxtəlif sferalara aid hansısa razılaşmalar əldə olunmalıdır. Məhz bundan sonra böyük sülh sazişindən söhbət gedə bilər. Çünki bu sazişin imzalanması üçün hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Görünür ki, Ermənistan da bu siyasətdən boyun qaçırır. Bizim daxili işlərimizə daimi olaraq müdaxilə edir. Yəni, onların gündəmində Dağlıq Qarabağ və digər məsələlər durmadan müzakirə olunur.

- Dağlıq Qarabağ münaqişəsi başa çatıb. ABŞ da Azərbaycana qarşı olan “907-ci düzəliş”in dayandırılması müddətini uzadıb. Birləşmiş Ştatlar bundan sonra Azərbaycana silah sata bilərmi?

- “907-ci düzəliş”i dayandırmaq məsələsi onsuz da hər il olur. Bu məsələdə hər hansı mövqe dəyişikliyini görmürəm. Ümumiyyətlə, bu düzəlişin tamamilə ləğv edilməsinin vaxtı çoxdan çatıb. Biz başa düşməliyik ki, Amerika Birləşmiş Ştatları heç vaxt Azərbaycanın bir nömrəli hərbi tərəfdaşı ola bilməz. Çünki ABŞ-ın bir ölkə ilə hərbi əməkdaşlığı hansısa şərtlərlə bağlıdır. Bu baxımdan, Bakının Vaşinqtonla üst-üstə düşməyən mövqeləri mövcuddur. Mən hansısa ölkəyə üstünlük verməyimizin də tərəfdarı deyiləm. Təbii ki, bu məsələdə Türkiyə istisnadır. Amma digər ölkələrə baxmalıyıq və çalışmalıyıq ki, mənbələr müxtəlif olsun. Yəni, bu məsələlər təzyiq kimi istifadə olunmasın.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm