Azərbaycan dərhal anti-terror əməliyyatına başlayacaq, əgər... - Polkovnik AÇIQLADI/VİDEO
Bizi izləyin

Xüsusi

Azərbaycan dərhal anti-terror əməliyyatına başlayacaq, əgər... - Polkovnik AÇIQLADI/VİDEO

Video əlavə olunub.

xxx

Son günlər Ermənistan-Azərbaycan sərhəd zolağında iki ölkənin hərbi qüvvələri arasında bir sıra gərginliklər yaşanmaqdadır. Əslində mayın 12-də Qaragöl istiqamətində başlayan gərginliklər hələ də davam edir. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin getdiyi bir vaxtda bu cür halların yaşanması normal qəbul edilə bilər.

Ancaq Ermənistan məsələni daha da böyüdərək üzv olduğu hərbi bloku - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), eləcə də digər beynəlxalq qurumları prosesə cəlb etmək istəyir.

Bəs rəsmi Bakı istənilən təxribatı necə sovuşduracaq? Sərhəd məsələləri öz həllini necə tapacaq? Yenidən qarşıdurma, silahlı toqquşma gözlənilə bilərmi?

Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovla söhbətləşdik. Polkovnikin Publika.az-a müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirdi.

- Cənab polkovnik, son günlər Ermənistan-Azərbaycan sərhəddində müəyyən gərginliklər yaşanır. Bu gərginliklər sərhədlərin delimitasiya və demarkasiyası məsələləri gündəmə gələndən mövcuddur. Səbəbləri nələrdir?

- Hazırda Ermənistan-Azərbaycan sərhəd xəttində müəyyən dəqiqləşdirmə məsələləri həyata keçirilir. Ermənistanın bugünkü vəziyyətini nəzərə alsaq, görərik ki, post-müharibə dövründə orada hakimiyyətsizlik hökm sürür. Hələ də seçkiqabağı gərginlik müşahidə edilir. Sərhədlərin dəqiqləşdirilməsi məsələsi bu ölkədə müəyyən gərginliklərə səbəb olub. Çünki Ermənistanda müəyyən revanişst düşüncələrlə yaşayan qüvvələr var. Burada təxribata əl atmaq istəyən, sabitliyi pozmaq istəyən qüvvələr də yetərincədir. Ona görə də sərhəd xəttində baş verən hər hansı bir narahatlıq gözləniləndir. Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində hər hansı bir təxribata əl atacağına Azərbaycan tərəfi əvvəlcədən münasibət bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı bu məsələləri qabaqlayaraq öz xəbərdarlığını edib. Ali Baş Komandan bildirib ki, əgər Ermənistan tərəfi revanişst düşüncədən çıxış etsə və hər hansı təxribata əl atsa, o zaman Azərbaycanın dəmir yumruğu yenə işə düşə bilər. Yəni, bu artıq Azərbaycanın mövqeyi və Bakının cavabıdır.

- Bəs Qaragöl, Zəngilan, indi də Kəlbəcər istiqamətindəki təxribatlar bir-birini əvəzləyir. Bütün bu anlaşılmazlıqlar necə həll olunmalıdır?

- Bütün bunlar Ermənistandakı mövcud gərginliklərdən cəmiyyətin diqqətini yayındırmaq üçündür. Orada müəyyən qüvvələr bu vəziyyətdən istifadə etməyə çalışır. Sərhəddə baş verənləri manipulyasiya etmək cəhdi kimi də bunu başa düşmək olar. Azərbaycan-Ermənistan sərhəddində hələ ki, ciddi insident baş verməyib. Digər tərəfdən, həmin bölgədə, sərhəddə Rusiya nümayəndələri var. Həmin istiqamətdə Azərbaycan sərhədçiləri keşik çəkir. Bəzi hissələrdə Müdafiə Nazirliyinin bəzi bölmələri post qurublar. Onlar lazımi şəkildə təlimatlandırılıblar. Sərhəddə baş verənləri Ermənistan tərəfindəki Rusiya nümayəndələri ilə mütəmadi olaraq müzakirə edirlər.

- Ermənistan tərəfi iddia edir ki, ötən gün Azərbaycan tərəfinin açdığı atəş nəticəsində bir erməni əsgər ölüb. Azərbaycan isə ermənilərin bu iddialarını təkzib etdi. Bu cür təxribatlarla İrəvan nəyə nail olmaq istəyir?

- Ermənistan əsgərinin ölməsi ilə bağlı məsələ də aydınlaşıb. Məlum olub ki, həmin hərbi qulluqçu Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ölməyib. Bu hadisə həmin əsgərin öz silahı ilə ehtiyatsız davranması ilə əlaqədardır. Bəlkə də o, özü-özünü vurub. Söhbət ondadır ki, bu məsələ sərhədlə bağlı deyil. Azərbaycan tərəfinin bu məsələ ilə heç bir bağlılığı yoxdur. Sadəcə olaraq məlum hadisə həmin ərazidə olub. Ermənilər də bundan istifadə etmək istəyiblər. Mən onu da qeyd etmək istərdim ki, bizim sərhədçilər, orada xidmət aparan hərbçilərimiz işlərini yüksək peşəkarlıqla davam edirlər. Azərbaycan sərhədini pozmaq, yaxud dövlət sərhədimizə silahlı basqın etmək istəyənlərə dərhal, adekvat cavab verərək təxribatların qarşısını almağa hər zaman hazırdır. Əgər kimsə dövlət sərhədində təxribata cəhd göstərsə, bunun qarşısı qətiyyətlə alınacaq. Sərhəddə aparılan xidmət beynəlxalq normalara əsaslanır. Təlimatlarla, əmrlərlə xidmət aparılır. Düşünürəm ki, Azərbaycabnın istənilən təxribatın qarşısını alamğa yetərincə gücü, iradəsi və qüvvəsi çatır. Erməni tərəfi bunu çox yaxşı bilir. Ona görə də fikrimcə, biz sərhəddə bundan sonra da ciddi bir insident müşahidə etməyəcəyik. Əgər belə bir hal baş verərsə, biz ölkəmizin qanunları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü qorumağa qadirik. Buna heç kimin şübhəsi olmamalıdır və yoxdur.

- Ermənistan indi KTMT-ni sərhəd məsələlərinə cəlb etmək istəyir. İrəvan iddia edir ki, onun ərazi bütövlüyünə qarşı cəhd var. Əgər bu baş versə, bəs Azərbaycanı kim müdafiə edəcək? Axı biz heç bir hərbi blokun üzvü deyilik?..

- Belə bir hal heç zaman baş verməyəcək. Sizin adını çəkdiyiniz təşkilat da artıq bu məsələ ilə bağlı fikrini bildirib. Belə bir şey olacağını düşünmürəm. Çünki Azərbaycanın siyasəti qonşuluq siyasətidir. Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur, eləcə də Ermənistanın... Azərbaycan sərhədləri müvafiq qəbul edilmiş sənədlər, xəritələr əsasında xətt üzrə müəyyənləşdirir. İşlər də bu istiqamətdə gedir. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları, digər aidiyyaəti qurumlar da öz işlərini bu istiqamətdə qurub. Ona görə də sizin adını çəkdiyiniz təşkilatın Ermənistan tərəfdən iştirakı gözlənilmir. Digər tərəfdən, həmin təşkilatın üzvü olan Rusiyanın nümayəndələri də bölgədədir. Hər gün, hər saat müşahidə aparırlar. Onlar sərhəd bölgəsindəki bütün məsələləri nəzarətdə saxlayırlar. Hətta təxribat törətmək istəyən qüvvələri də vaxtında bu təxribatdan çəkindirirlər.

- Qarabağda – rusiyalı sülhməramlıların nəzarətində olan bölgələrdə hələ də silahlı ermənilər, qanunsuz hərbi birləşmələr qalır. Onların tərksilah edilməsi üçün Azərbaycan tərəfi anti-terror əməliyyatlarına başlaya bilərlərmi?

- Həmin ərazilərə Rusiyanın sülhməramlı qüvələri cavabdehdir. Xankəndi, Ağdərə və digər ərazilər sülhməramlıların cavabdehliyi altındadır. Hər hansı xoşagəlməz hadisələr baş verərsə, onların qarşısının alınması məhz Rusiyadan olan sülhməramlıların öhdəsinə düşür. Bilirsiniz, orada Monitorinq Qrupu var. Həmin Monitorinq Qrupu da bizim türkiyəli qardaşlarımızla birgə bu işdə iştirak edir. Əgər müəyyən olunmuş çərçivələrdən kənara çıxma halları baş verərsə, hər hansı xoşagəlməz hal, insident, təxribat baş verərsə, o zaman Azərbaycan tərəfi bunun qarşısını dərhal alacaq. Həmin təxribatlar terror təxribatı və ya terrorçuluq fəaliyyəti hesab olunacaq. Bunun qarşısının dərhal alınması üçün anti-terror tədbirləri görüləcək.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm