Xüsusi
Ömrünün 45 ilini təhsilə həsr edən Kamalə Abiyevadan SƏRT TƏNQİD: Qızın ərə getməsi, oğlanın evlənməsi...
Kamalə Abiyeva ömrünün 45 ilini Azərbaycan təhsilinə həsr edən, xalqı və milləti üçün sədaqətli vətəndaşlar yetişdirən şərəfli müəllimlərimizdən biridir. Bir çox müəllimlərin bu şərəfli peşənin yükünü öz çiyinlərində daşıya bilmədiyini deyən K.Abiyeva pandemiyanın istənilən sahədə, o cümlədən təhsildə ciddi problemlər yaratdığını bildirib.
Şagird-müəllim münasibətlərində vacib nüanslara toxunan Kamalə xanım bəzi valideynlərin məsuliyyətsizliyindən, bəzi qızların peşə sahibi olub öz ayaqları üstündə dayanmaqdansa erkən yaşda ailə qurmağa meyilli olmasından narahatlığını dilə gətirib.
Publika.az pedaqoji fəaliyyətilə yanaşı, bədii yaradıcılıqla da məşğul olan və daha çox “Məktəb illəri” mahnısının söz yazarı kimi tanıdığımız Kamalə Abiyeva ilə müsahibəni təqdim edir.
- Kamalə xanım, pandemiya müddətində şagirdlər və müəllimlər onlayn təhsil prosesində hansı problemlərlə qarşılaşdı?
- Əvvəla onu deyim ki, sizi görməkdən, yenidən söhbətləşməkdən çox məmnunam. Pandemiya dünya insanının həyatında - istənilən sahədə problemlər yaratdı. Təhsildə də. Sağlam insan kimdir? Fiziki və mənəvi sağlam olan. Hər ikisinə zərbə oldu. Həm müəllimə, həm də şagirdə. Çox yorucu, daha çox əsəb tələb edən, maraqsız... Nə bilim, yalandan tərifləyə bilmərəm. Bunu anlamaq çətin deyil. Ümumiyyətlə, pandemiyasız da təhsildə problemlər çoxdur: dərsliklər, müəllimlər, valideynlər və onların uşağa təsiri. Nazirimiz dəyişəndən ona bir neçə dəfə məktub, müraciət yazmaq istəmişəm, yazmamışam. Bilirsiniz, testlə müəllim olmur. Bütün suallar internetdə var, hazırlıq keçənlər bu sualların cavabını daha yaxşı bilir. Bəs bu biliyi öyrətmək bacarığı varmı? Bəs müəllimin duruşu, nitqi, izah etmə bacarığı, şagirdlərlə davranışı, təsiri və pedaqoqluq qabiliyyəti necə olsun? Yüksək bal toplayan elə müəllim var ki, söz ağzından qaçır, mən beləsinə dərs vermərəm. Ədəbiyyat müəllimlərini yoxlayaq, görək neçəsi şeiri duyur, oxuya bilir. Ya da müəllimlər yaşadığımız qələbəylə bağlı hisslərini ifadə etsinlər. Çoxu bir-iki kəlmə bayağı fikir deyəcək. Axı bu da savaddır, duymaqdır. Müəllim cəmiyyətin böyük təsir gücüdür. Mənən zəngin və şəxsiyyət olmalıdır ki, şəxsiyyət yetişdirə bilsin.
- Onlayn təhsil şagirdlərə və müəllimlərə hansı “dərsi verdi”?
- Bir az da aldatmağı, aldanmağı öyrəndik. Məsuliyyətsizlik artdı. Məncə, daha çox valideynlərə dərs oldu. Şagirdlərin mobil telefonla məktəbə gəlməsinin qarşısını almaq olmurdu. Amma onlayn dərsdə o əlindən telefon düşməyənlərin çoxu olmadı. Rayon, kəndləri qoyuram bir kənara, Bakıda yoxlasaq, imkanı da, interneti də var, amma bu valideynlər uşağının dərsdə iştirakına nəzarət etmədi. İstəmədi özünü incitsin. Müəllimi tənqid etmək asandır, özüm də edirəm. Təhqir də çoxdur. İndi valideynlər nə tələb edəcək müəllimdən? Məsuliyyətsizlik öyrəndik hamımız. Məsuliyyətli ailələrin övladları dərslərdə iştirak etdi. Amma bu, az idi. Valideyn də, uşaq da bildi ki, güzəşt var, kitab açmadılar. Məsuliyyətsiz müəllimlər də az deyil, amma valideynlər qat-qat üstün oldular. Hətta sevindilər, uşağı əziyyət çəkmədi, özü əziyyət çəkmədi... Uşaqlarına qarşı məsuliyyətsizlikdən “xoşbəxt”oldular. Belə...
- İxtisas seçimində qərar verə bilməyən məzunlara necə doğru yol göstərmək olar? Yüksək bal toplaya bilməyən şagirdlərin intihar xəbərlərini oxuyur və çox məyus oluruq. Sizcə, bu problemin kökünü kimdə və ya nədə axtarmaq lazımdır?
- Test imtahanlarının nöqsanı hesab edirəm. Uşaqlar qrup üzrə hazırlaşır. İxtisas seçimi çox, konkretlik yoxdur. İxtisas seçiminə imtahan ərəfəsində necə qərar vermək olar? Burada da ailənin rolu böyükdür. Təəssüf ki, o “milli” yanaşmadan çıxa bilmirik. Aşpaz olmaq istəyir, qoy olsun. Valideyn razılaşmır, “yox, qoy versin, bir yerə düşər” - deyir. 10 il heç nə oxumayan övladının bir il hazırlığa getməklə tələbə olacağını düşünür.
İntiharların səbəbini ilk növbədə ailədə axtarmaq lazımdır. Valideyn övladını öz xəyalları ilə yönləndirməli deyil, arzularını, qabiliyyətini, maraq dünyasını öyrənməlidir. Psixoloji durumu zəif olan uşaqlar, nə edəcəyini bilməyənlər var. Məktəblərdə psixoloqlar var. Hər uşağın özgüvəni olmalıdır. Gücü çatmayan sahəyə yönləndirir övladını. “Yaxşı dərzi, usta ol” demirlər axı. Ailə-məktəb münasibəti təhsilin qabarıq problemidir. Aldadıcı yarışmalar, nə bilim dərslər, Amerikada ötən əsrin 50-ci illərində tətbiq olunan və uğursuz olan üsulları gətirib 21-ci əsrdə burada tətbiq etməklə heç nə olmur. Təsəvvür edin ki, dəqiq ixtisas seçimi olan şagirdləri görəndə sevinirəm. Yəni sözüm bitməz təhsillə bağlı.
- Bu yaxınlarda şagirdlərin, xüsusilə qızların bilik səviyyəsindən narahatlığınızı ifadə edən rəyinizi oxudum. Niyə bəzi qızlarımız öz ayaqları üzərində dayanmaqdansa erkən yaşda ailə qurmağa tələsir?
- Çox narahat oluram. İllərdir qınaq obyekti olan, sosial şəbəkələrdə müzakirəyə qoyulan, bir valideynin zəngi ilə cəza alan müəllim sizə kimi yetişdirər? Müəllim və cəmiyyət haqda yazılar da yazmışam, müəllim o qədər müəllim olmalıdır ki! O qədər nə etdiyini bilməlidir ki! İsmin hallarını, ya da Nyutonun qanunlarını əzbərləmək müəllim olmaq deyil. Bu, aktyorluqdan, yazıçılıqdan böyük istedaddır. Varmı? Çox az. İndi guya müəllimləri yoxlayırlar test imtahanıyla. Sovet dönəmində təkmilləşmə kurslarına gedərdik, ünsiyyətdə olardıq, söhbətləşərdik, bir-birimizdən nəsə öyrənərdik. Faydası çox idi. Demirəm ki, müəllimlər nöqsansız olurdu, amma daha çox müəllim idilər. Təhsil Nazirliyində xüsusi şöbəmi, qrupmu yaradılmalıdır. Müəllim var fənnini bilir, amma dünyagörüşü qızın ərə getməsindən, oğlanın evlənməsindən o yana deyil. Yəni o heç anlamır ki, insan kimi hazır olmaq nə deməkdir. Ona görə özünü dolandıra bilməyən cütlüklər yaranır, 3-4 uşaq dünyaya gətirir. Sən bir məsləhətli söz deyirsən, tənqid olunursan. Tez “Allah verən paydır”deyirlər, dini qarışdırırlar. Adam, Allah sənə ağıl verib, şüurlu yaradıb, öncə onu düşün. O qədər məsuliyyətsiz uşaqlar var ki. Onların əksəri 11 ilini boş-boş gəzən, tam laqeyd uşaqlardır. Onları görürəm mən. Yəni valideyn bilmir ki, övladı heç dərs oxumadı? Onlar heç bir peşəni öyrənə bilmir, yəni “kamil bir palançı” da olmayacaqlar. Uşaqla birlikdə özünə qarşı məsuliyyət hissini də böyütmək lazımdır. “Əşi, qızdır, birinə gedəcək də” yanaşması var qızlara. Ailə-məktəb, valideyn-müəllim münasibəti başlıca amildir bu məsələdə... Rayonlarda, kəndlərdə durum daha pisdir. Bu qədər qurumlar, QHT-lər, təşkilatlar var, tədbirlər, görüşlər, nə bilim söhbətlər keçirmək lazımdır. Nəhayət TV-lərdə ağlayan, “aldandım”deyə uşaqla efirlərdə günlərlə göstərilən qızların yerinə məqsədli, güvənli, işgüzar qızları çıxarmaq, başqa səpkidə verilişlər lazımdır. TV rəhbərləri hansısa aparıcının mənasız verilişinin reytinqinə yox, xalqının reytinqinə baxmalıdır. Sadəcə xalqı, onun vətəndaşını sevmək lazımdır.
- Cəmiyyətimiz təhsil səviyyəsinin aşağı olmasında adətən müəllimləri günahlandırır. Bu ittihamlar nə dərəcədə haqlıdır? Müəllimlik şərəfli peşə sayılır. Sizcə, bu günün müəllimləri bu şərəfli peşənin yükünü öz çiyinlərində daşıya bilirmi?
- Haqlıdırlar. O məsuliyyətsiz valideynlərin olmasında da müəllimin günahı var. Daşıdığı yükün mahiyyətini bilmir çoxu. Amma əsl müəllimlər də az deyil. “İlin müəllimləri” seçilir, bilirsiniz? Aylar öncədən başlayır bir mövzunu, bir dərsi hazırlamağa. Təsəvvür edirsiniz? “İlin müəllimi”ni seçmək istəyirsən, 50 şagirdi yığ, bir müəllim söhbət aparsın. Mövzunu uşaqlar seçsin. Gör onlarda maraq oyada biləcək, müzakirə edə biləcəkmi? Nə bilim, bunları düşünmək məni çox yorub. 10 sinfim olub. Bəzən iki sinfin rəhbəri olmuşam. Sinif rəhbəri olduğum məzunlar arasında bir-iki nəfər uğursuz taparsan. Oxuyanlar da olub, oxumayanlar da. Amma hər biri bir sənətə yiyələnib: müəllim, mühəndis, iqtisadçı, dilçi və s. olanı da var, aşpaz, tibb bacısı, sürücü, usta işləyəni də. Onlarla elə tədbirlər, elə mövzularda müzakirələr keçirmişəm ki.
- Ümumiyyətlə, 30-40 il əvvəlki ilə müasir dövrün şagirdləri arasında görünən əsas fərq hansıdır?
- Onda hamı biliyə can atırdı, ən hörmətli uşaqlar savadlı olanlar idi. İndi hamı pula can atır, bahalı geyimi, telefonu ilə qürrələnir, “hörmətli”olur.
- “Son zəng” yaxınlaşır. Bu günü müəllifi olduğunuz “Məktəb illəri” mahnısı olmadan təsəvvür etmək mümkün deyil. Bütün məzunların sizin səsinizi eşitmək şansı olsaydı, onlara hansı tövsiyələrinizi verərdiniz?
- Son gündə nə deyim ki? O günə qədər deməliyik. Sadəcə arzularımı deyirəm: Layiq olduqları yerdə olsunlar, öyrənməkdən yorulmasınlar. Kaşkiləri lap az olsun. Gərəkli olsunlar. Həyat, yaşamaq çox gözəldir, nə qədər çətinlik olsa da, bunu unutmasınlar. 17-18 yaş sözəgəlməz xoşbəxtlikdir. Zamanı, vaxtı sevsinlər ki, qiymətini bilsinlər.
Onlara bir vaxt şeir yazmışdım:
Bu da sonuncu gün, ayrılıq anı.
Neçə il qarşımda uşaq idiniz.
Bu da ömrünüzdə sehrli andı
Bir zəngin səsiylə böyüdünüz siz.
Hərəniz mənimçün bir dünyasınız
Sizinlə mən şagird olmuşam hər gün.
Şirin xatirəli bir dünyamsınız...
Sizinlə məzuna dönmüşəm bu gün.
İndi ürəyiniz min bir xəyallı
Kaş hər xəyalınız həqiqət olsun.
Sevin bu həyatı, sevin dünyanı,
Qoy sizi yaşadan məhəbbət olsun.
İllər ötüb keçdi, bir andı sanki,
Şagird deyilsiniz siz dünənki tək.
Gedin xoşbəxt olun, xoşbəxt olun ki,
Biz də bir az rahat yaşaya bilək.
- Kamalə xanım, təhsildən ayrılaq bir az. Şuşada Vaqif poeziya günlərinin keçirilməsini necə qiymətləndirirsiniz. Bu, Azərbaycan ədəbiyyatına hansı töhfələri verəcək? Bu tədbirdə iştirak etməyi arzu edirsinizmi?
- Şuşada istənilən tədbir dəyərlidir. “Şuşa, sən azadsan”, “Şuşa mədəniyyət mərkəzidir”, “Şuşada Vaqif poeziya günləri keçiriləcək” - görün necə şahanə səslənir. Xoşbəxtlik elə budur. Bu duyğularla yeni sənət əsərləri yaranacaq ədəbiyyatda, musiqidə, rəssamlıqda...
- Pandemiya yaradıcılıq planlarınıza necə təsir etdi? Məhdudiyyətlər ilham pərilərini məhdudlaşdırdı, yoxsa ilham heç bir sərhəd və çərçivələr tanımır?
- Yaxşı təsir etmədi. Nəzərdə tutduqlarımı edə bilmədim. Sakit olsam da, arada panikaya düşürəm. Yazı-pozuyla məşğul olmağa çalışıram. İlham deyəndə ki, hər an nəsə yazmaq istəyirəm, amma olmur. Dəyərli bəstəkar İqbal Ağayevlə bir neçə mahnımız oldu. Başqa bir sevimli bəstəkarımızla bir neçə mahnı hazırlayırıq. Ümumilikdə özümdən razı qalmadım. Ancaq 2-ci Vətən savaşındakı möhtəşəm qələbənin yanında hər şey çox kiçikdir. Son aylar daha çox şəhidlərimizlə bağlı yazılar yazıram. Əsrlərin yarasına məlhəm olan şəhidlərimiz haqda. Builki məzunlara sual verərdim sadəcə: Bildinizmi, onlar niyə şəhid oldu?
Aytən Məftun,
Foto: Ceyhun Rəhimov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO