Xüsusi
Ordumuz əks-hücum əməliyyatlarına başlayacaq, əgər... - BÜTÜN DETALLAR AÇILDI
Budəfəki həmsöhbətimiz Milli Məclisin deputatı Jalə Əliyevadır. Onunla son bir həftə ərzində ölkə gündəmini zəbt edən hadisələrlə bağlı söhbət etdik. Operativ Qərargahın yumşaldılma qərarından, ermənilərin Zəngəzur dəhlizindəki həyasızlıqlarından, Bakının Qarabağdakı silahlı qanunsuz hərbi birləşmələrə qarşı anti-terror əməliyyatları keçirmək ehtimalından danışdıq.
Millət vəkili Jalə Əliyevanın Publika.az-a müsahibəsini təqdim edirik:
- Son günlər Ermənistan-Azərbaycan sərhəd xəttində delimitasiya və demarkasiya işləri ilə bağlı müəyyən narahatlıqlar yaşanır. Ermənistan adi sərhəd problemlərini böyüdərək üzv olduğu hərbi bloku - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu məsələyə qatmaq istədi. Amma KTMT İrəvanın bu arzusunu suya düşürdü. Ermənistan bu cür “həmlələrlə” nəyə nail olmaq istəyir?
- Görünən odur ki, Ermənistanın sərhəddə baş verən hadisələri böyüdərək özünün üzv olduğu hərbi bloka müraciətinin cavabsız qalması, mənfi cavablandırılması artıq İrəvanın maskasının düşdüyünü sübut edir. “Güclü”, “qüdrətli” Ermənistan mifi dağıdılıb. İllərdən bəri “ədalətsizliyə uğrayan”, “torpaqları işğal edilən”, əslində başqa ölkələrə qarşı torpaq iddiasında olan bu ölkənin, bu dövlətin iddialarının ancaq yalan üzərində qurulduğu artıq bütün dünyaya bəllidir. Azərbaycan haqlı olduğunu, məhz Ermənistan tərəfindən işğala məruz qaldığını sübut etdi. Ölkəmiz haqsızlığa, ədalətsizliyə məruz qaldığını öz gücü və qüvvəsi ilə sübuta yetirdi. Azərbaycan sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Bundan sonra da hər zaman Azərbaycan torpağı olaraq qalacaq. Müvəqqəti olaraq bu torpaqları işğal edənlər gəldikləri yerə qayıtdılar. Sərhəddə baş verənlər sizin də dediyiniz kimi, ermənilərin son “həmlələri”dir. “Bəlkə də qaytardılar” düşüncəsi ilə beynəlxalq ictimaiyyətin, üzv olduqları təşkilatların diqqətini bu bölgəyə yönəltmək istəyirlər. Daha doğrusu, buna cəhdlər göstərirlər. Onlar belə düşünürlər ki, guya bu cür “həmlələr”lə özlərinə dividend qazanacaqlar. Bir daha qeyd etmək istəyirik ki, dünya artıq yalan üzərində qurulan bu cür iddialara, qeyri-ciddi bəyanatlara, açıqlamalara ciddi yanaşmır. Bundan sonra da Ermənistanın bu cür “həmlələri” son hadisələrdə olduğu kimi cavabsız qalacaq.
- Azərbaycan Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə, terrorçu qruplara qarşı anti-terror əməliyyatlarına başlaya bilərmi?
- Ölkə Prezidenti cənab İlham Əliyev bundan bir neçə müddət əvvəl açıqlamalarının birində qeyd etdi ki, Ermənistan bundan sonra hər hansı addım atmağa qalxarsa, qanunsuz əməllərini davam etdirərsə, bir daha qarşılarında Azərbaycanı görəcəklər. Artıq müharibə dövrü bitib. Hazırda işğaldan azad olunan ərazilərimizdə yenidənqurma və quruculuq, abadlıq işləri, sülh çalışmaları həyata keçirilir. Lakin Ermənistan tərəfi yenidən azğınlaşarsa, yenidən Azərbaycan torpaqlarına, Azərbaycan insanına, milli-mənəvi dəyərlərimizə, mənəviyyatımıza qarşı hər hansı iddia irəli sürərsə, o zaman ölkəmiz 27 sentyabrda başlatdığı əks-hücum əməliyyatlarını davam etdirə bilər. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünə qarşı cəhdlərin qarşısını almaq üçün hərbi əməliyyatları davam etdirmək hüququnu özündə saxlayır. Bununla yanaşı, biz onu da qeyd edirik ki, artıq müharibə başa çatıb. Artıq sülh zamanıdır! Biz müharibə istəmirik! Biz müharibə istəmədiyimizə, illərdən bəri bu problemin sülh yolu ilə həll ediləcəyinə inamımızı əksiltmədiyimizə görə, mövcud məsələ 32 il yubandı. Öz həllini gözlədi. Biz alnımızın təri, ordumuzun gücü, qüvvəsi ilə torpaqlarımızı azad etdikdən sonra yenə bu ərazilərdə bir an öncə sülhün bərqərar olmasının, sülh şəraitində yaşamağın tərəfdarıyıq. Qeyd edirik ki, qarşı tərəf - qonşu adlandırılan bu dövlət öz bəd niyyətlərindən əl çəkməzsə, bir daha qarşısında Azərbaycanı, onun dəmir yumruğunu görmüş olacaq.
- Ermənistan Zəngəzur dəhlizinin açılmasını hər vəchlə yubatmağa çalışır. Düşmən ölkə bu dəhlizin açılması ilə hansı qazancları əldə edə bilər?
- Zəngəzur dəhlizinin açılmasını Ermənistan tərəfi hər baxımdan özü üçün məğlubiyyət hesab edir. Onlar bu dəhlizin açılmasını özləri üçün utanc sayırlar. Bu dəhlizin fəaliyyətə başlaması əslində Azərbaycanın bölgədəki gücünün, qüdrətinin sübutudur. Azərbaycanın təkcə savaş meydanında deyil, eyni zamanda diplomatiya sahəsində də gücünün göstəricisidir. Ölkəmizin iqtisadi gücü Azərbaycanı təkcə Cənubi Qafqazın, regionun deyil, hətta dünyanın əhəmiyyətli dövlətinə çevirir. Əlbəttə ki, bütün bunlar heç bir halda Ermənistanı razı sala bilməz. Ermənistan yenə də çirkin əməllərindən əl çəkmir. Bu günə qədər 30 il ərzində işğal altında saxladığı ərazilərin mina xəritələrini Azərbaycana təqdim etmək istəmir. Bu addımın özü müharibədən sonra ikinci müharibə deməkdir. Eyni zamanda, müharibənin qeyri-rəsmi formada davam etdirilməsi anlamına gəlir. Çünki oradakı ordu birliklərinin nümayəndələri, sivil adamlar, quruculuq işləri ilə məşğul olan insanlar hər an ölümlə üz-üzədirlər. Əlbəttə ki, bu da öz-özlüyündə müharibə cinayətidir. Mina xəritələrinin verilməməsi həmin bölgənin inkişafını ləngidir. Eyni zamanda, keçmiş məcburi köçkünlərimizin öz tarixi torpaqlarında məskunlaşmasını yubatmaq məqsədini güdürlər. Elə bu nöqteyi-nəzərdən yanaşdıqda görərik ki, Zəngəzur dəhlizinin açılması da məhz bu kontekstlər fonunda yubadılmağa çalışılır. 44 günlük Vətən müharibəmizdən sonra 10 dekabr 2020-ci ildə təşkil olunan möhtəşəm hərbi paradda həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdilər ki, bu gün Qafqazların 5 ölkəsi – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İran iqtisadi layihələrdə iştirak edirlər. Sadəcə olaraq Ermənistan illərdir ki, beynəlxalq və regional layihələrdən kənarda qalıb. Artıq müharibə başa çatıb. Biz Ermənistana həmin layihələrə qatılmağı təklif edə bilərik. Əgər arzu edərlərsə, onların da bu layihələrdə iştirakı mümkündür. İqtisadi burulğanda nəbzi öləziyən Ermənistan üçün bu layihələrə qatılmaq böyük bir qurtuluş yoludur. Amma onlar hər zaman yaxşı olanın deyil, pis olanın arxasınca gediblər. Əslində, onlar heç zaman öz xalqının əmin-amanlığını, təhlükəsizliyini düşünməyiblər. Düşünsəydilər, onsuz da bu müharibəni 32 il ərzində davam etdirməzdilər. Bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal altında qalsa da, 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi köçkün vəziyyətinə düşsə də, əslində ən çətin və miskin duruma düşən işğalçı Ermənistan oldu. Ermənilər ağır şərtlər altında yaşamaq məcburiyyətində qaldılar. Bunun da səbəbləri bəllidir. Onlar müharibədən sonra öz insanlarını, vətəndaşlarını düşünərək konstruktiv addımlar atmağı bacarmalıdırlar.
- Operativ Qərargah tibbi maska məhdudiyyətini götürdü. Ticarət mərkəzlərinin açılmasına icazə verdi. Bu qərarlara münasibətinizi öyrənmək istərdik...
- Operativ Qərargah vətəndaşlarımızın çoxdan bəri arzuladığı, gözlədiyi qərarı verdi. Yumşalmalara, açılmalara getdi. Ticarət mərkəzlərinin açılmasına icazə verildi. Bu, gözəl xəbərdir. Pandemiya ilə bağlı bu günə olan stabil vəziyyət həmin yumşalmalara şərait yaratdı. Şəxsən mənim bu yumşalmaya münasibətim müsbətdir. İl yarımdan artıqdır ki, bütün dünya kimi biz də öz həyatımızı qapalı şəraitdə davam etdiririk. Əlbəttə, bütün bunlar bizim sağlamlığımızı, ölkəmizi, insanımızı qorumaq üçündür. Bununla yanaşı, insan həyatı üçün vacib məqamları vətəndaşlarımız ertələmək məcburiyyətində qaldı. Artıq isti yay aylarıdır, istirahət mövsümüdür, fərqli hava şəraiti mövcuddur. Vətəndaşlar da öz həyatını fərqli şəkildə davam etdirmək istəyir. Amma istək bir başqa şeydir, imkan da bir başqa... Biz ehtiyatlılığımızı da əldən verməməliyik. Bu yumşalmalar bizi əsla arxayınlaşdırmamalıdır. Yoluxma sayının azalması bizi rahatlaşdırmamalıdır. Dəfələrlə həyəcan təbili çalınaraq bildirilib ki, kökü, mənşəyi bilinməyən bu virusun nə zaman özünü necə aparacağı bəlli deyil. İl yarım ərzində biz yoluxma sayında enmələrin, qalxmaların şahidi olduq. Hələlik bu xəstəliyin hələ də var olduğunu unutmadan həyatımızı davam etdirməliyik. Sayıqlığımızı əldən verməməliyik. İzdihamlı yerlərdən qaçmağa çalışmalıyıq. Gigiyena və sanitariya qaydalarına əməl etməliyik. Təbii ki, toylar da olmalıdır. Pandemiya olmasaydı da 500-600 nəfərlik toylar bir narahatlıq yaratmışdı. Bu məsələyə də çəki-düzən verməyin vaxtı çatıb. Post-pandemiya dövründə də tibbi baxımdan böyük toyların keçirilməsi mümkün olmayacaq. Yəqin ki, ifratçılıqdan qaçmağın zamanı gəlib çatıb.
- Vaksinasiya ilə bağlı Azərbaycan dövləti öz vətəndaşı üçün hansı işləri gördü? Görülən işlər sizi qane edirmi?
- Azərbaycan dövləti pandemiyanın ilk günlərindən atdığı bütün addımlarla xalqımızın yanında olduğunu göstərdi. Xalqımızı bu bəladan qorumağa çalışdı. Vaksinlərin alınması, onun tətbiqi məsələsində də dövlətimiz hər bir vətəndaşını düşündü. Hətta mümkün olmayanı da mümkün etdi. Bir çox ölkələrə Ümumdünya Səhiyyə Təşkilatının qeyri-adekvat münasibəti ölkə rəhbəri tərəfindən beynəlxalq konfransda qınandı. İnkişaf etməkdə olan üçüncü - kasıb ölkələrə çox fərqli münasibət bəslənməsi, imkanı olan ölkələrin öz əhalisinin sayından 8-10 dəfə çox vaksinləri alıb depolaması halları Prezidentimiz tərəfindən çox kəskin şəkildə tənqid edildi. Azərbaycan dövləti koronavirus əleyhinə vaksinlərin tapıldığı ilk dövrlərdən ən keyfiyyətli vaksinləri ölkəmizə gətirməyə çalışdı və gətirdi. Ölkəmizdə vaksinasiya prosesi mərhələli şəkildə aparılıb. Ən riskli qrupa daxil olan həkimlər və 65 yaşdan yuxarı şəxslər ilk mərhələdə vaksinasiyadan keçdilər. Daha sonra mərhələli şəkildə digər yaş qrupları üçün də vaksinlər vurulmağa başladı. Artıq vətəndaşlarımız vaksinasiyadan keçirlər. 18 yaşdan yuxarı şəxslər hazırda peyvənd olunurlar. Son zamanlar yoluxma sayının kəskin şəkildə azalması, aşağı düşməsi vaksinasiya siyasətinin düzgün aparılması ilə bağlıdır.
- 28 May - Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələrinin başçıları Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlayır. Bu gün Azərbaycanın, onun liderinin regiondakı və dünyadakı mövqeyi, imici, beynəlxalq aləmdəki siyasi çəkisi qaneedicidirmi?
- 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü, Respublika Günü münasibətilə ölkə Prezidentinə gələn təbrik məktublarının sayı-hesabı yoxdur. Onsuz da hər il əhəmiyyətli bayramlarda ölkə başçısına digər dövlətlərin rəhbərləri tərəfindən məktublar göndərilir. Builki məktubların və təbriklərin əhəmiyyəti daha böyükdür. Biz Xalq Cümhuriyyətinin elan edildiyi gündən sonra 23 ay bu azadlığın tamını daddıq. Sonra yenidən işğal altına düşdük. Sovet Sosialist Respublikalarından biri olaraq biz ikinci dəfə müstəqilliyimizi əldə etmək üçün 70 ildən çox zaman kəsiyində gözlədik. 1990-cı illərdə müstəqilliyimizi ikinci dəfə əldə etdikdən sonra 28 May - Respublika Gününü yenə də ürək dolusu qeyd edə bilmirdik. Bir əsrdə ikinci dəfə müstəqilliyimizi qazansaq da, digər tərəfdən yağı düşmənlə qarşı-qarşıya idik. Torpaqlarımız işğal edildi, tapdaq altında qaldı. 103 ildən sonra Respublika Günü bütün Azərbaycanın bayramı olaraq qeyd edilir. Bu da çox əhəmiyyətli bir hadisədir. Bu münasibətlə başda Azərbaycan Prezidenti olmaqla damarında, qanında azərbaycanlı qanı axan, Azərbaycanın təəssübünü çəkən hər kəsi təbrik etmək istəyirik. Bu gün Azərbaycan dünyanın maraq dairəsində olan bir ölkədir. Uzun illər Azərbaycanın torpaqları işğal altında olub. Müharibə şəraitində olan ölkəmiz bu illər ərzində nəhəng inkişaf yolu keçdi. Bir çox beynəlxalq əhəmiyyətli layihələrə ev sahibliyi etdi. Qafqazın nəhəng ölkəsinə çevrildi. 44 günlük müharibədəki şanlı zəfərimizdən sonra Azərbaycanın nüfuzu daha da artdı. Bütün dünya Azərbaycan liderinin timsalında güclü, cəsarətli, iradəli bir rəhbər, Prezident, Ali Baş Komandan gördü. Eyni zamanda, həmin rəhbərin ətrafında birləşən, onunla həmrəy olan xalqımızın ordusunu bütün dünya gördü, tanıdı. Bu gün Azərbaycan sözün əsl mənasında Cənubi Qafqazın çox əhəmiyyətli bir ölkəsi olaraq yüksəlir. Bu da Azərbaycanın yanında olan, Qarabağdakı quruculuq işlərində iştirak etmək istəyən ölkələrin sayını artırır. Əlbəttə, bu, çox sevindirici bir məqamdır. Dünyanın heç bir dövləti gücü və stabilliyi olmayan bir ölkə ilə əməkdaşlıq etmək istəməz. Bu əməkdaşlığa can atmaq güclü, qüdrətli, əzmli Azərbaycan deməkdir! Bir daha 28 May bayramımız mübarək olsun!
Tural Turan
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı
-
Yaxın Şərq11 Dekabr 20:40
Əsədin atasının məzarını yandırdılar - FOTOLAR
-
Magazin111 Dekabr 20:10
Məhkəmə Xoşqədəm Hidayətqızına QADAĞA qoydu