KTMT-dəki bütün dövlətlərin rəhbərlərinin İlham Əliyevə xüsusi rəğbəti var - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

KTMT-dəki bütün dövlətlərin rəhbərlərinin İlham Əliyevə xüsusi rəğbəti var - MÜSAHİBƏ

Yola salmaqda olduğumuz həftə bir sıra hadisələrlə yadda qaldı. Ermənistan-Azərbaycan sərhədində ermənilər ənənələrinə sadiq qalaraq bir sıra xoşagəlməz addımlara imza atdılar. Operativ Qərargah karantin qaydalarına yumşaltmalar tətbiq etdi. Vaksinasiya prosesi ilə bağlı irəliləyişlərin olduğu açıqlandı. 28 May - Respublika Günü ilə bağlı dünya liderləri Azərbaycan Prezidentinə məktublar göndərirlər.

Bütün bu baş verən önəmli hadisələrlə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyevin fikirlərini öyrənməyə çalışdıq. Millət vəkili Publika.az-a müsahibəsində söylədi ki, Azərbaycan qarşıdakı dövrdə yuxarıda sadalanan istiqamətlərdəki bütün problemlərin həllinə nail olacaq.

- Nəsib müəllim, hazırda Ermənistan adi sərhəd problemlərini böyüdərək üzv olduğu hərbi bloku - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da bu məsələyə qatmaq istəyir. Amma KTMT İrəvanın bu arzusunu suya düşürdü. İrəvan bu cür "həmlələrlə" nəyə nail olmaq istəyir?

- 30 illik işğaldan sonra iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və gələcəkdə normal münasibətlərin qurulması üçün delimitasiya, demarkasiya işlərinin aparılması vacib məsələdir. Son günlərin təxribatları isə onu göstərir ki, ermənilər nə sərhədlərin dəqiqləşdirilməsində, nə də normal qonşuluq münasibətlərinin qurulmasında maraqlıdırlar. Hazırda Ermənistanda seçkiqabağı təbliğat gedir. Məğlubiyyətlə barışmayan, iqtidarı və müxalifəti təmsil edən siyasi qüvvələr yaranmış vəziyyətdən beynəlxalq birliyi Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. KTMT-yə, digər təşkilat və dövlətlərə yalvararaq onları müdafiə etmələri üçün maksimum səylərini birləşdirirlər. Ancaq nəzərə almırlar ki, Ermənistandan başqa KTMT-yə daxil olan bütün dövlət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi rəğbəti var və belə əsassız, primitiv davranışlarla ciddi nəticə əldə etmək mümkün deyil.

- Baş verənlərin fonunda Azərbaycan Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə, terrorçu qruplara qarşı anti-terror əməliyyatlarına başlaya bilərmi?

- 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannaməyə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsindən erməni silahlı qüvvələri tamamilə çıxarılmalıdır. Təəssüflə qeyd etmək istərdim ki, bəyannamənin bu bəndi tam şəkildə icra olunmamaqdadır. Əgər ermənilər tərəfindən təxribatlar davam edəcəksə, onda bizim hüquq-mühafizə orqanlarının anti-terror tədbirləri keçirməsi üçün hüquqi əsas və zəmin yaranacaq.

- Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasını hər vəchlə yubatmağa çalışır. Ermənistan bu dəhlizin açılması ilə hansı qazancları əldə edə bilər?

- Bilirsiniz, hazırda paradoksal vəziyyət yaranıb. Son 30 ildə ermənilər bütün dünyaya car çəkirdilər ki, azərbaycanlılar bizi blokada vəziyyətində saxlayırlar. Ancaq indi artıq razılaşdırılmış Zəngəzur dəhlizinin açılmasına maneələr törətmələri anlaşılan deyil. Dəhlizin açılması Ermənistana ciddi iqtisadi dividendlər gətirəcək. Eyni zamanda, Rusiya, İran, Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri qurmaq imkanı əldə edə biləcək.

- Nəsib müəllim, Operativ Qərargah tibbi maska məhdudiyyətini götürdü. Ticarət mərkəzlərinin açılmasına icazə verdi. Bu qərarlara münasibətinizi öyrənmək istərdik...

- Operativ Qərargahın pandemiya ilə əlaqədar yumşalmalara getməsini doğru hesab edirəm. Ələlxüsus, mövcud sanitar-gigiyenik normaların qorunması şərti ilə toyların keçirilməsinə icazə verilməsi, ticarət mərkəzlərinin açılması müsbət addımdır. Ümumiyyətlə, hesab edirəm ki, iqtisadi fəallığın artmasına xidmət edən addımların atılması zəruridir. Ancaq bundan sui-istifadə etməməliyik. Nəzərə almalıyıq ki, təhlükə tam sovuşmayıb. Virusun artım dinamikasına imkan vermək olmaz.

- Vaksinasiya ilə bağlı Azərbaycan dövləti öz vətəndaşı üçün hansı işləri gördü? Görülən işlər sizi qane edirmi?

- Ölkəmizdə vaksinasiya işləri uğurla aparılır. Artıq 2 milyondan çox insan peyvənd olunub. Bu sahədə dünya miqyasında baş verən ədalətsizlikləri nəzərə alaraq Prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə göstərdiyi xidmətləri xüsusi qeyd etmək istərdim. Pandemiyanın başlandığı andan ölkə başçısının qəbul etdiyi qərarlar, qabaqlayıcı tədbirlər artıq öz bəhrəsini verib. Azərbaycan pandemiyadan az ağrılı şəkildə çıxmaqdadır.

- 28 May - Respublika Günü münasibətilə dünyanın aparıcı ölkələri Azərbaycan Prezidentinə təbrik məktubları ünvanlayır. Bu gün Azərbaycanın, onun liderinin regiondakı və dünyadakı mövqeyi, imici, beynəlxalq aləmdəki siyasi çəkisi qaneedicidirmi?

- 28 May - Respublika Günü hər bir azərbaycanlı üçün qürurlu gündür. Bu münasibətlə dünya liderlərinin Prezident İlham Əliyevi təbrik etməsi onun şəxsinə və Azərbaycan dövlətinə olan hörmətin göstəricisidir. Azərbaycan lideri dünya miqyasında peşəkarlığı, yüksək savadı, intellektual səviyyəsi ilə hər zaman həmkarları tərəfindən fərqlənirdi. 44 günlük Vətən müharibəsindən sonra isə mübaliğəsiz demək olar ki, onun nüfuzu, beynəlxalq aləmdəki siyasi çəkisi ikiqat, üçqat artdı. Xalq öz lideri ilə haqlı olaraq fəxr edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edirəm.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm