Xüsusi
“Formula 1”, Avropa çempionatı: Azərbaycan nə qazanacaq? - DETALLAR
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, “Formula 1” yarışları və futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi bizi həm tarixi ölkə kimi tanıtmaq, həm də turizm imkanlarımızı dünya bazarına çıxarmaq üçün böyük bir təbliğat vasitəsidir.
Ekspertin Publika.az-a müsahibəsini təqdim edirik.
- Əvvəlki illərdə keçirilən “Formula 1” yarışları ölkə turizminin inkişafına nə qazandırıb?
- Bir neçə ildir ki, ardıcıl olaraq “Formula 1” ölkəmizdə keçirilir, bu, bir ənənəyə çevrilib. Bakı yürüş zolağı artıq beynəlxalq “Formula 1” yarışlarının bir hissəsidir. Bu yarışların izləyici sayı dünya üzrə 600 milyondan çoxdur. Bu azarkeşlər həm baxdıqları yarış haqqında məlumat toplayır, həm də yarışın keçirildiyi ölkə ilə tanış olmaq imkanı qazanır. Bu, Azərbaycanı həm tarixi ölkə kimi tanıtmaq, həm də turizm imkanlarını dünya bazarına çıxarmaq üçün böyük bir təbliğat vasitəsidir.
- “Formula 1” yarışının və Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi ölkənin təbliğatına, turizm potensialının inkişafına dair nələr vəd edir?
- Bu çempionatın auditoriyası çox genişdir. Bu oyunları izləməyə təxminən 20 min azarkeş və fan klubları gələ bilər. Bu da Bakı turizminin inkişafına müəyyən mənada dəstək olacaq. Yarışlara hazırlıqlar demək olar ki, bitib, hamı səbirsizlikə gözləyir ki, sərhədlər açılsın, beynəlxalq turizm bərpa olunsun. Amma bu, tək Azərbaycanda deyil, ümumiyyətlə bu il yay mövsümündə bir çox ölkələr daha çox daxili turizmə diqqət yetirəcək. Bu da bizi çox sevindirir. Bəzi şirkətlər son illər ərzində daha çox beynəlxalq turizmlə məşğul idi, pandemiya səbəbilə onlar iqtisadi baxımdan əziyyət çəkdi. Hesab edirəm ki, daxili turizmə başladıqdan bir neçə ay sonra sərhədlərin açılmasını müşahidə edəcəyik. Yəqin ki, bu, 2021-ci ildə baş verəcək. Azərbaycana ənənəvi istiqamətlərdən gələn turistlərin yenidən ölkəmizə axını başlayacaq.
- İkinci Qarabağ müharibəsindən 6 ay keçməsinə baxmayaraq, artıq Azərbaycan iki böyük yarışa ev sahibliyi edir. Sözügedən yarışların Bakıda keçirilməsinə dünya ölkələrinin münasibəti hansı səviyyədədir?
- Azərbaycan müharibə vəziyyətində olan bir dövlət deyil. Vətən müharibəsi oldu və başa çatdı. 30 il münaqişə vəziyyətində yaşayırdıq, amma bu, belə, bizə mane olmurdu ki, milyonlarla turist qəbul edək. 2018-ci ildə 3 milyona yaxın turist qəbul etmişdik. Bu, onu bir daha təsdiq edir ki, münaqişə bizə mane olmadı. İstənilən halda bu problem aradan qalxdı, Azərbaycan sülhsevər ölkədir. Şükürlər olsun ki, 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ münaqişəsinə son qoydu, torpaqlarımızı işğaldan azad etdi. Zəngin turizm potensialı olan torpaqlarımız geri qayıtdı və bu imkanlardan yaxın gələcəkdə təbii ki, istifadə edəcəyik.
Turizm həssas bir sahədir, iqtisadi-siyasi məsələlərdən doğan devalvasiyalar, siyasi qərarlar, müharibə şəraiti və s. turizmə çox təsir edir. İsrail illərdir Fələstinlə müharibə şəraitində yaşayır, təhlükə yaşanan əraziləri var. Buna baxmayaraq, milyonlarla turist qəbul edir və onların təhlükəsizliyini təmin edir.
- Azərbaycan post-koronavirus dövrünün turizm mövsümünə necə hazırlaşır?
- Ramazan və Novruz bayramında gördük ki, insanlar regionlara daha çox üz tutmağa başlayıb. Regional turizm canlanır, bərpa olunur. Regionlarda turizmin canlanması müsbət haldır. Daxili turizm daha çox işləyəcək. Odur ki, turizm şirkətlərini və ictimaiyyətini bu işlərdə fəal olmağa səsləyirəm. Azərbaycanın baxılası və gəziləsi yerləri saysızdır. İnfrastrukturumuz bir qədər zəifdir, bunun üzərində çalışmaq lazımdır, regionlarda turizm şirkətləri yaradılmalı, ekoturizm fəaliyyətləri qurulmalı və s. işlər həyata keçirilməlidir ki, bu missiyanın öhdəsindən layiqincə gələ bilək.
Aytən Məftun
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi