Heydər Əliyev təkbaşına Azərbaycanı bu ağır vəziyyətdən çıxardı və bu gün... - Fəzail Ağamalı
Bizi izləyin

Xüsusi

Heydər Əliyev təkbaşına Azərbaycanı bu ağır vəziyyətdən çıxardı və bu gün... - Fəzail Ağamalı

"Prezident İlham Əliyev bugünkü Azərbaycanı inkişaf etmiş, dünya miqyasında yüksək nüfuza malik, Cənabi Qafqazın lider dövləti olan ölkəyə çevirdi. 44 günlük Vətən müharibəsində 200 ildən bəri üzərimizə gəlib torpaqlarımızı işğal edən, son 30 ildə təpədən dırnağa qədər silahlanıb öz himayədarları ilə Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistanı darmadağın etdi, ona ölümcül zərbələr vurdu. Bu gün Ermənistan çaxnaşma kataklizmlərinin içərisində boğulmaqdadır".

Bu fikirləri Publika.az-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, 15 iyun Milli Qurtuluş Gününə qədərki və ondan sonrakı proseslərin şahidi olmusunuz. İstərdim ilk olaraq 1993-cü ilin 15 iyun tarixinə qədərki siyasi proseslərdən danışaq. Həmin dövrü necə xarakterizə edərdiniz?

- 1993-cü il 15 iyun ərəfəsi olduqca çətin və izahı təsəvvür olmaz dərəcədə mürəkkəb olan bir durum idi. Ölkə idarə olunmurdu, həm idarəçilik sistemində, həm sosial vəziyyətdə, həm də iqtisadiyyatda dərin böhran hökm sürürdü. Ermənistanın Azərbaycana təcavüzü çox geniş miqyas almışdı. Belə bir vəziyyətdə Kəlbəcər kimi çox böyük strateji əhəmiyyət kəs edən rayonumuzu itirmişdik. Şuşadan, Laçından sonra Kəlbəcər kimi strateji ərazini itirməyimiz Ermənistana böyük üstünlüklər qazandırmışdı. Artıq Aran rayonlarının ermənilər tərəfindən işğalı o qədər də çətin deyildi, baxmayaraq ki, bütün istiqamətlərdə ciddi döyüşlər gedirdi. Azərbaycanın ordusu yox idi, əsasən könüllərdən ibarət idi. Yaradılmış olan Müdafiə Nazirliyi sisteminə daxil olan ordumuzun əsgərləri çox böyük qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirsələr də, peşəkar rəhbərlik yox idi, peşəkar komandanlıq mövcud deyildi. Ordumuzda xidmət edən zabitlərin əksəriyyəti Moskvaya, Kremlə bağlı idilər, başqaları isə ayrı-ayrı siyasi partiyaların təsiri altında idi. Vahid komandanlıq və konkret müdafiə və hücum xarakteri daşıyan strategiya ortada yox idi. Belə bir vəziyyətdə Moskva özünə sadiq olan şəxsi hakimiyyətə gətirmək üçün hərəkətə keçdi.

Nəticədə bunu reallaşdıran Surət Hüseynov və Rəhim Qazıyev xüsusi fəallıq göstərirdilər. Onların da təsiri altında olan ayrı-ayrı zabitlər və digər şəxslərin məqsədi Azərbaycanda hakimiyyəti dəyişmək, Moskvanın diktəsi isə prosesə nəzarət etmək və artıq Moskvada hava limanında Ayaz Mütəllibovu gözləyən təyyarəyə onu oturdaraq Azərbaycanda hakimiyyət gətirmək idi. Belə bir ağır vəziyyətdə ölkə parçalanmış durumda idi. Cənubda Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşı olan Əlikram Hümbətov Talış-Muğan respublikası yaratmışdı. Sonradan da bəlli oldu ki, o, eyni zamanda Ermənistanla da sıx bağlı bir şəxs olub. Şimalda isə Sadval adlı milliyətçi ünsürlər hərəkətə keçmişdilər və orada da vəziyyət çox mürəkkəb və çətin idi. Beləliklə, ölkə çox çıxılmaz bir durumda idi. Surət Hüseynov iyunun 4-də Gəncədən hərəkətə keçdi, qısa zamanda gəlib Nəvaidə məskunlaşdı və Bakını hədəfə aldı, hakimiyyəti istefaya çağırdı. Bu baş verməzsə, Prezident sarayını darmadağın edəcəyi ilə hədələdi.

- Bir çox ziyalılarımız Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün müraciət ünvanlayırdılar. Siz də müraciət edənlər arasında var idinizmi?

- Belə bir ağır durumda Azərbaycan xalqı çox böyük müdriklik nümayiş etdirərək vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək siyasi hakimiyyətə gəlməsində gördü. Biz də onların içərisində idik. Mən özüm şəxsən bununla bağlı Əbülfəz Elçibəylə iki dəfə görüşdə Heydər Əliyevin Bakıya siyasi hakimiyyətə - Ali Sovetin sədri vəzifəsinə gətirilməsi təklifi ilə bağlı israrla müraciət etmişdim. Çoxsaylı ziyalılarımız da bu təkliflərin içərisində idilər, çünki Azərbaycanı fəlakətdən qurtarmaq lazım idi. Məqsəd Heydər Əliyevin hakimiyyətə gətirilməsi idi. Xalqın təkid və tələbini, eyni zamanda vəziyyətin son dərəcə ağır duruma düşdüyünü başa düşən o zamankı prezident Əbülfəz Elçibəy məcburi bir addım atdı. Bu addım çox doğru idi. O, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi və Heydər Əliyev iyunun 9-da Bakı şəhərinə gəldi. Daha sonra o, Gəncəyə getdi, oradakı vəziyyətlə ətraflı tanış oldu və iyun ayının 15-də Ali Sovetin sədri seçildi. Azərbaycan xalqı artıq rahat nəfəs almağa başladı. Heydər Əliyevin gəlişi ilə hər birimizdə ümid qığılcımı parladı və düşündük ki, artıq Azərbaycan bu çətin və ağır durumdan, fəlakətli bir vəziyyətdən çıxa biləcək. Bu, belə də oldu.

- Sonrakı proseslər necə cərəyan etdi?

- Heydər Əliyev Ali Sovetin sədri seçilməsindən bir neçə gün sonra Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi və doğulub böyüdüyü Ordubad rayonunun Kələki kəndində məskunlaşdı. Bütün məsuliyyət ağır bir vəziyyətdə Heydər Əliyevin çiyinləri üzərində qaldı. Heç bir komandaya malik olmayan Heydər Əliyev təkbaşına çox ağır bir situasiyadan çıxa bildi. O, ilk növbədə Azərbaycanı parçalayan Surət Hüseynovu və onun tərəfdarlarını neytrallaşdıra bildi və S.Hüseynovu baş nazir postuna gətirdi. Daha sonra dərhal cənubda Əlikram Hümbətovu xalqın iradəsi ilə sıradan çıxardı və o, cinayət məsuliyyətinə cəlb olunaraq, həbsxana həyatına başladı.

- Bu ağır durumda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmiz üçün hansı nəticələrlə yadda qaldı?

- Eyni zamanda aktiv olaraq Heydər Əliyev bütün imkanlarını, əlaqələrini və nüfuzunu işə salaraq şimalda Sadvalı da neytrallaşdıra bildi. Vacib olan ermənilərin hücumun qarşısını almaq idi. Çünki ölkədə hakimiyyət boşluğundan istifadə edən ermənilər, xüsusi olaraq AXC-Müsavat cütlüyünün cəbhədə döyüşən əsgər və zabitlərimizə müraciət edərək onları geri çağırması vəziyyəti bir qədər də çətinləşdirmişdi və ermənilər üçün geniş hücum və işğal imkanları yaratmışdı. Beləliklə, 1993-cü ilin payızında Azərbaycanın 7 rayonu da Dağlıq Qarabağla bərabər işğala məruz qalmışdı. Belə bir durumda ölkə Prezidenti xalqa müraciət etdi. Minlərlə soydaşımız, gənclərimiz, hərbi xidmətdə olan və olmayan oğullarımız bu müraciətə qoşuldu və 1994-cü ilin əvvəllərində Hadrut və Füzuli istiqamətində gedən döyüşlərdə əldə etdiyimiz ciddi uğurlar qarşı tərəfin hücumunu dayandırdı, atəşkəs əldə olundu. Bu atəşkəs Azərbaycan üçün son dərəcədə vacib idi. İlk olaraq atəşkəs elan edib müharibənin, erməni təcavüzünün qarşısını almalı idi. Unutmaq olmaz ki, ermənilərdən hücum əməliyyatlarında daha çox Yeltsin Rusiyasının əsgər və zabitləri, texnikaları iştirak edirdi.

Özümüzə gələrək, imkanlarımızı səfərbər edərək, potensialımızı gücləndirərək, hərbi quruculuq işini həyata keçirərək gələcəkdə işğal olunmuş torpaqlarımızın azad edilməsi strategiyası ulu öndərimiz tərəfindən qəbul edildi. Düşünürəm ki, bu, zamanında qəbul edilən və ən düzgün strategiya idi. Ulu öndərimiz dərhal atəşkəs elan edildikdən sonra bir sıra neft müqavilələrini, o cümlədən "Əsrin müqaviləsi"ni imzaladı. Bu, Azərbaycana gələcək üçün böyük imkanlar açdı. Daha sonra ölkədə dövlət quruculuğu prosesi başladı, konstitusiya qəbul edildi, Milli Məclisə seçkilər keçirildi və müstəqil Azərbaycan dövlətini qurmaq üçün iqtisadi, siyasi, sosial və hüquqi islahatlar keçirilməyə başlandı. Artıq keçən əsrin axırlarında Azərbaycan dövlətinin ciddi əsasları yaradıldı. Bu əsaslar və təməl üzərində 2003-cü ildə hakimiyyətə gələn hazırkı Prezidentimiz İlham Əliyev bugünkü Azərbaycanı inkişaf etmiş, dünya miqyasında yüksək nüfuza malik, Cənabi Qafqazın lider dövləti olan ölkəyə çevirdi. 44 günlük Vətən müharibəsində 200 ildən bəri üzərimizə gəlib torpaqlarımızı işğal edən, son 30 ildə təpədən dırnağa qədər silahlanıb öz himayədarları ilə Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistanı darmadağın etdi, ona ölümcül zərbələr vurdu. Bu gün Ermənistan çaxnaşma kataklizmlərinin içərisində boğulmaqdadır. Bunu edən bizim Ali Baş komandanımız, müdrik Prezidentimiz oldu.

- Biz bu il Milli Qurtuluş Gününü qələbə əhval-ruhiyyəsində qeyd edirik. Sizcə, Heydər Əliyevin görmək istədiyi Azərbaycanı qura bilmişikmi?

- Məhz ulu öndərimizin yaratdığı dövlət üzərində ölkəmizi gücləndirərək onun qüdrətini artıraraq, ən müasir, yüksək səviyyədə texnika ilə, hərbi sursatla, müdafiə sənayesi nazirliyinin istehsal etmiş olduğu hərbi vasitələrlə qələbəmizi təmin etdik. Prezident İlham Əliyev məğlub olan ölkəmizi qalib bir dövlətə çevirdi. Biz artıq qalib dövlətik, qələbə əldə etmiş xalqıq, qürurlu bir millətik. Bunu bizə ilk növbədə təqdim edən rəhmətlik ulu öndərimiz Heydər Əliyev və onun qurmuş olduğu dövlət oldu. Bu gün cənab Prezidentimiz onun vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi və bu gün Azərbaycan qürurlu, güclü dövlət kimi dünyada olduqca yüksək nüfuza malikdir.

Heydər Əliyevin istədiyi, arzu etdiyi və dəfələrlə ən müxtəlif platformalarda söyləmiş olduğu güclü Azərbaycan dövləti bu gün qurulub. Hazırda güclü Azərbaycan dövləti var. Quran, yaradan və dünya xalqları içərisində Azərbaycan xalqını ən qürurlu, qalib bir xalqa çevirən möhtərəm Prezidentimiz, xilaskar Ali Baş Komandanımız İlham Əliyevdir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm