Doktor Aygün Ay: "Kök hüceyrənin tətbiqi xanımları anında 8-10 il cavanlaşdırır"
Bizi izləyin

Xüsusi

Doktor Aygün Ay: "Kök hüceyrənin tətbiqi xanımları anında 8-10 il cavanlaşdırır"

Hər bir qadının ən böyük istəyi sağlam bədənə sahib olmaq və gözəl görünməkdir. Məhz elə bu səbəbdəndir ki, son dövrlər gözəllik uzmanlarına üz tutan xanımlarımızın sayı sürətlə artır. Və artıq nəinki qadınlar, kişilər də gözəlliyinin qeydinə qalırlar. Kütləvi tələbat bəzən bu sahədə sərhədlərin itməsinə səbəb olur.

Təsadüfi deyil ki, son dövrlər estetika və kosmetologiya sahəsində qısa müddətli kurslarda iştirak edən şəxslərin reklamlarına rast gəlirik. Əslində isə bu xidməti yalnız müvafiq sahə üzrə təkmilləşmiş və təhsil almış həkimlər göstərə bilərlər. Tibbi kosmetologiya - insanın estetik problemlərini öyrənən və onların həlli yollarını araşdıran bir elmdir. Həkim kosmetoloqlar estetik qüsurları korreksiya etməklə yanaşı, bu problemləri yaradan səbəbləri də aydınlaşdırır.

Azərbaycanın peşəkar həkim kosmetoloqlarından danışarkən Dr. Aygün Ay adının üzərindən sükutla keçmək olmur. Eyni zamanda həm Türkiyədə, həm də Azərbaycanda çalışan Dr. Aygün Ay kosmetologiyanın sirlərinə dərindən vaqif olan, bu sahədə dünyanın nüfuzlu universitetlərində təhsil almış uzmandır. Müsahibimiz eyni zamanda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, hazırda Türkiyənin TV 8 kanalının tibbi proqram aparıcısıdır. Bu günlərdə nüfuzlu Qızıl Palma Mükafatına layiq görülən Aygün xanımla müasir kosmetologiyada baş verən yeniliklər, rəhbəri olduğu Dr. Aygün klinikasının fəaliyyəti və digər mövzular ətrafında söhbətləşdik.

- Vaxtaşırı olaraq kosmetoloqların reklamları ilə rastlaşırıq. Bəzən bu sahədə ali təhsili olmayan şəxslər də özünü kosmetoloq kimi təqdim edir. Sizcə, bunu doğuran səbəblər nədir: cəmiyyətin maariflənmə səviyyəsinin aşağı olması, yoxsa bu sahəyə olan kütləvi tələbat?

- Bizi izləyənlər üçün, ilk növbədə onu qeyd edim ki, kosmetologiya iki hissəyə ayrılır. Biri var gözəllik uzmanı, bir də var həkim-kosmetoloq. Gözəllik mütəxəssisi sadəcə müəyyən bir istiqamət üzrə xidmət göstərə bilər. Həkim kosmetoloq isə adından da göründüyü kimi, həkimdir və kompleks şəkildə problemlərin həlli ilə məşğul olur. Ümumilikdə kompleks tibbi manipulyasiyaların icrası, pasiyentin dəri qüsurlarının diaqnostikası, laborator analizlərin təhlili, dərman preparatlarının təyini ilə məşğuldur. Həkim kosmetoloq mütləq ali tibbi təhsilli olmalıdır. O, həmçinin dermatit və dermatozları müalicə edə bilir. Dəri örtüyünün tamlığını pozan prosedurları yerinə yetirmə səlahiyyəti var. Bunlara üz dolğusu, burun dolğusu, dodaq dolğusu, gözaltı işıq dolğusu, yanaq dolğusu, mezoterapiya, botoks, biorevitalizasiya, lazerlə bir çox estetik müdaxilələr, saç əkilməsi, PRP terapiya, plazmolifting, regenlab prp aiddir. Gözəllik mütəxəssisləri isə yalnız müəyyən bir istiqamət üzrə fəaliyyət göstərə bilər.

- Türkiyədə çalışsanız da, Azərbaycanda da estetik klinikanız fəaliyyət göstərir. Dr. Aygün Ay klinikasında hansı xidmətlər göstərilir?

- Azərbaycanda olmaq səbəbim birinci növbədə vətənimə bağlılığımdır. Xalqını, millətini sevən hər bir vətəndaş kimi, əldə etdiyim təcrübəni bölüşmək, soydaşlarımızın sağlam və gözəl görünməsinə yardım etməkdir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, müasir dövrdə əməliyyatla aradan qaldırılan problemləri əməliyyatsız icra edirəm. Üz şəkilləndirilməsi və digər prosedurları kəşf etdiyim Kök Hüceyre Metodlu PRP yolu ilə həyata keçirirəm. Bu nə deməkdir? Bu əməliyyatsız prosedurdan sonra insan daha 7-10 yaş gənc görünür. Altı ay müddətində pasiyentin gəncləşməsi baş verir. Bu zaman biz plazmanı deyil, qanda olan onarıcı hücrəni əldə edirik. Bu yolla pasiyentin cavanlaşmasını təmin edirik. Prosedurun daha bir üstünlüyü heç bir əks təsirin olmaması ilə bağlıdır. Hətta xəstə olduğu təqdirdə belə orqanizmdə hər hansı fəsad buraxmır. Çünki biz xüsusi və sağlam hüceyrələrin vasitəsilə bunu icra edirik. Buna qədər piylərin əldə edilməsi yoluyla bu proses icra edilirdi. Qulaq arxasından və qasıqdan aldığımız iki nöqtədən aldığımız hüceyrəni alıb, üz cildinə yerləşdiririk. Digər üsullar zamanı altı aydan sonra gəncləşmə baş verirsə, bizim üsulda cavanlaşma anında başlayır və altı ay sonra başa çatır. Həm cildinizdə olan problemlərdən xilas olur, həm də kifayət qədər gənc görünüşə sahib olursunuz. Ayın yarısını Türkiyədə, yarısını da Azərbaycanda fəaliyyət göstərirəm. Rəhbəri olduğum Dr. Aygün Ay klinikasında qeyd etdiyim bu prosedurlardan xanımlar böyük məmuniyyətlə yararlanırlar. Bu Azərbaycan üçün bir ilk də sayıla bilər. Əlbəttə, öz ölkəmdə xalqıma belə bir xidmət göstərməkdən qürur duyuram. Məqsədim, zatən gözəl olan bütün xanımlarımızın arzu etdikləri gözəlliyə qovuşmasına dəstək olmaqdır.

- Azərbaycan səhiyyəsi ilə Türkiyə səhiyyəsi arasında əsas fərqlər hansılardır və daha hansı addımlar atılmalıdır ki, ölkə tibbi sürətli inkişaf yoluna qədəm qoysun?

- Açığını deyim ki, Azərbaycan Türkiyəni çox sürətli təqib edir. Bu bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində baş verir. Çalışdığım sahə daha çox estetik gözəlliklə bağlı olduğu üçün bu sahəylə bağlı fikirləri bölüşmək istərdim. Bilirsiniz ki, bütün qadınlar tarixin bütün dönəmlərində gözəl görünmək istəyib və bu gün də belədir. Bu da təbiidir. Əbəs deyilməyib ki, dünyanı gözəllik xilas edəcək. Əlavə diqqət çəkən bir yenilik isə odur ki, son zamanlar kişilər də gözəl görünməyə, estetikaya xüsusi önəm verirlər. Bu tendensiya sözügedən sahəyə ciddi tələbat olduğunun təsdiqidir. Beləliklə, bütün dünyada estetik müdaxilələrə tələbat var və peşəkar xidmət olduğu təqdirdə bu sahədə də uğur qazanmaq mümkündür. Üzərimiuzə düşən vəzifə isə daha çox işləmək və peşəkar vərdişlərimizi artırmağa nail olmaqdır. Mən ali təhsilimi başa vurduqdan sonra Türkiyədə, Rusiyada, Almaniyada, İtaliyada və dünyanın müxtəlif ölkələrində ixtisasartıma kurslarında iştirak edərək həkim kimi özümü daha da təkmilləşdirməyə üstünlük verdim. Bu gün də eyni prinsiplərlə işimə davam edirəm. Zənnimcə, hər bir həkim öz sahəsində baş verən yeniliklərə nə qədər çox bələd olarsa, bir o qədər də uğura imza atmış olar. O ki qaldı, Azərbaycan və Türkiyə arasında olan fərqə, hesab edirəm ki, son dövrlər Azərbaycanda da səhiyyə sektoru daha çox inkişaf edir. Biz bunu tibbin ən müxtəlif sahələrində, o cümlədən estetik gözəllik sahəsində də aydın müşahidə edirik. Bu prosesdə iştirak etmək, az da olsa qatqı vermək isə mənim üçün ayrı bir xoşbəxtlikdir.

- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüsünüz. Bu o deməkdir ki, siz həkimlik fəaliyyətinizlə yanaşı sahibkarlıqda, biznes sahəsində də uğur qazanmaqda iddialısınız. Bu baxımdan qurumdakı fəaliyyətiniz də oxucularımız üçün maraqlı olardı.

- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası təsis olunandan cəmi bir il sonra bu quruma üzv oldum. O zaman yalnız Türkiyədə fəaliyyət göstərirdim. Amma ölkəmdə baş verən yenilikləri, inkişafı Vətən sevgisi ilə izləyirdim. AQSİA-nın yaranması da qadın sahibkarlığının inkişafı baxımından bir yenilik idi. Yeniliklərə, inkişafa çox açığam və buna görə də xidmət sahəsində çalışan bir sahibkar olaraq mənə yönələn təklifi böyük məmuniyyətlə qəbul etdim. Ümumiyyətlə qeyd etmək istərdim ki, Azərbaycanda da, Türkiyədə də fəaliyyət göstərdiyim müddətdə ölkəmizlə bağlı keçirilən ictimai, sosial layihələrdə mümkün qədər yaxından iştirak etmişəm. Ötən illər ərzində Assosiasiyanın xeyriyyə aksiyalarında da yaxından iştirak etmişəm, deyə bilərəm. Azərbaycanda fəaliyyətə başladığım müddətdə AQSİA ilə təmaslarımız daha da intensivləşdi. Hazırda qurumun Sosial Siyasət Komissiyasının üzvüyəm. AQSİA-nın regionlarda qadın sahibkarlığının inkişafı ilə bağlı həyata keçirdiyi layihələri dəstəkləyirtəm və özüm bu layihələrdə yaxından iştirak etməkdə maraqlıyam. İnşallah, gələcəkdə bu istiqamətdəki fəaliyyətimizi də xəbər portalları tirajlayarlar. Hesab edirəm ki, hər bir cəmiyyətin inkişafı qadınların maariflənməsindən, təhsil almasından keçir. Çox təəssüf ki, uzun illər əyalətlərimizdə qadınların təhsil almaları müşkül məsələ idi. Son dövrlər isə təhsil alan xanımlarımızın sayı sürətlə artır, qadınların aktivliyinin şahidiyik. Qadınların, gənc qızların sahibkarlığa olan meyli, marağı qadının iqtisadi müstəqilliyini qazanmaqla bağlı iddiasını ortaya qoyur. Bu çox sevindiricidir, gender bərabərliyinin göstəricisidir və bütövlükdə cəmiyyətin inkişafıdır. Çünki, böyük Cavid dediyi kimi, "sürüklənən bəşəriyyət qadınla yüksələcək!" Təbii ki, vətənini, dövlətini sevən şəxslər olaraq bizlər də bu müqəddəs missiyaya öz töhfəmizi vermək niyyətindəyik. Bu həm də bizim vətəndaşlıq borcumuzdur.

- Türkiyənin "TV 8" televiziyasında aparıcı kimi fəaliyyətiniz də diqqət çəkir. Bu o deməkdir ki, siz Azərbaycanı qardaş ölkədə həm də TV sahəsində təmsil edirsiniz...

- Əslində, mən televiziya, media sahəsinə maraqlı olmamışam. Buna bir qismət, bir şans kimi yanaşaq. Zaman-zaman mütəxəssis kimi, Türkiyə televiziyalarında yayımlanan proqramlara dəvətlər alırdım, qatılırdım. Bir gün televiziya rəhbərliyindən mənə görüş təklifi gəldi. İşgüzar görüşdə türk dilində diksiyamı bəyəndiklərini və gözəl aparıcı ola biləcəyimi söylədilər. Gözlənilməz təklifə etiraz etmədim, əksinə dəyərləndirdim. Özümü bu sahədə də sınamaq qərarına gəldim. Elə bilirəm, uğurlu alındı... Hazırda TVC 8-də aparıcı kimi fəaliyyətimə davam edirəm. Mən bu televiziyada fəaliyyətə başlayarkən, Azərbaycanla bağlı mövzularda həssas olduğumu və bu səbəbdən ölkəmizlə bağlı mövzuların, şəxslərin bu proqramda yer alacağını təklif etdim. Çox sağ olsunlar, etiraz etmədilər. Bu gün sağlıq və gözəllik sahəsində özünə güvənən bütün mütəxəssislər üçün bizim qapımız açıqdır.

- Bu günlərdə nüfuzlu mükafata layiq görüldünüz? Bu barədə nə deyə bilərsiniz?

- Bəli, iyunun 30-da Bakıda, Four Seasons Oteldə düzənlənən mükafatlandırma mərasimində mən də təltif edilənlər arasında oldum. Türkiyə və Azərbaycan arasındakı dostluğun inkişafındakı xidmətlərimə görə Qızıl Palma mükafatına layiq görüldüm. Bu dəyərə görə, təşkilatçılara və bizi seçən respondentlərə burdan da öz təşəkkürümü bildirirəm. Əlbəttə seçilmək, qiymətləndirilmək çox xoşdur. Çalışacağam ki, mənə göstərilən etimadı, mənə verilən qiyməti layiqincə doğruldum. Əlbəttə, bu mənim aldığım ilk mükafat deyil. Makiyaj üzrə Türkiyə birinciliyini, ardınca da Avropa birinciliyini də qazanmışam. Bundan başqa, fəaliyyət göstərdiyim sahədə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşəm. Amma Qızıl Palma Mükafatının fərqliliyi ondadır ki, bu mükafat mənə ictimai fəaliyyətimə görə verilib. Qardaş ölkələr arasındakı dostluq münasibətlərinə az da olsa xidmət göstərə bilmişəmsə, çox xoşbəxtəm. Təbii ki, mükafat bir stimuldur və bu bizi peşəkar fəaliyyətə daha da ruhlandırır, mübarizə əzmimizi artırır.

Azər Niftiyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm