Xüsusi
Xudavəng monastırının vaizi Rafik Danakari: Bununla qürur duyuram
İşğaldan azad olunmuş torpaqlarımızdakı xristian və müsəlman irsinə sahib çıxan xalqımız bir daha dünyaya tolerantlığını sübut etdi.
Publika.az-ın müsahibi Alban-udin xristian icmasının sədr müavini, Xudavəng monastırının vaizi Rafik Danakari tarixən ölkəmizdə yaşayan udinlərin inancından, ənənələrindən, həmçinin Qarabağdakı monastır və kilsələrə səfərlərindən danışıb.
- Rafik bəy, bildiyim qədər, həyatınızı dinlə bağlamadan öncə uzun müddət digər sahələr üzrə çalışmısınız.
- Bəli. 1955-ci ildə Qəbələnin Nic kəndində ziyalı ailəsində doğulmuşam. Atam aqronom, anam müəllim idi. Məktəbi bitirəndən sonra Bakıya köçüb çalışmağa başladım. Sonra indiki İqtisad Universitetinə daxil oldum. Uzun müddət ixtisasım üzrə müxtəlif vəzifələrdə işləmişəm. 1995-ci ildə Norveç Humanitar Müəssisəsinin işçiləri kəndimizə gəlmişdilər. Sakinlərə "İncil" kitabı paylayırdılar. Birini də mənə bağışladılar. İsa Məsih haqda danışdılar. Bəli, həmin məqamadək də biz xristian dininə sitayiş edirdik, Allahımızı sevirdik. Kilsəyə bağlı idik. Amma tam məlumatımız yox idi. Kitabı oxuyandan sonra sanki mənə vergi verildi. Artıq həyatımı dinə bağlamağa qərar verdim. 2003-cü ildə Alban-udin xristian icması yaradılandan sonra isə ikiqat zövqlə özümü dinə həsr etdim.
- İstərdim, sualıma tam səmimi cavab verəsiniz. Ölkəmizdə - vətəninizdə özünüzə qarşı təzyiq, ayrı-seçkilik hiss etmisiniz?
- Biz udinlər xristianıq. Uşaqlıqdan kilsəyə getmişik. Atalarımız, babalarımız qurban kəsiblər. Hətta Pasxadan öncə "qara bayram" qeyd edirik. Hər bir ailə doğmalarının məzarına gedib, dünyasını dəyişən doğmalarını yad edərdi. Baxmayaraq ki, sovet dövründə kilsələr bağlı idi, yenə də adətlərimizi, inancımızı yaşadırdıq. İstər qəsəbəmizdə, istərsə də digər yerdə yaşayan azərbaycanlılar hər zaman mənə, inancıma böyük hörmətlə yanaşıblar. Heç vaxt ayrı-seçkilik olmayıb. Hətta kilsəyə gələndə məndən xahiş edirlər ki, şamı doğru yandırmağın yolunu bizə də öyrət ki, yanlışa yol verməyək. Bu xırda məqamlara qədər diqqət göstərirlər. Kilsəmizə gələn turistlərə daim deyirəm ki, azərbaycanlılar qədər ikinci tolerant xalq tanımıram. Bunu mübaliğəsiz deyirəm, dünya ölkələri gəlib azərbaycanlılardan dinlərə, müxtəlif xalqlara sevgi, hörmət öyrənməlidirlər.
- Adətləriniz maraqlıdır mənə...
- Bizdə uşaqlar doğulan gündən 3 dildə danışmağı öyrənirlər. Udincə, azərbaycanca və rusca. Udinlər əsasən Qəbələnin Nic qəsəbəsində məskunlaşıblar. Burada 4000-ə yaxın əhalimiz var. Lakin Oğuz və Gəncədə yaşayan ailələrimiz də az deyil. Adətlərimizi yaşatmağa çalışırıq. Məktəblərimizdə ana dilimizdə də dərs keçirilir. Bununla birgə, rus və azərbaycanca da təhsil alırıq. Mətbəximizdə xüsusi fərq olmasa da, yas və toy adətlərimiz fərqlidir. Qəsəbəmizə qonaq gələndə hamısının canlı şahidi olacaqsınız.
- Əlbəttə. Hətta bilirəm ki, dünya məşhurları da kilsənizdə qonaq olublar...
- Metyu Brayza, Jerar Depardye, ümumiyyətlə, bütün dövlətlərin ölkəmizdəki səfirləri, diplomatları və sənət nümayəndələri kilsəmizi ziyarət edirlər. Onu da deyim ki, qəsəbəmizdə 3 kilsə var. Onların 2-si artıq bərpa olunub.
- Sırf sizin üçün dinin buyurduğu hansısa məhdudiyyət var?
- Oriental kilsələrdə keşişlər mütləq evlənməlidirlər. Ailəmizlə hər kəsə örnək olmalıyıq. Mən də həmçinin ailəliyəm. 3 övladım, 7 nəvəm var. Ümumiyyətlə, davranışımızla, ünsiyyətimizlə nümunə olub, insanlara doğru yol göstərməliyik. Bu baxımdan əlbəttə, öhdəmə böyük məsuliyyət düşür.
- Son 1 ildə öhdənizə ikiqat müqəddəs missiya düşdü. İşğaldan azad olunmuş torpaqlarımıza ziyarətləriniz başladı. Bu haqda danışmağınızı istərdim.
- Ötən ildən etibarən işğaldan azad olunmuş torpaqlarımızdakı kilsələrimizdə, monastırlarımızda da olmuşuq. Elə bu yaxınlarda Kəlbəcər və Laçın rayonlarının monastırlarında şəhid balalarımızın ruhuna dualar oxuduq. Suqovuşan, Ağoğlan, ümumiyyətlə, bütün işğaldan qurtulan ərazilərimizin monastırlarına səfər edirik. Bununla qürur duyuram. Allah şəhidlərimizə rəhmət eləsin, ərazi bütövlüyümüz daimi olsun!
Leyla Sarabi
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi