“İrəvanda konsert vermək arzum var” - Əməkdar artistlə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

“İrəvanda konsert vermək arzum var” - Əməkdar artistlə MÜSAHİBƏ

Budəfəki həmsöhbətimiz Əməkdar artist Nuriyyə Hüseynovadır. O, bu günlərdə ölkə başçısı tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

“İrs” ansanblının rəhbəri, Əməkdar artist Nuriyyə Hüseynova konsert planlarından, arzularından danışıb.

Onun Publika.az-a müsahibəsini təqdim edirik:

- Nuriyyə xanım, əvvəla sizi “Tərəqqi” medalı ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Belə bir təltifi gözləyirdinizmi?

- Təşəkkür edirəm, çox sağ olun. Xeyr, gözləmirdim. Həmin gün həftənin altıncı günü idi, Bülbül adına musiqi məktəbində dərsim var idi. Tələbəmə yeni muğam dəsgahı – “Çahargah”ı keçirdim. Dərsdə idim. Bir də baxdım ki, telefonuma zəng gəldi. Zəng edən mərhum bəstəkarımız Tahir Əkbərin həyat yoldaşı idi. O, mənə çox nadir hallarda zəng edər... Telefonu açdım. Dedi ki, Nuriyyə xanım, sizi təbrik edirəm. Soruşdum ki, nəyə görə, cavab verdi ki, sizə “Tərəqqi” medalı veriblər. Dedim ki, vallah xəbərim yoxdur, ola bilməz. O da söylədi ki, elə indicə mediadan oxuyub. Sonra qayıtdı ki, ay Nuriyyə xanım, birdən səhv edərəm, sizin atanızın adı nədir? Dedim ki, İsmayıl. Cavab verdi ki, siz Allah bağışlayın, siyahıya bir də baxım, birdən səhv edərəm. Dedim ki, Allah bağışlasın, ola bilər. Çünki gözləmirdim, düşündüm ki, yanlışdır. Dəstəyi yerə qoyduqdan sonra oğlum kimi xətrini çox istədiyim bir jurnalist var, adı Turaldır, yazdı ki, Nuriyyə xanım, sizi “Tərəqqi” medalı almaq münasibətilə təbrik edirəm. Bir az da keçdi, gördüm ki, vatsap nömrəmə xeyli mesaj gəlib. Bundan sonra düşündüm ki, artıq dəqiqdir. Amma təltif olunacağımdan xəbərim yox idi.

- Bəs sonra sizi necə inandırdılar?

- Sonra mənə prezident.az saytından rəsmi məlumatı göndərdilər. Baxdım ki, təltif olunmağım həqiqətdir və mən cənab Prezidentin imzası ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Təbii ki, əməyinin, zəhmətinin qiymətləndirilməsini hər kəs istəyər. Həqiqətən də zəhmətim, əməyim çoxdur, mən bunu ölçüyə, çəkiyə qoymaq istəmirəm. Bu fikirdə deyiləm, bu, mənim borcumdur, işimdir. Allahın mənə verdiyi fitri istedaddır. Eyni zamanda burada təhsilimin də önəmi böyükdür. İllər boyu el məsəlində deyildiyi kimi, dişimlə, dırnağımla əziyyət çəkib buralara qədər gəlib çıxmışam. Bu, çox qürurvericidir. Nəinki “Tərəqqi” medalı, insanlar mənə zəng edirlər, söyləyirlər ki, biz Xalq artisti fəxri adını gözləyirdik. Mənə ölkənin ziyalı, cəmiyyətimizin sayılıb-seçilən insanları zəng edib söyləyirlər ki, Nuriyyə xanım, sizə, təltif olunmağınıza görə çox sevinmişik. Söyləyirlər ki, siz çoxdan bu ada layiqsiniz. Bu, mənə bəs edir. İnsanların bu diqqəti, səmimi münasibəti nəyə desən, dəyər... Həqiqətən də bu dəfə gördüm ki, xalq sevgisi insana nə qədər böyük stimul verir.

- Xalq artisti adını gözləyirdinizmi?

- Bəli, mən əslində Xalq artisti fəxri adını gözləyirdim. Bir xalq məsəli var, yetişməmiş ağacdan meyvə düşmür. Əvvəllər gözləmirdim, düşünürdüm ki, hələ yaşım azdır. Hələ görəcəyim işlər çoxdur. Amma elə vaxt idi ki, gözlədiyim fəxri adın zamanının gəlib çatdığını düşünürdüm. Mən hər dəfə Prezidentin sərəncamı çıxanda Xalq artisti fəxri adını gözləyirdim. Bilirdim ki, mənim təqdimatım ora tez-tez verilir. Əvvəllər Prezident Administrasiyasında bizim dəyərli Fərəh xanım olmamışdan əvvəl adım siyahıya daxil edilirdi, amma geri qayıdırdı. Bunu mən etiraf edirəm. Fərəh xanım bizim müəllimimiz olub, bizə dərs deyib. Sənəti və sənətkarı qiymətləndirən insandır. Fərəh xanım Əliyeva Şirməmməd Hüseynov kimi dəyərli bir ziyalının övladıdır. Düşünürəm ki, o, haqqı da, nahaqqı da heç vaxt əldən verməz. Həmişə layiq olan insanları fəxri ad üçün Prezidentə təqdim edir, bildirir ki, bu insanlar layiqdir, onlar mədəniyyətimizə xidmət edirlər. Onu da söyləyim ki, nəinki Xalq artisti, “Tərəqqi” medalı, cənab Prezidentin imzası ilə adi, sadə bir “Fəxri fərman”ı da - əvvəllər buna “Qramota” deyirdilər, o vaxt uşaq olanda hamımıza verirdilər - təqdim etsəydilər, mənim üçün qiymətlidir. Çünki onu Prezident öz şəxsi imzası ilə təqdim edir. “Tərəqqi” medalı ilə təltif etdiyi üçün ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Bizim təqdimatımızı cənab Prezidentə verən, haqq-ədaləti heç vaxt əlindən verməyən dəyərli müəllimimiz Fərəh xanıma minnətdarlığımı çatdırıram. Məndən çox adam soruşur ki, sevindinizmi? Deyirəm ki, yox, sevinmədim.

- Niyə?

- Mənim ən böyük sevincim torpaqlarımız azad ediləndə olub. Çox böyük sevinc hissi keçirmişəm. Hətta müharibə bitən gecəsi, noyabr ayının 10-da mən səhərə qədər ağlamışam. Artıq Şuşa da alınmışdı. Qarabağ torpaqlarında Azərbaycanımızın suverenliyi bərpa olunmuşdu. Bu, sevinc göz yaşları idi...

- Bəs Şuşada, işğaldan azad olunan digər ərazilərimizdə konsert verməyi düşünürsünüzmü?

- Şuşada konsert vermək mənim arzumdur. Zəngəzurda, İrəvanda konsert vermək kimi bir arzum var. Mən Vətənimi özümdən də çox sevirəm. Çünki Vətən anadır, biz Vətənsiz heç kimik. Əgər Vətəndə sərbəst, rahat, qorxusuz-hürküsüz, qansız-qadasız, terrorsuz, bəlasız yaşaya bilirsənsə, bunun özü millət üçün, bir insan üçün ən böyük səadətdir. Hətta ən böyük bəxşişdir. Biz bu gün işğal altındakı torpaqların tapdaq altından qurtulmasına nail olmuşuq. Uzun illər uzaqdan baxdığımız torpaqların azad edilməsini gördük. Bu, bizim millət, ölkə olaraq ən böyük uğurumuzdur.

Mən dəfələrlə bildirmişəm ki, sənətimə xidmət edirəm. Sənətimi sevirəm. Zamanla mükafatlara çətinliklə də olsa, nail oluram. Amma heç vaxt düşünməmişəm ki, bu sənət mənə çoxlu var-dövlət gətirsin, daha çox məşhurlaşdırsın. Bu sənətlə mən Vətənimə xidmət edirəm, onun əvəzində, qarşılığında nəsə olmasını istəməmişəm. Məni tanıyan dostlarım bilir ki, ölkəmə, onun mədəniyyətinə, xalqıma xidmətimin qarşılığını istəyərək etməmişəm. Mən öz fəaliyyətimi sənətimi sevərək göstərirəm.

- Nuriyyə xanım, hazırda hansı işlərlə məşğulsunuz? Konsert planlaşdırırsınızmı?

- Artıq bizə pandemiyadan sonra kütləvi tədbirlərin keçirilməsinə icazə verilib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun “İrs” ansamblının rəhbəriyəm. Mən ansamblla zəfər konsertini hazırlayıram. Bu konsert noyabr ayında baş tutacaq. Hazırda konsertin məşqləri gedir. İnşallah, sizi də dəvət edəcəyəm, gələrsiniz. Bu konsert çox fərqli təqdimatda olacaq. Çünki biz bunu konsert xatirinə etmirik. Konsertin süjet xətti olacaq. Hər bir konsertdə ibtidaidən aliyə doğru bir inkişaf görürsən. Bundan başqa, iki səfər planlaşdırıram. Bunlardan biri Avropaya, digəri Türkiyəyə - İstanbuladır. Səfərlərimizdən biri yenə də zəfər konserti ilə bağlıdır. Detalları açıqlamayacağam. Türkiyədə baş tutacaq. Türkiyədən mənə gələn dəvətdir. Digəri isə Avropada gerçəkləşəcək. İnşAllah, o biri Avropada baş tutacaq, zamanı gələndə açıqlama verəcəyəm.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm