Xüsusi
Məğlubiyyətdən QƏLƏBƏYƏ uzanan 30 illik yol
6.3.9. Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir;
Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam oldu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi.
Dövlət müstəqilliyimizin bərpasının ilk illərindən müasir mərhələsinə qədər Publika.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova bildirib ki, 90-cı illərdə, Azərbaycanın dövlət müstəqilliyi yenicə bərpa olunanda ölkəmizin ərazilərinə qarşı Ermənistan tərəfindən iddia və təcavüz siyasəti yeridilirdi. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyi ermənilərin torpaqlarımıza təcavüzü prosesində, o dinamikada bərpa olunub:
“Bu o demək idi ki, Azərbaycan dövlət müstəqilliyini qaçqınlar problemi ilə, təcavüzlə, torpaqlarını müdafiə etmək problemi ilə üz-üzə bərpa edirdi və özünü müdafiə etmək üçün kifayət qədər silah-sursatı və ordusu yox idi. Yəni Azərbaycan öz dövlət müstəqilliyini çox ciddi, dövlətçiliyinin müqəddəratı üçün təhdidlərlə, problemlərlə üz-üzə olaraq bərpa etmişdi. Bu da gənc dövlətin qarşısında ilk növbədə təcavüzün qarşısını almaq, qaçqınları yerləşdirmək, torpaqları müdafiə etmək üçün ordu yaratmaq kimi ciddi vəzifələr qoyurdu. Ona görə də 90-cı illər həm Azərbaycanın milli təhlükəsizliyinə təhdidlərlə, həm də təcavüzlə və qaçqınlıqla müşayiət olunan bir proses idi. 30 il ərzində isə təbii ki, Qarabağ problemini həll etmək üçün diplomatik sahədə də, ordu quruculuğu sahəsində də dövlət bütün qüvvələri səfərbər etmək məcburiyyətində qalmışdı. Elə alındı ki, bu hazırlıqların nəticəsi olaraq, xüsusilə də Azərbaycan xalqının iradəsi ilə, öz torpaqlarının itkisi ilə barışmamaq əzmi ilə dövlət müstəqilliyinin bərpasının 29-cu illiyi ərəfəsində 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü təmin etmək səylərini həm diplomatik, həm də hərbi cəbhədə uğurla davam etdirdi. Yenə də diplomatik cəbhədə mübarizəmiz davam edir”.
F.Əhmədova qeyd edib ki, biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ilini tamam başqa ovqatda keçirdik. Biz bu ili həm ərazi bütövlüyümüzün təmin olunması, həm də Azərbaycan xalqının dünyada beynəlxalq imici baxımından bir qəhrəman, əsarətlə barışmayan xalq imicinin formalaşması müstəvisində qeyd etdik: “Bu gün Azərbaycan həm də iqtisadiyyatın inkişafı nəticəsində müasir ordu qurmağa nail olub. Modern ordu quruculuğu isə dövlətimizin Vətən müharibəsində zəfər qazanmasını təşkil etdi. Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyil. Onun beynəlxalq səviyyədə rəyi və iradəsi nəzərə alınan dövlətə çevrilməsi prosesini görürük. Bu baxımdan böyük bir fərq var. Vaxt var idi ki, insanlar yaxın 3-5 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin saxlanması arzusu ilə yaşayırdı. Amma biz indi elə bir mərhələyə gəlib çatmışıq ki, bu 30 ili arxada qoymuşuq və 100 il əvvəlki 23 ay yaşamış bir dövlətin varisi olan indiki müstəqil Azərbaycan Respublikası 30 il ərzində özünün dünyada tutduğu mövqeyi ilə gələcək inkişafı üçün möhkəm zəmin yaradıb”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının sözlərinə görə, müstəqillik hər bir xalqın ən böyük nailiyyətidir: “Dünyada 5 mindən çox xalq, millət və etnik qruplar var. Cəmi 200 civarında dövlət var və bu dövlətlərin də xeyli hissəsi nominal xarakter daşıyır. Əslində, formal şəkildə müstəqildirlər, bu və ya digər dövlətlər və güclər tərəfindən idarə olunurlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra onun ilk illəri çox ciddi çətinliklərlə müşayiət olundu. Hüquqi baxımdan de-yure olaraq biz müstəqil idik, ancaq de-fakto olaraq bu müstəqillik formal xarakter daşıyırdı. Ölkəmiz kifayət qədər çətinliklərin içərisində idi. Müstəqil dövlət qurulmamış, onun konstitusiyası qəbul edilməmiş, ölkə, dünyəvi dövlət səviyyəsinə qalxmamışdı. Ancaq 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının iradəsi ilə siyasi hakimiyyətə gəldikdən sonra məhz dövlət üçün vacib olan bu addımlar atıldı. Azərbaycan ilk dəfə dağılmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən və böyük fəlakətlərdən xilas oldu. 1995-ci ildən başlayaraq Ulu öndərimizin memarlığı ilə dövlət quruculuq prosesi başlandı, Konstitusiya qəbul edildi, Milli Məclisə seçkilər keçirildi və bundan sonra hüquqi, siyasi, iqtisadi və sosial xarakter daşıyan islahatlara start verildi. Ulu öndərin hakimiyyəti illərində müasir Azərbaycan dövlətinin təməli qoyuldu. 2003-cü ildə cənab Prezident İlham Əliyev xalqımızın etimadını və inamını qazanaraq dövlət başçısı seçildikdən sonra həmin təməl üzərində müasir Azərbaycan dövlətinin quruculuq və inkişaf prosesi başladı və bugünkü inkişaf səviyyəsinə qalxdı.
Tam məsuliyyətlə demək olar ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil dövlət imicini qazanıb. Azərbaycanın daxili və xarici siyasəti heç bir dövlətin, qurumun və güc mərkəzinin diktəsi ilə həyata keçirilmir. Ancaq ölkə Prezidentinin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq daxili və xarici siyasət qurulub, reallaşdırılıb və beləliklə Azərbaycan dünya sistemində müstəqil dövlət kimi özünü möhkəmləndirir, gücləndirir və problemlərini təkbaşına həll edir. Necə ki, 30 illik işğala məruz qalan torpaqlarımız məhz Azərbaycanın özünün qurduğu güclü dövlətlə, yaratdığı güclü iqtisadiyyatla, formalaşdırdığı müasir ordu ilə, eyni zamanda güclü vətənpərvər cəmiyyətlə azad edildi.
Bizə qarşı güc nümayiş etdirməyə çalışan İranın molla rejimi Azərbaycan dövlətinin gücü, Azərbaycan Respublikasının Prezidentinin iradəsi qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bu, bizim gücümüzün, diplomatik sahədə cənab Prezidentin qazandığı ciddi uğurun ifadəsidir. Müstəqillik məhz budur”.
Millət vəkili əlavə edib ki, müstəqillik eyni zamanda Azərbaycan xalqının iradəsinə söykənir. Xalqımız bu gün özünü müstəqil dövlətin müstəqil vətəndaşı kimi hiss edir, öz arzu və istəklərinə uyğun olaraq yaşayır: “İstər ölkə daxilində, istərsə də ölkə xaricində vətəndaşlarımız üçün, onun fəaliyyəti və hərəkəti üçün, fikir azadlığı üçün hər hansısa bir məhdudiyyət yoxdur. 1993-cü ilin iyun ayından başlayaraq faktiki olaraq öz ifadəsini tapan müstəqilliyimiz bu gün artıq hər birimizin qürur mənbəyimizdir”.
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa hesab edir ki, xalqların taleyində elə ekstremal hadisələr baş verir ki, bu, həmin millətin birliyi, bütövlüyü, həmrəyliyi üçün vacib mərhələni daha sürətlə keçməsinə şərait yaradır.
Millət vəkilinin sözlərinə görə, müharibə də bizim üçün 44 gün ərzində bəlkə də 44 illik birlik konsepsiyamızı tamamladı: “Bu müharibə dövründə biz bir-birimizə daha çox dəyər verməyə başladıq, problemlərə milli kontekstdən yanaşmağa başladıq. Xüsusilə də ölkəni xaricdən hər hansısa təhdid qarşısında müdafiə etməyə Azərbaycan insanı bir xarakter ortaya qoydu. Son vaxtlar da bunun bariz nümunələrini görürük. Buna görə də bu məsələ bizim üçün yeni bir fenomen yaratdı. Bəlkə də indi bu fenomenin izahını vermək çətindir. Amma bir qədər sonra biz bunun daha dəqiq izahını verib görəcəyik ki, həqiqətən də böyük bir tarixi mərhələni savaşın hesabına fərqli formada adlaya bildik. Bu, bizim gələcəyimizdə çox ciddi təhlil olunası, milli intibah dövrü kimi xatırlanacaq”.
F.Mustafa vurğulayıb ki, Vətən müharibəsində qazandığımız parlaq qələbə xalqımızı dəyişdirdi, özünə güvənini artırdı: “Məğlubiyyət sindromu Azərbaycanın içindən, canından, görünüşündən belə getdi. Azərbaycanlıların çoxu məcburi köçkün, qaçqın statusundan vətəndaş statusuna qovuşdu. Vətəndaş olma ruhunu Azərbaycan insanı artıq qəbul etdi. Önəmli tərəfi də məhz budur. Ona görə də bu proses bizdə davam etməlidir və Azərbaycan insanı öz vətəninə bütün situasiyalarda sahib çıxacaq bir xarakteri uşaqlıqdan formalaşdırmalıdır”.
Akqabay Mıradov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI