Xüsusi
Əliyev görüşdə Putinə bunu deyir, Paşinyan mısmırığını salır və səhəri gün... - Gizli DETALLAR ÜZƏ ÇIXDI/FOTO
Video əlavə olunub.
xxx
Oktyabrın 25-də Prezident və Birinci vitse-prezident Qubadlıda səfərdə idi. Bu səfər əlamətdar bir günə - Qubadlının işğaldan azad edilməsinin birinci ildönümünə təsadüf edirdi. Ölkə başçısı rayonun ziyalıları, ictimaiyyət nümayəndələri ilə görüşdü. Qubadlının gələcəyindən, baş planından, işğal dövründə ermənilərin burada daşı daş üstündə qoymadığından danışdı. Görüşün iştirakçılarından biri də əslən Qubadlıdan olan, hazırda Sumqayıt şəhərində yaşayan Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Rəssamlar Fondunun üzvü, Əməkdar mədəniyyət işçisi, xalçaçı-rəssam Fazil Abdullazadə idi.
Fazil Abdullazadə Qubadlıda ölkə başçısı ilə görüşünün təəssüratlarını Publika.az-la bölüşüb.
- Fazil müəllim, 30 ildən sonra Qubadlıya qayıtdınız. Doğma vətəndə Prezidentlə və birinci xanımla görüşdünüz. Təəssüratlarınızı öyrənmək istərdik.
- Təsəvvür edin, mən Qubadlıdan çıxanda 30 yaşım var idi. 30 il sonra, yəni 60 yaşımda Qubadlıya qayıtdım. İnandırım sizi, bunu sözlə ifadə etmək çox çətindir. Amma böyük bir qürur hissi keçirdim. İkinci qürur hissi də rayonumuzun 30-31 nəfər ziyalısı içərisində mənim də olmağım idi. Orada çıxış etdim, fikirlər səsləndirdim. Bütün bunlar qeyri-adi idi, özümə də ləzzət elədi. Mən əsasən cənab Prezidentə sərhədboyu kəndlərlə bağlı məlumat verdim. Mən həmin kəndləri çox yaxşı tanıyıram. Çünki orada böyümüşəm, orada oxumuşam. İndi haqqında daha çox danışılan Şurnux kəndində 6 il təhsil almışam. Oralara tam bələdəm. Cənab Prezidentə də dedim ki, mən o kənddə oxumuşam və həmin kəndin ermənilərə aid olan hissəsində yaşayış var, amma aşağı hissəsində, Azərbaycana düşən hissəsində hələ də yaşayış yoxdur, sadəcə olaraq sərhəd qoşunlarının əsgərləri, zabitləri yerləşib. Ölkəmizin başçısı da vurğuladı ki, bilirəm. Qeyd etdi ki, həmin kənddə, Şurnuxun bizə aid hissəsində “Azərbaycana xoş gəlmisiniz!” lövhəsinin vurulması göstərişini O verib.
- Maraqlıdır, ölkə başçısı bu məsələ ilə bağlı daha nələr dedi?
- Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinlə görüşdə Şurnuxda onun göstərişi ilə lövhənin vurulduğunu deyib. Prezident qeyd etdi ki, bundan sonra Putin yönünü Paşinyana çevirdi, Ermənistanın baş naziri də mısmırığını salladı. Ölkə başçısı bunu televiziyada çıxışında da vurğulamışdı; deyir ki, səhəri gün həmin lövhəni ermənilər dağıtdılar. Ali Baş Komandanımız həmin plakatın yenidən öz yerinə vurulması göstərişini verib. İndi həmin plakat oradadır və ermənilərə gözdağıdır. Daha sonra mən Qubadlının sərhədboyu kəndlərinin adını çəkdim. Eyvazlı kəndinə çatanda ölkə rəhbəri bildirdi ki, həmin kəndə də pul ayırıb. Söylədi ki, həmin kəndə geniş və qəşəng yol çəkirik. Avtomobilə oturacaqsınız və 3 saat sonra Eyvazlıda olacaqsınız. Geniş və rahat bir yol tikintisi planlaşdırılır. Prezident onu da əlavə etdi ki, həmin yolu Azərbaycan tərəfi tamamilə bağlayıb. İrandan daşınan yüklər də artıq dayanıb. Artıq biz orada gömrük işimizi qurmuşuq. Sərhəd qoşunlarımız orada xidmət aparır.
- Qubadlıya ayaq basanda hansı hissləri keçirdiniz?
- Təəssüratlarımı sözlə ifadə etməyə çətinlik çəkirəm. Rayona daxil olanda qeyri-adi yolların çəkildiyini gördüm. Təpələr, dağlar yarılır... Bir yerin inkişafı üçün ilk növbədə infrastruktur qurulmalıdır. İlk növbədə yol çəkilməlidir ki, bundan sonra işlər başlasın. Qubadlı ilə bağlı böyük layihələr var. Prezident söylədi ki, üç-dörd günə Qubadlının layihəsi təsdiqlənəcək. Bununla bağlı ölkə başçısı öz göstərişlərini verib. Layihə təsdiqlənəndən sonra uzağı bir aya, ay yarıma böyük quruculuq işlərinə başlanacaq. Hələ də həmin hisslərdən ayrıla bilməmişəm. Hələ də xoş təəssüratların ətirli bələyinə bürünmüşəm.
- Fazil müəllim, öz kəndinizə də baş çəkdinizmi?
- Xeyr, kəndimizə baş çəkə bilmədim. Biz Prezident Administrasiyasının xüsusi qrupu ilə Qubadlıya yola düşmüşdük. Administrasiya işğaldan azad olunmuş rayonlara səfər üçün xüsusi qrup hazırlayır. On gün əvvəldən yoxlamalar oldu, koronavirus əleyhinə testlər verdik. Bir gün əvvəldən, artıq 24-ü günü biz buradan çıxdıq. Biz Kərimbəylidə, Füzulidə mehmanxanada qaldıq. Səhər tezdən oradan Qubadlıya yola düşdük. Prezident saat 11-12 arası gəldi, rayon ictimaiyyəti ilə görüşdü.
- Prezidentlə, birinci xanımla görüşdünüz. Efirdə eşitmədiyimiz, görmədiyimiz nələri eşitdiniz, nələri gördünüz?
- Efirdə görünməyən bir məqam oldu; Mən Mehriban xanım Əliyevaya dedim ki, çox sağ olun, işin bu çətin vaxtında buraya gəlib bizimlə görüşürsünüz. Söylədim ki, mən bir xalça mütəxəssisi olaraq Qarabağ torpağında, ümumiyyətlə Qubadlıda bizim qədim xalq sənətimiz olan xalçaçılıq sahəsində sıfırdan başlamaqla iş qurmağa qədər hər şey etməyə hazıram. Bildirdim ki, sizin bu istiqamətdə gördüyünüz işləri də alqışlayıram. Mehriban xanım da söylədi ki, əlbəttə, onların hamısı olacaq. İlk növbədə əhali üçün yeni iş yerlərinin açılması vacibdir. Çünki Qubadlıda ilin çox hissəsi soyuq olur.
Sonra cənab Prezidentə Qubadlının 24 sərhədboyu kəndinin bərpa olunmasını söylədim. Hansı ki, layihəyə sərhədboyu kəndlər salınmayıb. Həmin kəndlər çox səfalı yaşayış məntəqələridir. Qubadlı həm aran, həm də dağ hissədən ibarətdir. Oranın dağ yerləri çox səfalıdır. Prezidentə dedim ki, orada bitən almanın dadı heç yerdə yoxdur. Qeyd etdim ki, işğaldan əvvəl aşağı evə almanı yığırdıq, yuxarı evdə onun ətrindən dayanmaq olmurdu. Qışın günündə biz buz kimi su içirdik, bizim heç zaman boğazımız gəlməzdi, xəstələnməzdik. Mən böyüyəndən sonra bütün bunları alimlərə söylədim. Alimlər də mənə cavab vermişdilər ki, Kiçik Qafqaz sıra dağlarını əhatə edən torpaqların tərkibində bütün minerallar var. Suyun tərkibində bütün minerallar olduğuna görə, nə qədər soyuq su içsən də, o, boğazı ağrıtmaz. Prezidentə dedim ki, bu cür münbit yerlərdəki yaşayış məntəqələrinin bərpa olunmaması bizi təsirləndirir. Ölkə başçısı da söylədi ki, qəti narahat olmayın, hamısı olacaq. Həmin səfalı kəndlərin hamısı bərpa ediləcək. İnsanların ixtiyarına veriləcək. Ən böyük təkliflərimdən biri də bu oldu.
- Bəs Qubadlı camaatı öz torpaqlarına nə zaman qayıdacaq? Bununla bağlı hər hansı fikir mübadiləsi oldu?
- Qubadlı camaatının öz doğma yurd-yuvalarına qayıtması haqqında hər kəs danışır. Bu barədə hər kəs soruşur. Təsəvvür edin, işğal dövründəki 30 il ərzində Qubadlının daşı daş üstündə qalmayıb. Ermənilər hər yeri dağıdıb. Prezidentlə gəzərkən körpünün gözündə Qara İlyasov adına bir məktəb var idi. 5 il bundan əvvəl onun 100 illiyi qeyd olundu. O məktəbin məzunları respublikamızda tanınan dahi şəxsiyyətlərdir. Həmin məktəbin yerində indi iki-üç dənə panel qırıqları qalıb. Heç nə yoxdur. Deməli, ermənilər həmin məktəbi 300-400 manata iranlı tüccarlara satıblar, onlar da söküb aparıblar. Bütün daşını, kəsəyini söküblər. Yerində heç nə qalmayıb. Deməyim odur ki, o xarabalıqların yerində yeni binaların inşası üç-beş ayın işi deyil. Qubadlının planı təsdiqlənəndən sonra qrafiklər üzrə qəsəbə və kəndləri müxtəlif şirkətlər götürüb inşa edəcəklər. Bundan 6-7 ay sonra ilk işartıları görə biləcəyik. Ondan sonra keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına nə zaman qayıdacağı haqqında danışmaq, fikir söyləmək mümkündür. İnsanların qayıtması üçün qaz, işıq, su, yemək-içmək lazımdır. Mal-qara, qoyun-quzu saxlayanlar üçün yem, ot-alaf toplamaq gərəkdir. Tibbi məntəqələr, xəstəxanalar, məktəblər olmalıdır. Bunlar olmadan azad edilən ərazilərə qayıtmaq müşkül məsələdir. Amma iş planla gedir. Yaxın bir il ərzində insanlar öz yurdlarına nə zaman qayıdacağını artıq biləcək.
- Geridə qalan bir il ərzində Qubadlıda nələr tikilib?
- Cənab Prezident də söylədi; Qubadlının işğaldan əvvəl 27 min əhalisi olub. Həmin dövrdə 10 min kilovoltluq yarımstansiya var idi. Artıq 2050-ci ilə qədər planlaşdırılan bir stansiya tikilərək istifadəyə verilib. Biri budur. Digər tərəfdən, yolüstü körpülərin açılışı üçün işlər gedir. Yol çəkilişi üçün dağlar, təpələr yarılır. Texnikalar “qarışqa kimi” işləyir. Rayon mərkəzində nə tikiləcəksə, onların yerləri ölçülüb-biçilir. Yerləri planlaşdırılır. Qubadlıya qədər çox işlər görülüb. Katlavanlar qazılıb. Nələr tikiləcəyini doğrusu, bilmədim, amma böyük işlər gedir.
- Bəs işğaldan əvvəlki dövrdən qalan nələr var, yoxsa “vəhşi qəbilə” hamısını dağıdıb?
- Ermənilər orada keçmiş icra hakimiyyətinin binasını saxlamışdılar. Orada da özləri yaşayıblar. Ondan bir az bəridə də iki dənə beşmərtəbəli yaşayış binası var idi, onlar qalıb. Vəssalam, qalan hər şeyi söküblər. Həmin iki binada da hərbçilər və onların ailələri yaşayırmış. Digər evlərin daşlarına kimi söküb aparıblar. Heç nə, hətta taxta da tapmaq olmaz. Ancaq kalafalar, tikintiyə yararsız daşlar qalıb. Cənab Prezident də söylədi ki, həmin daşları söküb nəyisə bərpa etmək qeyri-mümkündür. Onların hamısı sökülməlidir, yerində yeni fundamentlə təzədən tikilməlidir. Camaatın yaşaması üçün orada hündürmərtəbəli binalar, həyət evləri də olacaq. Ölkə başçısı da vurğuladı ki, bunların hamısı plana salınıb.
- Sizin Sumqayıtda yaxşı arxiviniz var; həm rəsm əsərləri, eskizlər, həm də müəllifi olduğunuz xalçalar... Onu da Qubadlıya köçürəcəksinizmi?
- Mən bununla bağlı Prezidentə öz təklifimi söylədim. Bildirdim ki, Qubadlıda öz əsərlərimin toxunmasını istəyərdim. Daha bir təklifim o oldu ki, cənab Prezidentin Qubadlıya səfəri ilə bağlı bu gündən başlayaraq bir əsər başlayıram. Oradakı iştirakçılar, Qubadlının xarabalıqları, tarixi-etnoqrafik təsvirləri ilə bağlı bir əsər olacaq. Orada gələcək layihələr də öz əksini tapacaq. Böyük, mürəkkəb süjetli bir əsər hazırlayacağam. Beynimdə onu təcəssüm etmişəm. Bu yaxınlarda da eskizlərinə başlayacağam. Mən əvvəldən də deyirdim ki, bu sənəti Qubadlıda da inkişaf və davam etdirmək lazımdır. Cənab Prezident də, Mehriban xanım da bildirdi ki, nə lazımdırsa, edəcəyik. Sağ olsunlar, var olsunlar, dəyərləndirdilər.
Tural Turan
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA