Xüsusi
Əliyev və Rəisinin Aşqabad görüşü: Regionun mənzərəsi necə dəyişəcək? - MÜSAHİBƏ
Noyabrın 28-də Aşqabad Zirvə Görüşü əsnasında Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə görüşdü. Görüşün çox isti məcrada keçdiyini görüntülərdən də görmək mümkün idi. Görünən odur ki, Azərbaycanla İran arasında münasibətlər istiləşməyə doğru gedir. Bakının səyləri nəticəsində Tehran da bu münasibətlərə yaxın qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq konteksində baxmağa başlayıb.
Görüşdə İranla Azərbaycan arasında təbii qazın nəqli ilə bağlı sənəd imzalanmasının mühüm əhəmiyyətə malik olması da xüsusi vurğulanmalıdır. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru da hesab edilə bilər.
Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşünü şərh edən politoloq Tofiq Abbasov Publlika.az-a müsahibəsində söyləyib ki, bir ay ərzində iki ölkə arasındakı münasibətlərdə bir sıra dəyişikliklər baş verib:
- Tofiq bəy, ötən gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü baş tutdu. Görüş əsnasında Azərbaycan və İran prezidentləri bir araya gəldilər. Çox səmimi görüşün baş tutduğunu görüntülərə əsasən deyə bilərik. Bir ay əvvəl Tehranla Bakı arasında münasibətlər gərgin idi. Bir ayın içərisində nələr dəyişdi?
- Bilirsiniz, bir ayın içərisində İran-Azərbaycan münasibətlərində çoxlu dəyişikliklər baş verib. Bunun da səbəbləri var. Birincisi, bizim İranla yaxın qonşuluq münasibətlərimiz var. Bir sıra çox vacib strateji sahələrdə Bakı ilə Tehran arasında əlaqələr var ki, həmin əlaqələr heç vaxt qırıla bilməz. İkincisi, həmin əlaqələrin mahiyyəti artıq tərəfləri yeni komponentlər əldə etməyə sövq edir. Digər tərəfdən, biz görürük ki, enerji xəritəsi heç vaxt dəyişmir. Həqiqətən də bu belədir. Xüsusən də bizim regionda bu, dəyişməz olaraq qalır. Doğrudur, bu prosesin hərəkətverici və təkanverici qüvvəsi Azərbaycandır. Biz bir çox yeni beynəlxalq layihələrə yol açdıq. Həmin layihələrin semantikasını qonşularımıza da anlatdıq. Ona görə də məhz bu baxımdan hesab edirəm ki, bizim İranla əlaqələrimizin gələcəkdə böyük perspektivləri var.
- Bu perspektivlər yalnız İranla yekunlaşır?
- Xeyr. Təkcə İran deyil, Özbəkistan, Türkmənistan da buraya daxildir. Bu ölkələr çalışır ki, özünün qaz siyasətində Azərbaycanın enerji fəaliyyətindən istifadə eləsinlər. Bu baxımdan İranın bölgədə kommunikasiya imkanları genişdir. Doğrudur, biz İranla ikitərəfli müqavilə imzalamışıq. Bütün bunlara baxmayaraq, Azərbaycan-Türkmənistan-İran üçtərəfli münasibətlərinin çox böyük zəmini var. Artıq Türkmənistan da çalışır ki, Avropanın qaz təminatında, enerji təhlükəsizliyində daha yaxından rol oynasın. Bütün bunların fonunda ilk növbədə bizim mehriban qonşuluq münasibətlərimizin zəruriliyi göz önünə gəlir. Bu, birinci amildir. İkinci amil ondan ibarətdir ki, biz bu münasibətlərin qədrini bilərək yeni-yeni gedişlər haqqında düşünməliyik. Üçüncüsü, həmin gedişlərə zəmin yaratmalıyıq. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yeni seçilmiş dövlət başçısı İbrahim Rəisi arasında baş tutan görüş olduqca vacib və əhəmiyyətli idi.
- Bu görüşü vacib və əhəmiyyətli edən başqa hansı nüanslar idi?
- Əvvəla, ona görə əhəmiyyətli idi ki, prezidentlər – İlham Əliyevlə İbrahim Rəisi ilk dəfə idi ki, görüşürdülər. Bilirik ki, bu yaxınlarda İran və Azərbaycan münasibətlərində soyuqluq hökm sürürdü. Müəyyən gərginliklər yaşanırdı. Amma qonşuluq münasibətlərində bu cür gərginliklər uzun müddət öz qüvvəsini saxlaya bilməz. Çünki istər-istəməz itkilərlə nəticələnir. Ona görə də həm Azərbaycan, həm də İran tərəfi bu münasibətləri müsbət dəyərləndirirlər. Çalışılır ki, bu anlaşmazlıqlar və gərginliklər aradan qaldırılsın. Görüşün özünün də mahiyyəti göstərdi ki, hər iki tərəf – həm Bakı, həm də Tehran məhz bu ruhdadır. Azərbaycan və İran çalışır ki, həmin səhifəni birdəfəlik çevirsinlər.
- Aşqabadda İran tərəfindən Zənbgəzur dəhlizilə bağlı müsbət siqnallar verildi. Ermənistan burada da təklənmiş duruma düşdü. Əvvəllər deyirdilər ki, İran da Zəngəzur dəhlizini qarşıdır. Amma dünən Aşqabadda bunun əksini gördük...
- Birincisi, Ermənistan başqa dövlətin adından danışa bilməz. Hətta Ermənistana ən yaxın dövlət olsa belə... Çünki hər ölkənin, hər məmləkətin özünün siyasi və iqtisadi prioritetləri var. İkincisi, İran ilk günlərdən Zəngəzur dəhlizi ilə bağlı müsbət münasibətlər sərgiləmişdi. Doğrudur, sonradan bəzi məqamlara görə bir balaca dəyişikliklər baş verdi. Digər tərəfdən, İranda administrasiya dəyişikliyi yaşandı. Ruhani hökuməti getdi, onların yerinə Rəisi və komandası gəldi. Ona görə də yeni komanda nə yatmışdı ki, nə də yuxu görsün. İrandakı yeni rəhbərlik proseslərə bir növ yenidən baxdı. Anladılar ki, Zəngəzur dəhlizinin bütün bölgə üçün böyük potensial imkanları var. Digər tərəfdən, bu vaxta qədər açılan kommunikasiyalar heç kəsə maneə yaratmayıb. Kommunikasiyalar insanların arasında əlaqə yaratmaq deməkdir. Kommunikasiyalar alış-verişdə, yüklərin daşınmasında alternativ variantlar yaradır. Əgər bir şaxələnmədən, diverfikasiyadan danışırıqsa, deməli, İran da bundan faydalanmalıdır. Onu da deyim ki, İranda siyasi proseslərdən uzaq, praqmatizmə köklənmiş əksər beyin mərkəzləri, əksər ekspert birlikləri bu dəhlizə “hə” deyiblər. Ekspert birliklərinin ilk növbədə əsas vəzifəsi siyasi elitalara təkliflər verməkdir. Onların proqramlarına yeni baxışları əlavə etməkdir. Bu baxımdan da hesab edirəm ki, İranın mövqeyi düzdür.
- Bəs Zəngəzur dəhlizi regionda hansı mənzərəni formalaşdırmağa qadirdir?
- Ümumiyyətlə, biz Zəngəzur dəhlizi ilə regionda yeni geoiqtisadi mənzərə, situasiya yaratmağa qadirik. Biz bunu edəcəyik. Belə bir durumda Ermənistan təklənirsə, özü bilər. Onsuz da Ermənistan təklənib. İrəvan özünün destruktiv siyasətinin ucbatından bütün layihələrdən kənarda qalıb. Bu vaxta qədər Ermənistana nə qədər təkliflər edilib, imkanlar yaradılıb. Bu təkliflər həm Türkiyə, həm də Azərbaycan tərəfindən vaxtaşırı edilib. Digər tərəfdən, hazırda Rusiya da Ermənistanın problemi ətrafında çalışır. Çünki onlar gələcəklə yox, keçmişlə yaşayırlar. Kin-küdurət, düşmənçilik siyasəti onların şakəridir. Ona görə də ermənilərin qədəri öz əllərindədir. Seçim onlarındır. Digər ölkələr isə konstruktiv, böyük mənfəət vəd edən bütün gedişlərə “hə” deyiblər.
Tural Turan
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır