Xüsusi
Rəisi ilə görüşdə Əliyevin bədən dilinin şifrələri – MÜSAHİBƏ
Noyabrın 28-də Aşqabad Zirvə Görüşü əsnasında Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə görüşdü. Görüşün çox isti məcrada keçdiyini görüntülərdən də görmək mümkün idi. Görünən odur ki, Azərbaycanla İran arasında münasibətlər istiləşməyə doğru gedir. Bakının səyləri nəticəsində Tehran da bu münasibətlərə yaxın qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq kontekstində baxmağa başlayıb.
Görüşdə İranla Azərbaycan arasında təbii qazın nəqli ilə bağlı sənədin imzalanmasının mühüm əhəmiyyətə malik olması da xüsusi vurğulanmalıdır. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru da hesab edilə bilər.
Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşünü şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev Publika.az-a müsahibəsində söyləyib ki, bir ay ərzində iki ölkə arasındakı münasibətlərdə bir sıra dəyişikliklər baş verib.
- Naqif müəllim, Azərbaycan və İran prezidentlərinin Aşqabad Zirvəsi çərçivəsində baş tutan isti görüşü nədən xəbər verir?
- Azərbaycan həmişə İranla münasibətlərə böyük önəm verib. Biz İranın qonşusu olaraq bu münasibətlərə sadiqik. Bakı Tehranla münasibətlərində həmişə öz sadiqliyini nümayiş etdirib. Ancaq təəssüflər olsun ki, ermənilər və ermənipərəst qüvvələr həmişə İranla Azərbaycan arasındakı münasibətləri gərginləşdirməyə çalışıb. Nəticə etibarı ilə din faktorundan istifadə edərək bu münasibətlərə kölgə salmaq istəyiblər. Qarabağ döyüşləri zamanı biz bunun şahidi olduq. Bildiyimiz kimi, İranda da erməni əsilli vətəndaşlar yaşayır. Onlar da istər-istəməz bu münasibətlərin korlanmasına hər vəchlə cəhd göstərirdilər. Əsas odur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldı. Ölkəmiz bu savaşdan sonra regionda yeni reallıqlar yaratdı. İstər-istəməz baş vermiş proseslərin həqiqətə uyğun olmadığı bir daha bəyan edildi. Faktiki olaraq Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Azərbaycanın heç bir ölkənin maraqlarına zidd hərəkət etməsində məqsədi yoxdur. Bu baxımdan Azərbaycan yalnız öz hüquqlarını və haqlarını müdafiə edir. Ölkəmiz regionda və bir sıra beynəlxalq layihələri reallaşdırmaqda müstəqil siyasət yürüdür. Regionun digər ölkələri də Azərbaycanın bu layihələrini dəstəkləyir. Görünən odur ki, həm qonşu dövlətlər, həm də Avropa İttifaqı Azərbaycanı ciddi və sədaqətli tərəfdaş olaraq qəbul etməkdədir. Faktiki olaraq son illərdə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatların tərkibində öz mövqeyini gücləndirə bilməsi, ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə uğur qazanması rəsmi Bakıya yeni dividendlər qazandırıb. Aşqabad Zirvəsi çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İran İslam Respublikasının rəhbəri İbrahim Rəisi arasındakı görüş çox xoş səviyyədə keçdi.
- Bu görüş hansı suallara cavab tapmaqda kömək etdi?
- Bu görüş faktiki olaraq bir çox sualları cavablandırdı. İran Azərbaycanla münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Eyni zamanda Tehran Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən qüvvələri zərərsizləşdirmək üçün addımlar atmaqda istəkli görünürdü. Eləcə də İran Azərbaycanın yaratdığı yeni reallıqları, xüsusən də Zəngəzur dəhlizinin açılmasının reallaşdırılmasını ifadə edir. Bütün bunlar prezidentlərin görüşündən ortaya çıxan nəticələrdir. Çox sevindirici haldır ki, faktiki olaraq Azərbaycan bu görüşə Soçidə əldə olunan üçtərəfli razılaşmadan, bəyanatdan sonra getmişdi. Soçidə bizə məlum olmayan mətləblərdə əldə edilən uğurlardan sonra bu görüş baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyevin bədən dili onu deməyə imkan verirdi ki, ölkəmiz bütün istəklərini reallaşdırır. Dövlətimiz ötən bir il ərzində - post-münaqişə dövründə çox mühüm addımlar atıb. Sadəcə olaraq, bizi istəməyən bəzi qüvvələr bunu düzgün qiymətləndirmədilər.
- Həmin qüvvələrin məqsədləri nə idi?
- Həmin qüvvələr qonşu ölkələrlə bizim münasibətlərimizi soyutmaq istədilər. Ancaq beynəlxalq hüquq var. Azərbaycanın söykəndiyi qanunlar mövcuddur. Bu da istər-istəməz rəsmi Bakının əlini daha da gücləndirir. Bu baxımdan, Tehran-Bakı münasibətlərinin İranın yeni rəhbərliyi ilə daha da inkişaf edəcəyinə, dərinləşəcəyinə ümid edirəm. Düşünürəm ki, Bakı faktiki olaraq Zəngəzur dəhlizini reallaşdırmaqla təkcə Türkiyə və Azərbaycan üçün deyil, ümumilikdə regionun bütün dövlətləri üçün faydalı layihə ortaya qoya biləcək. Həmçinin İran Azərbaycan ərazisindən keçməklə Rusiya ilə Şimal-Cənub dəhlizinin iştirakçısıdır. Bu layihə də reallaşmalıdır. Ona görə ki, regionda alternativ xətlərin olması iqtisadi aktorlar tərəfindən dəstəklənməkdədir. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərini reallaşdıra bilən və bu habın mərkəzində yerləşə bilən bir ölkədir. Ölkəmiz bu ötən müddət ərzində islahatlar aparıb. Həmin islahatlar ölkəmizə sərmayələrin qoyulmasını maraqlı edir. Həmçinin Ələt Azad İqtisadi Zonası da burada istər-istəməz çox mühüm rollardan birini oynayacaq. Bu baxımdan da İran-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edəcək. Bir müddət öncə yaranan soyuq münasibət artıq arxada qalıb. Bir sözlə, Tehran Bakının bütün layihələrini dəstəkləyir. Faktiki olaraq bu da bizi sevindirməkdədir.
- İran və Azərbaycan arasındakı razılaşmadan əsasən kimlər qazanacaq? Bu razılaşma bütün maraqlı tərəfləri qane edəcəkmi?
- Onu da qeyd edək ki, İran özü qaz nəql edən dövlətlərdəndir. Buna baxmayaraq, İranın şimal əyalətlərində əhali soyuq havalarda müəyyən problemlər yaşayır. Faktiki olaraq yeni əldə olunmuş sazişə əsasən, Türkmənistan qazı İran vasitəsilə Azərbaycana nəql ediləcək. Həmçinin İranın şimal əraziləri də qazla təchiz edilmiş olacaq. Burada əsas hədəflərdən biri də Naxçıvanın qazla təchiz olunmasıdır. Bu məsələ də öz həllini razılaşmaya əsasən tapacaq. İstər-istəməz bu layihənin də reallaşması onu deməyə imkan verir ki, Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Avropaya nəqli məsələsi də ən qısa zamanda reallaşacaq. Bu məsələ də öz həllini tapacaq. Həmçinin Avropa İttifaqı da buradan fayda götürəcək. İranın da bu prosesə isti yanaşması və əldə edilmiş saziş münasibətlərdəki soyuqluğun tamamilə aradan qaldırılmasına xidmət edir. İki ölkə arasındakı əlaqələr gücləndikcə istər-istəməz digər sahələrdəki münasibətlər də inkişaf edə bilər. Aşqabad Zirvəsi çərçivəsində cənab İlham Əliyevin çıxışları və ölkəmizin əldə etdiyi diplomatik uğurlar Azərbaycanın növbəti qələbəsidir. Azərbaycanın əldə etdiyi bütün uğurlar Prezidentin diplomatik bacarığının və güclü lider olmasının əsas göstəricilərindən biridir. Biz cənab Prezidentimizi və xalqımızı, eləcə də İranda olan soydaşlarımızı təbrik edirik. Çünki İranla Azərbaycan əlaqələri ən yüksək səviyyədə olmalıdır. Bu da təbiidir, bizim orada müsəlman qardaşlarımız və Azərbaycan türkləri yaşayır. Ona görə də biz Bakı ilə Tehran arasındakı münasibətlərin inkişaf etdirilməsində və həmişə yaxşı səviyyədə olmasında maraqlıyıq.
Tural Turan
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır